Məhkəmə qərarları › İş №2(004)-2715/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2715/2021

08.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2715/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdehlər X13 və X8 qanuni nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X20 və X14 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X20 və X14 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-a dair cavabdehlərə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və iddiaçının həmin evə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri iddiaçı üçün ünvan 1u almışdırlar. Həmin vaxt onun işlədiyi vəzifə ilə əlaqədar bu evi öz adına rəsmiləşdirmək məsləhət olmadığı üçün valideynləri həmin evi mərhum qardaşı X9 adına rəsmiləşdirmişlər. Yəni, bu mənzilin alqı-satqısına dair müqavilədə mərhum qardaşının adı göstərilsə də, bu mənzil faktiki olaraq iddiaçı üçün alınmışdır. İddiaçı həmin mənzilə daimi pasport qeydiyyatında olmaqla ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Bu günə kimi bu mənzillə əlaqədar nə mərhum qardaşıyla, nə də hər hansı bir digər şəxslə mübahisəsi olmamışdır. Lakin 07.02.2020-ci il tarixində qardaşı vəfat etdikdən sonra ona məlum olmuşdur ki, mərhum qardaşının birinci və rəsmi nikah bağladığı həyat yoldaşı Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisinə müraciət edərək həmin mənzilə dair vərəsəlik hüququna dair şəhadətnamə almış və bu mənzildə onun l/3 hissədə payı müəyyən edilmişdir. İddiaçının qardaşı Bəylər Səfərov Cavabdeh2 ilə qeyri-rəsmi nikah münasibətlərində olmuş və bu nikahdan onların 28.10.2007-ci il tarixində Aysel adlı qızları və 28.09.2009-cu il tarixində Aydın adlı oğlanları dünyaya gəlmişdir. İddiaçıda olan məlumata görə Cavabdeh2 da ASAN-3 Xidmət mərkəzinə müaciət edərək, mərhum qardaşının vərəsəsi kimi övladlarının tanınması barədə ərizə vermiş və o da həmin bu mənzildən müəyyən pay almışdır. Cavabdehlər bu mənzilin həqiqətən iddiaçıya mənsub olduğunu bilsələr də, əsassız olaraq həmin bu mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X13 və X8 qanuni nümayəndəsi Cavabdeh2 verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehlərə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə notarial qaydada təsdiq olunmuşdur. X9 evin qanuni mülkiyyətçisi olması sübutlarla öz təsdiqini tapmışdır. X9 həyat yoldaşı Cavabdeh1 və övladları X29, X26 onun qanuni vərəsələri hesab olunur və şəhadətnamələrin etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. Eyni zamanda qeyd edilir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən evə mülkiyyət hüququnun yaranmasını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, iş materiallarında olan 241 nömrəli reyestrdən çıxarışa əsasən müəyyən edilir ki, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, ev 159 ünvanda yerləşən mənzil X15 məxsusdur. İş materiallarında olan 14 oktyabr 1989-cu il tarixli, 194 akt qeydi ilə bağlanmış nikah haqqında şəhadətnaməyə əsasən görünür ki, X2 Şövləxanım Qulu qızı ilə rəsmi nikahda olmuşdur. 05 noyabr 1992-ci il tarixli 2488 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X28 12 sentyabr 1992-ci il tarixdə anadan olmuş, atası X27, anası Cavabdeh1dır. İş materiallarında olan 20 may 2020-ci il tarixli və 25 fevral 2020-ci il tarixli ərizələrə əsasən müəyyən edilir ki, X26 və X13 anaları Cavabdeh2 və Cavabdeh1 ərizə ilə Bakı şəhər 43 saylı Xüsusi Notariat Kontoruna müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişlər. İş materiallarında olan AZ-İİ 074600 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X27 07 fevral 2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən əmlak **********44-10301 nömrəli daşınmaz əmlakın reyestrinə əsasən X9 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 16.09.2020-ci il tarixli Dövlət reyestrindən arayışa əsasən görünür ki, X21, X30, X22 və X27 daşınmaz əmlak üzrə mülkiyyətçidir. Daşınmaz əmlakın ¼ hissəsi 20.02.2013-cü il tarixdə X10, ¼ hissəsi 20.02.2013-cü il tarixdə X23, ¼ hissəsi 20.02.2013-cü il tarixdə X11, ¾ hissəsi 02.11.2019-cu il tarixdə X15 verilib. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışa əsasən görünür ki, X28 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 15 fevral 2020-ci il tarixli, E/863 nömrəli arayışın surətindən görünür ki, X27 rəhmətə gedən günə qədər həyat yoldaşı Cavabdeh1 və oğlu X28 ilə birgə ünvan 4 ünvanında yaşamışdır. İş materiallarında olan Cavabdeh1 aid AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 21 oktyabr 2009-cu il tarixli, 906 nömrəlli doğum haqqında şəhadətnaməyə əsasən görünür ki, X29 08 sentyabr 2009-cu il tarixdə anadan olmuş, atası X27, anası Cavabdeh2dır. İş materiallarında olan 23 noyabr 2007-ci il tarixli, 2183 nömrəlli doğum haqqında şəhadətnaməyə əsasən görünür ki, X26 21 oktyabr 2007-ci il tarixdə anadan olmuş, atası X27, anası Cavabdeh2dır. İş materiallarında olan 21 oktyabr 2009-cu il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”dən görünür ki, X5 Aydın Bəylər oğlunun atasıdır. İş materiallarında olan 23 noyabr 2007-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”dən görünür ki, X3 Aysel Bəylər qızının atasıdır. 14 fevral 2020-ci il tarixli ərizənin surətinə əsasən görünür ki, X6 Bəylər Ağalar oğlunun mirasından ona düşən paydan notarial qaydada imtina edib. Heç bir pay tələbi olmadığını, adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini qeyd etmişdir. İş materiallarında olan 16 sentyabr 2020-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzilin 1/3 hissəsində payı tanınmış, qalan 2/3 hissədə pay X9 adına açıq qalmışdır. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”dən görünür ki, X8 və X13 hər birinin ünvan 2 ünvanında yerləşən mənzilin 1/3 hissəsində payları tanınmışdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1321.2-cu maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X20 və X14 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X20 və X14 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar