Məhkəmə qərarları › İş №2(004)-2900/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2900/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2900/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Regional Qaz Satışı Departamentinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona köynə smart sayğaca qorə yazılan 5760 kub borcu qanunsuz və düzgün yazılmadığı üçün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə qaz idarəsinin işçiləri, “bütün məhlədə hamının qaz sayğaclarını dəyişib təzə model sayqaclardan qoyduqlarından, onun sayğacını da dəyişmələrini, ona görə ki, bu karta qabaqcadan pulu yükləndikdən sonra işləyən smart sayğacı onun evinə 2010-cu ildə qoymuşlar və istismar müddəti 05 il olduğu üçün çoxdan bunun istismar müddəti, yəni sroku keçmədi” barədə dəfələrlə onun zəngindən sonra gəlib onun evinin sayğacını dəyişmiş və təzə sayğacın kartını ona verərək demişdirlər ki, Asan Komunala gedib bu kartı aktivləşdirmək lazımdı. Sabahısı gün o, kartı aktişdirmək ücün Asan Komunala getmiş və orda demişdirlər ki, onun borcu var, təxminən 5760 kub və ona görə də, kartını aktiv edə bilmirlər. Bildirmişdirlər ki, qaz idarəsi ilə əlaqə saxlasın. O, qazı qabağcadan kartla yükləyib sonra istifadə etməsi və qaz qurtaran kimi sayğacın bağlanmasını, axırıncı 2 ilə yaxındır yoldaşı rəhmətə gedəndən sonra oğlunun yanında qalmasını və hərdən evə gələndə də, qaz yükləməməsini, oğlunun onun tək olduğu uçün qazdan qorxduğundan, ona görə də, ancaq tokdan istifadə etməsini nə qədər desə də, xeyri olmamışdır. Ona bildirmişdirlər ki, məhkəməyə müraciət etsin. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, əsl olmayan cavabdehin əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən (xx.xx.2024-cü il tarixli protokola qeyd edilməklə) əsl olmayan cavabdeh əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 105 ünvanına Cavabdeh İstesalat Birliyi tərəfindən qanunsuz hesablanmış 713 (yeddi yüz on üç) manat məbləğdə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azərqaz” İstehsalat Birliyi iddiaya etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh İB-yə **********00010 nömrəli istehlakçı hesabına hesablanmış 713 manat borcun silinməsini xahiş etmişdir. Hazırki iddia ərizəsi üzrə iddia tələbinin əsasını sayğac göstəricisi üzrə sərf edilən (debitor borcu) qazın dəyərinə görə hesablanmış borcun silinməsi tələb edir. İddiaçı iştirakı ilə mənzilinə sayğacın çıxarılıb yeni sayğac quraşdırılan zaman əvvəlki Smart markalı, 1002AQ**********8 nömrəli sayğacın mənfiyə işlədiyi, sayğacın mexaniki göstəricisinin 48809 kub metr qaz sərf edildiyini qeyd etdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirildikdən sonra iddiaçının iştirakı ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və aktdakı məlumatların düzgünlüyü iddiaçı və Birliyin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmişdir. Aktdan göründüyü kimi iddiaçı sayğacın mexaniki göstəricisində 48809 m3 qazın sərf edildiyi göstərilmiş, lakin iddiaçı həmin qazın yalnız 43049 m3 hissəsinə görə ödəniş etmiş, 5760 m3 sərf etdiyi qaza görə ödəniş etməmişdir. Nəticədə göstəriciyə uyğun olaraq 713 manat borc iddiaçının hesabına əlavə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «X1»nın 2.2.2ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB-yə qarşı 713 manat borcun silinməsinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında əlavə olaraq bildirmişdir ki, atası yaşlı adamdır, evdə nadir hallarda qalır, o zamanda təhlükəli olar deyə sadəcə elektrikdən istifadə edir. Qaz sayğacı 10 ildən artıqdır ki, quraşdırılmış və mənzildən kənarda, çöldə yerləşdirilmişdir. Sayğac kartla işlədiyindən öncədən karta pul vurulmasa qaz kəsilirdi. Cavabdeh qrumun əməkdaşları sayğacı dəyişdirərkən sayğacın bütün plombları üstündə olmuş və onlar tərəfindən hər-hansısa müdaxilə aşkar edilməmişdir. Sonradan isə guya daxilində hansısa sistemin işləməməsi səbəbindən onlara cərimə yazılmışdır. Məhkəmə iddiacının nümayəndəsinin əvəlki məhkəmə iclaslarında işdirak etməsini, iddia tələbini müdafiə etməsini və tərəfindən bütün sübutların təqdim edilməsini də, nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğac çıxarılan zaman ona müdaxilə olunmayıb. İddiaçının iştirakı ilə sayğac dəyişdirilib. Lakin sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasında fərqin olduğu müəyyən edilmişdir. Bunun sayğacın daxilində klapanın işləməməsi səbəbindən baş verməsi ehtimal edilir. Bu səbbədən də, aradakı fərq borc olaraq hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına olan: - Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 105 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla İddiaçı tam mülkiyyətindədir. - qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 105 ünvanında sayğacın ekranı söndüyündən yenisi ilə əvəz edilmişdir. - Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı ünvanladığı 28 dekabr 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sayğacı Smart Zenner sayğacı ilə əvəzlənmiş, ******* nömrəli akt tərtib olunmuşdur. Əvəzlənən zaman 5760 kub mənfi qaz sərfi aşkar olunmuşdur. Keçən ilin limitləri nəzərə alınaraq 713 manat borc bazaya əlavə edilmişdir. İstehlakçı hesabı üzrə smart kartın aktiv edilməsi üçün borc istehlakçı tərəfindən ödənilməsi bildirilmişdir. - **********00010 saylı abonentin saldosundan görünür ki, 1 nəfərin qeydiyyatda olduğu, 4 gözlü qaz plitələri (PQ-4) (3/3) Samovar (2/2) Qızıdırıjı radiator peçi (1/1) ünvan 2 ünvanında yerləşən iddiaçiya aid ünvan üzrə abonent İddiaçı 2023-cü il tarixdə təbii qaz sərfiyyatına görə 713 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, tərtib olunan xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında cavabdehin ehtimalına əsaslanmaqla iddiaçıya cərimə hesablanmışdır. Habelə, onun tərtibi istehlakçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə də məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz. Bu səbəbdən də göstərilən akt əsasında hesablanmış borclar silinməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin materiallarından da göründüyü kimi qaz sayğacı evdən kənarda quraşdırılmışdır. Belə olan vəziyyətdə isə abonent sayğacda müəyyən olunmuş qüsurlara görə məsuliyyət daşımamalıdır. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 105 saylı mənzilə dair İddiaçı hesabına (istehlakçı hesabı **********00010) hesablanmış 713 manat borc məbləği əsassız olduğundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi, ev 105 saylı mənzilə dair İddiaçı hesabına (istehlakçı hesabı **********00010) hesablanmış 713 manat borc məbləği əsassız olduğundan silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar