Məhkəmə qərarları › İş №2(004)-294/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-294/2024

22.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-294/2024 22.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və direktoru Qanuni nümayəndə, Cavabdehlər Cavabdeh1 və X2, Cavabdeh1 nümayənəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin və qanunsuz tikilinin sökülməsi və s” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinin və qanunsuz tikilinin sökülməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzildə qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi və reyestrdən çıxarışa əsasən mülkiyyətlərində olan sahəyə görə onlara güzəştli sahə də əlavə edilməklə yeni tikiləcək binadan mənzilin verilməsi, binanın inşa edilənədə cavabdehlərə kirayə haqqının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi İddiaçı MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş 28 aprel 2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC isə sözügedən Sərəncamın icrasını təmin etmək məqsədi ilə ərazidə yaşayan sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirmə və ya kompensassiya müqavilələri bağlayır. Aparılan işlərlə paralel olaraq cavabdehlər ofisə dəfələrlə dəvət edilmiş və onlara yeni tikiləcək binalarda güzəştli sahə də əlavə edilməklə mənzil və ya müvafiq kompensasiyanın verilməsi təklif edilmişdir. Cavabdehlər ilk görüşlərdə razılaşmaya meyilli olsa da sonradan imtina edərək çox böyük məbləğdə kompensasiya tələb etmişdir ki, bu isə mənzilinin dəyərinin 4-5 qatına bərabər olmuşdur. Həmçinin Cavabdeh1 Reyestrdən çıxarışa əsasən sərəncamında 22.5 m2 mənzilinin olması, cavabdeh Qasım Əlizadənin isə 5.5 kv.m sahəsinin olmasına baxmayaraq, cavabdehlər sonradan qanunsuz olaraq, ikinci mərtəbə də tikərək ümumilikdə mənzillərini 62.07 m2 olmaqla artırmışlar və qanunsuz tikili üçün də onlardan külli miqdarda kompensasiya tələb edirlər. Cavabdehlərin qanunsuz tikililərinin əvəzində külli miqdarda kompensasiya tələb etmələri və razılığa gəldikdən sonra dəfələrlə müqavilə bağlamaqdan imtina etmələri mülkiyyətləri üzərində ki hüquqlarından sui-istifadə edərək onlara ziyan vurmaq və ətrafdakı digər sakinlərin də mənzillə təmin edilməsini ləngidərək Cəmiyyətin vəziyyətini ağırlaşdırmaqla onların tələbi ilə razılaşmağa məcbur etməkdədirlər. Onlar dəfələrlə bu kimi hallara yol verməmələrini və ağılabatan bir razılaşma ilə məslənin həll edilməsi barədə cavabdehlərə dəfələrlə müraciət etsələr də olar isə hər dəfə tələblərini artırmışlar. Göründüyü kimi, burda məqsəd üçüncü şəxslərə ziyan vurmaqla öz istəklərinə çatmaqdan ibarətdir ki, tələb edilən məbləğlə müqayisədə onların onlarla razılaşmaqları mümükünsüzdür. Aparılmış bütün danışıqların nəticəsiz qalmasından sonra məsələnin məhkəmə qaydasında həll edilməsindən başqa çarəsi olmadıqlarından onlar da məcburən məhkəməyə müraciət etməli oldular. Məhkəmə gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək, cavabdehlərə Dövlət Reyestrndən çıxarışa əsasən sərəncamında olan 26.1 m2 sahəsinin və 35.9 m2 qanunsuz tikintisi ilə birlikdə ümumi sahəsi 62 m2 əvəzində 90 m2 sahədən ibarət təmirli mənzil və bundan əlavə cavabdehlərə 24 ay ərzində (mənzilin təhvil verilmə müddəti) hər ay 500 mant kirayə haqqı və mənzilin boşaldılması üçün birdəfəlik ödəniş olararaq 300 manat ödənilməklə sözügedən mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdi. Əlavə olaraq bildirmişdir ki, MMC tərəfindən cavabdehlər mübahisənin həlli istiqamətində addımlar atılmış, razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin direktoru Qanuni nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etmişdi. Əlavə olaraq bildirmişdir ki, MMC tərəfindən cavabdehlərə 90 kv.m. sahədən ibarət təmirli mənzil təklif olunur, razı olmadıqları halda hər biri 45 kv.m. olmaqla iki ayrı mənzil də təklif olunur. Bu təkliflə də razı olmaqdıqları və binanın tikintisini gözləmək istəmikləri halda ekspertiza rəyinə əsasən evin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyərini, yəni 132,620 manat məbləğində pulu ödəməyə hazırdırlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onlar yaşadıqları evin əvəzində hazır təmirli iki mənzil və ya evin dəyərinin ödənilməsini istəyirlər. Hazırki vəziyyətdə yaşayış evlərini tərk etmək istədiklərini, eləcə də kirayədə yaşamaq istəmədiklərini bildirmişdir. Təklif olunan kompensasiya məbləği ilə razı deyillər. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 digər cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbini qəbul etmədiyini, onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayənəsi və vəkili Vəkil məhkəməyə verdiyi izaatında bildirdi ki, cavabdeh ünvan 1 ünvanda yerləşən, 22.5 kv.metr ölçüdə olan bu fərdi yaşayış evini 1990-cu ildə əldə etmiş, həmin fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə (243 saylıreyestr kitabında 16537-ci səhifədə 30/312 №-li qeydə alma) xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat vəsiqəsi (№-036753) verilmişdir. İddiaçının istinad etdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsinin İddiaçı MMC-yə həmin ərazidə yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, yaşayış və qeyri-yaşayış binalarının tikilməsi məqsədilə ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən həmin ərazidəki daşınmaz əmlakların sökülməsi mülkiyyətçilərlə əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən həyata keçirilməlidir. Buna baxmayaraq, 2021-ci ildən başlayaraq iddiaçının təşəbbüsü ilə iddiaçının cavabdehlə apardığı danışıqlara dair iddiaçının ədalətsiz yanaşması nəticəsində razılıq əldə olunmamışdır. Hal-hazırda tikinti sahəsi bütün təhlükəsizlik normalarına zidd olaraq, cavabdehin fərdi yaşayış evinin divarına bitişmiş, evin divarları isə bir neçə yerdən çat vermişdir. Evin üstündə tikilən ikinci mərtəbə isə iddiaçının qanunla qorunan mənafeyinə toxunmadığı üçün hazırki iddianın predmeti belə ola bilməz, belə ki, xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınan fərdi yaşayış evi ilə bağlı mülkiyyətçi olan cavabdeh və iddiaçı tərəfindən qarçılıqlı razılıq əldə olunmamışdır. Məhkəmə iclasları arasındakı fasilələr zamanı cavabdeh yenə də danışıqlara razı olduğu halda iddiaçı heç bir təşəbbüs göstərməyərək, əksinə iddia tələbinə dair əsəssız dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət etmiş və irəli sürdüyü həm ilkin iddia tələbini, həm də iddia tələbinə dair dəqiqləşdirməni hər hansı bir qanunun norması ilə əsaslandırmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “LUX RESİDENCE'' Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 1603 saylı, 31 avqust 2020-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “LUX RESİDENCE'' Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı xx.xx.2020-ci il tarixdən hesablanır və icarəçi hər il 146.764 manat icarə haqqını icarəyəverənə ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyat İdarəsinin FM seriyalı, 036753 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 fərdi yaşayış evinin 22,5 kv.m B tikili Cavabdeh1, 5,5 kv.m B tikili X3 mülkiyyətindədir. xx.xx.2005-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 28 aprel 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş, müəyyən edilmişdir ki, evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir. Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır. Baxış keçirilən bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikitni norma və saydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/992-9/970 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı 36 ünvanında yerləşən Cavabdeh1 faktiki istifadəsində olan evin daxili parametrləri (içdən-içə) üzrə sahəsinin 69,8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan tikilinin ümumi sahəsinin 69,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan tikilinin ümumi sahəsinin 69,8 kv.m təşkil etdiyini nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı 36 ünvanında yerləşən Cavabdeh1 faktiki istifadəsində olan evin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 132,620 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Yasamal rayonu, S.Dağlı 36 ünvanında yerləşən ümumi sahəsi 69,8 m2 təşkil edən mənzilinin hazırki dövrə olan icarə haqqı təxminən 450,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “LUX RESİDENCE'' Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçı şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi ilə əlaqədar həmin sakinlərlə qarşılıqlı razılaşma yolu ilə əvəzləşdirmə və ya kompensasiya müqavilələri bağlamışdır. Lakin iş üzrə cavabdehlər, ünvan 1 ünvanında yerləşən mənzilin sakinləri Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan əmlak üçün yüksək kompensasiya tələb edərək, kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20 % artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. İddia tələblərinə əsasən cavabdehlərin istifadəsində olan fərdi yaşayış evləri Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehlərin istifadəsində olan fərdi yaşayış evlərini yaxınlığındakı mənzillərinin sökülməsi barəsində iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdehlər istismar müddəti bitmiş, şəhərin görkəminə xələl gətirən fərdi yaşayış evlərinə görə tamamilə əsassız və qeyri-real qiymət tələb etmələri və həmin məbləğ verilmədiyi təqdirdə isə binanın tikintisinə imkan verməyəcəyini bildirməklə və hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın həyata keçirilməsinə mane olurlar. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamı təşkil edir və Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdeh tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; - 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; - 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; - 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququəldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; - 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının vəya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X4 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuşşərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Qeyd edilən müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kozacıoğlu Türkiyəyə qarşı» iş üzrə19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktınınəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Eyni zamanda qeyd etmək lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısıdövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsihaqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və X4 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanunolmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007- ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlətistənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin «L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə «müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİhissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin(yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmiretmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzindətəmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir Həmin Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidirki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərin qüvvəsinə də şamil edilməsi və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini,eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndiskommunikasiyatəminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılışsazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və yazərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühiti mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin v ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikintifəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdeh tərəfin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəfin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, cavabdeh tərəf fərdi yaşayış evlərini boşaltdıqları halda, əvvəl yaşadıqları mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla MMC-nin üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırki iş üzrə iddia ərizəsinin verilməsindən sonar hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin cavabdeh tərəf ümumiyyətlə hal-hazırki vəziyyətdə yaşayış evlərini tərk etmək istəmədiklərini, eləcə də kirayədə yaşamaq istəmədiklərini bildirmişlər. Təklif olunan kompensasiya ilə isə razı olmamışdırlar. Məhkəmə xüsusi qeyd edir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən MMC tərəfindən cavabdeh tərəfin mülkiyyət, istifadə və sahiblik hüququ tanınaraq onlar tərəfindən cavabdehin hüququnun pozuntusu hallarına yol verilməmişdir və MMC-nin belə bir niyyəti də yoxdur, əksinə cavabdeh tərəfə istifadələrində olan əmlakın sökülməsinin əvəzinə ədalətli təkliflər edilir, yəni, həmin mənzillərin qanuni sahələrindən 30% əlavə yaşayış sahəsi əlavə edilməklə onlara həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış evində mənzil verilməsi və MMC-nin vəsaiti ilə tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək cavabdehlərə aylıq kirayə haqqını verilməsi niyyətindədirlər. Bu isə cavabdehin istifadəsində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəncamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyi-nəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanırazılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasınınəsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondunyaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız evlərdə yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Bakı şəhərinin abadlaşdırılmasına və gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozulmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadəyə yol verməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar rəhbər tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericilikdə istismarmüddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi əsaslı olduğundan və tələb irəli sürülərkən cavabdehlərin bütün hüquqları qorunduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehiniddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuşsübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həminiş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilməli, cavabdehlərin həmin fərdi yaşayış evlərindən sahiblik və istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin yaşayış evindən çıxarılmaqla, həmin yaşayış evi tam boşaldılmalı və sökülməli, sökülmüş mənzilin əvəzinə iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı, Ələsgər Ələkbərov, İsmayıl Qutqaşınlı və Kazım Kazımzadə küçələrinin kəsişmələrində inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 90 kv.m. olan yeni, təmirli mənzil cavabdehlərə təhvil verilməli; cavabdehlərin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və qanunsuz tikilidən çıxarıldığı gündən, yeni təmirli mənzil təhvil verilənədək (24 ay ərzində) İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilməli; İddiaçı MMC tərəfindən mənzilin boşaldılması ilə əlaqədar birdəfəlik ödəniş olararaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 300 (üç yüz) manat pul ödənilməli; ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli; iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin ev tam boşaldılsın, fərdi yaşayış evi və qanunsuz inşa olunmuş tikili sökülsün. Sökülmüş evin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı, Ələsgər Ələkbərov, İsmayıl Qutqaşınlı və Kazım Kazımzadə küçələrinin kəsişmələrində inşa ediləcək çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 90 kv.m. olan yeni, təmirli mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təhvil verilsin. Cavabdehlərin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və qanunsuz tikilidən çıxarıldığı gündən, yeni təmirli mənzil təhvil verilənədək (24 ay ərzində) İddiaçı MMC tərəfindən cavabdehlərə hər ay 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İddiaçı MMC tərəfindən mənzilin boşaldılması ilə əlaqədar birdəfəlik ödəniş olararaq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 300 (üç yüz) manat pul ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar