Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2960/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X7 İdarəsi tərəfindən 1972-ci ildə verilmiş texniki pasportda göstərilən “X15” ilə ölüm haqqında şəhadətnamədə qeyd olunan “X6” olan eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, məhrum həyat yoldaşı X6 xx.xx.1937-ci il tarixdə anadan olmuşdur. xx.xx.1971-ci ildə X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdular. M.M.Məmmədov xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X2 adına hazırda yaşadıqları ünvan 2ndə yerləşən 23A saylı fərdi yaşayış evinə dair 1972-ci il tarixində texniki pasport verilmişdir. Mərhum yoldaşı vəfat etdikdən sonra fərdi yaşayış evinə dair vərəsəlik işinin açılması və fərdi yaşayış evinin ərizəçinin adına rəsmiləşdirilməsi iə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Lakin maraqlı şəxs imtina məktubu vermiş və imtinasının əsası kimi ünvan 2ndə yerləşən 23A saylı fərdi yaşayış evinə dair 1972-ci il tarixində texniki pasportun olması, lakin texniki pasportda şəxsin X20 kimi yazıldığını və mərhumun adı ilə fərqli olmasını əsas gətirmişdir. Marraqlı şəxs ərizənin təmin olunaraq sənədin ona verilməsi üçün yalnız məhkəmənin sənədin eyni şəxsə məxsus olması ilə bağlı qərarının olduğu təqdirdə verilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlarla eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ seriyalı, 282619 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1937-ci il tarixində Şamaxı rayonunda anadan olmuşdur, atası X16, anası X17r, bu barədə Azərbaycan SSR Şamaxı rayon VVAQ bürosunda 09 mart 1962-ci il tarixdə, 127 nömrəli akt qeydi tərtib edilmişdir. Az seriyalı 199727 nömrəli evlilik haqqında şəhadətnamədən görünür ki, X6 ilə X18 arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. AZ-İİ 327192 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 13 yanvar 2023-cü il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 44 saylı akt qeydi tərtib edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X7 İdarəsi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1972-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2ndə yerləşən 23A saylı fərdi yaşayış evinin mülkiyyətçisi “X15” göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 16 may 2023-cü il tarixli 3-21-3-30/2-11- 0604-8/2023 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən X3 məxsus 23A saylı fərdi yaşayış evinə dair arxiv sənədləri haqqında məlumat və sənəd sürətlərinin verilməsi ilə bağlı 17 aprel 2023-cü il tarixli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə təqdim edilmiş sənədlər arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, texniki pasportda hüquq sahibi “X15” göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə “X6” kimi qeyd edildiyi aşkar edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alındığından sənəd sürətlərinin verilməsi mümkün olmamışdır. Oktyabr rayonu, Xerbtovi küçəsi üzrə “evdə yaşayan vətəndaşların yazılışından ötrü” ev kitabının surətindən Bakı şəhəri, Oktyabr rayonu (Yasamal) 11-ci Xrebtovı küçəsində yerləşən 23A nömrəli evdə xx.xx.1937-ci il tarixdə anadan olmuş X6, 1949-cu il təvəllüdlü Ərizəçi, xx.xx.1981-ci il təvəllüdlü X4, xx.xx.1980-ci il təvəllüdlü X13, xx.xx.1975-ci il təvəllüdlü X5, xx.xx.1976-cı il təvəllüdlü X8, xx.xx.1978-ci il təvəllüdlü X1 yaşamaları müəyyən olunmuşdur. Göründüyü kimi, ərizəçinin mərhum həyat yoldaşının adı Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X7 İdarəsi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1972-ci il tarixli texniki pasportunda “X6” əvəzinə “X15” kimi qeyd edilmişdir. Məhkəmə baxışında qeyd edilən texniki passportun xx.xx.1937-ci il tarixində anadan olmuş X3 məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə işin hallarını, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X7 İdarəsin tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda X2 adı səhvən “Məmməd” və ata adı səhvən “Hüseyn” kimi qeyd olunmuşdur. Qeyd edilən texniki pasport hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı ərizəçinin həyat yoldaşının adının “Məmməd” deyil “Məmmədhüseyn”, həyat yoldaşının atasının adının “Hüseyn” deyil, “Məmməd” olması iş materiallarında olan digər sənədlərlə sübuta yetirildi. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə obyektiv həqiqət prinsipini rəhbər tutaraq və sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, ünvan 2 ünvanında yerləşən 23A saylı fərdi yaşayış evinin mülkiyyətə verilməsinə dair Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X7 İdarəsi tərəfindən 1972-ci ildə verilmiş texniki pasportun X3 məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 2 ünvanında yerləşən 23A saylı fərdi yaşayış evinin mülkiyyətə verilməsinə dair Azərbaycan SSR Kommunal Təsərrufatı Nazirliyi X7 İdarəsi tərəfindən 1972-ci ildə verilmiş texniki pasportun X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2960/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2960/2023
04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver