Məhkəmə qərarları › İş №2(004)-3121/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3121/2022

29.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3121/2022 29.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə3 ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb olunmaqla Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., ev 3/33, 35 saylı mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə X8 arasında 23 aprel 2014-cü il tarixli kredit xətti müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Hacatov Səbahətə 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi ilə Hacatov Səbahət ilə bağlanmış 25 aprel 2014-cü il tarixli kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla, 36 ay müddətinə cavabdeh Hacatov Səbahət Cavabdeh QSC-dən 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bununla yanaşı Cavabdeh QSC ilə İddiaçı1 Məmmədağa qızı və X9 arasında müvafiq olaraq 25 aprel 2014-cü il tarixli, 05S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda kredit müqaviləsi üzrə öhtəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh QSC ilə İddiaçı1 arasında 24 aprel 2014-cü il tarixli, 05M000000883 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə əsasında İddiaçı1 Məmmədağa qızı tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 35 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2017-ci il tanrixli, 2(002)-2139/2017 saylı qətnaməsi ilə bankın iddiası təmin edilmiş və X8 və digrlərindən 76396 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın İddiaçı1 mülkiyyətində olan mənzilə yönəldilməsi qət edilmişdir. Yalnız sözügedən qətnamənin icrası ilə əlaqədar icra şöbəsinin əməkdaşları evə gəldikdən sonra, daha doğrusu xx.xx.2021-ci il tarixdə onlara məlum olmuşdur ki, X7 Cavabdeh QSC ilə bağladığı 15 yanvar 2015-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Elə bu səbəbdən də onlar vaxt itirmədən xx.xx.2021-ci il tarixdə “kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişlər. Yasamal rayon Məhkəməsinə vəsatətlə müaciət edərək mübahisə predməti olan mənzilin üzərinə həbs qoyulması və həmin mənzilə dair müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qərardadı ilə vəsatət qismən təmin edilmiş və sözügedən mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Amma bu ərəfədə cari iş üzrə cavabdeh "xxxx" QSC mübahisə predmeti olan mənzili satmağa nail olmuşdur ki, bu barədə də məlumatı yalnız xx.xx.2021-ci il tarixdə Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə xx.xx.2021-ci il tarixli ərizəsinə rəsmi münasibət bildirdiyi zaman xəbər tutmuşdur. Daha doğrusu, xx.xx.2021-ci il tarixdən sonra sözügedən məktubu rəsmi şəkildə poçt vasitəsi ilə aldıqdan sonra bu barədə məlumatı olmuşdur. Amma cavabdehin nümayəndəsi məhkəmədə bu barədə bir kəlmə də olsa məlumat verməmişdir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə eyni vaxtda iddianı təminetmə tədbiri barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə ərizə təmin edilmiş və bu mənzilin üzərinə həbs qoyulmuşdur. Çox qəribədir ki, mənzilin üzərində həbs olduğu halda notariat ofisi hansı əsaslarla bu mənzilin alğı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Bu faktın özü də həmin alğı-satqı müqaviləsinin qanunsuz və əsassız olduğunu sübut edir. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, X16 küçəsi ev 3/33, mənzil 35 əvvəl İddiaçı1 mülkiyyətində olmuşdur. Cavabdeh ASC ilə X8 arasında kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin təminatı olaraq, ipoteka ilə yüklü edilmişdir. Daha sonra tərəflər arasında uzun müddət məhkəmə çəkişmələri davam etmiş, kredit borcunun tutulması, ipotekaya yönəlmə ilə bağlı məhkəmə qərarı qanuni qüvvəsini almış, icra olunmuşdur. Əmlak artıq bankın mülkiyyətinə qəbul edilmişdir. Əmlak bankın mülkiyyətinə qəbul olduqdan sonra bank həmin əmlakı 3-cü bir şəxsə, yəni X2. Hansı ki, 21 aprel 2021ci il tarixdə alğı-satqı baş tutmuşdur. 27 aprel 2021-ci il tarixdə isə əmlak üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmamışdan 1 həftə qabaq artıq əmlak digər şəxsə satılmışdır. İddiaçıların banka qarşı hərracın mübahisələndirilməsi işi üzrə də Ali Məhkəmənin qərarı vardır. Həmin iddia rədd olunmuş, artıq qanuni qüvvəsini almışdır. Bundan başqa kredit müqaviləsi, zaminliyin, ipotekanın etibarsız hesab edilməsi ilə bağlı iddialarını Yasamal Rayon Məhkəməsi rədd etmiş, apelyasiya şikayəti versələr də Bakı Apelyasiya Məhkəməsi işə xitam vermişdir. İddia tam əsassızdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 2(002)2139/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətinə əsasən cavabdehlər X8, İddiaçı1 qıxı və X5 müştərək qaydada 05R000010234 saylı kredit razılaşması üzrə 54139,61 ABŞ dolları əsas borc,7793,68 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə olmaqla, cəmi 62033,29 ABŞ dolları, 005R********** saylı kredit razılaşması üzrə 12684,98 ABŞ dolları əsas borc, 1627,91 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 14362,89 ABŞ dolları, ümumilikdə isə 766396,18 ABŞ dolları borc, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və xidmət haqqı olaraq 21 manat məbləğində pulun iddiaçı Cavabdeh QSC-nin xeyrinə tutulması, tutmanın Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 3/33, 35 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə "xxxx" MMC ilə Cavabdeh QSC arasında bağlanmış hərracın yekunları barədə əmlakın alğı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilənin surətinə əsasən Qaradağ rayon Məhkəməsinin 2(002)2139/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icra edilməsi məqsədilə İddiaçı1 məxsus Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 3/33, 35 nömrəli mənzil açıq hərracdan 66937,50 manata Cavabdeh QSC-yə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, №1396134 nömrəli çıxarışın surətinə əsasən Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 3/33, 35 nömrəli mənzil mülkiyyət hüququ üzrə xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmaqla tam mülkiyyət hüququ üzrə Cavabdeh QSC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətinə əsasən Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 3/33, 35 nömrəli mənzil Cavabdeh QSC tərəfindən X1. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-2993/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən 2(004)-2993/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 3/33, 35 nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Binəqədi rayonu, S.S.Axundov küçəsi, bina 3/33, 35 nömrəli mənzil mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmaqla tam mülkiyyət hüququ üzrə X3 mülkiyyətindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, məhkəmə qətnaməsinə əsasən kredit müqaviləsi üzrə borc İddiaçı1 və digər cavabdehlərdən müştərək qaydada tutulmuş, tutma ipoteka ilə yüklü edilmiş və İddiaçı1 mülkiyyətində olan mənzilə yönəldilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, mənzil açıq hərracdan Cavabdeh QSCyə satılmışdır. Cavabdeh QSC tərəfindən mənzil xx.xx.2021-ci il tarixdə digər şəxsə - X1 və hazırda X3 mülkiyyətindədir. Hazırda iddiaçı Cavabdeh QSC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh isə iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından da müəyyən olunur ki, alğı-satqı müqaviləsi bağlanarkən hüquqverici sənəd Cavabdeh QSC-nin adına olmuşdur. Həmçinin iddiaçı bildirir ki, məhkəmənin qərardadına əsasən mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsi qadağan olunduğu halda, cavabdeh qanunun tələbini pozaraq mənzili satmışdır. Lakin iş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, alğı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-yə qarşı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., ev 3/33, 35 saylı mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh QSC-yə qarşı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., ev 3/33, 35 saylı mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar