Məhkəmə qərarları › İş №2(004)-2923/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2923/2025

04.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2923/2025 04.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının yan fasad hissəsində, 4-cü giriş, birinci mərtəbədəki Cavabdeh mülkiyyətində olan 47 nömrəli mənzilə bitişik cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq inşa edilmiş qanunsuz tikilinin Cavabdeh öz hesabına sökülməsi və sözügedən binanın sakinləri olaraq onların pozulmuş hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq uzun müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında həm qeydiyyatdadırlar, həm də faktiki yaşayırlar. Onlarla qonşuluqda, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında qeydiyyatda olan və həmin mənzilin mülkiyyətçisi olan Cavabdeh bəzi vəzifəli şəxslərin məsuliyyətsizliyindən istifadə edərək, Azərbaycan Respublikası şəhərsalma və tikinti məcəlləsinin tələblərini pozmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvandakı çoxmənzilli yaşayış binasının yan fasad hissəsində, 4-cü girişinin 1-ci mərtəbəsindəki 47 nömrəli mənzilə bitişik qanunsuz tikilinin inşasını apararaq, həmin çoxmənzilli binanın arxasına keçən yeganə yolu kəsmiş və binanın sakinləri üçün böyük narahatçılıq yaratmışdır. Belə ki, sakinlər üçün binanın arxasına keçərək H.Zərdabi prospektinə çıxmaq üçün ən qısa yol elə qanunsuz tikili inşa olunmuş ərazidən keçdiyinə və binanın digər tərəfi isə qonşu binalarla bağlandığına görə sakinlər H.Zərdabi prospektinə çıxaraq avtobus dayanacağına və digər obyektlərə çatmaq üçün böyük bir dairə qət eləmək məcburiyyətində qalırlar. Belə ki, cavabdeh bəzi məmurların özbaşına tikililərin inşasına göz yummağından istifadə edərək qanunları pozmaqla, digərlərinin hüquqlarını nəzərə almadan özbaşına inşaat işləri aparmışdır. Bu isə onların və ailə üzvlərinin hüquqlarının pozulmasına və narahatçılığına səbəb olur, sakini olduqları binanın yanındakı yoldan istifadə etmələrinə maneə yaradır. Nəticə etibarı ilə cavabdeh binanın yan fasad hissəsində qanunsuz tikili inşa edərək özünə daha da yaxşı və geniş mənzil şəraiti yaratmaqla, binanın sakinlərinin yolunu kəsmiş və onlar üçün böyük narahatçılıq yaranmasına səbəb olmuşdur. Hesab edirlər ki, bu yolverilməz hal yaşayış və qonşuluq qaydalarına zidd olan bir hərəkətdir. Onlar cavabdehə və onun qohumlarına bu qanunsuzluqlara son qoymasını bildirsələr də, onlar bildirdilər ki, nə istəsələr edərlər, heç kim və heç bir qurum onların işlərini dayandıra bilməz. Həqiqətən də bu qanunsuz tikinti ilə əlaqədar müvafiq qurumlara müraciət etsələr də onlara şablon cavablar verilərək qanunsuz tikilinin sökülməsi ilə əlaqədar heç bir tədbir görülməmişdir. Bu səbəbdən də artıq mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Bakı şəhər Yasamal Rayonu İcra Hakimiyyəti başçısının birinci müavininin 27 avqust 2024-cü il tarixli cavab məktubunda bildirilir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq icazə sənədləri olmadan şəhərsalma tikinti və normalarını ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğuların məhkəmənin çıxardığı qərara əsasən sökülə biləcəyi və qonşular ilə yranmış münaqişənin öz aranızda həlli yollarını tapmağınız əks təqdirdə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur". Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, H.ünvan 12erləşən 47 nömrəli mənzil çıxarışa əsasən, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilir ki, "şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti orqanları, bu sahədə dövlət nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı həmin ərazilərdə özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları"na uyğun tədbirlər yerinə yetirilməlidir". Daha sonra iddiaçılar xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının yan fasad hissəsində və arxa fasad hissəsində, 4-cü giriş, birinci mərtəbədəki Cavabdeh mülkiyyətində olan 47 nömrəli mənzilə bitişik cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq inşa edilmiş qanunsuz tikililərin, Cavabdeh öz hesabına sökülməsi, həmin mənzilin altında yerləşən zirzəmi sahəsinin konstruksiyasının dəyişdirilməsini aradan qaldıraraq cavabdehin hesabına bərpa olunması və sözügedən binanın sakinləri olaraq onların pozulmuş hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İzahatında bildirmişdir ki, zirzəmi qanunsuz olaraq evə birləşdirilmişdir. Həyətyanı sahəni zəbt edərək böyük balkon tikmişdir. Onun MTK ilə əmək müqaviləsi yoxdur. Cavabdeh mülkiyyət hüququ əldə etdikdən sonra tikilini genişləndirərək həmin ərazini kirayəyə verib. Həyətyanı sahədən istifadə mümkün deyil. Sakinlərin bir hissəsi binanın sökülməsinə razı deyil. Bu halda bina sökülə bilməz. Söküntü yolun açılması üçün lazımdır. Qanunsuz tikili sübutdur. Bina sökülmədiyinə görə sakinlər yolun açılmasını istəyirlər və MTK-ın işə aidiyyəti yoxdur. Onlar uşaqlar üçün binanın arxasında abadlıq yaratmaq istəyirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 zirzəmiyə dair sənədləri var. Heç bir sakinin hüquqları pozulmayıb. Tikili 20 ildir ki, mövcuddur. MTK vətəndaşlara pul verməmək üçün belə bir iddia qaldırıb. O bina sökülmə ərəfəsindədir. MTK mənzillərin dəyərinin ödəmək istəmir. Xalq Mənzil-Kommunal Təsərrüfat Birliyinin və FHN-in məktubunda da öz təsdiqini tapıb ki, tikili əvvəllər mövcud olub. Tərəflərindən tikinti işi aparılmayıb. İcra hakimiyyəti də bu vəziyyəti təsdiqləyib. İddiaçının nümayəndəsi və vəkili MTK-ın hüquqşünasıdır. “Əmlak Məsələləri üzrə Dövlət Xidməti” ilə icarə müqavilələri var. Mübahisəli ərazidə tikinti gedir. Həmin yerin sökülərək market tikilməsi nəzərdə tutulur. Vətəndaşlar söküntü işi ilə bağlı qrup yaradıblar və danışıqlar aparırlar. İddiaçıların bizim tərəfimizdən aparılan əlavə tikililərlə bağlı da səs yazıları var. Köhnə qonşular da təsdiq edirlər ki, tikililər uzun müddət mövcuddur. Danışıqlarda evin əvvəlki sahibi Sadiq adlı şəxs tərəfindən aparılan tikintiyə etiraz edilmədiyi bildirilir. Digər mənzillərdə artırmalar olub. Tərəflərin iddia etdiyi yol mövcud deyil. Orada transformator yerləşdirilib. Tikili qanunsuz deyil. Dövlət orqanlarından təqdim olunan sənədlərdə də tikilililərin uzun müddət mövcud olduğu təsdiq olunur. Məqsəd MTK tərəfindən tikililərə pul verilməməsidir. İcra Hakimiyyətindən sənəd əldə etmişik. İcarə haqqını da ödəmişik. 46.6 kv.m sahənin sənədi var. Yol istənilsə də, Baku Mall icazə vermir. Çəkilişə də icazə vermirdilər. Hasar “Baku Mall” və həyətin arasını bağlayıb. Həmçinin, generatorlar quraşdırılıb və həyətin digər tərəfi şlaqbaum ilə bağlanılıb. 3 nəfərdən başqa qalan sakinlər evlə təmin olunublar və müqavilələr də bağlanıb. Həmin binada balkonlar da artırılıb. Vətəndaşların hüquqlarına toxunmurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər iddiaçılar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı7 nümayəndəsi Nümayəndə2 Əsgər oğlu iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı 1963-cü ildə bina tikiləndən həmin binada yaşayır. 2021-ci ildə X4 yaşadıqları həyətə köçüb. Onun köçdüyü mənzilin əvvəlki sahibi yaşlı şəxslər idi. Onlar yolun kəsilməməsi üçün cəhdlər etdilər və 1-ci mərtəbədə bütün binanın altını götürdülər. Bahar xanım gəldikdən sonra isə həyətdə ev tikməyə başladı. Ona yolu kəsdiyinə görə irad bildirdilər. Tikintini dayandırması üçün müraciət edəndə icazə və sənəd əsasında tikinti apardığını bildirdi və çıxarışı tələb etdik. Təqdim etmədiyi üçün məhkəməyə müraciət etdilər. FHN-ə də müraciət etdilər və onlar tikinti olmadığını bildirdilər. 2-ci dəfə müraciət edəndə isə, onlara binanın içərisini göstərdik və tikintinin aparıldığını təsdiqlədilər. Zirzəmi yaşayış üçün icarəyə verilməyib. 1963-1992-ci illərdə bir hissə tikilmişdim. Biz orada qonşularla vaxt keçirirdik. Tikintini aparan şəxs vəfat etdi və dövr dəyişdi. Həmin vaxt Yasamal Rayon Prokurorluğu və Baku Mall yox idi və avtomobil yolu kimi istifadə edirdik. Daha sonra həmin yol bağlandı. Lakin, digər tərəfdən yol var idi. Sadiq kişi zirzəmiləri zəbt etdi. O, müraciət edərək bağlanılan yoldan keçmək üçün qapı qoyulmasını xahiş etmişdir. Yalnız onların sakinləri istifdə edə biləcəkdi. Qaz idərəsi də çıxışlarını bağladı. Torpaq sahələri "xxxx"dən keçir. Tikili onların xəttinin içərisindədir. 25 metr sahə ilə bağlı qərar var və qüvvədədir. Əgər sonradan tikintiyə icazə verilsə, "xxxx" ləğv oluna bilər. Sadiq kişi yolu bağlamamışdı. O, MTK adından çıxış etmir. Yol mövcud olsa da, uzundur. Yollarının bağlanmaması üçün də müraciət etdim, ərazinin narkomanlara görə bağlanıldığı bildirildi. Polisin bunun üçün kömək etdi. Qonşularımız mehriban olmasını və sakit şəkildə yaşamağımızı istəyirik. Həmçinin, tikinti üçün icazə sənədi yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, binanın 3-cü mərtəbə, 2-ci blokunda yaşayır. Bina Yasamal Rayon Prokurorluğunun binasının arxasında yerləşir. Qarajlar olan hissə setka ilə hasarlandı və biz pilləkanlarla düşüb gedirdilər. Məhməmə hazırlıq iclasında iştirak edən İddiaçı6 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, tikinti olmasa, uşaqları həyətdə oynaya bilərdilər. Binanın tikintisi başlayandan bəri onların oynamaq üçün yerləri yoxdur. Qrup onun tərəfindəm yaradılmışdı. Tikilinin biri yeni tikilib. MTK hər kəs razı olsa, Binanın sökülməyəcəyini bildirir. Uşaqları həyətdən istifadə edə bilmir. Onun həyətyanı sahəsi zəbt olunub. Buna görə də həyətyanı sahə düzəltməlidir. FHN nümayəndəsindən şikayət etmiş və qanunsuz tikilini müəyyən etmişdilər. 59 kv.m sahəsi olan ərazi cavabdehin 2 otaqlı evidir, 49 kv.m sahəsi olan ərazi isə icarəyə verilib. Binanın arxasının təmizlənməsini istəyirlər. Çünki özləri və uşaqlar üçün şərait yaratmaq istəyirlər, idarəçilik niyyətində deyildirlər. Uşaq vaxtı binanın ətrafında oynayırdılar və tikililər yox idi. Əvvəlki mülkiyyətçi Sadiq kişi mübahisəli ərazidə tikinti işləri aparmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən İddiaçı5, İddiaçı4 və başqalarına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onların, binanın birinci mərtəbəsində, 47 saylı mənzilin ətrafında və zirzəmisində özbaşına tikinti işləri apardığı və bununda narahatçılığa səbəb olması barədə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı kollektiv ərizəyə baxılmışdır. Onlara Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq icazə sənədləri olmadan şəhərsalma tikinti və normalarını ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğuların məhkəmənin çıxardığı qərara əsasən sökülə biləcəyi və qonşular ilə yaranmış münaqişənin öz aralarında həlli yollarını tapmağı, əks təqdirdə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. 56 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 47 nömrəli arayışdan görünür ki, Zülfiqarova X2 69 saylı binanın 47 saylı mənzilinin zirzəmisinin və uzun illər əvvəl 47 saylı mənzilin əvvəlki sahibi tərəfindən tikilmiş əlavə tikililərə görə istismar yığımı haqqının 2021, 2022, 2023, 2024-cü il tarixlərini ödəmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, H.ünvan 5-cü girişinin zirzəmisinin 59,57 m² sahəsi və zirzəmiyə əlavə edilmiş 49,6 m² tikilidən uzun müddətdir ki, həmin binanın 47 sayılı mənzilin sahibi vətəndaş X3 istifadəsindədir. Dövlət mülkiyyətindən səmərəli istifadə edilməsi məqsədi ilə qeyd olunan sahənin mülki-müdafiə xarakterli olmadığını nəzərə alaraq X4 tərəfindən icarəyə götürülüb özəlləşdirilməsinə etiraz etmirlər. Bildirilir ki, göstərilən binada son 10 il ərzində dövlət vəsaiti hesabına əsaslı təmir işləri aparılmamışdır. Azərbaycan Respublıkası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentı Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı6, X9 və başqalarına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onların, sakini olduqları yaşayış binasının birinci mərtəbəsində, 47 saylı mənzilin sahibi tərəfindən binaya bitişik sahədə və zirzəmidə qanunsuz olaraq aparılan tikinti işlərinin ləğv edilməsi ilə əlaqədar tədbirlərin görülməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığınız müraciətlərinə baxılmışdır. Məktubda qeyd olunanlarla əlaqədar əməkdaşları tərəfindən ünvana baxış keçirilən zaman, H.Zərdabi prospekti bina 69, 47 saylı mənzilin çıxarışa əsasən, xx.xx.2021-ci il tarixində vətəndaş X3 adına alqı-satqı yolu ilə verildiyi, binanın ətrafında, zirzəmisində olan tikilinin uzun illər öncə inşa edilriyi və halhazırda həmin mənzildə, bitişik sahədə, zirzəmidə heç bir tikinti işlərinin aparılmadığı məlum olmuşdur. Onlara, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq icazə sənədləri olmadan şəhərsalma tikinti və normalarını ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğular məhkəmənin çıxardığı qərara əsasən sökülə biləcəyi və qonşularla yaranmış münaqişənin öz aralarında həlli yollarını tapmağı, əks təqdirdə isə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Yasamal rayonu, H.Zərdabi prospekti 69 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının bir qrup sakinlərinin, yaşadıqları binanın birinci mərtəbəsində aparılmış qeyri-qanuni tikinti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladıqları 18 oktyabr 2024-cü il tarixli müraciətə baxılmışdır. Araşdırma zamanı mütəxəssisləri tərəfindən qeyd edilen ünvana baxış keçirilmiş və binanın birinci mərtəbəsinə bitişik yeni tikinti İşlərinin aparılması faktı müəyyən edilməmişdir. Sakinlərin təkrar müraciətindən sonra əraziyə yenidən baxış keçirilmiş və müəyyən edilmişdir ki, bina sakinlərini narahat eden, binanın birinci mərtəbəsinin yan fasad hissəsində uzun müddət bundan əvvəl inşa edilmiş və hazırda istismar olunan tikilidir. Bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyi tərəfindən yalnız tikintisinə icazə verilmiş obyektlərin tikinti layihələrinə və məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrinə uyğun tikilməsinə dövlət nəzarətini təşkil edir və həyata keçirir. Eyni zamanda onların nəzərinə çatdırılmışdır ki, şəhərsalma nəzarəti qaydasında özbaşına tikilən obyektlərə dair tabeliyində olan ərazilərdə inzibati icraat müvafiq yerli icra hakimiyyəti orqanları, bu sahədə dövlət nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Bununla bağlı həmin ərazilərdə özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərman ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları" na uyğun tədbirlər yerinə yetirilməlidir. Qeyd edilənləri nəzərə alaraq, baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısının alınması, aparılmış işlərin qanunauyğunluğunun araşdırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) İcarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən, "İcarəyeveren" Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 194 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 69 (registr № ***-*******4-001) ünvanında 5 mərtəbəli binanın zirzəmisində yerləşən, ümumi sahəsi 55.6 m² təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Yasamal Rayon Manzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədilə "İcarəçi"nin müddətli İstifadəsinə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bir aylıq icarə haqqı 251 manatdır. Aylıq İcarə haqqının 100%-1 (ƏDV-siz) – 251 (iki yüz əlli bir manat) manat, illik İcarə haqqının 100%-i (ƏDV-siz) - 3012 (üç min on iki manat) manat Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesablaşma hesabına ödənilməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, icarə müqaviləsinin müddəti xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, İcarəçinin aşağıdakı hüquq və vəzifələri vardır: İcarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək; İcarəyə götürdüyü əmlakı qənaətbəxş vəziyyətdə saxlamaq üçün əvəzini "İcarəyeveren"dən tələb etmədən onun öz vəsaiti hesabina cari təmir etmək; İcarəçinin təqsiri üzündən icarəyə götürülmüş əmlaka dəymiş ziyanı öz hesabına aradan qaldırmaq, "İcarəçi"nin fəaliyyəti ilə bağlı qonşular üçün yarana biləcək narahatçılıqların və ətrafa dəyə biləcək ziyanın qarşısını almaq, İcarəyə verilmiş sahədə sanitar-gigiyenik, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına riayət etmək, İcarəyə verilən obyektdə onun məxsus olduğu spesifik fəaliyyət profilini saxlamaq; Obyektin ərazisində yerləşən müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması; Birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, İcarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və s. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-21261/2025 nömrəli və 3-21-3-30/2- 21320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktublarla cavab ünvanlayaraq, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 10da yerləşən mənzilin X3 mülkiyyətinə verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Həmin məktublara əlavə edilmiş: X1 ilə alıcı Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Satıcı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 10da yerləşən, ümumi sahəsi 42,03 kv.m, yaşayış sahəsi 29,33 kim olan 2 otaqlı mənzilin tam mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsindən tam hissəni alıcının mülkiyyətinə verməyi, alıcı isə 72.700 manat məbləğinə almağı öhdəsinə götürmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66-05101-093036 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 10da yerləşən ümumi sahəsi 43,70 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Məktuba Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 10da yerləşən binanın yerləşdiyi torpaq sahəsinin planı da əlavə edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-kommunal Təsərrüfatı Birliyi məhkəmənin sorğusuna 3-52-13-12/2-431/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq, ünvan 11ismar Sahəsinin tərtib etdiyi məlumatı məhkəməyə göndərmişdir. Həmin məktuba əlavə edilmiş ünvan 11ismar Sahəsinin 57 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti 69 saylı binanın tikinti layihəsi və binanın yerləşdiyi məhəllənin ərazisini küçədən ayıran sərhədləri müəyyən edən heç bir sənəd yoxdur. Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal Rayon İcrahakimiyyəti məhkəmənin sorğusuna 5-21/2-1651/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 12erləşən çoxmənzilli yaşayış binası uzun illər bundan əvvəl inşa edildiyindən həmin binaya dair sənədlər Yasamal Rayon İcra Hakimiyyətində aşkar edilmədi. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********66-05101-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 193A) ünvanında yerləşən ümumi sahəsi 55,60 kv.m olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6682 nömrəli, 16 dekabr 2025-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən 47 saylı mənzilin faktiki ümumi sahəsinin 145 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan mənzilə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrdən çıxarışda və texniki pasportunda həmin mənzilin ümumi sahəsinin 43.7 kv.metr göstərildiyini, faktiki sahəsinin isə 145.4 kv.metr təşkil etdiyini nəzərər alaraq, həmin mənzilin sahəsinin hazırkı faktiki ümumi sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsi (reyestrdən çıxarışa və texniki göstəricilərinə əsasən) üst-üstə düşmədiyi müəyyən edilmişdir. Tədqiq olunan mənzilin faktiki sahəsinin çıxarışda və texniki pasportda göstərilən sahədən 101.7 kv.metr (145.4 kv.m - 43.7 kv.m) artıq olduğu müəyyən edilmişdir. İkinci sual üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportun göstəriciləri ilə aparılmış müqayisəli təhlil və ölçü işləri nəticəsində sahələri 33.0 kv.metr, 11.1 kv.metr, 2.4 kv.metr, 4.8 kv.metr və 49.9 kv.metr olan tikililərin texniki pasportda öz əksini tapmadığı və həmin tikililərin mənzilin yerləşdiyi binanın fasadına bitişik inşa edildiyi müəyyən edilmişdir. Üçüncü sual üzrə: Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, giriş 193A) ünvanda yerləşən qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsinin 55.6 kv.metr təşkil etdiyi, bunun da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestrdən çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Dördüncü və beşinci suallar üzrə: Suallarda göstərilən məsələlər hüquqi xarakterli olduğundan, eləcə də məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, suallar üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.3-cü maddəsinə əsasən, Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar uzun müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında yaşayırlar. Onlarla qonşuluqda, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ev 69 ünvanında Cavabdeh məxsus mənzil və qeyri-yaşayış sahəsi (zirzəmi) yerləşir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 10da yerləşən ümumi sahəsi 43,70 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, giriş 193A) ünvanında yerləşən ümumi sahəsi 55,60 kv.m olan qeyri-yaşayış sahəsi isə xx.xx.2025-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırki mübahisənin mahiyyətini iddiaçıların yaşadığı çoxmənzilli yaşayış binasının yan fasad hissəsində və arxa fasad hissəsində, 4cü giriş, birinci mərtəbədəki Cavabdeh mülkiyyətində olan 47 nömrəli mənzilə bitişik cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq inşa edilmiş qanunsuz tikililərin sökülməsi və həmin mənzilin altında yerləşən zirzəmi sahəsinin konstruksiyasının dəyişdirilməsinin aradan qaldırılaraq cavabdehin hesabına bərpa olunması təşkil edir. 20 iyun 2025-ci il tarixdə iddiaçılar İddiaçı6, Nümayəndə3, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin evinə gedən yoda yerləşən qarajlar əvvəldən mövcud olmuşdur. İddiaçının nümayəndəsi və vəkili hasarın Qələbə dairəsinə keçidi bağladığını bildirmişdir. Cavabdehin mənzilinin yanında başqa şəxsə məxsus ev yerləşir. Bildirilmişdir ki, cavabdehin hazırkı evi təxminən 18 il əvvəl tikilib və onun tərəfindən 2001-ci ildə alınmışdır. İddiçı İddiaçı6 cavabdehin evinin həyətinin qapısının əvvəlki ev sahibi Sadiq adlı şəxs tərəfindən kənar şəxslərin girişini məhdudlaşdırmaq üçün yerləşdirildiyini bildirmiş, qapının 2020-2021-ci illərdə yerləşdirildiyi və əvvəllər onun yerində şifrlərin qoyulduğu qeyd edilmişdir. Cavabdehin oğlu heç bir dəyişikliyin edilmədiyini bildirmişdir. Cavabdehin evinin həyətindən Baku Mall görünür və onun sağ tərəfindən transformatorlar yerləşdirilmişdir. İddiaçının nümayəndəsi və vəkili hasarın yolu tamamilə məhdudlaşdırdığını bildirmişdir. Həmin ərazinin qarşısında Yasamal Rayon Prokurorluğu yerləşir. Cavabdehin oğlu hasarın onlar evi alan zaman mövcud olduğunu bildirmişdir. Hasardan sonra Baku Mall yerləşir. İddiaçılar həmin hasarın sökülməsini tələb edirlər. Cavabdehin evinin balkonunun girişində otaq yerləşir və həmin yerin çıxarışı yoxdur, evə bitişik şəkildə tikilib. Cavabdehin oğlu həmin sahəni sonradan tikmədiklərini, evi alarkən mövcud olduğunu, həmçinin, onun alqı-satqısının isə evin çıxarışında qeyd edilən sahə əsasında aparıldığını qeyd etmişdir. Girişdən sol tərəfdə sanuzel yerləşir və ona bitişik otaq da mövcuddur. Əvvəllər mətbəxin yerində isə sanuzel mövcud olub. Mətbəxdən sol tərəfdə qonaq otağı yerləşir. Qonaq otağından uşaqların yataq otağına keçid mövcuddur. Binaya çıxış orta qapıdan həyata keçirilir. Cavabdehin oğlu evdə ailəsi ilə birlikdə yaşadığını və yalnız evin divar kağızını dəyişdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin normanın tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (Mülki Məcəllənin 180.1-ci maddəsi). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.4-cü maddəsi). İş materiallarında olan sənədlərlə və ekspert rəyi ilə müəyyən edilir ki, cavabdeh tərəfindən aparılan artırmalar özbaşına tikinti xarakteri daşıyır. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, müvafiq icazə alınmadan və ya şəhərsalma normalarını ciddi pozmaqla tikilən tikili özbaşına tikinti sayılır. Ekspert rəyi təsdiq edir ki, mənzilin rəsmi sahəsi çıxarışda və texniki pasportda 43.7 kv.m olduğu halda, faktiki sahə 145.4 kv.m-dir. Aradakı 101.7 kv.m fərq heç bir texniki pasportda və ya reyestrdə əksini tapmayıb. Həmin 101.7 kv.m sahə binanın fasadına bitişik inşa edilib və iddiaçıların (qonşuların) binanın arxasına keçid yolunu kəsməklə onların istifadə hüquqlarını məhdudlaşdırıb. Mülki Məcəllənin tələblərinə əsasən, mülkiyyətçi öz hüququndan istifadə edərkən qonşuların hüquqlarını poza bilməz. Yolun kəsilməsi sakinlərin təhlükəsizliyi və hərəkət sərbəstliyi üçün birbaşa maneə yaradır. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən 47 saylı mənzilin yerləşdiyi binanın fasadına bitişik inşa edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportda öz əksini tapmayan faktiki sahəsi 101.7 kv.m (33 kv.m, 11,1 kv.m, 2.4 kv.m, 4,8 kv.m və 49,9 kv.m) olan qanunsuz tikili cavabdehin hesabına sökülməlidir. İddia tələbinin mənzilin altında yerləşən zirzəmi sahəsinin konstruksiyasının dəyişdirilməsinin aradan qaldırılaraq cavabdehin hesabına bərpa olunması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh 55.6 kv.m-lik zirzəmi sahəsi üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə rəsmi icarə müqaviləsi bağlamış, sonradan isə xx.xx.2025-ci il tarixdə həmin sahəyə dair çıxarış, yəni mülkiyyət hüququ əldə etmişdir. Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin sahənin mülkimüdafiə xarakterli olmadığını və icarəyə verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, qanuni əsaslarla mülkiyyətə və ya icarəyə verilmiş sahədə aparılan daxili konstruktiv dəyişikliklər, əgər binanın ümumi dayanıqlığına təhlükə yaratmırsa qonşular tərəfindən qanunsuz tikili kimi sökülməsi tələb edilə bilməz. İddiaçılar zirzəminin binanın konstruksiyasına zərər vurduğunu sübut edən əsaslı sübutlar təqdim etmədikləri üçün məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilə bilməz. Əksinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/6682 nömrəli, 16 dekabr 2025-ci il tarixli ekspert rəyindən Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, giriş 193A) ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 55.6 kv.metr təşkil etdiyi, bunun da daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, reyestrdən çıxarışda göstərilən sahə ilə eynilik təşkil etdiyi, yəni zirzəmidə çıxarışda qeyd olunan sahədən kənar sahə olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən 47 saylı mənzilin yerləşdiyi binanın fasadına bitişik inşa edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportda öz əksini tapmayan faktiki sahəsi 101.7 kv.m (33 kv.m, 11,1 kv.m, 2.4 kv.m, 4,8 kv.m və 49,9 kv.m) olan qanunsuz tikili Cavabdeh hesabına sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı1 ödənilməli, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 69 ünvanında yerləşən 47 saylı mənzilin yerləşdiyi binanın fasadına bitişik inşa edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportda öz əksini tapmayan faktiki sahəsi 101.7 kv.m (33 kv.m, 11,1 kv.m, 2.4 kv.m, 4,8 kv.m və 49,9 kv.m) olan qanunsuz tikili Cavabdeh hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X5 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar