Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2879/2024 09.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlavə xərclərə cəlb edilməklə X6 tibbi, sağlamlığı, idmanı və təhsili üçün çəkdiyi cəmi 7418 manat məbləğində əlavə xərcin və Yasamal rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(004)-2680/2023 saylı qətnaməsi ilə 16 iyul 2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan 220 manat məbləğində alimentin miqdarının artırılaraq 235 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə həyatı qurmuş və nikahlarından 16 iyul 2012-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Cavabdehlə olan nikahlarına xitam verilmiş və azyaşlı X10 onun yanında qalmışdır. Onun saxlanması üçün məhkəmənin qətnaməsi ilə 220 manat alimentin cavabdehdən alınaraq ona ödənilməsi qət edilmişdir. Hazırda qeyd edilən aliment miqdarı uşağın saxlanması xərclərinə yetmir, hazırda uşağı məktəbə gedir. Onun təhsil xərcləri artıb. Bundan başqa hazırki iqtisadi vəziyyət uşağın saxlanması xərclərini artırıb. Bu baxımdan Abbasov Muradın saxlanması xərclərini qarşılaya bilmir. Onun təkbaşına uşağın saxlanması üçün xərcləri ödəməyə imkanı çatmır. İndiki dövrdə uşaqlar üçün nəzərdə tutulan geyimlər, ərzaqlar, oyuncaqlar, kitablar, idman malları, tədris üçün istifadə etdiyi dərman preparatları və digər lazımi məhsulların qiyməti kifayət qədər yüksəkdir. Hər şeydən əvvəl uşağın sağlamlığı üçün çəkilən tibbi xərclərin, dərmanların, bundan başqa gündəlik zəruri istifadə olunmalı qida məhsullarının, vitaminlərin və s. hər birinin təkbaşına öhdəsindən gəlmək bir ana kimi onun üçün çətindir. Odur ki, cavabdehin əlavə xərclərə cəlb edilməsi və alimetin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 izahatında iddianı qismən, yəni cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 235 manat məbləğində müəyyən edilməsi hissəsində qəbul etdiklərini, digər hissələrdə iddianı qəbul etmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialalrında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3768/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 16 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 16 iyul 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materialalrında olan X15 xx.xx.2024-cü il tarixli qəbzindən və X17 tərəfindən təqdim olunmuş qəbzdən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Abbasov Muradın analizlərinə görə cəmi 203 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan City Hospital tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X10 xx.xx.2023-cü il tarixdə X13 nevropatoloq qəbulunda olmuş və EEQ müayinəsindən keçmişdir. Pasient ümumilikdə 110 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı Sibirskoye Zdorovye Bakı LTD-dən cəmi 149 manat məbləğində vitaminlər əldə etmişdir. İş materiallarında olan X21 and Spa MMC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, X10 həftənin çərşənbə axşamı və cümə axşamı günləri 10:00-11:00 aralığında mərkəzdə üzgüçülük üzrə təlim keçir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki,hər dəfə 110 manat olmaqla, cəmi 330 manat məbləğində pul X21 and Spa MMC-yə ödənmişdir. İş materiallarında olan X17 tərəfindən təqdim olunmuş X10 barəsində xx.xx.2024-cü il tarixli Epikrizdən görünür ki, X8 reabilitasiya dövrü üçün idman məşğələsi mütləq şəkildə məsləhət olunmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 191961 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 aarsında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 264 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Nəsibova soyadı verilmişdir. Məhkəmə ilkin olaraq iddia tələbinin “Yasamal rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(004)-2680/2023 saylı qətnaməsi ilə 16 iyul 2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan 220 manat məbləğində alimentin miqdarının artırılaraq 235 manat məbləğində alimentin Cavabdeh tutulması” hissəsinə münasibət bildirərək, qeyd edir ki, iddia tələbi bu hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosialiqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşağın saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən 1 il vaxt keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay 235 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə iddia tələbinin “X6 tibbi, sağlamlığı, idmanı və təhsili üçün çəkdiyi cəmi 7418 manat məbləğində əlavə xərcin cavabdehdən alınması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında “göstərilən kənar xidmət” və “digər hallarda” müddəalarını şərh edərkən yetkinlik yaşına çatmış övladlara münasibətdə hüquqi qiymət verilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan uşaq üçün də həmin halların şamil edilməsini istisna etməmişdir. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd edilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi qanunvericilik ailment tutulması barədə valideynlər arasında sazişin olduğu halda belə , əlavə xərclərin tutulmasını müstəsna hallar olduqda mümkün hesab etmişdir. Buradan o nəticəyə gəlmək olar ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün məhkəmə qaydasında aliment tutulduqda da, məhkəmə müstəsna hallarla bağlı digər valideyni çəkilmiş və gələcəkdə olan əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Müstəsna hallarla bağlı isə Konstitusiya Məhkəməsinin sözügedən qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Bu normanın yetkinlik yaşına çatmayan uşaqlar üçün şamil edilməsi istisna olunmadığından, həmin halların mövcudluğu yetkinlik yaşına çatmayan uşaqlar üçün də müstəsna hal hesab edilə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağa münasibətdə əlavə xərclərin ödənilməsinin mümkünlüyünün müstəsna halı kimi yalnız uşağın ağır xəstə və şikəst olması ilə məhdudlaşdırılması məntiqsiz olardı. Belə ki, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladlara münasibətdə, qanunvericilik yetkinlik yaşına çatmayan, onsuz da əmək qabiliyyəti olmayan uşaqlara nisbətən daha geniş imkan müəyyn edə bilməz. Bu həm Ailə Məcəlləsinin ümumi prinsiplərinə, həm də humanizm və ədalət prinsiplərinə uyğun deyildir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı School in Baku – 5000 manat (beş aylıq), Macbookun təmiri üçün 200 manat, X20 və X17-ə 203 manat, Şəms tərcümə xidməti 8 manat, Yelo Bank hesabından çıxarış 10 manat, X7 ödəmə yay kampı 120 manat, MTK (Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) birdəfəlik ödəmə 300 manat, X21 bugunə qədər 330 manat (hər ay 110 manat), X18 (hər ay 40 manat) aprel ayı daxil 480 manat, Endeks Edu birdəfəlik ödəmə 100 manat, Vitaminlər 149 manat, British School in Baku 650 manat depozit xərci, City hospital-110 manat, iddia ərizəsinin verilməsinə görə 94,18 manat, İWS QİS X12 qeydiyyat ödənişi 19 manat, aptekdən aprel ayında Murad üçün aldığı 10 ədəd paskorbin preparatı üçün 208 manat məbləğində olmaqla, cəmi 7418 manat ödənişi cavabdehdən tələb edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, valideynlərin uşaqlarının sağlamlığına görə məsuliyyət daşıması, eyni zamanda uşaqlara qayğı göstərməyin onların vəzifəsi olduğu nəzərə alınarsa, iddiaçının himayəsində olan uşağının xəstəliyinə biganə qalmayaraq onu müalicə elətdirməsi, bununla bağlı xərc çəkməsi digər valideyni məsuliyyətdən azad etməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Belə ki, uşaqların saxlanması hər iki valideynin borcudur, hər iki valideyn əmək qabiliyyətli olmaqla, uşağın maddi təminatının ödənilməsində iddiaçı ilə bərabər iştirak etməlidir. Bu baxımdan məhkəmə iş materialları ilə öz təsdiqini tapmış, əsaslı hesab edilə bilən, uşağın sağlamlığı ilə əlaqəli olan əlavə xərcin məbləğinin yarısının cavabdehdən tutulmasını ədalətli və ağlabatan hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən əlavə xərclərdən yalnız uşağın sağlamlığı ilə əlaqəli olan, iddiaçı tərəfindən ödənilmiş və iş materialları ilə öz təsdiqini tapan: X20 və X17-ə 203 manat, X21 bugunə qədər 330 manat (hər ay 110 manat), Vitaminlər 149 manat City hospital-110 manat, aptekdən aprel ayında Murad üçün aldığı 10 ədəd paskorbin preparatı üçün 208 manat olmaqla, cəmi 1000 (203+330+149+110+208=1000) manatın yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ədalətli hesab edilə bilər. Cavabdehdən tutulması təmin edilən məbləğlə bağlı ödənişlərdən görünür ki, həmin ödənişlər uşağın - X3 ilə bağlı olan xərclərdir. Uşağı saxlamaq hər iki valideynin borcu olduğundan hər iki valideyn uşaq üçün zəruri hesab edilə bilən xərclərdə bərabər iştirak etməlidirlər. Belə ki, iş materiallarında olan X17 tərəfindən təqdim olunmuş X10 barəsində xx.xx.2024-cü il tarixli Epikrizdən görünür ki, X8 reabilitasiya dövrü üçün idman məşğələsi mütləq şəkildə məsləhət olunmuşdur. X21 and Spa MMC-nin xx.xx.2024-cü il tarixli Arayışından görünür ki, X10 həftənin çərşənbə axşamı və cümə axşamı günləri 10:00-11:00 aralığında mərkəzdə üzgüçülük üzrə təlim keçir. X6 X21 and Spa MMC-yə üzgüçülük üzrə təlimə getməsi onun sağlamlığının təmin olunması ilə birbaşa bağlı olduğundan məhkəmə X21 and Spa MMCyə ödənilən 330 manat məbləğində ödənişi də alınması nəzərdə tutulan xərclərə daxil etmişdir. Əlavə xərc kimi cavabdehdən iddiaçının xeyrinə tutulması təmin edilməyən School in Baku – 5000 manat (beş aylıq), X7 ödəmə yay kampı 120 manat, MTK (Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) birdəfəlik ödəmə 300 manat, Endeks Edu birdəfəlik ödəmə 100 manat, British School in Baku 650 manat depozit xərci, İWS QİS X12 qeydiyyat ödənişi 19 manat pula gəldikdə isə məhkəmə bu xərclərin cavabdehdən tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar... Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyini analoji qaydada ümumi orta təhsilə şamil etsək belə bir nəticəyə gəlmək olar ki, təhsil xərci yüksək olan ödənişli məktəbdə övladının oxumasını təmin edən, övladını əlavə ödənişli kursalara cəlb edən valideynin digər valideyndən həmin vəsaiti tələb etməsi əsaslı hesab edilə bilməz. Dövlət tərəfindən təmin edilən ödənişsiz ümumi orta təhsildən imtina edərək ödənişli əsaslarla övladını təhsilə cəlb etmək iddiaçının öz seçimidir və belə xərclər uşağın saxlanılması üçün zəruri olan xərc kimi nəzərdə tutula bilməz. X14 (hər ay 40 manat) aprel ayı daxil olmaqla ödənilmiş 480 manata gəldikdə isə X10 həmin kluba zərurətdən deyil, əlavə məşğuliyyət kimi gedir. Şəms tərcümə xidmətinə görə ödənilmiş 8 manat, Yelo Bank hesabından çıxarışa görə ödənilmiş 10 manata gəldikdə isə iddia tələbi əlavə xərc hissəsində təmin edilmədiyindən həmin tələblə bağlı çəkilən xərclərin də cavabdehdən tutulması əsaslı sayıla bilməz. İddia ərizəsinin verilməsinə görə 94,18 manat məbləğində ödənilmiş dövlət rüsumuna gəldikdə isə məhkəmə qeyd edir ki, 94,18 manat pulun ödənilməsini göstrən qəbzin təyinatı, haraya ödənilməsi qəbzdə öz əksini tapmamışdır. Həmin məbləğin rüsum kimi ödənilməsi öz təsdiqini tapmadığından bu məbləğin də cavabdehdən tutulması təmin edilə bilməz. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qəbul edilməsindən 1 il vaxt keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 235 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2680/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2879/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2879/2024
09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver