Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2798/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X2 və “xxxx” Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı (X2 və “xxxx” Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinə istifadə hüququnun maneəsiz həyata keçirilməsinin tanınması, cavabdeh tərəfindən iddiaçının istifadə hüququna edilmiş maneələrin aradan qaldırılması və dövlət rüsumu üçün ödənilmiş 10 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının atası X2 “xxxx” Mənzil-Tikinti Kooperativindən qızı İddiaçı bağışlamaq üçün Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Ə.Əhmədov 28L ünvanında yerləşən 16 saylı binanın 1 №-li, 32 kv.m. olan qeyri-yaşayış sahəsini satın almış və onun adına rəsmiləşdirmişdir. 22.08.2019-cu ildə “xxxx” Mənzil- Tikinti Kooperativinin sədri X3 ilə bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə “Sifariş”çiyə satmağı, “Sifarişçi” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə görə “Sifarişçi”yə verilən İ mərtəbəsində yerləşən sahə 32 kv.m. nəzərdə tutulmuş və ümumi dəyəri 45.000 (qırx beş min) manat təşkil şdir. 2.2-ci maddəyə uyğun olaraq “Sifarişçi” aldığı sahənin dəyərini müqavilə bağlanan vaxt ilkin ödəniş qaydasında tam şəkildə ödəmişdir. 2.3-cü maddəyə əsasən “İcraçı” ödəniş haqqında 22.08.2019-cu il tarixli, 5 №-li maliyyə arayışı (ödəniş haqqında sənəd) vermişdir. İddiaçı həmin qeyri-yaşayış sahəsində gözəllik salonu kimi fəaliyyət göstərmişdir, Vergilər Nazirliyində fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və adına ********** VÖEN vardır. Həmin qeyri-yaşayış sahəsinin istifadəsi üçün lazımi bütün əməliyyatları özü aparmışdır. Belə ki, 25.02.2020-ci il tarixli “Daşınmaz Əmlakın İstismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" Seriya BB № 345394 və Seriya CA № 116359 Şəhadətnamələri iddiaçının adınadır və “xxxx” MMC-nin xidmətdən istifadə ilə bağlı 23 mart 2020-ci il, 346 №-li saylı arayışından da görünür ki, İddiaçı bu xidmətləri mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması üçün almışdır. Lakin, keçmiş həyat yoldaşı Cavabdeh 2020-ci il ilin avqust ayında qanunsuz və əsassız olaraq gözəllik salonuna gələrək oradakı işçiləri və müştəriləri təhqir edərək onları qovmuş, qapının qıfılını isə dəyişdirmiş, İddiaçı mülkiyyətində olan obyektdən qovaraq bu günə kimi istifadəsinə maneəçilik yaratmışdır. Hazırda İddiaçı mülkiyyətində olan əmlakdan istifadə edə bilmir. Cavabdeh ona süni maneələr yaradır və mülkiyyət hüququnu məhdudlaşdırır. İddiaçı cavabdehin bu hərəkətlərindən dəfələrlə Bakı şəhəri, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə şikayət etsə də, nəticəsi olmamışdır. Odur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinə istifadə hüququnun maneəsiz həyata keçirilməsinin tanınması və Cavabdeh tərəfindən edilən maneələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı mülkiyyətində olan Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinə istifadə hüququna edilmiş tərəfindən yaranan maneənin aradan qaldırılmasını barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Xaçmaz rayon Məhkəməsinin 16.04.2021-ci il tarixli qərardadı ilə verdiyi iddianın təmini tədbiri barədə ərizəsi təmin edilmiş, sözügedən daşınmaz əmlakla bağlı hər hansı bir əməliyyatın aparılması qadağan edilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəməyə izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. Sözügedən qeyri yaşayış sahəsini 45000 manata o almışdır. Hazırda həmin obyekt qızının xüsusi mülkiyyətindədir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 avqust 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri X3 ilə bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə “Sifariş”çiyə satmağı, “Sifarişçi” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, sığorta şəhadətnaməsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta olunmuşdur. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli, CA116359 saylı Daşınmaz Əmlakın İstismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası şəhadətnaməsindən aydın olur ki, sığortaçı qismində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, daşınmaz əmlakın sahibi (sığortalı) qismində İddiaçı çıxış etdiyi sığorta müqaviləsində sığorta obyektini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsi təşkil edir. İş mataeriallarına əlavə edilmiş “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli, 5 №-li maliyyə arayışından (ödəniş haqqında sənəd) görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L küçəsində inşa edilən 16 saylı kooperativ yaşayış binası “xxxx” Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın İ mərtəbəsindəki ümumi sahəsi 32 kv.m. olan qeyri-yaşayış sahəsinin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun “xxxx” Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı Mədətova Elnarə Nəsib qızı ilə “xxxx” Mənzil-Tikinti Kooperativinin sədri X3 arasında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28L ünvanında çoxmərtəbəli yaşayış binasının İ mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsini bu müqavilədə nəzərdə tutulan şərtlərlə “Sifariş”çiyə satmağı, “Sifarişçi” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə aldığı sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının keçmiş həyat yoldaşı Cavabdeh 2020-ci il ilin avqust ayında qanunsuz və əsassız olaraq gözəllik salonunun qapısının qıfılını dəyişdirmiş, İddiaçı onun mülkiyyətində olan obyektdən istifadəsinə maneələr yaratmışdır. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu səbəbdən iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən isə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sözügedən Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28 L ünvanında çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinin istifadə edilməsində yaratdığı maneələr aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı (X2 və “xxxx” Mənzil-Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunsun. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov 28 L ünvanında çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 32 kv.m. qeyri-yaşayış sahəsinin istifadə edilməsində yaratdığı maneələr aradan qaldırılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2798/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2798/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver