Məhkəmə qərarları › İş №2(004)-2709/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2709/2023

12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2709/2023 12.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Ərizəçi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-038H (KOD: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Ərizəçi M.” qeydinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Sumqayıt şəhəri, Saray bağlar massivi, B3705D və 3705N saylı torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 2 Saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir, lakin 18 aprel 2023-cü il tarixli məktubla hüquqlarının qeydə alınmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, 02 yanvar 2002-ci tarixli, JN-038H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində ərizəçinin ata adı “M” kimi qeyd olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də olan yanlışlığı başqa cür aradan qaldırmaq mümkün olmadığından, ərizə ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. 14 yanvar 2002-ci il tarixli, JN-038H (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dəki qeydin ərizəçiyə məxsus olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-038H (KOD: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, xx.xx.1997-ci il tarixli 12750 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş Saray bağ massivində yerləşən 3705N saylı bağ sahəsi üzərində X1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda şəhadətnamədən görünür ki, X1 ailə üzvləri qismində digər şəxslərlə yanaşı Ərizəçi M. oğlu qeyd edilmişdir. AZ-T № 010142 seriyalı doğum haqqında şəhadətnaməyə əsasən, Ərizəçi xx.xx.1958-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Ata qrafasında X2, ana qrafasında X3 qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamədənn görünür ki, ərizəçinin anası X4 21 avqust 2021-ci il tarixdə ölmüşdür. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 aprel 2023-cü il tarixli məktubundan görünür ki, şəhadətnamədə ərizəçinin adı tam yazılmadığından onun Saray bağ massivində yerləşən 3705N saylı bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından imtina edilmiş və sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Tətbiq edilən hüquq Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-cı maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, tədqiq edilmiş sübutlarla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-038H (KOD: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçi Bədəlova (Sadıxova) Aliyə Cahangir qızının oğlu – hazırkı iş üzrə Ərizəçi adının qeyd olunması, lakin şəhadətnaməni verən orqan tərəfindən ərizəçinin ata adının tam yazılmaması, bunun nəticəsində ərizəçinin həmin torpaq sahəsi üzərində anasının ölümündən sonra vərəsəlik qaydasında hüquqlarının dövlət qeydiyyata alınmasından imtina edilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin olunaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-038H (KOD: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Ərizəçi M.” qeydinin Ərizəçi məxsus olması faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt Şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, JN-038H (KOD: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də “Ərizəçi M.” qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar