Məhkəmə qərarları › İş №2(004)-2934/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2934/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2934/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4659 (dörd min altı yüz əlli doqquz) manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 16 saylı 12 sentyabr 2020-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə görə ona məxsus olan, ünvan 1 ünvanında inşa edilən "X7" yaşayış kompleksinin "D" blokunun 8-ci mərtəbəsində yerləşən, 42 nömrəli, bir otaqlı, ümumi sahəsi 49.4 kv.m təşkil edən yaşayış mənzilində cavabdeh tərəfindən "interyer dizayn və təmir" xidmətləri həyata keçirilməli idi. Xidmətlərin dəqiq əhatəsi qeyd olunan maddədə ətraflı göstərilmişdir. Həmin müqavilənin 7.1-ci maddəsinə görə, bütün işlərin son icra olunması tarixi 15 noyabr 2020-ci il olaraq razılaşdırılmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə görə, bu müqavilə üzrə 50.0 kv.metrlik sahənin interyer dizaynı və təmir məbləği hər 1 (bir) kv.m üçün 260 (iki yüz altmış) AZN-dən hesablanaraq ümumi məbləğ 13.000 (on üç min) AZN müəyyən olunmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə görə, görüləcək işlərin dəyərinin 40%-i 5.200 (beş min iki yüz) AZN-i hazırki müqavilə imzalandıqdan sonra "Sifarişçi" tərəfindən nağd qaydada ödəniləcək. Ödənişin geri qalanı 50%-i iş bitənədək hissə-hissə (25%-25%) və iş təhvil verildikdən sonra 10% ödənilir. Bununla bağlı olaraq, tərəfindən cavabdehə 08 sentyabr 2020-ci il tarixdə 2.000 (iki min) AZN, 14 sentyabr 2020-ci il tarixdə 5.000 (beş min) AZN, 13 oktyabr 2020-ci il tarixdə isə 4.000 (dörd min) AZN pul məbləğləri ödənilmişdir. Göründüyü kimi, ümumilikdə tərəfindən cavabdehə 11.000 (on bir min) AZN pul məbləği ödənilmiş, yerdə qalan 10% isə iş təhvil verildikdən sonra ödənilməli idi. Lakin təəssüf hissi ilə bildirmək istəyir ki, üzərinə düşən öhdəliyi tam və vaxtında icra etsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə sadiq deyildir. Belə ki, müqavilənin imzalanmasından artıq uzun müddət keçməsinə baxmayaraq dərin böyük bir hissəsi icra edilməmişdir. Bununla bağlı tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət olunmuş, müqavilə üzrə öhdəliklərinin icrası onlardan tələb olunmuş, eyni zamanda icra edilmiş bütün işlərə dair xərc smetasının ona təqdim edilməsi xahiş olunmuşdur. Lakin bu da heç bir nəticə verməmişdir. Pretenziya məktubu göndərildikdən sonra orada qeyd olunanların əksinə olaraq cavabdeh tərəfindən ümumiyyətlə heç bir iş görülməmiş və mənzilində xidmət aparan usta(lar) işlərini atıb mənzili tərk etmişlər. Həmin vaxtdan etibarən mənzilində işlərin icrası cavabdeh tərəfindən tamamilə dayandırılmışdır və heç bir iş görülməmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq xərc smetasının cavabdeh tərəfindən təqdim olunmaması səbəbindən tərəfindən Azərbaycan Respublikası "X2" MMC-yə müraciət olunmuşdur. "X2" MMC-nin vermiş olduğu 43 saylı 21 yanvar 2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi, ünvan 1 ünvanında inşa edilən "X7" yaşayış kompleksinin D" blokunun 8-ci mərtəbəsində yerləşən, 42 nömrəli, bir otaqlı, ümumi sahəsi 49.4 kv.m mənzildə təmir-tikinti işləri aparılmış və aparılmış təmir-tikinti işlərinə 6.341,00 (altı min üç yüz qırx bir) manat vəsait sərf edilmişdir. Göründüyü kimi, tərəfindən cavabdehə 11.000 (on bir min) manat pul vəsaiti dənilmiş, həmin vəsaitin 6.341,00 (altı min üç yüz qırx bir) manat hissəsi təmir-tikinti işlərinə sərf edilmişdir. Daha sonra, cavabdeh tərəfindən müqavilə öhdəlikləri kobudcasına pozulmuş və heç bir təmir-tikinti işləri aparılmamışdır. Nəticədə cavabdehə ödədiyi ümumi vəsaitdən 4.659,00 (dörd min altı yüz əlli doqquz) manat qalıq qalmışdır və cavabdeh tərəfindən həmin məbləğ bu günədək ona geri qaytarılmamışdır. Bu səbəbdən hesab edir ki, 4.659,00 (dörd min altı yüz əlli doqquz) manat pul məbləği cavabdehdən alınaraq ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh MMC-yə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh MMCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X3 izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “sifarişçi” adlanacaq fiziki şəxs İddiaçı ilə “icraşı” adlanacaq Cavabdeh MMC-nin direktoru X1 arasında bağlanmış 12 sentyabr 2020-ci il tarixli, 16 nömrəli xidmət müqaviləsinin məzmunundan görünür ki, icraçı Cavabdeh MMC təmir xidmətini (xidmətlər, işlər) görməyi öhdəsinə götürür, sifarişçi İddiaçı isə icraçıya razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci maddəsinə görə, bu müqavilə üzrə 50.0 kv.metrlik sahənin interyer dizaynı və təmir məbləği hər 1 (bir) kv.m üçün 260 (iki yüz altmış) AZN-dən hesablanaraq ümumi məbləğ 13.000 (on üç min) AZN müəyyən olunmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə görə, görüləcək işlərin dəyərinin 40%-i 5.200 (beş min iki yüz) AZN-i hazırki müqavilə imzalandıqdan sonra "Sifarişçi" tərəfindən nağd qaydada ödəniləcək. Ödənişin geri qalanı 50%-i iş bitənədək hissə-hissə (25%-25%) və iş təhvil verildikdən sonra 10% ödənilir. Həmin müqavilənin 7.1-ci maddəsinə görə, bütün işlərin son icra olunması tarixi 15 noyabr 2020-ci il olaraq razılaşdırılmışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib edilmiş və möhürlə təsdiqlənmiş 08 sentyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 kv.m.-lik mənzilin interyer dizaynı və təmirin avansı kimi 2000 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib edilmiş və möhürlə təsdiqlənmiş 14 sentyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 kv.m.-lik mənzilin interyer dizaynı və təmirin avansı kimi 5000 manat ödəniş etmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən tərtib edilmiş və möhürlə təsdiqlənmiş 13 oktyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 50 kv.m.-lik mənzilin interyer dizaynı və təmirin avansı kimi 4000 manat ödəniş etmişdir. İş materiallarında olan avabdeh Cavabdeh MMC-yə ünvanlanmış 13 noyabr 2020-ci il tarixli və 18 noyabr 2020-ci il tarixli pretenziya məktublarının məzmunundan görünür ki, İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 5 (beş) gün vaxt verilmiş və bu müddət ərzində öhdəliklər icra edilmədiyi halda, pul tələblərinin ödənilməsi və müqavilənin ləğv edilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 27 noyabr 2020-ci il tarixli pretenziya məktublarına cavab məktubunda qeyd edilmişdir ki, tərəflərin arasında bağlanmış 12 sentyabr 2020-ci il tarixli 16 saylı müqavilə üzrə öhdəliklərinə hələ də sadiqdirlər və indiyədək iddiaçının etdiyi ödənişlərinin qarşılığında razılaşdırılmış işlərin demək olar ki 70 %-i artıq görülmüşdür. Mənzildə görülmüş işlərə dair hesabata istinadən bildirilmişdir ki, halhazırda müqavilə üzrə razılaşdırılmış işlərdən divarlara dekorativ boya vurulması, spot və reyslərin quraşdırılması, yerə laminat vurulması, sanitar qovşaqda quraşdırma işləri (unitaz, duş, smestitel), daxili qapıların qoyulması və yekunda mənzilin təmizlənərək təhvil verilməsi işləri qalır. Bundan başqa, bildirilmişdir ki, məlum pandemiyanın yaratdığı fəsadlar da tikinti materialları bazarına və işçi qüvvəsinin effektiv işləməsinə təsir etdiyindən işlərin plan üzrə icra edilməsinə mənfi təsir etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X2nin 21 yanvar 2021-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında inşa edilən “X7” yaşayış kompleksinin “D” blokunun 8-ci mərtəbəsində yerləşən 42 nömrəli bir otaqlı ümumi sahəsi 49.4 kv.m. mənzildə təmir-tikinti işləri aparılmış və aparılmış təmir-tikinti işlərinə 6341 (altı min üç yüz qırx bir) manat vəsait sərf edilmişdir. (Rəyə smeta cədvəli əlavə olunmuşdur) İş materiallarında olan 16 mart 2021-ci il tarixli 25166 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinin pul tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı cavabdeh “X5” MMC-yə mənzilində təmir-tikinti işlərinin görülməsi üçün hissə-hissə ödənilməklə 11000 (on bir min) manat pul ödəmiş, lakin cavabdeh müqavilə şərtlərini pozaraq mənzilin təmir işlərini sona qədər görməməklə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Buna görə, cavabdeh “X5” MMC onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçının cavabdehə ödədiyi artıq məbləği ona geri ödəməlidir. İş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdeh “X5” MMC ünvan 1 ünvanında inşa edilən “X7” yaşayış kompleksinin “D” blokunun 8-ci mərtəbəsində yerləşən 42 nömrəli bir otaqlı ümumi sahəsi 49.4 kv.m. mənzildə təmir-tikinti işləri aparmış və aparılmış təmir-tikinti işləri 6341 manat təşkil etmişdir. Başqa sözlə, cavabdeh müqavilə üzrə müəyyənləşdirilmiş muzdun məbləğindən 6341 manat dəyərində xidmət göstərmiş (işlər görmüş), nəticədə iddiaçıya 4659 (11000-6341=4659) manat borcu qalmışdır. Hazırda İddiaçı tərəfindən 4659 (dörd min altı yüz əlli doqquz) manat məbləğində pul cavabdeh “X5” MMC-dən tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı öz sübutlu əksini taparaq müəyyən olunduğundan, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “X5” MMC-dən 4659 (dörd min altı yüz əlli doqquz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh “X5” MMC-dən 4659 (dörd min altı yüz əlli doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar