Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2906/2022 27.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Nigar Məhərrəm qızı ilə xx.xx.1964-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Ofelya Musayevə onlar tərəfindən övladlığa götürülmüş, X11 14 yanvar 2011 -ci İdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil X6 mülkiyyətində olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh1 qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək, Cavabdeh1 X7 bacısı oğlu olması faktının müəyyən edilməsi, X7 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin evə mülkiyyət hüqununun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 iyul 2014-cü il tarixli qərardadı ilə yuxarıda qeyd edilən qətnamədən maraqlı şəxs Ofelya Musayevə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilib, iddia rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası təmin edilərək iddiaçının adına miras qalmış Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylıı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 12 saylı DNK-na həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilmiş və ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin X7 adına qeydiyyatı bərpa edilmiş və qərardadın icrası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardad DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən icra edilməmiş və buna əsas kimi göstərilmişdir ki, mənzilin xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına alqı-satqı əsasında rəsmiləşdirilib sonuncunun adına reyestrdən çıxarış verilməsinə və mənzilin xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASC-nin xeyrinə yüklü edilməsinə münasibət bildirilməmişdir. Vərəsə olaraq mülkiyyət hüququnun qeydə alınması və mənzilin sahibliyinə qaytarılması ilə bağlı iddiaçının bütün cəhdləri nəticəsiz qalmışdır. Bu səbəblə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia ərizəsi üzrə təqdim edilən sənədlərdən müəyyən olunur ki, Cavabdeh1 özü barəsində həqiqətə uyğun olmayan məlumatları (guya mərhum Nigar Musayevanın yeganə vərəsəsi olması və sair) məhkəməyə təqdim etməklə qanunsuz qətnamənin çıxarılmasına nail olmuş, qətnamə qanuni qüvvəsini aldıqdan dərhal sonra çıxarış əldə etməklə mənzili özgəninkiləşdirmiş, daha sonra yeni mülkiyyətçi mənzilə dair ipoteka müqaviləsi bağlamaqla mənzili bankın xeyrinə yüklü etmişdir. Cavabdeh1 mənzilə dair mülkiyyət hüququnu yaradan qətnamə ləğv edildiyindən və həmin qətnamə qanunsuz olduğundan mənzilə dair Cavabdeh1 mülkiyyət hüququ həqiqi olmayan hüquq üzrə yaranmışdır. Odur ki, Cavabdeh1 həqiqi mülkiyyətçi olmadığından onun mənzilə dair səlahiyyətsiz şəxs olaraq bağladığı əqdlər əhəmiyyətsiz əqd olmaqla hər hansı hüquqi nəticə yaratmır. Cavabdeh1 mənzilə dair əldə etdiyi çıxarış, həmin qanunsuz çıxarış əsasında bağladığı əqd və həmin əqd əsasında digər Cavabdeh2 əldə etdiyi çıxarış, ümimilikdə mənzilə dair mülkiyyət hüququnun qeydiyyatı qanunsuz əsaslar üzrə aparıldığından, etibarlı və hüquqi nəticələr yaradan qeydiyyat hesab oluna bilməz, bu isə həmin çıxarışların ləğv edilməsini zəruri edir. İddiaçının hazırki tələbi əmlakla bağlı aparılmış əməliyyatların nəticələrinin aradan qaldırılmasına və mənzilin qanunsuz sahiblikdən geri alınmasına əsaslanır. İddiaçı mənzlin mərhum sahibi Nigar Musayevanın yeganə vərəsəsidir və mənzilin potensial mülkiyyətçisidir. Bu hal qanunin qüvvəsəni almış məhkəmə aktları ilə təsdiq olunmuşdur. Lakin cavabdehlər mənzili naturada təhvil vermirlər, mənzil faktiki sahibsiz qalmışdır. Belə vəziyyətdə mənzil öz potensial mülkiyyətiçisinin sahibliyinə qaytarılmalıdır. Bu həm də iddiaçının xeyrinə çıxarılmış məhkəmə aktının icrasına gətirib çıxaracaqdır. Hesab edir ki, mənzilə dair cavabdehlərin adına verilmiş çıxarışlar ləğv edilməli, müqavilə əhəmiyyətsiz olduğundan etibarsız sayılmalı, mənzil qanunsuz sahiblikdən geri alınmaqla iddiaçıya təhvil verilməlidir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassız və qanuna zidd hesab edir. Cavabdeh2 mübahisə predmeti olan əmlakı vicdanlı əldə edən olmuşdur. Belə ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə əmlakı əldə edərkən əmlak mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur və notariatda müqavilə bağlanarkən əmlakın Cavabdeh1 keçməsi barədə məhkəmə qərarı qüvvədə olmuş və ona qarşı hər hansı bir etiraz və ya şikayət olmamışdır. İddiaçı özü də bu faktı təsdiq edir və qeyd edir ki, həmin qətnamədən 2014-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə Cavabdeh2 ilə bağlanılmış alğı-satqı müqaviləsi etibarsız sayıla bilməz və ona verilmiş mübahisəli mənzilə dair çıxarış ləğv edilə bilməz. Həmçinin, iddiaçı əqdin etibarsızlığı ilə bağlı iddia tələbi müddətini ötürmüşdür. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Belə ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Həmçinin, iddiaçı qanunvericilikdə müəyyən edilmiş 6 ay müddətində miras payı qəbul etsəydi hazırki mübahisə yaranmazdı. İddiaçının iddia tələbləri çıxarışların ləğvi hissəsində inzibati mübahisə predmeti olduğu üçün hazırki işdə baxıla bilməz. Belə ki, qeyd olunan çıxarışlar inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna müvafiq olaraq verilmişdir. İddiaçı, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız sayılması hissəsində təmin edildiyi halda inzibati orqana müraciət edərək mübahisəli mənzil üzərində hüquqların qeydiyyatında dəyişikliyi tələb edə bilər. İş üzrə Cavabdeh1 əsassız varlanmış şəxsdir. Belə olan halda mənzilin bazar dəyəri üzrə varlanma miqdarı müəyyən edilməli və iddiaçıya ödənilməsi təmin edilməlidir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının öz iddia tələbini Məcəllənin 384.0.4-cü maddəsi ilə əlaqələndirilməsi düzgün hesab edilə bilməz. Bununla əlaqədar məsələyə münasibət bildirilərkən hər bir cavabdehə münasibətdə qanunun aliliyi baxımından fərqli yanaşılmalıdır. Bu halda vicdanlı alıcının hüquqları gözlənilməlidir. İddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt (gün və il baxımından) və onun öz hüquqlarının pozulduğunu bilməsini sübut edən faktlar hansılardır?! İddiaçı tərəfindən təqdim olunan Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-5645/2011 nömrəli qətnaməsindən məlum olur ki, Cavabdeh1 mübahisəli mənzilə münasibətdə mülkiyyət hüquqları tanınıb. Maraqlı şəxs hazırkı iş üzrə iddiaçı Ofeya Musayevanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-3880/2014 saylı qərardadı əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində xx.xx.2014-cü il tarixdə işə baxılarkən hazırkı iddiaçının aşağıdakı məzmunda ifadəsi qərarda qeyd edilib: “şikayəçiyə (yəni hazırkı iddiaçı Ofelya Musayevaya) bu yaxınlarda bəlli olmuşdur ki, ərizəçi vəsiyyətnamə əsasında ... evi öz adına keçirmişdir”. Beləliklə, hazırkı iddiaçı Ofelya Musayeva 2014-cü ildən etibarən bilmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə dövlət reyestrindən “Çıxarış” verilmişdir. Bu baxımdan hazırkı iddiaçı 2014-cü ildə Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeyd əsasında verilmiş çıxarışın ləğvini məhkəmə qaydasında tələb etmək hüququna malik olduğunu bilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-6261/2015 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-204/2016 saylı qətnaməsində hazırkı iddiaçı Ofelya Musayevanm aşağıdakı məzmunda ifadələri vardır. “Mübahisəli mənzilin ilkin mülkiyyətçisi miras qoyan Nigar Musayeva xx.xx.2011-ci il tarixdə rəhmətə getmişdir. Mərhum rəhmətə gedəndən sonra mübahisəli mənzilə gələrkən onlara məlum olmuşdur ki, Cavabdeh1 mənzilin açarını dəyişmiş və mənzili (evi) öz adına keçirmişdir. Bundan sonra həmin qətnamədən şikayət verərək Cavabdeh1 xeyrinə çıxarılmış qətnaməni ləğv etdirmişdir”. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsində iddiaçının mənafeyi baxımından qeyd edib ki, “Dövlət Notariat Kontoruna müraciət edən zaman DƏDRXdən sənəd götürmək istədikdə iddiaçıya bəlli olmuşdur ki, cavabdeh miras əmlakı adına keçirmişdir”. Qeyd olunanlarla müəyyən olunur ki, iddiaçı məhz 2011-ci ildə bilmişdir ki, mənzil Cavabdeh1 adına keçirilib. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt 2011-ci ilə təsadüf edir. Çünki məhkəmə qətnamələrində iddiaçı və onun şahid qismində məhkəmədə dindirilmiş oğlu bildiriblər ki, Notarial kontorda DƏDRX-dən sənəd götürmək istəyərkən onlara məlum olub ki, mənzilin mülkiyyətçisi başqa şəxsdir. Cavabdeh1 adına 22 oktyabr 2011-ci ildə ********** qeydiyyat nömrəsi əsasında çıxarış verildiyi nəzərə alınarsa, onda məlum olur ki, iddiaçı oktyabr 2011-ci il tarixdən etibarən bilmişdir ki, mübahisələndirilən Bakıxanov küçəsi, 2 saylı evin 34 nömrəli mənzili Cavabdeh1 mülkiyyətinə keçirilməklə, sonuncunun adına çıxarış verilmişdir. Beləliklə, hazırkı iddiaçı Daşınmaz əmlaka dair Cavabdeh1 adına çıxarışın 2011-ci il oktyabr ayından etibarən verildiyini bildiyi halda, AR MM-nin 373-cü maddəsinin tələblərinə əsasən 10 il ümumu iddia müddətini heç bir üzürlü səbəb olmadan buraxmışdır. Yəni, iddiaçı 10 il 7 aydan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddia müddətin tətbiqi barədə məhkəməyə ərizə təqdim olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, mübahisələndirilən 34 saylı mənzil 22 oktyabr 2011-ci il tarixdə dövlətt reyestrində Cavabdeh1 adına qeydiyyatdan keçdikdən sonra, qeyd olunan mənzil sonuncu tərəfindən 29 noyabr 2011-ci il taridə notarial alqı-satqı qaydasında Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, mübahisəli mənzil sonuncuya 50000 manata satılmışdır. Mənzili notarial alqısatqı qaydasında əldə etmiş Cavabdeh2 mübahisələndirilən 34 saylı mənzilə dair DƏDRX-dən 01 fevral 2012- ci il tarixdə çıxarış əldə etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı mülki iş üzrə iddiaçı Ofelya Musayeva 06 avqust 2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsində məhkəmə baxışları zamanı bilmişdir ki, (hətta bilməli olduğu üçün) mübahisələndirilən mənzilin mülkiyyətçisi Cavabdeh2dur. Bu təkzib olunmaz fakt baxımından iddiaçı AR MM-nin 373-cü maddəsinin tələblərinə əsasən daşınmaz əşyalarla bağlı alqı-satqı müqaviləsini 6 il müddətində ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Göründüyü kimi belə bir hərəkət olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, əqdin etibarsızlığı ilə əlaqədar iddia müddəti AR MM-də 1 il müəyyən olunub. Hər iki əsasdan iddiaçı üzürlü səbəb olmadan iddia müddətini buraxmışdır. Vicdanlı alıcıya münasibətdə iddia müddətin tətbiqi mütləqdir. İddiaçı Ofelya Musayevanın ona qarşı tələbləri üzrə iddia müddətləri üzürsüz səbəbdən buraxıldığı işin hallarından məlum olur. Eyni zamanda iddiaçının digər Cavabdeh2 münasibətdə, həm iddia müddəti buraxılıb, həm də Cavabdeh2 vicdanlı alıcıdır. Nəzərə alınmalıdır ki, o, Cavabdeh2 mənzili satana qədər şəxsən onu tanımamış, qohumluq və yaxınlıq münasibətləri olmamışdır. Qanunvericiliyin tələblərinə uyğun formada mübahisələndirilən 34 saylı mənzil həmin vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun formada alıcıya satmışdır. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının ona qarşı olan tələbi əşya hüquqları ilə əlaqəli olsada, digər cavabdehə münasibətdə həmin cavabdehin vicdanlı alıcı olması və iddiaçının 2011-2014-cü illər dövründə mübahisəli mənzilin alqı-satqı müqaviləsi əsasında sonuncuya satıldığını bilmişdir. Ona görə də Cavabdeh2 münasibətdə AR KM-nin vicdanlı alıcı ilə əlaqədar formalaşmış hüquqi mövqeyi nəzərə alınmaqla, AR MM-nin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla əlaqədar müqavilə tələbi olduğundan bu halda 6 illik iddia müddəti tətbiq olunmalıdır. Məlum olduğu kimi, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddiaçının 2011-ci ildən mübahisəli mənzilin onun mülkiyyətində olması faktını bilməsi, eyni zamanda bu mənzilin digər cavabdeh tərəfindən satın alındığını bildiyi 2012-2015-ci illər dövründə hazırkı tələblə məhkəməyə müraciət etməməsi vicdanlı sahibin hüquqlarını pozmamalıdır. Çünki MM-nin 377.1 -ci maddəsində iddia müddətin axımının başlanmasının ümumi qaydası müəyyən edilib. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətini deyil, müqavilədən kənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. İddiaçının hazırkı iddia tələbi üzrə mübahisələndirdiyi ünvan 3 ünvanında yerləşən 34 saylı mənzilə dair vərəsəlik hüququndan irəli gələn mübahisə olduğundan, bu mübahisə birbaşa mülkiyyətçinin pozulmuş hüququ hesab olunmamalıdır. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq 2 qrupa ayrılır; a) tam əşya hüququ - mükiyyət hüququ; b) məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik (bax. KM xx.xx.2013-cü il tarixli qərarına), girov və ipoteka aiddir. Bu qərarda şəxsin vərəsə kimi məhkəmə qaydasında tanınması və onun mirası faktiki və hüququ qəbul etməməsi ona mülkiyyətçi hüquqları vermir. KM-nin bu qərarında da tikintiyə vərəsəlik hüququ qeyd olunub. Mülkiyyət hüquqlardan istifadə edilməməsi müddətlə məhdudlaşdınlmamasına baxmayaraq, vicdanlı alıcı tərəfin hüquqlarının pozulmasına əsas olmamalıdır. Eyni zamanda vərəsə mirası faktiki və huquqi qəbul etməyib. Nəzərə alınmalıdır ki, AR MM-nin 1246-cı maddəsi vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Altı ay keçdikdən sonra qanunvericilik mirasın qəbuluna yol vermir. Bu baxımından miras saxlayan yanvar 2011 -ci ildə rəhmətə getmişdir. Hazırkı iddiaçı vərəsə kimi tanınması məqsədilə Məhkəməyə 2015-ci ildə müraciət etmişdir. Mirası faktiki və hüquqi qəbul etmədən, həmin vaxt mübahisələndirilən 34 saylı mənzil digər Cavabdeh2 mülkiyyətində olduğu halda, iddiaçının iddia tələbi əsasında xx.xx.2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 2(004)-6261/2015 nömrəli qətnaməsi əsasında vərəsə kimi tanınmışdır. Hansı ki, həmin vaxt mirasın vərəsə tərəfindən qəbulu müəyyən edilməli və həmin vaxt əmlakın hazırkı mülkiyyətçisinə dair və başqalarına dair iddia tələbləri ilə iddiaçı çıxış edə bilərdi. AR KM-nin xx.xx.2002-ci il tarixli qərarı ilə aşağıdakı məzmunda hüquqi mövqe müəyyən olunub. “Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz”. Bu baxımdan vərəsə kimi 2015-ci ildə məhkəmə qaydasında tanınmış hazırkı iddiaçı faktiki və hüquqi baxımdan mirası qəbul etmədiyi halda, onun hal-hazırda hüquqlarından istifadə etməsi vicdanlı alıcının hüquqlarını məhdudlaşdırmamalıdır. Cavabdeh1 həmçinin iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 izahatının nümayəndəsi və vəkilinin izahatına uyğun olduğunu bildirmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli 2(004)-5645/2011 saylı qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilə ərizəçi Cavabdeh1 qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək, Cavabdeh1 X7 bacısı oğlu olması faktının müəyyən edilməsi, X7 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin evə mülkiyyət hüqununun tanınması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2011-ci il tarixli Bakı şəhəri 29 saylı Notariat Kontorunun dövlət notariusu C.M.Paşalı tərəfindən təsdiqlənmiş Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzili 50000 manata Cavabdeh2 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli 2(103)- 3880/2014 nömrəli qərardadınn surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2014-cü il tarixli qərardadı ilə maraqlı şəxs X3 apellyasiya şikayəti qismən təmin edilərək, məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Cavabdeh1 ərizəsinin baxılmamış saxlanılması qərara alınmış, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilməsi və ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin X7 adına qeydiyyatınin bərpa edilməsi və qərardadın icrasının ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli 2(102)-4886/2015 nömrəli qərarının surətindən görünür ki, müvfiq qərardad ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli 2(103)-3880/2014 nömrəli qərardadından verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-6261/2015 saylı qətnaməsinin surətindən görünür ki, müvafiq qətnamə ilk iddia üzrə iddiaçı X3 iddiası təmin edilərək, iddiaçının adına miras qalmış Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 12 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi, Cavabdeh1 X9 qarşı vəziyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2016-cı il tarixli 2(103)- 204/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-6261/2015 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 avqust 2016-ci il tarixli 2(102)-3803/2016 nömrəli qərarından görünür ki, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilmiş və ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin X7 adına qeydiyyatı bərpa edilmiş və qərardadın icrası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2015-ci il tarixli 2(103)-3880/2014 saylı qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə, xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata və reyestrdən çıxarışa, həmçinin müvafiq mənzil üzərində "xxxx" ASCnin xeyrinə xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə aparılmış ipoteka ilə yüklülük qeydiyyatına münasibət bildirilməmişdir. Bu səbəbdən qərardad icra edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir və Mulki Məcəllədə gostərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 647.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1-ci daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bundan əlavə, həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Göründüyü kimi, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün yuxarıda gostərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqı müqaviləsinin etibarlılığını şübhə altına alır. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzilə dair imzalanmış 29 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qeyd edir ki, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair mübahisələndirilən əqd notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmir. Həmçinin, qeyd edilən alqı-satqı müqaviləsi bağlanan zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli 2(004)- 5645/2011 saylı qətnaməsi qüvvədə olmuş, mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh2 mübahisəli mənzili birbaşa Cavabdeh1 50000 manata almış və onunla alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh1 iddia tələbinə dair etiraz ərizəsinin məzmunundan da görünür ki, o, mənzili satana qədər Cavabdeh2 tanımamışdır. Qeyd olunan hallar isə Cavabdeh2 vicdanlı tərəf olmasına dəlalət edir. Belə ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə qəbul etdiyi 18 iyul 2018-ci il il tarixli qərarında göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından on ildən artıq vaxt keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə bu əqdi məhkəmədə mübahisələndirmişdir. İddiaçı vərəsliyin tanınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərkən, məhkəmə qərarı əsasında miras əmlakın Cavabdeh1 verildiyi ona məlum olmuş və onun tərəfindən qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 03 iyul 2014-cü il tarixli qərardadı ilə qətnamə ləğv edilmişdir. İddiaçı artıq məhkəmə qərarı əsasında miras əmlakın Cavabdeh1 verildiyi bildikdə, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması bilmiş və ya bilməli olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli 2(102)-4886/2015 nömrəli qərarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən 34 saylı mənzilin xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasını göstərmişdir. xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi mübahisələndirilən əqddir və iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasını bildiyi vaxtdan bir il ərzində müqaviləni mübahisələndirməmişdir. Bu halın mövcud olması da, iddianın həmin hissədə rədd edilməsi üçün müstəqil əsasdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən, “mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir”. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı iddiası rədd edilməlir. Məhkəmə qeyd edir ki, iddia tələbi ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən və iddia tələbinin “qeyd edilən mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq iddiaçının sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi” hissəsi müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi həmin hissələrdə dətəmin edilməməlidir. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın ləğvinə münasibətdə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir. Cavabdeh1 tərəfindən mənzil alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, bundan sonra həmin əmlak Cavabdeh2 adında qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırda artıq Cavabdeh1 adına həmin əmlaka dair hər hansı hüquq qeydiyyata alınmamışdır. Qeyd edilənləri və iddia tələbinin mübahisəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi də artıq hüquqi əhəmiyyətini itirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın ləğvi ilə bağlı ümumi iddia müddətini ötürmüşdür. Belə ki, mübahisəli mənzil Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən 10 il müddət keçdikdən sonra çıxarışın ləğvini tələb etmiş, bununla da ümumi iddia müddətini ötürmüşdür. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair məhkəməyə yazılı ərizə təqdim etmişdir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası rədd edilməlir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçı X5 aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2906/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2906/2022
27.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver