Məhkəmə qərarları › İş №2(004)-3042/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3042/2022

23.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3042/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Əliyeva (Məmmədova) İradə Əli qızının nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əliyeva (Məmmədova) İradə Əli qızının cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Məmmədova) İradə Əli qızı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən 2001-2004-cü illər üçün əsassız olaraq ona hesablanmış 2764,56 manat borcun ödəmə vaxtı keçdiyinə görə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında onun adına olan işıq sayğacı üzrə hesablanan pul məbləğini mütəmadi olaraq hər ay "xxxx" ASC-nin hesabına köçürmüşdür. Onun heç bir borcu yoxdur, bu barədə verilən bildirişdə də bu öz əksini tapmışdır. Lakin, "xxxx" ASC-dən verilmiş abunə haqqında arayışda guya 2001-2004-cü illərdə 2764.56 manat borcu olduğu göstərilmişdir. Bu borcun nə vaxt yarandığı barədə məlumatı yoxdur, ona bu barədə heç bir bildiriş göndərilməyib və buna görə də o, həmin məbləği ödəməmişdir. Həmin borcun silinməsi (ödəmə vaxtı keçdiyinə görə) barədə "xxxx" ASC-yə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin, "xxxx" ASC-dən onun ərizəsinə cavab olaraq bildirilir ki, həmin borcu ancaq məhkəmə qərarı ilə silmək olar. Məhkəmə iclasında iştiak edən iddiaçı Əliyeva (Məmmədova) İradə Əli qızının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat vemiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, qeyd edilən borc Barmek vaxtından qalan borcudur və iddiaçının ümumi məbləğdən "xxxx" ASC-yə borcu yoxdur. Ona görə də, həmin borc ümumi məbləğdən çıxarılır və yalnız abunə haqqında məlumatda göstərilir. Həmin borc dondurulmuş borcdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əliyeva (Məmmədova) İradə Əli qızının adına olan **********10001 kod üzrə abonentin saldosundan görünür ki, abonentin "xxxx" MMC-nin dövründən 2764,56 manat dondurulmuş borcu qalmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövüründə ona buraxılmış elektrik enerjisinin haqqını enerji təchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan Abunə haqqında arayışın borc bölməsində 2764,56 manat (BARMEK borcu) borc olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 2764,56 manat məbləğində yaranmış borc "xxxx" MMC dövrünə aid olduğundan, borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanmasının, borcun yaranması əsasının və borcun həqiqətən mövcud olubolmamasının Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən etmək mümkün olmadığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri sayır ki, "xxxx" MMC hüquqi şəxs kimi ləğv olunmamış, "xxxx" ASC isə öz növbəsində həmin hüquqi şəxsin hüquqi varisi deyildir. Belə olan halda "xxxx" ASC hüquqi varisliyi qaydasında nə "xxxx" MMC-nin öhdəlikləri üzrə məsuliyyət daşıya, nə də həmin MMC-nin xeyrinə yaranmış öhdəliklərin icrasını tələb edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği xx.xx.2011-ci il tarixinə kimi olan borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinə göstərişlərinə əsasən, qeyd edilən borc məbləği silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı Əliyeva (Məmmədova) İradə Əli qızına məxsus ünvan 2 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 2764,56 (iki min yeddi yüz altmış dörd manat əlli altı qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı Əliyeva (Məmmədova) İradə Əli qızının (abonent kodu:**********10001) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əliyeva (Məmmədova) İradə Əli qızına məxsus ünvan 2 ünvanı üzrə elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 2764,56 (iki min yeddi yüz altmış dörd manat əlli altı qəpik) manat borc cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı Əliyeva (Məmmədova) İradə Əli qızının (abonent kodu:**********10001) abunə hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar