Məhkəmə qərarları › İş №2(004)-3004/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3004/2024

04.09.2024 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3004/2024 04.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ cəlb edilməklə “moped tipli nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması və nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ cəlb edilməklə “moped tipli nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması və nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi 2018-ci ilin may ayında “Sədərək” Ticarət Mərkəzindən şəxsi istifadəsi üçün Çin istehsalı “Jonway Twister” markalı moped tipli nəqliyyat vasitəsi almışdır. Mopedi alan zaman əldə etdiyi məlumata əsasən mühərrik həcmi 49cc olduğundan həmin dövrün qanunvericiliyinə əsasən bu tip modellərin sənədləşməyə ehtiyacının olmaması əsası ilə hər hansı sənəd (gömrük orqanlarının verdiyi icazə sənədi və s. daxil olmaqla) ona verilməmişdir. 1 avqust 2023-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən sözügedən mopedin qeydiyyata alınması zərurəti yaranmışdır. Bu səbəbdən, ərizəçı hazırda sözügedən nəqliyyat vasitəsini idarə edə bilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ sözügedən mopedi dövlət qeydiyyatına almaqdan imtina edir. Göstərilənlər nəzərə alınmaqla ərizənin təmin edilməsi xahiş edilir. Ərizəçi məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarına “Jonway Twister” markalı moped tipli nəqliyyat vasitəsinin fotoşəkilləri və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin imtina məktubu əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.1 hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Ərizəçi 2018-ci ilin may ayında “Sədərək” Ticarət Mərkəzindən şəxsi istifadəsi üçün Çin istehsalı “Jonway Twister” markalı moped tipli nəqliyyat vasitəsi almışdır. Mopedi alan zaman əldə etdiyi məlumata əsasən mühərrik həcmi 49cc olduğundan həmin dövrün qanunvericiliyinə əsasən bu tip modellərin sənədləşməyə ehtiyacının olmaması əsası ilə hər hansı sənəd (gömrük orqanlarının verdiyi icazə sənədi və s. daxil olmaqla) ona verilməmişdir. 1 avqust 2023-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən sözügedən mopedin qeydiyyata alınması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ sözügedən mopedi dövlət qeydiyyatına almaqdan imtina edir. Göstərilənlərin həqiqiliyi məhkəmə tərəfindən prezumsiya (əksi sübut olunmadığından) olaraq qəbul edilir. Məhkəmə nəzərə alır ki, ərizəçi sözügedən daşınar əşyaya 5 ildir ki, fasiləsiz olaraq sahiblik edir. Həmçinin, qanunvericiliyin göstərilən tələbinə əsasən nəqliyyat vasitələrinin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı olan BDYPİ tərəfindən aparılır. Lakin, məhkəmə qeyd edir ki, mülki prosessual icraat çərçivəsində BDYPİ-nin publik (inzibati, hakimiyyət xarakterli) funksiyaları ilə bağlı sonuncunun üzərinə hər hansı öhdəlik qoyulması yolverilməzdir. Sözügedən tələb yalnız inzibati məhkəmə icraatı çərçivəsində həyata keçirilə bilər. Çünki sözügedən orqan inzibati orqan olmaqla iddia tələbinin predmeti sırf həmin orqanın inzibati funksiyaları ilə bağlı münasibətlərə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, BDYPİ iddia tələbi üzrə cavabdeh qismində yox, maraqlı şəxs qismində qoyulmuşdur. Maraqlı şəxsin üzərinə hər hansı vəzifə, öhdəlik qoyulması yolverilməzdir. Buna baxmayaraq məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi BDYPİ-nə münasibətdə sözügedən mopedin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, sözügedən nəqliyyat vasitəsinə dair hər hansı hüquq müəyyən edici sənəd olmadığından hazırki tələbə inzibati icraat qaydasında deyil, məhz mülki icraat qaydasında baxılmalıdır. Belə ki, mopedə hüquq müəyyən edici sənəd (müqavilə, gömrük sənədi və s.) mövcud olmadığından BDYPİ-nin qeydiyyatla bağlı müvafiq imtina qərarı əsaslı hesab edilə bilər. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Ərizəçi Çin Xalq Respublikası istehsalı “Jonway Twister” markalı moped tipli nəqliyyat vasitəsə mülkiyyət hüququ tanınmalı, məhkəmə qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə münasibətdə nəqliyyat vasitəsinin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ cəlb edilməklə “moped tipli nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması və nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi öhdəliyinin maraqlı şəxsin üzərinə qoyulması” tələbinə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi Çin Xalq Respublikası istehsalı “Jonway Twister” markalı moped tipli nəqliyyat vasitəsinə mülkiyyət hüququ tanınsın. Qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə münasibətdə nəqliyyat vasitəsinin qeydiyyata alınması üçün hüquqi əsas kimi çıxış etsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar