Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2950/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X3 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1 və iddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Müsənnif oğlunun Cavabdeh MMC-ə qarşı “istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə ödəncin ödənilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müsənnif oğlu Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona 14 oktyabr 2018-ci il tarixdən qətnamə icra olunan günə qədər hər ay 450 manat məbləğində əmək haqqı hesablanaraq birdəfəlik müavinətin ödənilməsi, sağlamlığı tam bərpa olunana kimi əlavə olaraq hər ay üçün 450 manat məbləğində əmək haqqı həcmində müavinətin ödənilməsi, mənəvi ziyanın əvəzi kimi 15000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Avanqard-N" MMC-nin Ağdağ gips zavodunda avtoyükləyici operatoru işləmişdir. 14 oktyabr 2018-ci il tarixdə X2 Cavabdeh MMC-də 01 dekabr 2014-cü il tarixli əmək müqaviləsi və eyni tarixli əmrə əsasən nəqliyyat dispetçeri vəzifəsində işləməklə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi avtoyükləyicilərin idarə edilməsinə, operatorların biliklərinin və nəqliyyatın texniki vəziyyətinin yoxlanılmasına, nəqliyyat vasitələrinin qəbul-təhvilinin keçirilməsinə nəzarət etməli olsa da, “Avanqard-N" MMC-nin Ağdağ gips zavodunda avtoyükləyici operatoru İddiaçı Müsənnif oğlunun avtoyükləyicinin idarə edilməsinə dair hüququ verən sənədi olmadan, onunla əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərin yoxlanılması (attestasiyası) aparılmadan avtoyükləyicidə sərbəst işləməsinə icazə verdiyinə, müəssisədə daxili nəqliyyatının (konkret olaraq hadisə baş verdiyi avtoyükləyicinin) texniki saz vəziyyətdə (hadisə zamanı avtoyükləyicinin işıqları sönmüşdür) saxlanılması üçün müvafiq texniki xidmətlərin və növbəyə (xəttdə) buraxılarkən nəqliyyatın texniki vəziyyətinin yoxlanılmasını və operatorların (sürücülərin) işə başlamazdan əvvəl nəqliyyat vasitələrinin qəbul-təhvilinin keçirilməsinin təşkil edilməsini təmin etməyərək cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanına lazımi diqqət və ehtiyatsızlıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməyərək «Avtomobil nəqliyyatında əməyin mühafizə qaydaları»nın 2.4, 2.13 bəndlərinin və “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsilik texnikası qaydaları”nın 5.3 bəndinin tələblərini pozmuş, bu əməli (hərəkətsizliyi) nəticəsində Cavabdeh MMC-də avtoyükləyici operatoru vəzifəsində işləyən Quliyev X1 gips zavodunun həyətində gips daşınması üçün istifadə olunan taxta lövhələri götürən zaman idarə etdiyi “Komatsu” İ-008 markalı, FD25T-17 modelli 330817 seriya nömrəli avtoyükləyicinin idarəedici kabinəsinin üzərində olan işıqlarının sönməsi, həmçinin ətraf ərazidə işıqlanmanın olmaması və havanın da qaranlıq olması səbəbindən qarşısını görməyərək idarə etdiyi avtoyükləyici ilə zavodun həyətində olan taxta parçaların üzərinə çıxaraq avtoyükləyicinin aşması zamanı avtoyükləyicinin idarəedici kabinəsinin sağ tərəfindən kürəyi üstə yerə yıxılmış və avtoyükləyici onun üzərinə düşmüş, nəticədə ehtiyatsızlıqdan İddiaçı həyatı üçün təhlükəli olan sağlamlığa agır zərər vurmanın əlamətlərinə malik hemotoraksla müşayiət olunan sağ tərəfli Xİ, Xİİ qabırğaların yerinidəyişən, sol tərəfli İ, İX qabırğaların, sol qasıq və qasıq oturaq birləşməsinin yerinidəyişməyən sınıqları xəsarətlərini almasına səbəb olmuşdur. Törətdiyi cinayətə görə F.E.Əliyev Qaradağ rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İddiaçı ağır xəsarət aldığından uzun müddətə sağlamlığını, iş qabiliyyətini itirmişdir. Hazırda da hərəkət etmək imkanı məhdud olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. İddiaçının xəsarət almazdan əvvəl malik olduğu orta aylıq əmək haqqı 450 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia tələbini tam müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı səhhəti ilə əlaqədar 14 oktyabr 2018-ci il tarixdən etibarən bu günədək işə gəlməmişdir. İddiaçı tərəfindən təqdim edilən xəstəlik vərəqəsinə əsasən, işə gəlmədiyi günlərə görə müavinətlər ödənilmişdir. "xxxx" MMC iddiaçıya onun iddia ərizəsində qeyd etdiyi kimi, 4 ay yox, 9 ay əmək haqqı ödəmişdir. İddiaçıya əlillik statusunun verilməsindən imtina edilib. İddiaçı məhkəməyə TSEK-in əlilliyinə, xəsarətin dərəcəsi, əmək qabiliyyətinin itirilmə faizinə dair müvafiq qərarını təqdim etməmişdir və beləliklə iddiaçının ona hər hansı müavinətin ödənilməsinə dair tələbi tamamilə əsassızdır. İddiaçıya səhhətinin pozulduğu andan şirkət tərəfindən kifayət qədər maddi və mənəvi dəstək göndərilmişdir. Maddi dəstəyin göstərilməsini iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində də etiraf edir. İddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsi də cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İddiaçının ona şirkət tərəfindən maddi-mənəvi zərərin vurulması tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 1118.1.-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2.-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 1119.1.-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya əlilliyin verilməsindən imtina edilmiş, səbəb olaraq əlavə müalicəyə ehtiyacının olması, ixtisaslaşmış bərpa stasionar müalicəni davam etdirməsi təyin olunduğu qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının xəsarət nəticəsində professional əmək qabiliyyətini itirməsi dərəcəsinə (faizinə), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərə, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə çəkilmiş xərclərə dair sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia 14 oktyabr 2018-ci il tarixdən qətnamə icra olunan günə qədər hər ay 450 manat məbləğində əmək haqqı hesablanaraq birdəfəlik müavinətin ödənilməsi, sağlamlığı tam bərpa olunana kimi əlavə olaraq hər ay üçün 450 manat məbləğində əmək haqqı həcmində müavinətin ödənilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə mənəzi zərər iddiası ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci (zərərin əvəzinin ödənilməsi) və 23-cü maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hazırki halda iddiaçı cavabdehin məsul işçisinin törətdiyi cinayət nəticəsində sağlamlığına dəymiş ağır zərər nəticəsində uzun müddət işləyə bilməmiş və hal-hazırda həkim ekspert komissiyasının məsləhətinə görə əlavə müalicəyə ehtiyacı vardır və ixtisaslaşmış bərpa stasionar müalicəni davam etdirməlidir. Göstərilənlər isə şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olan hallardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 10000 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə MPM 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-maddəsinə görə şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 12 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat tutularaq İddiaçı Müsənnif oğlunun xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən 12 (on iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2950/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2950/2021
16.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver