Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-272/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:özbaşına tikilinin sökülməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2nə qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 tərəfindən həyətində ona məxsus fərdi yaşayış evinə bitişik vəziyyətdə tikdiyi özbaşına tikilinin sökülməsi, cavabdeh tərəfindən çıxarılıb mənimsənilən dam sularını axıdan borunun öv əvvəlki yerinə cavabdehin özü tərəfindən bərpa edilməsi, dam sularını axıdan boruya maneçilik yaratmaq məqsədilə, ona məxsus evin divarına bitişik vəziyyətdə tikilmiş beton kəmərin cavabdeh tərəfindən sökülməsi, Cavabdeh3 dövlətə məxsus torpağı qanunsuz zəbt edərək tikmiş olduğu hasar evlərinin sanitar qovşağını təhlükəyə məruz qoyduğu üçün və həyətinə küçə tərəfdən qapı və pəncərə açmaq istəyini reallaşdırmağa imkan vermədiyi üçün hasarın cavabdehin özü tərəfindən sökülüb əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı, onun tərəfindən ödənilmiş 100 AZN dövlət rüsumunun Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev 23 yanvar 1992-ci il tarixində bacısı X1 adına alınmışdır. 1 noyabr 2023-cü il tarixdə adı çəkilən ev bacısı tərəfindən bağışlama yolu ilə onun adına keçmiş, 13 noyabr 2023-cü il tarixində isə qeydiyyat nömrəsi ********** olan çıxarış adın rəsmiləşmişdir. 2019-cu ilin sentyabr ayından Yasamal rayonu İcra Hakimiyyətinin razılığı ilə evində tikinti təmir işləri aparır. Tikintiyə başlarkən qonşu Ənvərə layihəni göstərərək 2-ci mərtəbədə 3 balaca pəncərənin mövcud olduğunu bildirdi və əlavə etdi ki, baxmayaraq qonşu həyətə pəncərə açmaq qanunla qadağan edilmir, amma qonşu kimi onun razılığını istəyir. O buna razı olmadı. Söz-söhbətdən xoşu gəlmədiyi üçün ikinci mərtəbədə yataq otağını tikmədi. İşıqsız, havasız yataq otağı kimə lazımdır ki. Qeyd edir ki, qonşu Cavabdeh3 2010-11-ci illərdən tanıyır. Münasibətləri salam və sağ oldan ibarət olub. Yaşadığı həyəti 2005-2006-cı illərdə köhnə qonşuları olan X4 alınmışdır. 2020-ci ilin dekabında tikinti işləri yekunlaşdı. Tikinti işləri yekunlaşandan 1 il sonra, yəni 2022-ci ilin əvvəllərindən başlayaraq cavabdeh 2-ci mərtəbədə yerləşən eyvanın küçəyə baxan pəncərəsini bağlamağı, dam sularını axıdan boru xəttini isə çıxarmağı əsassız şəkildə ondan tələb etdi və o gündən ona qarşı aqressiv təzyiqlər etməyə başladı. Cavabdeh narazılığını bununla əsaslandırdı ki, pəncərə və boru xətti ona məxsus evin divarının ona tərəf olan hissəsində tikilib. Absurd bir fikir səsləndirərək əlavə etdi ki, onun hava məkanına müdaxilə edir. Pəncərənin və boru xəttinin onu həyətində heç bir aidiyyatı və maneiliyi olmadığını ona məxsus divarın küçəyə aid olan hissəsində tikildiyini dəfələrlə ona izah etmişdir. Qeyd edir ki, pəncərə və dam sularını axıdan boru xəttinin cavabdehə heç bir maneçiliyi və aidiyyatı yoxdur və cavabdehin hasarı xaricindədir, yəni küçə ərazisinə aiddir. Hətta tikintiyə başlamamışdan öncə həmin yerdə yağış sularını axıdan boru xətti mövcud olmuşdur. Küçəyə baxan bu pəncərə yeri 2020-ci ilin oktyabr-dekabr aylarında tikilib, 2021-ci ilin iyun-sentyabr aylarında isə pəncərələr qoyulub və dam sularını axıdan boru xətti çəkilib. 18 mart 2022-ci il tarixində evə gələrkən (tikinti-təmir işləri ilə əlaqədar 2020-ci ilin sentyabr 2024-cü ilin yanvar ayınadək başqa ünvanda yaşamışlar), cavabdehin dövlətə məxsus küçə torpağını zəbt edərək həyətinə qatdığını gördü. Ona bu hərəkətinin qeyri-qanuni olduğunu, həmin yerdən evlərinə aid olan, 1980-ci illərdə çəkilmiş sanitar qovşağın keçdiyini bildirdi. Həm də ona xatırlatdı ki, 1992-ci ildə aldığı bu evin giriş qapısı və pəncərəsi buradan olmuşdur. Qapı və pəncərəni əvvəlki yerinə bərpa etmək istədiyini bildirdi və qanunsuz çəkdiyi hasarı söküb əvvəlki vəziyyətinə qaytarmasını xahiş etdi. O isə giriş qapısının və pəncərənin buradan qoyulmasının qarşısını almaq və əngəl yaratmaq üçün bilərəkdən küçə torpağını həyətinə qatdığını və buna görə hətta rüşvət belə verdiyini şəstlə söylədi. Qeyd edir ki, onun qeyri-qanuni zəbt etdiyi torpaq sahəsi ona məxsus divar boyunca 1 metr 70 santimetrdir. 9 ay sonra, yəni 22 dekabr 2022-ci ildə yenə evə gələrkən, yağış sularını axıdan borcu xəttinin qarşısını kəsmək məqsədi ilə evinin divarına bitişik, betondan tökülmüş kəmər şəklində maneə gördü. Yenə cavabdehə bu hərəkətinin qanunsuz olduğunu və ona qarşı kin və ədavətdən əl çəkməsini bildirdi. Yenidən yersiz hücum və kobud rəftara məruz qaldı. Damdan axan yağış və qar suları o gündən bu günədək həmin kəmər boyunca evlərinin divarını isladıb yararsız və təhlükəli hala salmışdır. 2023-cü ilin yanvar- fevral aylarında isə evinin giriş otağında cavabdeh tərəfdə olan divarın içəridən islandığını gördü. Bunu onun qayınatasına bildirdi və kürəkənini bu cür hərəkətlərdən çəkindirməyi xahiş etdi. Artıq cavabdehin qərəzli düşmənçiliyi, ardıcıl dava-dalaşları, kinli və kobud rəftarı onda davamlı psixoloji gərginlik və stress yaratmış, səhhəti ilə əlaqədar ağır mənəvi sarsıntıyya gətirib çıxarmışdır. Stress insan bədəninə və psixoloji vəziyyətinə birbaşa təsir göstərən və xəstəliklərin yaranmasına səbəb ola biləcək bir vəziyyətdir. Məhz bütün bunların nəticəsində də sağlamlığına ciddi zərər dəymiş. 3 mart 2023-cü il tarixində Bakı Sağlamlıq Mərkəzində kliniki ölüm və kəskin infarktla sonuclnan ürək əməliyyatı keçirmiş və 4 gün reanimasiya və intensiv terapiya şöbəsində - kritik xəstələrin saxlandığı şöbədə qalmışdır. Cavabdehin qərəzli düşmənçiliyi ona və ailə üzvlərinə iztirab yaşatmışdır. O vaxtdan mütəmadi olaraq ağır dərmanlar qəbul edir. Bu səbəbdən də həmin fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır. Bu gərginlikdən əsəbləri pozulmuş, hətta əlinin əsməsi səbəbindən yazı yazmaq qabiliyyəti korlanmışdır. Bununla əlaqədar səhhətinin bərpası istiqamətində 6 ay davamlı müayinələrlə həkim nəzarətində olmuş, avtomobil idarə etmək və iş görmək qabiliyyəti olmamışdır. 20 oktyabr 2023-cü ildə cavabdeh yenidən onu təhqir etməklə pəncərənin bağlanmasını və borcu xəttinin çıxarılmasını tələb etmiş və zəbt etdiyi torpağın artıq onun həyəti sayıldığını bildirmişdir. Xüsusi olaraq vurğulayır ki, həmin gün, yəni 20 oktyabr 2023-cü il tarixdə Ənvər həyətindəki evini ona məxsus olan evin divarına bitişik vəziyyətdə tikdiyini bildirmişdir. Ona bu cür tikilinin qanunsuz olduğunu, ondan notarial qaydada icazə almalı olduğunu və ara məsafəsi saxlamalı olduğunu bildirmişdir. Bunun Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olduğunu, onunla ortaq divar tikmədiyini və bu tikilinin sökülməli olduğunu ona xatırlatmışdır. 25 noyabr 2000-ci ildə baş verən zəlzələ nəticəsində evləri zədələnmiş və AR Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən 2003-cü ildə yenidən tikilib bərpa edilmişdir. Tikilib bərpa edilərkən evlərinin divarına bitişik heç bir tikili olmamışdır. Cavabdehin həyətindəki evi neçənci ildə tikməsiona məlum deyil. Onun evinə məxsus divardan cavabdehin istinad divarı kimi istifadə etməsi yolverilməzdir. Özbaşına tikili evinə məxsus divarın özülünü əlavə yükə məruz qoyur və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə də nə vaxt tikilməsi məlum olmayan bu ev mütləq sökülməlidir. Çünki bu tikili AR Mülki Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarını pozmaqla inşa edilmişdir. 30 oktyabr 2023-cü il tarixində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun qəbulunda olmuş, 29 noyabr 2023-cü il tarixində isə rəsmi ərizə ilə müraciət edərək qonşu Ənvər tərəfindən qeyri-qanuni zəbt olunmuş dövlətə məxsus torpaq sahəsinin hasarının sökülüb əvvəlki vəziyyətinə qaytarılmasını xahiş etmiş və bu işin bilavasitə müvafiq icra hakimiyyəti orqanının səlahiyyəti daxilində olduğunu diqqətə çatdırmışdır. Yasamal Rayon Mərkəzi Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi və Yasamal Rayon Bələdiyyəsinin Rəşid adlı əməkdaşı ünvandakı özbaşınalığı təsdiqləsələr də, hasarın sökülüb əvvəlki yerinə qaytarılması istiqamətində heç bir tədbir görməmişlər. 26 noyabr 2023-cü il tarixində cavabdeh, evlərində usta işləyən X6 yanında yenidən onu söyüb təhqir etmiş, öldürməklə hədələmiş, pəncərəni sındıracağını və borunu çıxaracağını bildirmişdir. Nəticədə halı yenidən pisləşmiş və təcili yardım çağırmaq məcburiyyətində qalmışdır. 28 noyabr 2023-cü il tarixində saat 16:00 radələrində evinə gələrkən evin dam sularını axıdan boru xəttinin yerindən çıxarılıb oğurlandığının, boru çıxan dəliyin və mətbəxin havaçəkən dəliyinin palçıqla bağlandığının şahidi oldu. Dərhal DİN-in 102 xidmətinə zəng etdi. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin 08 dekabr 2023-cü il tarixli qərarında da göstərildiyi kimi cavabdeh boruları çıxardığını və həyətinə qoyduğunu etiraf edib. O bu əməli gecə vaxtı gizli olaraq çağırdığı usta ilə birlikdə icra ediblər. Bu mülkiyyət əeyhinə cinayət olub, əmlakı qəsdən məhv etmə sayılır. Cavabdeh əmlaka müdaxiləni və gizli talamanı etiraf etsə də, Yasamal Rayon Polis İdarəsi su borusunun əvvəlki yerinə bərpası istiqamətində heç bir tədbir görməmişdir. Həmin vaxtdan, yəni 28 noyabr 2023-cü il tarixindən indiyədək yağan qar və yağış suları evinin divarlarına təhlükə törətməklə çox pis hala salmışdır. Belə ki, divar üzü axan dam suları nəticəsində 2-ci mərtəbədə yerləşən mətbəxin divarı, eyvanın isə oboyu nəm çəkib pis hala düşmüşdür. Ən təhlükəlisi isə odur ki, evin bünövrəsi və 2-ci mərtəbəni saxlayan beton kəmərlər islan və aşınır. Həyətin divarı isə islanıb yararsız hala düşür. Vəziyyətin hələ də bir şəkildə davam etməsi gələcəkdə böyük fəsadlara, evin çökməsi və arzuolunmaz nəticələrə səbəb ola bilər. Cavabdehin təqsirli hərəkətləri nəticəsində əmlakı yararsız düşmüş, ona böyük miqdarda maddi ziyan dəymişdir. Belə ki, mətbəxin və eyvanın divarının korlanmış hissələri yenidən təmir olunmalı, həyətin divarının suvağı isə qazınmalı, yenidən suvanmalı və mata ilə hamarlanmalıdır ki, bunlar da əlvə xərc tələb edir. Vəziyyət hələ də bu şəkildə davam etdiyi üçün təmir işləri yarımçıq qalmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh tərəfindən tikilən hasar iddiaçının heç bir hüquqlarını pozmamışdır. İddiaçıya məxsus olan bina cavabdehin hasarının yanında tikilib. Cavabdehin iddiaçıya qarşı heç bir qərəzli mövqeyi olmayıb.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 1 yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, giriş 149 ünvanında yerləşən fərdi yaşayış evi X2 mülkiyyətindədir.
7. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən İddiaçı şikayəsi əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/8840 nömrəli ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə 149 ünvanında yerləşən fərdi yaşayış evinin hasarına bitişik Cavabdeh3 tərəfindən tikilmiş tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4 və 69.5.2-1-ci bəndlərini tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
9. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
10. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində _ öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
14. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
15. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
16. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
17. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
18. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin.
19. Həmin Məcəllənin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
20. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.
21. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
23. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
24. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır.
25. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
26. Həmin Məcəllənin 69.6-cı maddəsinə əsasən divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil.
27. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir.
28. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
29. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.
30. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir.
31. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda;bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.
32. Həmin Məcəllənin 95.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
33. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla və yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh3 iddiaçıya məxsus fərdi yaşayış evinə bitişik ümumi sahəsi 35,7 kv.m, hündürlüyü 3 metr olan tikili inşa etmişdir. Həmin tikili ilə bağlı cavabdehin hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Bundan başqa iddiaçıya məxsus fərdi yaşayış evinə bitikiş dam sularını axıdan boru cavabdeh tərəfindən çıxarılmış və cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin divarına bitişik beton kəmər tikmişdir. Eyni zamanda, cavabdehin və iddiaçının giriş qapılarının çölündə iddiaçının və cavabdehin hasarına bitişik beton hasar inşa edilmişdir.
34. İddiaçının tələbləri aşağıdakılardan ibarətdir: - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarına bitişik vəziyyətdə tikilmiş ümumi sahəsi 35,7 kv.m, hündürlüyü 3 metr olan tikilinin sökülməsi; - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarına bitişik vəziyyətdə olan dam sularını axıdan borunun əvvəlki vəziyyətə cavabdehin hesabına qaytarılması və evin hasarına bitişik cavabdeh tərəfindən tikilmiş beton kəmərin cavabdehin hesabına sökülməsi; - Cavabdeh tərəfindən dövlətə məxsus torpağı qanunsuz zəbt edərək tikmiş olduğu hasarın evinin sanitar qovşağını təhlükəyə qoyduğu üçün və həyətinə küçə tərəfindən qapı və pəncərə açmaq istəyini reallaşdırmas üçün hasarın sökülərək əvvəlki vəziyyətə qaytarılması.
35. Məhkəmə iddiaçının birinci tələbi ilə bağlı qeyd edir ki, işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2019-cu ilin sentyabr ayında evində tikinti-təmir işləri aparan zaman onun hasarına bitişik cavabdeh tərəfindən hazırda mövcud olan tikilinin tikilməsindən məlumatı olmuş, həmin müddət ərzində tikilinin mövcudluğu onun tərəfindən mübahisələndirilməmişdir. Baxmayaraq ki, məhkəmə tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə 149 ünvanında yerləşən fərdi yaşayış evinin hasarına bitişik Cavabdeh3 tərəfindən tikilmiş tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4-cü və 69.5.2-1-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir, lakin məhkəmə qeyd edir ki, uzun illər ərzində iddiaçı həmin tikilinin mövcudluğundan məlumatlı olsa da, bu halı mübahisələndirməmiş, bu da onun razılığının ifadəsi olmuşdur. Həmçinin, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da müəyyən olunmuşdur ki, həmin tikili iddiaçının evinə hər hansı maneə yaratmır.
36. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna nəzər yetirsək, məhkəmə“Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən, mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
37. Bundan başqa, məhkəmə qeyd edir ki, yuxarıdakı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ istər yerli, istərsə də, beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər. Qanunla müəyyən edilmiş istisnalardan başqa, hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi isə yalnız mülkiyyətçinin razılığı və iradəsi ilə mümkün ola bilər.
38. Lakin mülkiyyət hüququnun ən üstün hüquqlardan biri olması və yüksək qanuni təminat verilməsi onun hüdudsuz olması anlamına da gələ bilməz. İstər milli, istərsə də beynəlxalq qanunvericilik mülkiyyət hüququnun məhdudlaşdırılmasının, ona müdaxilə edilməsinin əsaslarını da nəzərdə tutur ki, bu qanuni əsaslar yuxarıda həm Mülki Məcəllənin 152.5, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir.
39. Eyni zamanda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehin inşa etdiyi fərdi yaşayış evinin onun fərdi yaşayış evinin divarına bitişik hissəsinin sökülməsini tələb etməsi tərəflərin maraqları arasında mütənasiblik (ədalətli balansın qorunması) meyarına zidddir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus fərdi yaşayış sahəsinə dair onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasa da, eləcə də, həmin evə dair heç bir hüquq müəyyənedici sənəd olmasa da, həmin ev müvafiq olaraq tərəflərin “mənzili” “evi” hesab oluna bilər.
40. Belə ki, dövlət tərəfindən şəxsin mənzil hüququna, onun toxunulmazlığına təminat verilir və bu həm milli, həm də beynəlxalq hüquqla müəyyən edilən dövlətin pozitiv öhdəliyindən irəli gəlir. Qanun yalnız müəyyən edilmiş müstəsna hallarda şəxsin mənzil hüququna müdaxiləni nəzərdə tutur. Müdaxilənin özü isə beynəlxalq qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməli, bu zaman xüsusilə, şəxsin mənzil hesab edərək seçdiyi yerin (yaşayış yerinin) özünün və ailəsinin yaşaması üçün nə qədər zəruri olması, onun (ailəsinin) həmin yaşayış yeri ilə nə qədər bağlı olması və s. kimi çox mühüm həyati şərtlər nəzərə alınmalıdır.
41. Beynəlxalq hüquq normaları isə şəxsin mənzil hüququnu dövlətdaxili hüquqdan daha geniş mənada qəbul edir, hətta şəxsin müvəqqəti, lakin yaşayış yeri kimi qəbul etdiyi yerləri “ev”, “mənzil” kimi tanıyır, həmin yerlərə şəxsin yaşayış yeri kimi bağlılığı, uzun müddət yaşamasına xüsusi önəm verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” işində qeyd etmişdir ki, "Mənzil" anlayışı ənənəvi yaşayış yerləri ilə məhdudlaşmır. Belə ki, o, furqonları və digər qeyri-stasionar məskənləri də özündə ehtiva edir. Məhkəmə həmçinin, “X3rşı” işdə bildirmişdir ki, ərizəçinin və ailəsinin 13 ildən artıq müddət ərzində yaşadığı səyyar furqonun yerli hakimiyyət orqanının furqonlar üçün ayırdığı ərazidən çıxarılması nəticəsində prosessual səbəblərə görə 8-ci maddənin pozuntusu baş verib.
42. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olması təsbit edilmişdir.
43. Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş “mənzil hüququ” ilə bağlı çoxsaylı president qərarlar mövcuddur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində qeyd etmişdir ki, 8-ci maddəyə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi, müstəqil anlayışlardır; onların qorunması dövlədaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır. 1 nömrəli Protokolun 1-ci maddəsi üçün təqdim edilmiş səbəblərlə eyni olan səbəblərə görə, Məhkəmə müəyyən edir ki, ərizəçilərin öz evlərindən istifadə etmək imkanının rədd edilməsi onların şəxsi və ailə həyatına, habelə evlərinə hörmət hüququ ilə əsassız müdaxiləni təşkil edir. “Vinterşteyn və başqaları Fransaya qarşı” işində isə göstərir ki, müvafiq olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və davamlı əlaqələrinin mövcudluğundan asılıdır. Həmçinin, Məhkəmə bu tipli qərarlarında bildirir ki, "Mənzil" anlayışı ərizəçinin mülkiyyətçisi və ya kirayəçisi olduğu əmlakla məhdudlaşmır. O həm də şəxsin uzun müddət ərzində, illərlə məskunlaşdığı qohumuna məxsus evi bildirən anlayış ola bilər (Menteş və başqaları Türkiyəyə qarşı iş). "Mənzil" anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X7rşı iş). Mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı iş) və s.
44. Qeyd edilən həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normaları baxımından məhkəmə hesab edir ki, cavabdehin yaşadığı özbaşına tikili onun yaşayış yeri (mənzili) kimi qəbul oluna bilər. Bu zaman məhkəmə qeyd edir ki, cavabdeh sözügedən tikilini əldə etməklə, özünü yaşayış yeri ilə təmin etməyə ümid etmiş, bununla bağlı tikintiyə xərc çəkmiş, tikililərə ayrıca giriş-çıxış üçün qapı, qaz və elektrik enerjisi ilə təmin etmişdir. Bu şərh edilənlər isə cavabdehin yaşadığı yaşayış sahəsindən özünün “evlə” “mənzillə” bağlı ehtiyaclarını təmin etmək hüquqlarının təmin olunmasına əsas verir.
45. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının yaşadığı ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaiti ilə xərc çəkmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək və s. hüquqlar əşya sahibinə məxsusdur.
46. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdehə məxsus tikilinin sökülməsi hissəsində əsaslı hesab oluna bilməz.
47. İddiaçının digər tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hasarına bitişik vəziyyətdə olan dam sularını axıdan borunun əvvəlki vəziyyətə cavabdehin hesabına qaytarılması və evin hasarına bitişik cavabdeh tərəfindən tikilmiş beton kəmərin cavabdehin hesabına sökülməsidir.
48. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən yerində müayinə zamanı dam sularını axıdan borunun cavabdehin istifadəsində olan torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə maneə yaratması, yaxud onun hər hansı hüquq və mənafelərini pozması kimi hallar müəyyən edilməmişdir. Cavabdeh sökdüyü dam sularını axıdan borunun onun sahibliyində olan torpaq sahəsinən sərbəst istifadəsinə hər hansı maneə yaratdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmalı, dam sularını axıdan boru cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılmalı və evin hasarına bitişik cavabdeh tərəfindən tikilmiş beton kəmər cavabdehin hesabına sökülməlidir.
49. Məhkəmə iddiaçının 3-cü - cavabdeh tərəfindən dövlətə məxsus torpağı qanunsuz zəbt edərək tikmiş olduğu hasarın evinin sanitar qovşağını təhlükəyə qoyduğu üçün və həyətinə küçə tərəfindən qapı və pəncərə açmaq istəyini reallaşdırmas üçün hasarın sökülərək əvvəlki vəziyyətə qaytarılması tələbi ilə bağlı qeyd edir ki, hazırki halda həmin sahənin iddiaçının və ya cavabdehin mülkiyyətində olması müəyyən edilmir. İddiaçı həmin hasarın onun evinin sanitar qovşağını təhlükəyə qoyduğu üçün sökülməsini tələb etsə də, həmin halı təsdiq edəcək sübutları təqdim edə bilməmişdir. Bundan başqa gələcəkdə həmin yerdən qapı və pəncərə açmaq niyyəti ilə bağlı hissədə məhkəmə qeyd edir ki, hazırda iddiaçının həmin hissədən qapı və pəncərə açmaq üçün icazəsinin olması və ya belə icazə almaqla bağlı səlahiyyətli orqanlara müraciəti ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Digər tərəfdən həmin tikilmiş hasar qanunsuz zəbt olduğu halda onun sökülməsini tələb etmək hüququ hazırki işdə yalnız müvafiq səlahiyyətli orqanlara məxsusdur.
50. Həmçinin, məhkəmə tərəfindən yerində müayinə zamanı müəyyən oldu ki, iddiaçının istifadəsində olan fərdi yaşayış evinə ön hissədən də giriş-çıxış üçün qapı mövcuddur. Yəni, mübahisələndirilən hasarın olduğu hissə iddiaçının istifadəsində olan fərdi yaşayış evinə giriş-çıxış üçün yeganə vasitə deyil. Məhkəmə qeyd edir ki, məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. İddiaçı tikiliyə giriş-çıxış qapısı olduğu halda, ikinci bir giriş-çıxış qapısının hansı səbəblərdən açılması zərurətini əsaslandıra bilməmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
51. Həmçinin, iddiaçı cavabdeh qismində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Bələdiyyəsini qoysa da, həmin cavabdehlərə yönələn heç bir tələb qoymamışdır.
52. Belə ki, iddia ərizəsini qəbul edən məhkəmə tərəfindən tələb hüququnun iddiaçıya məxsus olması və cavabdehin iddia üzrə cavab verməli şəxs olması halları müəyyənləşdirilməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olmayan cavabdeh əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. İddiaçının öz hüquqlarını məhkəmə vasitəsilə müdafiə etmək hüququna malik olmasına baxmayaraq iddia tələbləri, həmin tələblər üzrə cavabdehlik daşımayan şəxsə qarşı irəli sürülmüş olarsa, əsassız olduğundan rədd edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Bələdiyyəsinə qarşı iddia təmin oluna bilməz.
53. Məhkəmə iddiaçının cavabdehlər barəsində xüsusi qərardadın çıxarılması tələbinə münasibətdə isə qeyd edir ki, hazırki halda cavabdehlərin əməllərində cinayətin əlamətlərinin olması aşkar edilmir.
54. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
55. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus dam sularını axıdan boru və evin divarına bitişik vəziyyətdə tikilmiş beton kəmər Cavabdeh3 hesabına sökülərək əvvəlki yerinə bərpa edilməlidir.
56. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
57. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus dam sularını axıdan boru və evin divarına bitişik vəziyyətdə tikilmiş beton kəmər Cavabdeh3 hesabına sökülərək əvvəlki yerinə bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil