Məhkəmə qərarları › İş №2(004)-2993/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2993/2025

01.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2993/2025 01.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilən doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi və anası X6r.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli arayışa əsasən X3 orta kəmağıllılıq və kobud davranış pozuntuları diaqnozu ilə birinci dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza X9 Şəxsinin xx.xx.2025-ci il tarixli, 2522 nömrəli ekspert rəyindən görünür ki, X1 ağır dərəcəli əqli gerilik müəyyən edilir. O, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyil. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar var.

Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizənin əsaslarına görə, onun X4 ilə birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X5 doğulmuşdur. Oğlu kənar şəxsin qulluğuna ehtiyac duyur. Oğlunun bütün ehtiyacları onun tərəfindən qarşılanır. Övladı xəstəlik ucbatından yalnız qala bilmir, özünə qulluq edə bilmir. Ona görə də, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

b) iddiaya qarşı etiraz

6. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

7. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir; Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2522 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X1 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyil. Psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar var.

14. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən X1 psixi xəstəliklər olduğu ekspert rəyi ilə öz təsdiqini tapır.

15. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

16. Məhkəmə qeyd edir ki, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və öz hərəkətlərini şüurlu idarə edə bilməməsi ərizəçinin izahatı, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına kifayət qədər əsaslar vardır. Odur ki, ərizə təmin edilərək X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

17. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 30 mart 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar