Məhkəmə qərarları › İş №2(004)-2635/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2635/2021

02.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2635/2021 02.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 44 saylı notariat kontorunda 05 sentyabr 2015-ci il tarixli, AN-İ N ******* saylı İddiaçı və Maraqlı şəxs arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri, Yasamal rayonu, H.Sultanov küçəsi 9 saylı evin həyətində yerləşən iddiaçının mülkiyyətində olan və hazırda faktiki olaraq ona məxsus olan avtomobil qarajı əhəmiyyətsiz və formal alqı-satqı müqaviləsi bağlanaraq Maraqlı şəxs adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının atası mərhum X3 etibar etdiyi dostu olub. Cavabdeh dəfələrlə iddiaçının iş yerinə gedərək iddiaçıdan öz adına kredit götürüb ona verməsini xahiş edərək yeni iş quracağını bildirmişdir. Lakin dəfələrlə israr etməsinə baxmayaraq iddiaçı cavabdehin bu xahişinə etiraz edərək razılıq verməmişdir. Sonra Cavabdeh Əlimməmədoviç iddiaçının mərhum atası X4 müraciət edərək qaraja dair etibarnamə verməsini və həmin qarajı kimlərəsə göstərərək yeni biznes quracağını bildirmişdir. Bundan sonra iddaçının atası iddiaçıya qeyd edilən əmlakla bağlı cavabdehə etibarnamə verməsini bildirərək cavabdehin yeni iş qurmaq istədiyini və bunun üçün əmlakla bağlı etibarnamə verilməsi gərəkliyini söyləmiş və cavabdehə etibar etdiyini və narahat olmamasını qeyd etmişdir. Bundan sonra iddiaçı atasının sözünə əməl edərək qeyd edilən avtomobil qarajı barəsində cavabdehə etibarnamə vermişdir. Lakin notariat kontorunda etibarnaməyə imza edərkən sadəcə idarə etmə üçün etbiarnamə verdiyini zənn edərək etibarnamənin tam mətni ilə tanış olmamışdır. İddiaçı əmlakla bağlı etibarnaməni əmlakı idarə etmə niyyəti ilə vermiş, əmlaka dair sərəncam vermək hüququnun verilməsi (özgəninkiləşdirmək, ipoteka qoymaq və s ) niyyəti ilə deyil. Qeyd edilən etibarnaməni notariat kontorunda verərkən cavabdeh əmlaka dair sənədləri və etibarnaməni 4 aydan sonra geri qaytaracağını bildirmişdir. Etibiarnamə verildikdən 4 ay sonra iddiaçının mərhum atası X6 Cavabdeh Əlimməmədoviçdən qarajın sənədlərini geri istəsə də cavabdeh müxtəlif bəhanələr gətirərək gah sənədlərin Rusiya Federasiyasında olduğunu, gah da bu gün sabah deyədeyə vaxtı uzadaraq sənədləri geri verməkdən yayınmışdır. Bütün bunlardan sonra iddiaçı cavabdehin hərəkətlərindən şübhələnərək cavabdehə verdiyi etibarnaməni ləğv etmişdir. Lakin artıq etibarnamənin ləğv edilməsi etibarsız hesab edilməli olan əqdin bağlanmasından sonra baş vermişdir. Ancaq cavabdehin qeyd edilən əmlakı yalan əqdlə yəni, dəyərindən çox-çox aşağı Maraqlı şəxs özgəninkiləşdirdiyi iddiaçıya Yaşamal Rayon İcra və Probasiya Şöbəsindən 11.10.2019-cu il tarixli, 2(004)-5149/2019 saylı əmlakın boşaldılması barədə bildiriş gəldikdən sonra xəbəri olmuşdur. Bundan sonra iddiaçı əmlakın boşaldılması tələbinə dair Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(004)-5149/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti təmin edilməmişdir. 5 sentyabr 2015-ci il tarixli, AN-1№ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əhəmiyyətsiz əqd olduğu üçün etibarsız hesab edilməlidir. Belə ki, müqavilə imzalanarkən etibarnamə ilə səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmışdır. Qeyd edilən müqavilədə əmlak 5000 manata satılmışdır. Halbuki, həmin əmlak çox aşağı qiymətə satılmışdır. Çünki o zaman belə, qeyd edilən əmlakın qiyməti ən azı 30000 manat idi. 27 oktyabr 2020-ci il tarixli, 27-10/20-QY tarixli “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmə haqqında rəydən göründüyü kimi əmlakın oktyabr 2020-ci il tarixi vəziyyətinə bazar qiyməti 34000 manat məbləğində müəyyən edilmişdir. Bütün bu qeyd edilən faktlar ona dəlalət edir ki, iddiaçı etibarnaməni sadəcə idarəetmə üçün vermişdir və alqı-satqı müqaviləsi iddiaçının iradə ifadəsini əks etdirməmişdir. Çünki heç bir zaman əmlakı iddiaçı dəyərindən çox-çox aşağı qiymətə satmazdı. Üstəlik müqavilə bağlanan vaxtı iddiaçının ciddi olaraq maddi ehtiyacı olmamışdır. Bütün bu qeyd edilənlər onu göstərir ki, qeyd edilən əqdin bağlanması sırf mülkiyyətçini aldatmaq məqsədilə bağlanıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, tərəflər arasında sözügedən qaraja dair mübahisə hələ 2017-ci ilin ortalarında başlanmışdır, Maraqlı şəxs Bakı şəhəri Yasamal RPİ-nin 27ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Mübahisə mülki xarakterli olduğuna görə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru M.A.Cəbrayılov 30 noyabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etmiş və mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. 30.07.2019-cu il tarixində Muradov X5 lalə Vaqif qızına qarşı “əmlakın boşaldılmasına dair” Bakı şəhəri Yasmal Rayon Məhkəməsində qaldırdığı iddia 11.10.2019-cu il tarixli, 2(004)-5149/2019 saylı qətnamə ilə qismən təmin olunmuş və Bakı şəhəri Yasamal rayonu, H.Sultanov küçəsi, 9 saylı binanın həyətində yerləşən ümumi sahəsi 23.8 kv.m. olan qarajın cavadeh İddiaçı tərəfindən boşaldılaraq iddiaçı Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir. Cavadeh İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Qətnamə icraya yönəlmiş, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun qərarına əsasən qətnamə üzrə 11.06.2020-ci il tarixində icraata başlamışdır. Lakin İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair” iddia tələbi məhkəmədə baxıldığına görə icra məmuru icraatın dayandırılmasına dair 07.07.2020-ci il tarixində qərar qəbul etmişdir. İddiaçı adından, ondan xəbərsiz 06.03.2020-ci il tarixində Maraqlı şəxs qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırılmış və 26.01.2021-ci il tarixli 2(004)- 164/2021 saylı qərardadla iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə baxılmamış saxlanılmışdır. Göründüyü kimi tərəflərin arasında həmin qaraja dair məhkəmə çəkişməsi olmuş, müvafiq qətnamə qəbul olunmuş və qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Belə olan halda iddia tələbi rədd edilməlidir. Bundan əlavə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən müqavilənin mübahisələndərilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsi ilə müəyyən olunmuş bir illik müddətin ötürüldüyünü bildirmiş və iddia müddətinin də tətbiq olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia ərizəsindən və Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin 30 noyabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından müəyyən olunur ki, iddiaçı mübahisəli müqavilədən hələ 2017-ci ildə məlumatı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddiaçı əqdin məhkəmədə mübahisələndirilməsi üçün müəyyən olunmuş bir illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı 2017-ci ildə ona məxsus əmlakın onun bildirdiyinə görə onun iradəsinə zidd olaraq satılmasından məlumatı olduğu halda, yəni müqavilənin etibarsızlığı əsasları barədə həmin tarixdə bildiyi halda məhkəməyə iddia ərizəsi ilə 19 mart 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 12 mart 2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 354-cü maddəsi ilə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən müqavilənin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişdir. Odur ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi iddiası təmin edilə bilməz və rədd edilməldir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar