Məhkəmə qərarları › İş №2(004)-3025/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3025/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3025/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 14.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 25.12.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35200 olan “iPhone XS” markalı telefon üçün 2126 manat ödənilməmiş hissə, 620 manat dəbbə olmaqla ümumilikdə 2746 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında 25.12.2018-ci il tarixli, 00436195 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh isə müqavilələrin şərtlərini pozaraq müqavilə üzrə nəzərdə tutulmuş ödənişləri vaxtında etməmiş və nəticədə 2746 manat borcu yaranmışdır. Ümumilikdə isə cavabdeh 1498 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçınını nümayəndəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.12.2018-ci il tarixli, 00436195 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********35200 olan “iPhone XS” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 25.12.2018-ci il tarixli, 00436195 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 3624 manat təşkil edir və aylıq 188 manat olmaqla 18 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 05.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdehnun 25.12.2018-ci il tarixli, 00436195 nömrəli alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 3624 manat olan əsas borcdan 2126 manat ödənilməmiş hissə, 620 manat cərimə, cəmi 2746 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 25.12.2018-ci il tarixli, 00436195 saylı müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25.12.2018-ci il tarixli, 00436195 saylı müqavilə üzrə 2126 manat əsas borc, 100 manat dəbbə borcu olmaqla, ümumilikdə 2226 (iki min iki yüz iyirmi altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 25.12.2018-ci il tarixli, 00436195 saylı müqavilə üzrə 2126 manat əsas borc, 100 manat dəbbə borcu olmaqla, ümumilikdə 2226 (iki min iki yüz iyirmi altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar