Məhkəmə qərarları › İş №2(004)-2993/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2993/2021

27.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2993/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh2 QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “kredit razılaşmalarının və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “kredit razılaşmalarının və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşması və bu razılaşma əsasında bağlanmış ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 QSC ilə Cavabdeh1 arasında 25 aprel 2014-cü il tarixli 05L000005310 saylı kredit xətti müqaviləsi bağlanmış, həmin müavilə əsasında Cavabdeh1 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən borcluya veriləcək məbləğ və miqdar ayrıca olaraq kredit razılaşmasıyla ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi ilə Cavabdeh1 ilə bağlanmış 25 aprel 2014-cü il tarixli 05R000010234 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə Cavabdeh1 Cavabdeh2 QSC-dən 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan başqa həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Cavabdeh2 QSC ilə bağladığı 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla yanaşı Cavabdeh2 QSC ilə İddiaçı1 və X5 arasında müvafiq olaraq 25 aprel 2014-cü il tarixli 05S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə həmçinin Cavabdeh2 QSC təşkilatı ilə İddiaçı1 arasında 24 aprel 2014-cü il tarixli, 05M000000883 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı1 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində istifadəsində olan 0,1192 ha torpaq sahəsində 3/33 nömrəli 5 mərtəbəli binada yerləşən 43,56 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 bir müddət Cavabdeh2 QSC-yə ödənişlər etsə də, sonradan üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə Cavabdeh1 banka ümumillikdə 92784,04 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh2 QSC Qaradağ rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1, İddiaçı1 və digərlərinə qarşı kredit müqaviləsi mrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qaradağ rayon Məhkəməsinin 15.09.2017-ci il tarixli 2(002)-2139/2017 saylı qətnaməsi ilə bankın iddiası təmin edilmiş və Cavabdeh1 və digər şəxslərdən 76396 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın İddiaçı1 mülkiyyətində olan mənzilə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Yalnız həmin qətnamənin icrası ilə əlaqədar icra şöbəsi evə gəldikdən sonra onlara məlum olmuşdur ki, Cavabdeh1 Cavabdeh2 QSC ilə bağladığı 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd etmişlər ki, onlar bu kreditin verilməsi ilə əlaqədar ipoteka müqaviləsi bağlanarkən yalnız 25 aprel 2014-cü il tarixli 05R000010234 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə Cavabdeh1 ‘Accessbank” QSC-dən 100000 ABŞ dolları məbləğində kredit götürülməsi barədə müqavilənin bağlanmasına razılıq vermişdirlər. Lakin 15.01.2015-ci il tarixli kredit nüqaviləsi onların razılığı və xəbəri olmadan bağlanmışdır. Yəni iddiaçılar 15.01.2015-ci il tarixli kredit müqaviləsinin bağlanmasına razılıq verməmişdirlər. İddiaçı2 27 aprel 2021-ci il tarixdə iddia təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmədən ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin üzərinə həbs qoyulması və həmin mənzilə dair müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2993/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilmiş, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər, Cavabdeh2 QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Mülki iş üzrə Cavabdeh2 QSC məhkəməyə 07.05.2021-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(004)- 2993/2021 saylı qərardadının ləğv olunması və iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli 2(103)- 5806/2021 saylı qərardadı ilə Cavabdeh2 QSC-nin şikayəti təmi edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2993/2021 saylı, 27 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə Cavabdeh2 QSC arasında bağlanmış 25.04.2014-cü il tarixli 05R000010234 saylı və 15 yanvar 2015-ci il tarixli, 005R********** saylı kredit razılaşmalarının etibarsız hesab edilməsi, Cavabdeh2 QSC ilə İddiaçı1 arasında bağlanmış 24.04.2014-cü il tarixli 05.M000000883 saylı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və Cavabdeh2 QSC X9 Ağa qızı arasında bağlanmış 25.04.2014-cü il tarixli, 05S**********01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 izahatında iddia tələbini müdafiə etmiş, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X3 izahatında iddia tələbini qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh2 QSC cavabdehlər Cavabdeh1, İddiaçı1, X4, İddiaçı2 və X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, İddiaçı1 və X2 müştərək qaydada 05R000010234 saylı kredit razılaşması üzrə 54139,61 ABŞ dolları məbləğində əsas borc, 7793,68 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 62033,29 ABŞ dolları məbləğində borc, 005R********** saylı kredit razılaşması üzrə 12684.98 dolları məbləğində əsas borc, 1627,91 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 14362,89 ABŞ dolları məbləğində borc, ümumilikdə cəmi 76396,18 ABŞ dolları məbləğində borc pul vəsaiti, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət və 21 manat xidmət haqqının tutularaq iddiaçı Cavabdeh2 QSC-nin xeyrinə ödənilməsi, Tutmanın cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X12 küçəsində istifadədə olan 0,1 192 ha torpaq sahəsində 3/33 nömrəli, 5 mərtəbəli binada yerləşən 43,56 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və tutulmalı məbləğin ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına iddiaçı "Accessbank” QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, İddiaçı1 və X2 ümumi qaydada tutularaq iddiaçı “Accessbank" QSC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu. X12 küçəsində istifadədə olan 0,1192 ha torpaq sahəsində , 3/33 nömrəli, 5 mərtəbəli binada yerləşən 43,56 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 35 nömrəli mənzilə yönəldildikdən və o, satıldıqdan 1 (bir) ay sonra İddiaçı1, İddiaçı2, X6 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3241/18 saylı, 04 may 2018-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Qərara əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1081/2021 saylı, 09.03.2021-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, İddiaçı1 hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçı daha sonra apelyasiya şikayəti vermiş, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1081/2021 saylı, 09.03.2021-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-566/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsinə əsasən görünür ki, İddiaçı1 cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 QSC-nə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5280/2020 saylı, 13.08.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1081/21 saylı, 09.03.2021-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13.08.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qaradağ Rayon Məhkəməsinin 8(002)-53/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsinə əsasən borclu İddiaçı1 qətnamənin icra edilməsinə möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan 139613 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X12 küçəsi, ev 3/33, mənzil 35 ünvanında yerləşən mənzilə Cavabdeh2 QSC-nin tam mülkiyyət payı tanınmışdır. İş materiallarında olan 25 aprel 2014-cü il tarixli, 05M000000883 nömrəli ipoteka müqaviləsinə əsasən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X12 küçəsi, ev 3/33, mənzil 35 ünvanında yerləşən mənzil ipoteka predmetidir. İpoteka predmetinin dəyəri 78508 manat məbləğində müəyyən edilmişdir. Kredit xəttinin məbləği ******* ABŞ dolları, müddəti isə 120 aydır. 23.04.2015-ci il tarixli, 35 nömrəli arayışa əsasən görünür ki, İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsindəki 3/33 nömrəli 5 mərtəbəli evin 35 saylı mənzilində yaşamışdır. 25.04.2014-cü il tarixli notariat kontoruna ünvanlanmış ərizəyə əsasən görünür ki, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsindəki 3/33 nömrəli 5 mərtəbəli evin 35 saylı mənzilin ipotekaya qoyulmasına etiraz etməmiş, ipotekaya qoyuluş əmlaka gələcəkdə ödəniş yönəldiyi halda həmin mənzili qeyd şərtsiz və məhkəmə qətnaməsi olmadan tərk edəcəyini qeyd etmişdir. 25.04.2014-cü il tarixli notariat kontoruna ünvanlanmış ərizəyə əsasən görünür ki, X10 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsindəki 3/33 nömrəli 5 mərtəbəli evin 35 saylı mənzilin ipotekaya qoyulmasına etiraz etməmiş, ipotekaya qoyuluş əmlaka gələcəkdə ödəniş yönəldiyi halda həmin mənzili qeyd şərtsiz və məhkəmə qətnaməsi olmadan tərk edəcəyini qeyd etmişdir. 25 aprel 2014-cü il tarixli, 05S000011611 nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı1 zamin qismində bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə, yuxarıda qeyd edilən məhkəmə aktlarına istinad edərək qeyd edir ki, tərəflər arasında bağlanmış mübahisələndirilən ipoteka müqaviləsinin qanuniliyinə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə artıq qiymət verilmiş, bu hissədə həmin məhkəmə aktları hazırkı mülki iş üçün predyusial əhəmiyyət daşıyır. Qaradağ Rayon Məhkəməsinin iddiaçı Cavabdeh2 QSC-nin cavabdhlər Cavabdeh1, İddiaçı1 Məmmədağa qızına, İddiaçı2, X4 və X7 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddiasının təmin olunması ilə bağlı qətnaməsi mövcuddur və qətnamə artıq qanuni qüvvəsini almışdır. İddia tələbi qismən təmin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-566/2020 saylı, 13.02.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 cavabdehlər "xxxx" MMC-nə və Cavabdeh2 QSC-nə, mübahisə predmeti barəsində cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Qətnamədən apelyasiya və kassasiya şikayəti verilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məsələyə artıq hüquqi qiymət verildiyindən iddiaçıların müqavilələri mübahisələndirməyə prosessual hüququ yoxdur. Bundan başqa, iddiaçı cavabdehlə onun arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə hesab edir ki, iddia digər tərəfdən ona görə rədd edilməlidir ki, iddiaçılar mövcud iddia tələbi üzrə kredit razılaşmalarının və zaminlik müqaviləsinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, əqdin etibarsız sayılmasına dair tələblər üzrə müddət şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlandığından, iddiaçılar kredit razılaşmalarının və zaminlik müqaviləsinin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində məhkəməyə müraciət etməli idi. Başqa sözlə, iddiaçılar kredit razılaşmalarını və zaminlik müqaviləsini istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirmək hüququna malik olmuşdur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçılar kredit razılaşmalarının və zaminlik müqaviləsinin bağlandığı vaxtdan keçən yeddi ilə yaxın müddət ərzində, eləcə də yuxarıda qeyd olunan əvvəlki məhkəmə mübahisələri üzrə işlərdə iddiaçı və cavabdeh kimi tərəf olaraq, mübahisənin mahiyətindən məlumatlı olduğu halda, bu müddət ərzində kredit razılaşmalarını və zaminlik müqaviləsini mübahisələndirməmiş, bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “kredit razılaşmalarının və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1 Məmməd qızının və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı “kredit razılaşmalarının və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar