Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2961/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X15, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh X16 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X21, Bakı şəhəri 19 saylı Notariat Kontoru və Cavabdeh1na qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri və Kadastr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə "alqı-satqı müqavilələrinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 19 saylı Notariat Kontoruna qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri və Kadastr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə "bağışlama və alqı-satqı müqavilələrinin etibarsızlığına və onun əsasında verilmiş çıxarışların ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə yetkinlik yaşına çatmamış X5 və X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinin və onun əsasında Cavabdeh3lə aralarında bağlanmış AN-İ ******* və AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə, həmin əqdlər əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş ********** və X6 adına verilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarışların, habelə Cavabdeh3 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsinə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildə İran İslam Respublikasının Həmədan şəhərində anadan olmuş, ixtisasca memardır, özü İranda Həmədan şəhərində yaşayır. xx.xx.2014-cü ildə Azərbaycan Respublikasının vətəndaşı, hazırda həm də İran İslam Respublikasının vətəndaşı olan Cavabdeh2 ilə İranda rəsmi nikaha daxıl olmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2019-cu il təvəllüdlü X7 dünyaya gəlmişdir. Onlar evləndikdən sonra İranda Həmədan şəhəri Nahdiye xiyabanı, Zangene küçəsi, Amitis binası 10, 4-cü mərtəbə, mənzil 12 ünvanında yaşamışlar. Arvadı Cavabdeh2 xx.xx.2020-cı ildə İrandan uşaqlarla birlikdə Azərbaycana keçmişdir. Həmin tarixdən sonra İrana qayıtmamışdır. Pandemiya ilə bağlı sərhədlər bağlı olduğundan Azərbaycana gedib-gəlməmiş, 2021-ci ildə tərəfindən arvadının Kapital bankdakı hesabına köçürülmüş 245000 manat şəxsi vəsaiti hesabına ünvan 1 ünvanında yerləşən “Günəş Holdinq"in inşa etdiyi binadan müqavilə əsasında 201,80m2 sahəsi olan mənzil alınmışdır Daha sonra isə təmirə görə 162000 manat vəsait də əlavə olaraq arvadının bank hesabına köçürülmüşdür. 2022-ci ilin fevral ayında arvadı onu aldadaraq, yəni evi satmaq niyyətini ondan gizlədərək sözügedən mənzili uşaqların adına sənədləşdirmək istədiyini bildirdi və o da onun hər hansı başqa niyyətinin olmadığı düşüncəsıylə buna etiraz etməmişdir. xx.xx.2022-ci ildə o, etibarnamə verdiyi X17 ilə mübahisə predmeti olan mənzillə bağlı uydurma əqd - bağışlama müqaviləsi (özü uşaqların əvəzinə imza etmişdir.) bağlamışdır. xx.xx.2022-ci ildə mənzil oğlu və qızının adına bərabər paylarla rəsmiləşdirilərək müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Daha sonra isə xx.xx.2022-ci ildə sözügedən mənzil onun xəbəri olmadan Cavabdeh2 tərəfindən etibarsız əqd olan AN-İ ******* və AN-İ ******* saylı alqı-satqı müqavilələri əsasında mənzili təmir edən “evin.az" şirkətinin rəhbəri Cavabdeh3 uşaqların hər bir payı üçün 125000 manat ödənilməklə cəmi 250000 manata satılmışdır. Cavabdeh2 evi uşaqlara bağışlayarkən məqsədi uşaqların mənafeyi deyil, öz şəxsi mənafeyi, yaşadığı tüfeyli həyat tərzi üçün maddi vəsait əldə etmək olmuşdur. Belə ki, o mənzili birgə nikah dövründə əldə edilməsini onun razılığı olmadan sata bilməyəcəyini anlayaraq qısa müddət ərzində mənzili uşaqlara bağışlamaqla qəyyumluq və himayəçilık komissiyasının qanunsuz razılığı əsasında özgəninkiləşdirmişdir. Yasamal rayon Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli, H-72-166 saylı məktubunda azyaşlıların üstün mənafelərinin nəzərə alındığı bildirilir. Uşaqlara məxsus əmlakın uşaqlar kirayədə yaşadığı halda heç bir xoşməramlı niyyət olmadan əldən çıxarılması və hansı üstün mənafeni nəzərdə tuta bilər. Cavabdeh2 onun razılığı və xəbəri olmadan sənədlərin saxtalaşdırılması yolu ilə evin.az şirkətinin rəhbəri Cavabdeh3lə, habelə Notarius və qəyyumluq və himayəçilik komissiyası ilə əlbir olmaqla özgəninkiləşdırilmişdir. O, xx.xx.2022-ci ildə Cavabdeh3lə evin.az şirkətinin Bakı şəhəri Nərimanov rayonundakı ofisində görüşəndə də ona evinin qanunsuz olaraq ələ keçirdiyini bildirsə də ona məhəl qoymayıb, məhkəməyə müraciət etməli olduğunu bildirdi. Həmin söhbətin səs yazısı da vardır. Qeyd olunduğu kimi, Cavabdeh2 tərəfindən bağlanmış xx.xx.2022-ci il tarixli bağışlanma və habelə onunla Cavabdeh3 arasında bağlanmış AN-İ ******* və AN-İ ******* saylı alqı-satqı müqavilələrində əsl niyyət (iradə ifadəsi) uşaqların mənafelərinin yaxşılaşdırılması deyil, əksinə şəxsi mənafe üçün pul vəsaiti əldə etmək olmuşdur. Göstərilənləri nəzərə alaraq, 19 saylı Notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsi əhəmiyyətsiz əqd olduğundan həmin bağışlanma müqaviləsinin və onun əsasında 19 saylı Notariat kontorunda bağlanmış AN-İ ******* və AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və müvafiq reyestrdən çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Daha sonra İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X21, Bakı şəhəri 19 saylı Notariat Kontoru və Cavabdeh1na qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri və Kadastr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə "alqı-satqı müqavilələrinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ünvan 2 ünvanında (yeni qaydalarla ünvan 3) yerləşən mənzillə bağlı Cavabdeh3lə iddiaçının azyaşlı övladları X8 və X14 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* və AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə, həmin əqdlər əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2022-cı ıl tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, ünvan 4 ünvanında (yeni qaydalarla ünvan 5 yerləşən mənzillə bağlı cavabdehlər Cavabdeh3lə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin əqd əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X16 nümayəndəsi və vəkili Vəkil4 iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh5 xx.xx.2022-ci il tarixdə Cavabdeh3lə alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsində 37 saylı evin 7 saylı mənzilini əldə etmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında həmin mənzilə öz adına reyestr xidmətindən çıxarış almışdır. Alqı-satqı müqaviləsi notarial qaydada qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş və qanunvericiliyə uyğun olaraq da həmin mənzilə sonuncunun adına çıxarış verilmişdir. Sonradan bilmişdir ki, iddiaçı Cavabdeh5 qanuni əsaslarla bağladığı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. O, mənzili alarkən həmin mənzillə bağlı hər hansı mübahisə olduğundan Zaurun xəbəri olmamışdır. Həmçinin reyestrdən çıxarış əldə olunarkən Mülki Məcəllənin 140-cı maddəsində nəzərdə tutulan qeydə etiraz daxil mövcud olmamışdır və Zaurun mənzillə bağlı mübahisənin olduğunu hər hansı şəkildə bilməsi və bilməli olduğu mümkün deyildir. Həmin mənzili vicdanlı əldə edən şəxs olaraq iddianın ona yönəlməsi Cavabdeh5 konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Həmçinin belə bir iddianın verilməsi və icraata qəbul edilərək baxılması vətəndaşların qanuna etimad ruhunun məhvinə səbəb olur. İşin faktiki halları ilə bağlı hesab edir ki, iddia tələbinin məqsədi birbaşa Cavabdeh5 mənzilini əlindən alaraq mülkiyyət hüququndan mərhum edilməyidir. Belə ki, iddiaçı əsl məqsədini pərdələmək məqsədi ilə Cavabdeh3 qarşı da iddia qaldıraraq guya ona qarşı da hər hansı tələbi vardır. Əslində isə iddiaçı, onun həyat yoldaşı və Cavabdeh3 əlbir olaraq belə bir oyun qurublar və əsassız iddia ilə məhkəməyə müraciət ediblər. Hazırda cəmiyyətimizdə müəyyən şəxslərin bu kimi oyunları vətəndaşların qanuna, dövlət sənədlərinə və dövlət orqanlarına inamının azalmağına səbəb olur. Belə ki, mənzilə dair mülkiyyət hüququnu müəyyən edən və əsas sənəd sayılan, həmçinin yalnız və yalnız bir şəxsin adına rəsmiləşdirilən və vahid portalda görünən çıxarışın da istənilən vaxt mübahisələndirilməsi belə sual doğurur ki, vətəndaş mənzil alarkən heç bir sənədə güvənə bilməz və mənzil aldıqdan sonra mülkiyyəti əlində saxlanılması tam müdafiə olunmur. Halbuki ali hüquqi qüvvəyə malik ana qanunumuzda mülkiyyət toxunulmaz hesab edilir. Beləliklə vətəndaşlar əmlak alarkən müəyyən qorxu hissi ilə hərəkət etdiklərindən mülki dövriyyənin inkişafı da azalır. Bu da mülki qanunvericiliyin əsas məqsədi olan mülki dövriyyənin azadlığını təmin etmək məqsədinin zədələnməsinə səbəb olur. Həmçinin iddianın əsl məqsədi onun mülkiyyət hüququnun əlindən alınmasıdır. Mülki məcəllənin 5.3-cü maddəsinə əsasən münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və Cavabdeh5 də istər alqı-satqı müqaviləsi bağlanarkən, istərsə də reyestrdən çıxarış əldə edilərkən vicdanlılıq şərtlərinə əməl edilmişdir. Hesab edir ki, iddia tələbinin əsaslı olmağı ilə bağlı heç bir sübut işə əlavə edilməmişdir. İddiaçı və digər cavabdehlər tərəfindən Zaura qarşı oyun qurulması ona qarşı mənəvi iztirab və sarsıntı verir. Mülkiyyət hüququ konstitusion hüquqdur və ən ali hüquqi qüvvəyə malik aktda təsbit edilməsi onun əhəmiyyətini göstərir. Buna baxmayaraq iddiaçı və digər cavabdehlərin ona belə bir oyun quraraq məhkəməyə müraciət etməsi və məhkəmənin iddianı icraata qəbul etməsi Cavabdeh5 qarşı olan haqsızlığın bariz nümunəsidir. Cavabdeh5 vicdanlı üçüncü şəxs kimi dəyərini ödəyərək mənzil əldə etməsinə baxmayaraq hazırda iddiaçı və Cavabdeh3 ona qarşı oyun quraraq mənzilini əlindən almaq istəyirlər. İddiaçı Cavabdeh5 qarşı iddia tələbi iki hissədən ibarətdir. İlkin olaraq iddiaçı Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb edir. Müqavilənin etibarsızlığı ilə bağlı onu bildirir ki, müqavilənin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt: 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Hazırkı mübahisə üzrə də iddiaçı Zaurla Fəxrəddin arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün yuxarıda qeyd edilən şərtlərdən heç biri mövcud deyildir. Sonuncular arasında da bağlanılan alqısatqı müqaviləsi üzrə subyektiv tərkibinə aid şərt tam ödənilmişdir. Həmçinin müqavilənin məzmununa aid şərtlərdə qüsur olması ilə bağlı iddiaçı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı müqavilə bağalanılarkən Fəxrəddin və Zaur tam fəaliyyət qabiliyyətli olmuş və öz iradələri ilə alqı-satqı barədə razılığa gəlmişlər. Ümumiyyətlə iddiaçı müqavilənin etibarsızlığı ilə bağlı konkret heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbinin Cavabdeh5 münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə etiraz məzmunlu ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ona və digərlərinə qarşı iddia ərizəsi ilə müraciət edərək müvafiq bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinə ümumilikdə diqqət yetirdikdə mövcud probleblemin İddiaçı ilə digər Cavabdeh2 arasında olduğu öz əksini tapır. İddianın əsasını da Cavabdeh2 etibarsız bağışlanma müqaviləsi etdiyi və özünün razılığı olmadan evin satıldığı təşkil etsə də bütün bunların onunla heç bir əlaqəsi yoxdur. Belə ki, 2022-ci il aprel ayında ona sözügedən evin satıldığı məlum olmuşdur. O da vasitəçi (makler) vasitəsi ilə həmin evi almışdır. Hətta evi aldığı xanım ona uşağının xəstə olduğu üçün evi təcili satdığını bildirmiş və o da onun mövcud vəziyyətinə acıdığı üçün 4680 manat vergi və 200 manat alqı-satqı xərcini və vasitəçiyə ödəniləcək 4000(dörd min) manat məbləğində pulu da şəxsən özü ödəmişdir. Daha sonra isə evdə 17.000(on yeddi min) manat məbləğində müəyyən təmir-dizayn işləri gördürmüşdür. May ayında isə biznesiylə bağlı təcili pul lazım olduğundan mənzili satışa çıxarmış və daha sonra Cavabdeh5 adlı şəxsə 290.000 manata evi satmışdır. Eyni zamanda da burada da 5670 manat vergi və 200 manat məbləğində alqı-satqı xərcim çıxmışdı. Bütün qeyd etdiklərindən açıq-aşkar görünür ki, o, indiyə kimi həmin evin alqı-satqısına ümumilikdə 281.750 ( iki yüz səksən bir min yeddi yüz əlli) manat pul xərcləmiş və sözügedən evi də daha sonra başqa şəxsə satmışdır. Göründüyü kimi iddiaçının verdiyi iddia təmin olunacağı təqdirdə tamamilə qanunsuz və əsassız olaraq külli miqdarda zərəri olacaqdır. Bir daha xüsusilə qeyd etmək istəyir ki, onun mübahisə ilə heç bir aidiyyatı yoxdur. Ərarvad arasında olan mübahisənin predmeti onun öz puluyla aldığı və satdığı ev olmamalıdır. Bu həm qanunun normalarına, həm də konstitusiyamızın normalarına ziddir. Əgər tərəflərin bir-birilərinə qarşı hər hansısa bir iddiası varsa o zaman 3-cü şəxsləri qatmadan iddianı tamamilə bir-birilə yönəltməlidirlər. Məhkəmə də bu faktı nəzərə almalıdır. Odur ki, İddiaçı iddiasının ona münasibətdə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X16 nümayəndəsi və vəkili Vəkil4 etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin cavabdeh X21 aid olan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul emtəyərək bildirmişdir ki, burada ərarvaddan hər hansı birinin razılğı olmadan əmlakın satılmasından söhbət gedə bilməz, çünki əmlak övladlarının mülkiyyətində olmuş və qanuni nümayəsinin razılığı əsasında satılmışdır. Bu fakt da Notariat Kontoru tərəfindən təsdiq olunmuşdur. Sənədlərdə atanın razılığının alınması göstərilməsə də notariat işinə əlavə olunmuş Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının rəyi olmuşdur. Tərəflə aralarında olan nikah xarici dövlətdə bağlanmış nikah olduğundan burada tanınmalı idi. Hətta Güney xanım notariusa ailəli olduğunu bildirsə də, notarius bu halı qəbul etməyəcəkdir. xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, X5, X13 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli və AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin həyata keçirilməsi zamanı heç bir pozuntu olmamışdır. İş materiallarında Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanının rəyi olmuşdur. Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə pul ödəmiş və evi almışlar. Əgər bir pozuntu varsa bu Cavabdeh2 münasibətdədir. Cavabdeh3 vicdanlı alıcıdır. Aldıqları evin təmiri belə yarımçıq olmuş, evdə divar kağızı olmamışdır. Təmiri Cavabdeh3 başa çatdırmışdır. Həmin evin alqı-satqısından heç bir xeyir qazanmamışdır. Evi əmlak alqı-satqısı ilə məşğul olan şəxs vasitəsilə almışlar. Daha sonra cavabdehin işlərində problemlər yarandığından 290.000 manata Zaur Hüseynova satmışdır. Fəxrəddin Zauru qohum vasitəsilə tanımışdır. İddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Kontoruna, Cavabdeh1na və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri və Kadastr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında etibarnamə ilə nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Bakı şəhəri 19 saylı Notariat Kontorunun, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri və Kadastr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin ½ hissəsini oğlu X3, ½ hissəsini isə qızı X9 bağışlamışdır. İş materiallarında olan X13 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin X9 aid olan ½ hissəsini 125.000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan X7 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin X3 aid olan ½ hissəsini 125.000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elekton çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elekton çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin ½ hissəsi pay hüququq üzrə X2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elekton çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin ½ hissəsi pay hüququq üzrə X6 adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İran İslam Respublikasının Bakı Səfirliyinin Konsulluq şöbəsi tərəfindən təqdim olunmuş arayışda qeyd olunur ki, 10-saylı şəxsiyyət sənədinə əsasən, 1981-ci il təvəllüdlü Bahar şəhərində doğulmuş cənab İddiaçı Gholamreza (X12) oğlu xx.xx.2014-cü il tarixdə **********-saylı şəxsiyyət sənədinin sahibi 1986-cı il təvəllüdlü xanım X31 Kamel (Cavabdeh2 Kamil) qızı ilə nikah bağlamışdır. Onların bu nikahdan Aynaz Aberimansour (Aynaz Aberimənsur) və Amin Aberimansour (Amin Aberimənsur) adlı uşaqları vardır. İş materiallarında olan Lənkəran rayon qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 374772 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyeva (Aberimansour) Aynaz Həmidrıza qızı xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. Uşağın atası İddiaçı, anası Cavabdeh2dır. İş materiallarında olan Lənkəran rayon qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV № 374399 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. Uşağın atası İddiaçı, anası Cavabdeh2dır. xx.xx.2022-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, X13 Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin ½ hissəsinə olan payını 125.000 manata Cavabdeh3 satılması barədə razılığa gəlmişlər. Bakı şəhəri Yasamal rayonu 19 saylı xüsusi notariusu tərəfindən "xxxx" ASC-nin İnvest filialına xx.xx.2022-ci il tarixli ünvanladığı məktubdan görünür ki, ünvan 6da olan X10 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 125.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, X26 küçəsi, ev 88, mənzil 188 ünvanında qeydiyyatda olan Cavabdeh2 verilməsi üçün bankın AZ43MUGA**********00006AZM28 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli kassa məxaric çekinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən 125.000 manat məbləğində pul AZ43MUGA**********00006AZM28 nömrəli xüsusi depozit hesabından götürülmüşdür. İş materiallarında olan Yasamal rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının Bakı şəhər notariat kontoruna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, Cavabdeh2 müraciətinə əsasən Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlıların üstün mənafelərini nəzərə alaraq Cavabdeh2 tərəfindən övladları X13, X2 hər birinin ½ hissədə paylı mülkiyyətində olan Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 nömrəli evin 7-ci mənzilinin satılmasına etiraz etmir. xx.xx.2022-ci il tarixli ərizənin surətindən müəyyən olunur ki, X7 Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin ½ hissəsinə olan payını 125.000 manata Cavabdeh3 satılması barədə razılığa gəlmişlər. Bakı şəhəri Yasamal rayonu 19 saylı xüsusi notariusu tərəfindən "xxxx" ASC-nin İnvest filialına xx.xx.2022-ci il tarixli ünvanladığı məktubdan görünür ki, ünvan 6da olan X10 notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 125.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, X26 küçəsi, ev 88, mənzil 188 ünvanında qeydiyyatda olan Cavabdeh2 verilməsi üçün bankın AZ43MUGA**********00006AZM28 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli kassa məxaric çekinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən 125.000 manat məbləğində pul AZ43MUGA**********00006AZM28 nömrəli xüsusi depozit hesabından götürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfdən X23 arasında bağlanmış Podrat müqaviləsinin surətindən görünür ki, podratçı sifarişçiyə Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 nömrəli evin 7 saylı mənzilində əsaslı təmir işlərini yerinə yetirməyi, işləri başa çatdırmağı və Sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə görülən işin müqabilində razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür. Razılaşdırılma protokolundan görünür ki, həmin podrat müqaviləsi üzrə 70000 manat ilkin ödəniş edilmiş, qalıq 64000 manat borcun 24 ay müddətinə ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov küçəsi, 37 nömrəli evin 7 saylı mənzili hazırda Cavabdeh5 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 622794 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzili 290.000 manata Cavabdeh5 satmışdır. İş materiallarda olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elekton çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzil-yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi, 90, M5, m3 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh5 adına Daşınmaz Əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış müqavilə Mülki Məcəllənin 29.1ci maddəsinin tələblərinə zidd olaraq hər iki valideynin iştirakı olmadan təsdiq edildiyi üçün Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə nazirlik üzrə xx.xx.2022ci il tarixli əmrlə 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin ½ hissəsini oğlu X3, ½ hissəsini isə qızı X9 bağışlamışdır. Daha sonra X13 xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzilin X9 aid olan ½ hissəsini qızının adından 125.000 manata, xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzilin X3 aid olan ½ hissəsini oğlunun adından 125.000 manata Cavabdeh3 satmışdır. Cavabdeh3 isə sözügedən mənzili 622794 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 290.000 manata Cavabdeh5 satmışdır. Beləliklə məhkəmə araşdırması zamanı aydın olur ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov küçəsi, ev 37, 7 saylı mənzilin övladlarına aid hissələrini Cavabdeh3 satarkən şəxsən tək iştirak etmiş, yəni X7 və X6 ataları İddiaçı həmin alqısatqı müqavilələrinin bağlanması zamanı iştirak etməmişdir. Bununla da qanunvericiliyin tələbi pozularaq alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin bağlandığı Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu H.Hacızadə nazirlik üzrə xx.xx.2022-ci il tarixli əmrlə 1500 manat məbləğində cərimə edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” hisssəsində qismən təmin edilməli, X5 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və X13 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən bu Məcəllənin 29.2-ci maddəsində göstərilmiş əqdlər istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri, övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır 29.3-ci maddəsinə əsasən 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın əqdləri, o cümlədən müstəqil bağladığı əqdlər üzrə əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır, bu şərtlə ki, həmin şəxslər öhdəliyin onların təqsiri üzündən pozulmadığını sübuta yetirməsinlər. Qanuna uyğun olaraq bu şəxslər azyaşlıların vurduqları ziyan üçün də cavabdehdirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 344.1-ci maddəsinə əsasən bu Məcəllənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın (azyaşlının) bağladığı əqd etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə iddia tələbinin mənzillə bağlı cavabdehlər Cavabdeh3lə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin əqd əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə bildirir ki, məhkəmə baxışı zamanı aradırılmış sübutlarla cavabdehlər Cavabdeh3lə Cavabdeh5 arasında bağlanmış saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə riayət olunmaqla bağlanması təsdiq olunmuşdur. Məhkəmə işin göstərilən hallarına qiymət verərək hesab edir ki, Cavabdeh5 mənzili alarkən əvvəlki alqı-satqı müqavilələrinin qanunauyğun şəkildə bağlanmamasından xəbərsiz olmuş və qanuna uyğun şəkildə mənzili əldə etmiş, vicdanlı sahib olmuşdur. Məhkəmə iddianı təmin etməyərkən həm də, iş üzrə digər Cavabdeh5 hazırki iş üzrə vicdanlı əldə edən kimi qiymətləndirir və hesab edir ki, o mübahisəli mənzili əldə edərkən mülki qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. X11 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin həmin qərarda göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Beləliklə məhkəmə hesab edir ki, X5 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və X13 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) tətbiq edilməlidir. Belə ki, həmin müqavilələr etibarsız hesab edildikdən sonra ödənilmiş ümumilikdə 250.000 (125.000+125.000) (iki yüz əlli min) manat məbləğində pul 14 yaşına çatmayan uşaqların adından sözügedən alqı-satqı müqavilələrini imzalayaraq bağlamış - Cavabdeh2 alınaraq Cavabdeh3 qaytarılmalıdır. Pulun qaytarıldığı təqdirdə mənzilin qaytarılması zərurəti yaransa da sözügedən mənzil vicdanlı alıcı tərəfindən əldə edildiyindən mənzilin qaytarılması mümkün olmadığından, onun dəyəri pulla ödənilməlidir. Sözügedən mənzil Cavabdeh3 tərəfindən Cavabdeh5 290.000 manata satıldığından mənzilin dəyəri, 290.000 (iki yüz doxsan min) manat məbləğində pul Cavabdeh3 alınaraq X4 və X9 qaytarılmalıdır. Belə ki, sonuncu alqı-satqı müqaviləsindən də görünür ki, Cavabdeh3 mənzili 290000 manata Cavabdeh5 satmışdır. Məhkəmə hesab edir ki, qətnamə icraya yönəldilərkən ədalətin bərpa olması və hər hansı tərəfin hüququnun pozulması ilə nəticələnməsinin qarşısının alınması məqsədilə Cavabdeh2 250.000 (iki yüz əlli min) manat məbləğində pulun alınaraq Cavabdeh3 qaytarılması ilə Cavabdeh3 290.000 (iki yüz doxsan min) manat məbləğində pulun alınaraq X4 və X9 qaytarılması eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X5 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. X13 ilə Cavabdeh3 arasında bağlanılmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilələr üzrə ödənilmiş ümumilikdə 250.000 (125.000+125.000) (iki yüz əlli min) manat məbləğində pul Cavabdeh2 alınaraq Cavabdeh3 qaytarılsın. Cavabdeh3 290.000 (iki yüz doxsan min) manat məbləğində pul alınaraq X4 və X9 qaytarılsın. Cavabdeh2 250.000 (iki yüz əlli min) manat məbləğində pulun alınaraq Cavabdeh3 qaytarılması ilə Cavabdeh3 290.000 (iki yüz doxsan min) manat məbləğində pulun alınaraq X4 və X9 qaytarılması eyni vaxtda icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2961/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2961/2022
30.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver