Məhkəmə qərarları › İş №2(004)-2962/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2962/2025

18.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2962/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni plan ərazisində yerləşən fərdi evə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş xx.xx.2023-cü il tarixdə ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1551,90 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-560/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və mülki iş materialları xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin müvafiq qərardadı onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 Xaçmaz rayonu, İstisu qəsəbəsi, Yeni Plan ərazisində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı1 Bəhram oğlunun adına qeydiyyata alınmışdır. Abonentin saldosundan görünür ki, Elster G-4T Diafraqma adlı qaz sayğacı İddiaçı2 adına quraşdırılmışdır. Hal-hazırda da qaz sayğacı İddiaçı2 adınadır. Göründüyü kimi hazırki tələbə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə ərazi aidiyyəti məsələsinin həll edilməsi məqsədilə iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-ci maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2 -ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Mülki qanunvericiliyin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar isə iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, iş üzrə Cavabdeh hüquqi ünvanı Bakı Şəhəri Xətai Rayonu, Yusif Səfərov, ev 23, iş üzrə İddiaçı1 rəsmi qeydə alındığı ünvan Nizami, Bakı, Elşən Süleymanov küç., 114, 82, iş üzrə digər İddiaçı2 rəsmi qeydə alındığı ünvan isə Bakı Şəhəri, Yasamal Rayonu, X1, ev 33, mənzil 191a, giriş 3-dür. Göründüyü kimi, iş üzrə cavabdehin hüquqi ünvanı Xətai rayonu, iddiaçılardan birinin rəsmi qeydə alındığı ünvan Nizami rayonu, digər iddiaçının rəsmi qeydə alındığı ünvan isə Yasamal rayonudur. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi aidiyyət qaydalarına riayət etməklə işi öz icraatına qəbul etmişdir və işin başqa məhkəmədə baxılmağa verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hallar müəyyən olunmur. Beləliklə, məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar fikir ayrılığı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi məqsədi ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7 və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işin materialları ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilsin. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar