Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2945/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına su təchizatına görə əsassız hesablanmış 45,25 (qırx beş manat iyirmi beş qəpik) manat məbləğində borcun **********201 saylı abonent hesabından Cavabdeh ASC tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan ünvan 1 ünvanına sudan istifadəyə görə cavabdeh Azərsu ASC əməkdaşları tərəfindən əsassız olaraq 67,81 manat məbləğində pul yazılmışdır. Vəsaitin silinməsi barədə 2023-cü ilin dekabr ayında Yasamal rayon Sukanal idarəsinə rəsmi müraciət etmişəm. çoxsaylı get-gəldən və telefon zənglərindən sonra borcun 18,56 manatı silinmişdir. Əsassız şəkildə yazılmış borcun bir hissəsinin silinməsi, bir hissəsinin isə saxlanılmasının qanuni və məntiqi əsasları barədə təkrar müraciətlərimə Yasamal rayon Sukanal idarəsi rəsmi cavab verməsə də, şifahi olaraq keçmişə aid olan anlaşılmazlığın qısa müddət ərzində həll ediləcəyi bildirmişlər. Sonra vədlərinə əməl etməyərək mübahisənin həllinin onların deyil, Azərsu ASC-nin səlahiyyətinə aid olduğunu söyləmişlər. Məcbur qalıb cavabdeh Azərsu ASC-ə ərizə ilə şikayət etmiş, borcun nə zaman və necə yarandığını soruşmuşdur. Cavabdeh Azərsu ASC-nin 01 aprel 2024-cü il tarixli cavab məktubunda göstərmişdir ki: "sözügedən ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatların aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2015-ci il tarixdə 21560142 nömrəli müqavilə bağlanaraq **********201 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, xx.xx.2016-cı il tarixində isə mənzilinizin su xətti üzərində SSS-15 markalı, 462023 nömrəli mexaniki su sayğacı quraşdırılmışdır". Qeyd edilən borc dəymiş ziyan nəzərə alınmaqla normativə uyğun olaraq ailə tərkibinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Hesab edirəm ki, cavabdehin məndən sayğacdan kənar hesablama apararaq pul tələb etməsi qeyriqanunidir. İlkin olaraq qeyd edir ki, xüsusi mülkiyyətində olan mənzildə ümumiyyətlə yaşayış yoxdur. 9 ildən sonra yaşayış olmayan evə borc yazılması və pul tələb edilməsi isə qanunsuz və qəbuledilməzdir. Bilindiyi kimi neqativ halların qarşısının alınması məqsədilə ölkə üzrə sayğacların quraşdırılmasına başlanılmış və sözügedən evdə 2016cı ildə bağlanılmış müqaviləyə uyğun olaraq **********201 saylı abonent kodu açılmış, sayğacla təmin edilmişdir. Ölkə üzrə əhali sayğac göstəricisinə uyğun olaraq hər ay ödənişlər edirlər. Mövcud qanunvericiliyə görə cavabdeh sayğacda göstərilən sərfiyyatdan əlavə ödənişlər tələb edə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbi ilə razı olmadıqlarını bildirərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 107.90 kv.m torpaq sahəsi olan mənzil üzərində İddiaçı tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ xx.xx.2021-ci il tarix ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Cavabdeh ASC-nin məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 220 ünvanın su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatının aparılması üçün təqdim edilən sənədlərə istinadən xx.xx.2015-ci il tarixdə 21560142 nömrəli müqavilə bağlanaraq **********201 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, xx.xx.2016-cı il tarixində isə mənzilinizin su xətti üzərində SSS-15 markalı, 462023 nömrəli mexaniki su sayğacı quraşdırılmışdır. Hazırda sayğac göstəricisi 8 m³ olmaqla, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabda 49.25 manat borc var. Qeyd edilən borc dəymiş ziyan nəzərə alınmaqla normativə uyğun olaraq ailə tərkibinə və sayğac göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. xx.xx.2024-cü il tarixli abonent kartının (Abonent kodu: **********201) surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 220 üçün su sərfiyyatı 2015-ci il üzrə 43,2 m3, 2024-cü il üzrə 6,05 m3 olmuş və ümumilikdə abonentə 49,25 manat yekun borc məbləği hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 2-ci bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 4.1.3-cü bəndinə görə isə verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. “Sudan istifadə Qaydaları”nın 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. “Sudan İstifadə qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutları keçirilmiş məhkəmə iclaslarında tərəflərin vermiş olduqları izahatlarla birlikdə araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24B, mənzil 220, sahəsi 107.90 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Qeyd olunan ünvan üzrə xx.xx.2015-ci il tarixdə "Azərsu“ ASC ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, "Azərsu“ ASC tərəfindən əsassız olaraq hesablanmış 45,25 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24a ünvanında yerləşən 220 nömrəli mənzil X1 mülkiyyətindədi, mənzilə mülkiyyət hüququ xx.xx.2021-ci il tarix ilə qeydiyyata alınmışdır. Həmin mənzilə dair Qlobal Azeri MMC ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixdə su və çirkab sularının xidməti üzrə müqavilə bağlanmışdır. xx.xx.2016-cı il tarixdə həmin mənzilə SSS-15 markalı, 462023 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh ASC tərəfindən 2015-ci il üzrə 43,2 manat, 2024-cü ilin yanvar-iyul ayları üzrə 6,05 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi həmin borc məbləğinin əsası ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Hazırda həmin ünvan üzrə 2024-cü il tarixə yekun borc 49,25 manat məbləğində təşkil edir. İddiaçı məhkəməyə müraciət edərək, "Azərsu“ ASC tərəfindən əsassız olaraq hesablanmış 45,25 manat məbləğində borcun silinməsini tələb edir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 (Abonent kodu: **********201) ünvanına əsassız hesablanmış 45,25 (qırx beş manat iyirmi beş qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 (Abonent kodu: **********201) ünvanına əsassız hesablanmış 45,25 (qırx beş manat iyirmi beş qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2945/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2945/2024
04.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver