Məhkəmə qərarları › İş №2(004)-2770/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2770/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2770/2022 09.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1030 manat pul və ödənilmiş 30,70 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onlarım iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan MB № 001073 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, MAS-989 saylı lizinq verən İddiaçı MMC ilə lizinq alan X2 arasında bağlanmış X3 əsasən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifarış etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, MAS-989 saylı X3 1 nömrəli əlavəyə əsasən müəyyən olunur ki, əldə olunan əmlak “Khazar SD” markalı minik maşındır, dəyəri 13,300 AZN təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MAS-989 saylı İddiaçı MMC ilə öhdəlikləri öürən X2 və öhdəlikləri qəbul edən” Cavabdeh arasında bağlanmış öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı MMC-nin öhdəlikləri ötürən arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-989 saylı daxili lizinq müqaviləsi (bundan sonra Lizinq Müqaviləsi adlandırılacaq) üzrə öhdəlikləri ötürən İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri öhdəlikləri qəbul edən”-ə ötürür, öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC-nin qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İş materiallarında olan 18 may 2020-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2(004)-4867/2021 saylı qətnamədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2019-cu il tarixli, MAS- 989 saylı daxili lizinq müqaviləsi ləğv olunmuşdur. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli akta əsasən müəyyən olunmuşdur ki, İddiaçı MMC-yə məxsus olan “Khazar SD” markalı, **-PR-*** dövlət nömrə nişanlı minik avtomobil təhvil verilmişdir. İş materiallarında olan Azərmaş MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən olunur ki, “Khazar SD” markalı, **-PR-*** dövlət nömrə nişanlı minik avtomobilinə servis mərkəzində ilkin texniki baxış zamanı avtomobilə dəymiş ziyan 1030 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, dəymiş ziyanın ödənilməsi barədə İddiaçı MMC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Khazar SD” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə maddi ziyanın vurulma faktı sübuta yetirilərək təsdiq edilmişdir. Məhkəmə qətnaməsi ilə , İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2019-cu il tarixli, MAS-989 saylı daxili lizinq müqaviləsi ləğv olunmuş, nəqliyyat vasitəsi Cavabdeh tərəfindən Azərmaş MMC-yə təhvil verilmiş, lakin lizinq alan Cavabdeh nəqliyyat vasitəsini müqavilədə şərtlşədirilmiş qaydada istifadə etməmiş və nəticədə lizinq obyektinə ziyan dəymişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1030 manat məbləğində pul və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 1030 manat pul və 30,70 manat dövlət rüsumu tutularaq Azərmaş MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar