Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2652/2022 14.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müvafiq kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müvafiq kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşma çatmayan iki övladları ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 232 nömrəli evin 149 mənzilinə 15000 manat məbləğində kompensasiya verməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşma çatmayan iki övladları ilə birlikdə iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 232 nömrəli evin 149 mənzilinə 20000 manat məbləğində kompensasiya verməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əslandırılmışdır ki, Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə oğlunun həyat yoldaşıdır. ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir və AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə nikahdan olan yetkinlik yaşma çatmayan iki övladı hal-hazırda ona məxsus mənzildə yaşayaraq pasport qeydiyyatındadırlar. Cavabdehlərin ona məxsus olan mənzildə qeydiyyatda olması və yaşaması, onun öz mülkiyyətində olan mənzilə sərbəst sürətdə sahib olmağına, ondan istifadə etməyinə mane olur və ona dair sərəncam verməyini məhdudlaşdırır. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşma çatmayan iki övladı ilə birlikdəonun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilindən 20000 manat məbləğində kompensasiya verməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması qanuna müvafiqdir. Belə ki, həmin ərazi üzrə kirayə haqqı 400-500 manatdır və üç ilin kirayə haqqısı 500x36(ay)=18000 manat məbləğində təşkil edir. Bundan başqa onun digər övladları ünvan 2 ünvanda yerləşən mənzilinə dair istifadə hüquqları var və onların da hüquqları nəzərə alınmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, hal-hazırda faktiki olaraq həmin evdə cavabdehlər uşaqları ilə birlikdə yaşayır, onlardan başqa mənzildə heç kim yaşamır. Cavabdeh1 xəstədir və iddiaçı tərəfindən təklif edilən məbləğ azdır. Onlar həmin pulla 3 ildən sonra özlərinə yeni ev ala bilməz. Cavabdehin mülkiyyətində olan daşınmaz əmlak qeyri-yaşayış sahəsidir. Həmin qeyri-yaşayış sahəsi moyka kimi 250 manata icarəyə verilmiş və həmin vəsait Cavabdeh1 müalicəsinə xərclənir. Cavabdeh1 bütün müalicə və müayinə xərcləri, həmçinin ailənin bütün zəruri xərcləri Cavabdeh2 öhdəliyindədir. Cavabdeh1 sağlamlıq vəziyyətini, ona baxan həyat yoldaşını və iki uşaqlarının olmasını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndəsi və vəkilin izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 232 nömrəli evin 149 mənzili İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 32,6 kv.m olan qeyri-yaşayış sahəsi- qaraj 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəf ndən təsdiq edilmiş, xx.xx.2020-ci il tarixli, 4Ə-1072 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 bağışlanmışdır. Sözügedən əmlaka dair xx.xx.2020-ci il tarixində texniki pasport tərtib edilmişdir. İş materiallarında olan X1 Mərkəzi tərəfindən Cavabdeh1 qan nümunəsinə əsasən aparılmış analizin nəticəsinə əsasən tərtib edilmiş sənədin surətindən görünür ki, Cavabdeh1 Huntington xəstəliyi aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predemti olan yaşayış sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, qeyd olunan hüququ xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının oğludur. O, arvadı Cavabdeh2 və uşaqları ilə birlikdə mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüququnun mövcudluğu işin mübahisəsiz halıdır. Məhkəmə tərəfindən Cavabdeh1 genetik nevroloji xəstəliyinin olması və bunun nəticəsində hərəkət və danışma pozuntularının olması da müəyyən edilmişdir. İddiaçı cavabdehlərin ona məxsus olan mənzildə qeydiyyatda olmasının və yaşamasının, öz mülkiyyətində olan mənzilə sərbəst sürətdə sahib olmağına, ondan istifadə etməyinə mane olduğunu, ona dair sərəncam verməyini məhdudlaşdırdığını əsas gətirərək, cavabdehlərinin həmin mənzilə dair istifadə hüququna müvafiq məbləğdə kompensasiya ödənilməklə xitam veilməsi və onların həmin mənzildən çıxarılması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqında» Avropa Konvesiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. … Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlrına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarına kompensasiya verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Həmin qərarda qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin qərarında verilmiş olsun. Görüldüyü kimi, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququ deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin mövqeyi bundan ibarətdir ki, kompensasiyanın məbləği mənzilin dəyərindən ayrılan müəyyən paydan ibarət olmamalı və yaşayış sahəsindən istifadə etmək hüququna malik olan şəxsin həmin mənzilin şəraitinə uyğun olan digər mənzildə davamlı surətdə və müəyyən müddət daxilində yaşamaq imkanını təmin etməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə bir sıra meyarlar- cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə hazırda da həmin mənzildə yaşaması, cavabdehlərin həmin mənzilə dair istifadə hüququnun mövcudluğu, Cavabdeh1 genetik nevroloji xəstəliyinin olması və bunun nəticəsində hərəkət və danışma pozuntularının olması, cavabdehlərin başqa yaşayış sahəsinə malik olmaması, təklif olunan kompensasiya məbləğinin cavabdehlərin azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilməsi üçün yetərlilik baxımından nəzərə alınmalıdır. Qeyd olunan hallara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlir. Həmçinin, məhkəmə iddia tələbinin mənzildən çıxarılma hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə qeyd olunan tələb əsas iddia tələbi olan mənzilə dair istifadə hüququna xitam verilməsi tələbindən törəmə olduğundan və əsas iddia tələbi təmin edilmədiyindən, həmin hissədə də iddia tələbi təmin edilməməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müvafiq kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2652/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2652/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver