Məhkəmə qərarları › İş №2(004)-2835/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2835/2021

10.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2835/2021 10.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli 204112 saylı aktın etibarsız hesab edilməsi və ona əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi iddiaçının xüsusi mülkiyyətində və istifadəsindədir. Həmin mənzilə elektrik enerjisinin verilməsi ilə bağlı cavabdehlə müqavilə bağlanmış və **********000A nömrəli abonent kodu açılaraq mənzilə cavabdeh tərəfindən sayğac quraşdırılmışdır. Sayğac daim normal vəziyyətdə işləmişdir və ödənişlər sərfiyyata uyğun vaxtında ödənilmişdir. 12 mart 2021-ci il tarixində cavabdehin bir neçə əməkdaşları mənzilə aid elektrik sayğacının düzgün işləmədiyi barədə 204112 nömrəli akt tərtib etmişlər. O, sayğacın normal işlədiyinə əsaslanaraq aktı imzalamaqdan imtina etmişdir. Bir müddət keçdikdən sonra məlumatı olmuşdur ki, ona akta əsasən 738.36 manat məbləğində borc hesablanmışdır. Bu səbəbdən də cavabdeh təşkilata şikayətini bildirmişdir və onların əməkdaşları tərəfindən gəlib 31.03.2021-ci il tarixə sayğaca laboratik baxış keçirərək, sayğacda problem olmadığı və normal işlədiyini təsdiq edərək ******* saylı protokol tərtib etmişlər. Bütün bu səbəblərdən də cavabdehin qanunsuz hərəkətləri nəticəsində 12 mart 2021-ci il tarixli, № 204112 nömrəli akta əsasən 738.36 manat yazdıqları cərimə borcu onun hüquqlarının pozulmasına səbəb olmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən itirilmiş elektrik enerjisi sərfiyyatı kimi hesablanmış 738.36 manat borc əsassız olduğu üçün silinməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərdi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilmiş və sayğaca müdaxilə olunmasını aşkar edildiyindən bu barədə müvafiq akt tərbi edilmiş və abonentin saldosundan göründüyü kimi, həmin akta əsasən 71,68 manat, 673,86 manat, cəmi 745.72 manat məbləğində borc hesablanmışdır. Sayğac mənzildən kənarda yerləşmişdir. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərinin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.3-cü bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyriistehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Tərəflərin izahatlarına əsasən iddiaçının mənzilinə aid sayğac iddiaçının mənzilindən kənarda yerləşir və belə olan halda onun texniki vəziyyətinə görə məsuliyyət cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi sübut edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki. iddia əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı hazırki iddia üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 mart 2021-ci il tarixli 204112 saylı akt etibarsız hesab edilsin. 12 mart 2021-ci il tarixli 204112 saylı akta əsasən hesablanmış borcun silinməsi vəzifəsi "xxxx" ASC-yə həvalə edilsin. "xxxx" ASC-dən 30(otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar