Məhkəmə qərarları › İş №2(004)-301/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-301/2023

13.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-301/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı X3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 19 saylı Notariat Ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 19 saylı Notariat Ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 115F nömrəli bağ evinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanması barədə Bakı şəhəri 19 saylı Notariat Ofisində bağlanmış 4Ə-479 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 115F nömrəli bağ evinin və 0,061 ha torpaq sahəsinin 2/3 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideyinləri Azərbaycanlı olmaqla Rusiya Federasiyasında yaşayır və oranın vətəndaşıdırlar. İddiaçı xx.xx.1998-ci ildə Rusiya Federasiyasında anadan olmuş və orada təhsil almışdır. Azərbaycan dilini valideyinlərindən öyrənmiş və ara-sıra qohumlarına baş çəkmək üçün Azərbaycana gəlibgetmişdir 2017-ci ildə atası ilə birlikdə Azərbaycana gələrək adına Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park" yaşayış kompleksində ev almaq qərarına gəlmişlər. Ev almaq üçün bir neçə alğı-satqı ofisinə getmişlər. Cavabdeh1 ev alğı-satqı ofisində işləmiş və onlara münasib qiymətə ev ala biləcəyinə söz vermişdir. Onlar birlikdə "AAAF Park" yaşayış kompleksindəki təklif edilən evə baxmışlar qiymət onları qane etdiyindən almışlar. Bu zaman 1-ci Cavabdeh1 iddiaçının telefon nömrəsini götürmüş və onlar bir müddət yazışdıqdan sonra ailə həyatı qurmuşlar. xx.xx.2020-ci il tarixdə 3 Saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikah rəsmi qeydə alınmışdır. Birgə nikahdan 1 övladları - xx.xx.2020-ci il təvəllüdlü X2 vardır. Əvvələr münasibətləri yaxşı olsa da son zamanlar aralarında müxtəlif zəminli mübahisələr olmuş və Cavabdeh1 dəfələrlə iddiaçıya qarşı şiddət tətbiq etmişdir. İddiaçının valideyinləri həmişə onlara maddi kömək etmişdir. Nikahda olduqları dövrdə iddiaçının anası “Zolotaya Korona” adlanan pul transferi tətbiqi vasitəsi ilə dəfələrlə iddiaçının yoldaşının, yəni cavabdehin adına pul köçürmüşdür. Birgə nikah dövründə əldə edilmiş vəsait hesabına ünvan 1 ünvanında ev tikmişlər. Evin tikintisi üçün pulunun bir hissəsi iddiaçının valideyinləri, (təxminən 38.000 manat və 10.000 ABŞ dolları köçürmə yolu ilə) və iddiaçının ‘'AAAF Park" yaşayış kompleksindəki evi sataraq satışdan əldə edilmiş pulla tikilmişdir. Aralarında olan mübahisədən sonra iddiaçı qəti olaraq Cavabdeh1 boşanmaq qərarına gəlmişdir və xx.xx.2022-ci il tarixdə vəkilə müraciət edərək müqavilə bağlamışdır. Daha sonra yoldaşı iddiaçını fikirindən yayındırmaq üçün çox cəhdlər edib və qurana and içərək pis vərdişlərindən uzaq duracağına, ailəsinə sadiq olacağına and içərək iddiaçını inandırmışdır. Bundan bir neçə həftə sonra yenə aralarında mübahisə olmuş və iddiaçı qəti olaraq boşanmaq qərarına gəlmişdir. Vəkilə müraciət edərək mediasiya qaydasında Cavabdeh1 xx.xx.2022-ci il tarixdə nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi ilə bağlı təklif göndərmişdir. Həmin təklifi cavabdeh almış, bununla bağlı danışıqları olmuş, iddiaçı ona bundan əvvəl ona dedikləri fikirlərini bir daha təkrar edərək nikahlarına xitam verilməsi, uşağın iddiaçının himayəsində qalması, uşağın saxlanılması üçün aliment tələbi, həmçinin birgə nikah dövründə əldə etdikləri əmlakların qanunvericiliyə uyğun şəkildə bölünməsi barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh bununla bağlı razılığa gələcəyini bildirərək görüşüb məsələni müzakirə etməyi bildirsə də, bu haldan sui-istifadə edərək birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yerləşən bağ evini öz anasına digər Cavabdeh2 xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi ilə bağışlamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, iddiaçı 1-ci Cavabdeh1 subay vaxtı “AAAF Park" yaşayış kompleksindəki evin alğı-satqısı zamanı verdiyi ümumi etibarnamə əsasında iddiaçının adından sui-istifadə edərək şəxsi razılığı olmadan iddiaçının adından Cavabdeh2 bacısının əri X5 verərək sonuncunun iddiaçının adından notarial ərizə ilə guya evin satılmasına, bağışlanmasına razılıq vermişdir. İddiaçı həmin etibarnamənin mövcudluğunu belə unutmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 iddiaçının mediasiya müraciətinə cavab verərək nikahın pozulması, aliment və uşağın ananın himayəsində qalmasına razı olduğunu, lakin birgə nikah dövründə əldə edilmiş əmlakın olmadığını bildirərək o hissədə iddianı qəbul etmədiyini bildirmişdir. Bu cavab məktubundan sonra iddiaçı Cavabdeh1 ilə əlaqə saxlayarkən o, evi 19 saylı notariusda anasına bağışladığını bildirmişdir. İddiaçı etirazını bildirdikdə o heç nə edə bilməyəcəyini, evin anasının olduğunu bildirərək iddiaçı ilə əlaqəni kəsmişdir. Cavabdeh nikahdan əvvəl iddiaçının Azərbaycan Respublikasının qanunlarını bilməməsindən istifadə edərək ev alğı-satqısı ilə məşğul olan zaman ona verdiyi etibarnamədən iddiaçının əleyhinə istifadə edərək birgə mülkiyyət hesab olunan əmlakı iddiaçının razılığı olmadan öz anasının formal olaraq bağışlamışdır. Bu hal isə qanuni hesab oluna bilməz. Belə ki, iddiaçının cavabdehlə boşanmaya dair qərar verdiyi halda sonradan öz evini onun anasına bağışlamağa razı olması inandırıcı deyildir. Qeyd etdiyi kimi, cavabdeh iddiaçının ona verdiyi ümumi etibarnamə əsasında öz şəxsi maraqlarına çatmaq üçün evi anasına bağışlamışdır. Bu hal isə iddiaçının artıq boşanma üçün vəkilə müraciət etdiyi vaxtdan 17 gün sonra mediasiya təklifindən 2 gün öncə olmuşdur. Bu hal iddiaçını və qızını mülkiyyət hüquqlarından məhrum edir. İddiaçının bu şəkildə uşağını gələcək təminatlarından məhrum etməyə yönələn hərəkətlər etməsi real deyildir. Sözügedən rəsmiləşdirmələri aparan, 19 saylı notariat kontorunun notariusu Cavabdeh1 dostu olaraq bütün əməliyyatları onun marağını üstün tutmaqla onların mənafeyinə uyğun hərəkət etmişdir. Etibarnamə verilmiş şəxsin buna olan güvən və etimada zidd şəkildə öz xeyrinə etibar edənin səlahiyyətlərindən istifadə etməsi hüquqdan sui-istifadədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, tərəflər 2017-ci ildə cavabdehin vasitəçiliyi ilə mənzilin alqı-satqısını həyata keçirdikdən sonra mehriban münasibətləri yaranmışdır. İddiaçının valideynlərinin bu münasibətin əleyhinə olması səbəbindən iddiaçı 2018-ci ilin mart ayında ailə qurmaq niyyəti ilə cavabdehlə birlikdə valdeynləriylə yaşadığı Rusiya Federasiyasında yerləşən evini tərk edərək Bakı şəhərinə gəlmişdir. Onlar həmin vaxtdan faktiki olaraq birgə yaşamışlar, yalnız 2020-ci ilin fevral ayında rəsmi nikaha daxil olmuşlar. Belə ki, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, iddiaçı xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il tarixədək olan dövrlər ərzində Cavabdeh1 atasının mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşdür. Həmin mənzildə cavabdehlər hazırda da qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı reallıqda həmin ünvanda qeydiyyata düşməsinə baxmayaraq Cavabdeh1la birlikdə mehriban ailə kimi yaşamış və hətta səyahətlərə getmişlər. 2018-ci ilin mart ayında iddiaçı 2017-ci ildə valdeynlərinin onun adına aldığı “AAAF Park" yaşayış kompleksindəki mənzilin alqı-satqısını həyata keçirməsi üçün Cavabdeh1 etibarnamə vermişdir. Belə ki, o, Saməddinlə ailə münasibətlərində olduğundan sonuncu ona mentaliteti əsas gətirərək alqı-satqıda iştirak etməsini istəməmişdir. Mənzil satıldıqdan qısa müddət sonra isə Saməddinin adına torpaq sahəsi alınmış və fərdi yaşayış evinin tikintisinə başlanmışdır. Mənzilin satışından əldə edilmiş vəsait torpağın alınmasına və evin tikilməsinə sərf edilmişdir. Bundan başqa iddiaçının valideynlərinin “Zolotaya Korona” adlanan pul transferi tətbiqi vasitəsi ilə müxtəlif vaxtlarda cavabdehin adına köçürdüyü 38.000 manat və 10.000 ABŞ dollar pul vəsaiti də mübahisəli fərdi yaşayış evinin tikintisinə sərf edilmişdir. Mübahisəli ev cavabdehin adına mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Belə olan halda həmin ev birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməlidir. Tərəflərin xx.xx.2022-ci il tarixdə münasibətləri pozulmağa başlamış və iddiaçı boşanma üçün sənədlərin hazırlanmasından ötrü vəkil olaraq ona müraciət etmişdir. Mediasiya ilə bağlı verilmiş təklifə cavabdehin verdiyi cavab məktubundan sonra məlum olmuşdur ki, o, iddiaçının onun ailə qurmamışdan öncə mülkiyyətində olan mənzilin satışı üçün verdiyi etibarnamədən istifadə edərək birgə vəsait hesabına tikilmiş fərdi yaşayış evini anasının adına formal bağışlama müqaviləsi əsasında rəsmiləşdirmişdir. Etibarnamə mübahisəli mənzillə bağlı verilməmiş, həmin vaxt faktiki ailə olduqlarından cavabdehə etibar etmiş, etibarnaməni verərkən oxumamış, həmin vaxt Azərbaycan dilini mükəmməl bilmədiyindən imza edərkən adını kiril qrafikası ilə qeyd etmişdir. Dolayısı ilə iddiaçının qeyd olunan bağışlama müqaviləsinə faktiki olaraq razılığı olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 izahatında bildirmişdir ki, nümayəndə və vəkilinin dediklərini təsdiq edir. Belə ki, o, 2018-ci ilin mart ayında valideynlərinin razılığı olmadan Rusiya Federasiyasından cavabdehlə birlikdə ailə qurmaq məqsədilə Bakı şəhərinə gəlmişdir. Rusiya vətəndaşı olduğu üçün cavabdehlə birgə 3 aydan bir ölkəyə giriş-çıxış etmişdir. Daha sonra valideynləri ilə barışıq olmuş və onlar xx.xx.2020-ci il tarixdə adət-ənənəyə uyğun olaraq toy məclisi təşkil etmişlər. xx.xx.2020-ci il tarixdə isə rəsmi nikaha daxil olmuşlar. Lakin 2018-ci ildən faktiki bir yerdə yaşayırlar. İddiaçı verilmiş suala cavab olaraq bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə cavabdehə etibarnamə verərkən niyyəti valideynlərinin ona ailə qurmamışdan öncə hədiyyə olaraq aldığı mənzilin alğısatqısını həyata keçirmək üçün sənədləşmə işlərinin aparılması idi. Yəni, "xxxx" MMC-də yerləşən evin alğı-satqısı üçün vermişdir, etibarnamə ilə onun adına olan evi satmış və o, 10 illik etibarnamə vermiş olduğunu bilməmişdir. Çünki cavabdeh ona demişdir ki, "xxxx" MMC-də dostları var və ona deyəcəklər ki, arvadı ona inanmır. Etibarnaməni konkret olaraq adına olan mənzilin satışı üçün vermişdir. Saməddinə inamı olduğundan o, etibarnamənin məzmununa və müddətinə baxmadan imzalamışdır. Valideynləri ona mənzili 49.500 manata almasına baxmayaraq niyyətləri mübahisəli torpaq sahəsini almaq olduğundan daha aşağı qiymətə, yəni 44.000 (qırx dörd min) manata satmışlar. Əldə edilmiş vəsaitin 30.000 manatı müqabilində Goradildə yerləşən mübahisəli torpaq sahəsini almışlar. Qalan vəsaiti isə evin tikintisinə və digər xərclərinə sərf etmişlər. Torpaq sahəsinin alğı-satqısında cavabdeh özü iştirak etdiyindən pul vəsaitinin necə ödənilməsi və satıcının kimliyi və s. barədə məlumatı olmamışdır. Həmin torpaq sahəsində mübahisəli fərdi yaşayış evinin tikintisinə 2019-cu ilin fevral ayında başlanılmış, 2021-ci ilin may ayında artıq ev hazır vəziyyətdə olmuş və təmizlik işləri görülərək evə köçmüşlər. İddiaçı mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin birgə təsərrüfat nəticəsində əldə edilməsini onunla izah etmişdir ki, faktiki ailə münasibətlərində olduqları müddət ərzində onun valideynlərinin “Zolotaya Korona” adlanan pul transferi tətbiqi vasitəsilə köçürdükləri pul vəsaitləri, toyda alınmış qızılların satılması nəticəsində əldə edilmiş vəsait, toy məclisindən sonra hədiyyə olaraq toplanılmış pul vəsaiti, nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinin satışından əldə edilmiş pul vəsaiti və s. evin tikintisinə sərf edilmişdir. “Zolotaya Korona” adlanan pul transferi tətbiqi vasitəsilə göndərilən pul vəsaitlərinə dair çıxarış təqdim etməsinə baxmayaraq, digər vəsaitlərlə bağlı sübut təqdim edə bilmir. İddiaçı, həmçinin bildirmişdir ki, birgə yaşadıqları müddət ərzində Cavabdeh1 makler fəaliyyəti ilə məşğul olduğundan nikahdan öncə öz vəsaiti hesabına aldığı mənzili onun razılığı ilə 2021-ci ildə 53.000 (əlli üç min) manata satmışdır. Həmin vəsait də evə sərf edilmişdir. Bundan başqa cavabdehə məxsus olmuş qarajın icarəsindən əldə edilən aylıq 250 manat, foto kimi fəaliyyət göstərən obyektdən əldə edilmiş vəsait, valideynlərinin göndərdiyi vəsait ailənin maddi dolanışığına sərf edilmişdir. Hətta atası Rusiya Federasiyasından 3 aydan bir gəlib onlara maddi köməklik etmişdir. Tikinti Saməddinin adına olan avtomobilin satışı, valideynlərinin göndərdiyi pul vəsaiti, Saməddinin makler fəaliyyəti ilə bağlı digər mənzillərin alğı-satqısından əldə edilən gəlirlər, Saməddinin öz adına olan evi 53.000 manata satması hesabına əldə edilən pul vəsaiti, valideynlərindən aldığı 19.000 manat, xalasından aldığı 9.000 manat və baldızından aldıqları 30.000 manat pul vəsaitləri hesabına həyata keçirilmişdir. Cavabdeh1 2021-ci ildə satdığı evin pulu ilə bacısından aldığı pulu qaytarmış və qalan məbləğə hazır biznes almışdır. Baldızından alınmış borc qismən qaytarılmış və 7.000 manat qalıq qalmış, valideynlərinin borcu isə geri qaytarılmamışdır. Ümumilikdə isə mübahisəli torpaq sahəsinin alınması və fərdi yaşayış evinin tikintisinə 350.000 manat vəsait sərf edilmişdir ki, həmin vəsaitin 120.000 manat hissəsi onun şəxsi vəsaiti olmuş, qalan hissəsi isə Cavabdeh1 məxsus olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarında müəyyən etdiyi hüquqi mövqeyinə görə əmlakın ər arvadın birgə mülkiyyəti sayılması üçün 2 şərt lazımdır. Birincisi birgə nikah dövründə əldə edilməlidir, ikincisi birgə təsərrüfat nəticəsində əldə edilmiş gəlirlər hesabına əldə edilməlidir. Mübahisəli torpaq sahəsi 2018-ci ilin dekabr ayında cavabdehin adına alınmışdır, həmin vaxt isə tərəflər arasında nikah olmamışdır. 2019-cu ilin fevral ayında tikintiyə başlanmış, tikinti artıq toy olana qədər yekunlaşmışdır. Evin tikintisinə sərf edilən pullar Səməddinin bacısından aldığı və özünün qazandığı pullardır. Birgə nikah dövründə təmir işləri olmamışdır. İddiaçının valideynlərinin göndərdiyi pul vəsaitləri evin tikintisinə xərclənməmişdir. Saməddin “Zolotaya Korona” adlanan pul transferi tətbiqi ilə göndərilən pulları iddiaçıya vermiş və iddiaçı bildirmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün onun adına pul göndərmək olmur. Bunun üçün Saməddinin adına göndərilmişdir. Onda olan məlumata görə iddiaçı həmin pul vəsaitlərini rayonda yaşayan qohumlarına göndərmişdir. 2020-ci ilin yanvar ayında qaz xəttinin istismara qəbul aktı vardır. “Azəriqaz” İB ev hazır olmayanda qaz xətti çəkmir. Qaz xəttinin çəkilişi zamanı ev artıq hazır olmuşdur. Ev birgə vəsait hesabına tikilməmişdir. İddiaçının evinin satılması həmin vəsaitin tikintiyə xərclənməsi demək deyildir. Bu yalnız ehtimaldır və buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Eləcə də “Zolotaya Korona” adlanan pul transferi tətbiqi vasitəsilə göndərilən və iddiaçının evinin satışından əldə edilən pulların tikitiyə sərf edilməsi sadəcə ehtimallardır. "xxxx" MMC-də mənzil alğı-satqısı ərizənin alınması ilə rəsmiləşdirilir. Bunun üçün etibarnaməyə ehtiyac yoxdur. Hazırki etibarnamə isə 10 il müddətinə verilmişdir. İddiaçının aldadıldığına dair sübutu yoxdur. Bağışlama rəsmiləşəndə notariat qaydaları pozulmamışdır. İddiaçı etibarnaməni vaxtında ləğv edə bilərdi. Suala cavab olaraq bildirir ki, Saməddinin öz evi olduğu üçün anasına bağışlamışdır. Bağışlama mediasiyadan 2 gün öncə olmuşdur. Notariusda necə deyilibsə, elə də olmuş, Raminin bağışlaması məsələsi əvvəlcədən düşünülməmişdir. 10 dekabr 2021-ci il tarixli çıxarışla bağlı bildirir ki, mübahisəli torpaq sahəsi və ev birgə gəlir və birgə nikah dövründə əldə edilməmişdir. Etibarnamə gələcəkdə hansısa hərəkəti edəndə iddiaçının iştirak etməməsi üçün verilmişdir. Səbinənin pulları nəyə xərclədiyini Saməddin bilmir. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş X9 öz ifadəsində bildirmişdir ki, o, fərdi qaydada evin tikintisi ilə məşğul olur və mübahisəli fərdi yaşayış evi onun tərəfindən inşa edilmişdir. Belə ki, evin tikintisinə 2019-cu ilin fevral ayında başlanılmış və təxminən 5 aya yaxın davam etmişdir. O, bünövrədən mansarda qədər evin daş və kərpicdən ibarət hörgü işlərini görmüşdür. Həmin dövrdə iddiaçını orada görməmişdir. O, cavabdehlərin evində təmir bitdikdən sonra kirayə qalmışdır. Ev mansardla bərabər 3 mərtəbədən ibarət olmuşdur. İddiaçını tikinti ilə bağlı maraqlanan görməmişdir. O, cavabdehlərin evində kirayə qaldıqdan sonra iddiaçını görmüşdür. Görülən işlərin haqqını sifarişçi olaraq Saməddin ona ödəniş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, cavabdeh Saməddin onun qardaşıdır. İddiaçı ilə cavabdeh birinci qaçmışlar, sonra toy olmuşdur. Toy 2020-ci ilin yanvar ayında olmuşdur. O, valideynləri ilə Rahib Tağıyev küçəsində yaşayır. İddiaçının isə onların evinə qeydiyyatından xəbəri yoxdur. Suala cavab olaraq bildirir ki, Saməddinə 30.000 borc vermişdir, 3.000 (üç min) manat hissəsini Saməddin ona yaxın günlərdə qaytarmış, hazırda 27.000 (iyirmi yeddi min) manat qalıq borc qalmışdır. Mübahisəli evin hansı vəsait hesabına inşa edilməsini bilmir. İddiaçı toydan sonra təxmini 1 il onlarla birlikdə qalmışdır. Evin nikahdan öncə və ya sonra tikilməsini bilmir. İddiaçı ilə 2019-cu ildə tanış olmuşlar, həmin vaxt Saməddin ona iddiaçını sevdiyi qız kimi təqdim etmişdir. Tərəflər həmin vaxt nikahda olmamışlar. O, iddiaçını tanıdıqdan sonra pulu qardaşına borc vermişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 389442 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh1 ilə X6 xx.xx.2020-ci il tarixdə rəsmi nikah bağlamışlar. Nikandan sonra ərə Zeynalov, arvada Zeynalova soyadı verilmişdir. İş materiallarında olan satıcı qismində X7 ilə alıcı qismində Cavabdeh1 arasında notarial qaydada bağlanmış AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, satıcı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsində qüvvədə olan tikinti və norma və qaydalarına razılaşdırılmış eskiz layihə əsasında aparılması və tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlınılması, qanunvericiliklə müəyyən edilmiş qonşuluq riayət edilməsi şərti ilə tikinti işlərinin aparılmasına razılıq verilmişdir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli məktubuna əsasən müəyyən edilir ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsində tikintisi davam edən bağ evində təqdim edilən layihə əsasında əlavə mansard mərtəbəsinin tikintisinə etiraz edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 190,3 m2 olan bağ evi və 0,0610 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan hədiyyə verən qismində Cavabdeh1 ilə hədiyyə alan qismində Cavabdeh2 arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən hədiyyə verən tam pay hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 190,3 m2 olan bağ evini hədiyyə alanın mülkiyyətinə vermişdir. İş materiallarında olan X6 tərəfindən notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, o, əri Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən bağ evinin və 0,061 ha torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. X15 adından etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən imzalanmışdır. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışa əsasən X6 tərəfindən Cavabdeh1 ona məxsus bütün əmlak və hüquqların həyata keçirilməsi barədə səlahiyyətləri, həmçinin səlahiyyətlərin digər şəxsə verilməsi barədə xx.xx.2018-ci il tarixli etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İşin halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh1lə xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Hazırda mübahisə predmeti olan bağ evinin yerləşdiyi torpaq sahəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən alınmışdır. Torpaq sahəsində tikilmiş bağ evi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli notarial qaydada bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən digər Cavabdeh2 bağışlanılmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, 175F nömrəli bağ evinin birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə edildiyini bildirərək xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini, çıxarışın ləğv edilməsini və həmin bağ evinə birgə nikah dövründə əldə edilmiş əmlak kimi 2/3 hissədə payının müəyyən olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı Cavabdeh1la xx.xx.2020-ci il tarixdən rəsmi nikaha daxil olmalarını baxmayaraq, 2018-ci ildən faktiki ailə münasibətlərində olmaqla birgə təsərrüfat aparmalarına istinad edir. Lakin iş materialları ilə tərəflərin faktiki olaraq 2018-ci ildən ailə qurmaqla birgə təsərrüfat aparması sübut olunmur. Həmçinin iddiaçı xx.xx.2018-ci ildən Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında qeydiyyata alınmasını Cavabdeh1la həmin ildə ailə qurmasının sübutu kimi təqdim etsə də, məhkəmə hesab edir ki, şəxsin hər hansı ünvanda qeydiyyata alınması mülkiyyət hüququ yaratmadığı kimi, qohumluq əlaqəsinin, həmçinin birgə nikah dövrü olmasının sübutu kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı həmin ünvanda daimi olaraq qeydiyyatda qalmamış, daha sonra xx.xx.2018-ci il tarixdən Tovuz rayonu, Sarıtala ərazi dairəsi, Çobansığnaq kəndində qeydiyyata alınmışdır. Məhkəmə rəsmi nikahın xx.xx.2020-ci il tarixdə bağlandığını əsas götürərək qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində mübahisəli fərdi yaşayış evinin tikintisinə isə Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən həmin tarixdən razılıq verilmişdir. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evi birgə nikah dövründə, eləcə də birgə təsərrüfat və Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş əmlakı kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş 2019-cu il tarixli izahat və cizgilərin surətindən müəyyən edilir ki, Abşeron rayonu, Goradil kəndində yerləşən və Cavabdeh1 adına olan fərdi yaşayış evinin qazlaşdırılması həyata keçirilmiş və qaz kəməri quraşdırılmışdır. Buradan görünür ki, ev 2019-cu ildə artıq hazır vəziyyətdə olmuşdur. Məhkəmə ümumi sahəsi 190 m2 olan bağ evinin tam hazır vəziyyətə gətirilməsi üçün 1 ildən az bir müddəti ağlabatan hesab etmir. Bundan başqa, iddiaçı özü də etiraf edir ki, Cavabdeh1 öz mülkiyyətində olan evləri satmış və borc almış, bununla da həmin evi tikmişdir. İddiaçının borc alması məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə də öz təsdiqini tapır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Rusiya Federasiyasında yaşayan anası tərəfindən evin tikintisi xərcləri üçün təxminən 38000 manat məbləğində pul göndərildiyini bildirsə də, məhkəmə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək X11 tərəfindən Cavabdeh1 adına pul göndərilməsi barədə sənədləri mötəbər sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilmiş həmin sənədlər hər hansı səlahiyyətli orqan və ya qurum tərəfindən təsdiq edilməmişdir. Buna baxmayaraq cavabdehlərin nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında iddiaçının ailəsi tərəfindən onun adına pul göndərildiyini etiraf etmişdir. Lakin bunu onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmadığından onun adına pul göndərmək mümkün olmamışdır. Bu halda məhkəmə qeyd edir ki, cavabdehə iddiaçının ailəsi tərəfindən pul göndərilsə də məhz həmin pulun mübahisə predmeti olan evin tikilməsinə xərclənməsi sübut olunmur. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, mübahisə predmeti olan əmlak birgə nikah dövründə və birgə gəlirlər hesabına əldə edilməmişdir. Məhkəmə qeyd olunanlarla yanaşı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından ayıdın olur ki, iddiaçı tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2018-ci il tarixli etibarnamə əsasında o, səlahiyyətlərini digər şəxsə (Cəlilov Ramin) etibar etmiş və bağışlanma müqaviləsinə etiraz edilməməsi barədə ərizə də həmin etibarnamə əsasında məhz Cəlilov Ramin tərəfindən imzalanmışdır. Lakin nikahın pozulması barədə mediasiya sessiyası zamanı Cavabdeh1 mediasiya təklifinə birgə nikah dövründə əldə edilmiş əmlakın olmaması barədə cavab verməsindən (xx.xx.2022) dərhal sonra, yəni xx.xx.2022ci il tarixdə iddiaçının müraciətinə əsasən həmin etibarnaməyə xitam verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş AR Dövlət Miqrasiya Xidməti X1 Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı, passport və tikinti materiallarına xərclərin siyasının surəti məhkəmə baxışı təyin edildikdən sonra verildiyindən sübut kimi qəbul edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsində əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (146.2) Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri 19 saylı Notariat Ofisi cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və birgə nikah dövründə əldə edilmiş əmlaka payın müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar