Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3142/2020 23.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildə Cavabdeh1 ½ hissədə məxsus mülkiyyət payının anası Cavabdeh2 bağışlanmasına dair Bakı şəhəri 27 saylı Notariat Kontariat ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləsinin etibarsız hesab edilməsi, həmin əqdlə bağlı Cavabdeh2 verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuşdur. Münasibətləri pisləşdiyi üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-2302/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-2163/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzilə hər birinə ½ hissədə mülkiyyət hüququ müəyyən edilmişdir. Daha sonra keçmiş həyat yoldaşı Cavabdeh1 ona qarşı “mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunması” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, mənzildə ona mülkiyyət hüququ əsasında aid olan hissədə paydan istifadəsi, yaşaması və sərəncam verməsi mümkün olmadığından mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunmasına dair qətnamə çıxarılmasını xahişetmiş həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanmışdır. Eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12644/2017 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin yarısının- 6000 manatın Cavabdeh1 tutularaq ona ödənilməsi qət olunduğu üçün məhkəmə qətnaməsi icraya yönəldilmiş borclu Cavabdeh1 öz xahişi əsasında onun mənzilə olan 2/1 hissədə mülkiyyət payına yönəldilməsi yolu ilə tələbin təmin edilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8(004)-1241/2018 saylı qərardadı ilə ünvan 2 ünvanda 54 nömrəli mənzilin üzərinə həbs qoyulmuşdur. Digər 2 məhkəmə qətnaməsi - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11594/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında borclu Cavabdeh1 tutularaq ona 12541 manat və Yasamal Rayon Məhkəməsinin 11,01.2019-cu il tarixli 2(004)-565/2019 saylı qətnaməsi əsasında 3695 manat, cəmi isə 3 qətnaməyə əsasən 22236 manat borclu Cavabdeh1 tutularaq ona ödənilməli idi. Tələbin mənzilə olan mülkiyyət payına yönəldilməsi ilə əlaqədar icra icraatı başlandığını bilə-bilə Cavabdeh1 2019-cu ilin sonlarında «mənzilin hərrac yolu ilə satılması, natura qaydasında payların əldə olunması tələbinə dair» iddiası üzrə icraatın təzələnməsi üçün Nəsimi rayon məhkəməsinə müraciət etmiş və həmin iş üzrə prosessin gedişində, xx.xx.2020-ci il tarixdə, məhkəmə qətnamə və məlum qərardadın icrasının əngəlləndirilməsi və süründürülməsi və onları icra etməkdən yayınmaq məqsədilə öz anası Cavabdeh2 ilə qabaqcadan razılaşaraq mübahisə predmeti olan mənzildəki payının anasına “bağışlanmasına dair” Bakı şəhəri 27 saylı Notariat ofisində müqavilə bağlamış, bundan dərhal sonra Cavabdeh2 mənzildəki paya yiyələndiyini ona rəsmi məktubla bildirmiş və payı almağı təklif etmişdir. Eyni zamanda Cavabdeh2 əsl tərəf kimi Nəsimi Rayon Məhkəməsində hazırkı iş üzrə prosesə qoşularaq «mənzilin hərracda satılmasına dair» iddia tələbi üzrə oğlu Cavabdeh1 əvəz etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2089/2020 saylı mülki iş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 ona qarşı «mənzilin hərracda satılmasına dair» iddia tələbi təmin edilmiş, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanda 5 mərtəbəli fransız layihəli köhnə tikili binanın 3-cü mərtəbəsində yerləşən, 37,5 kv.m. ümumı, 24,3 kv.m. yaşayış. 13.2 kv.m. köməkçi sahədən ibarət 2 otaqlı, 54 nömrəli mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 48000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsinin iddiaçı Cavabdeh2 və 1/2 hissəsinin cavabdeh İddiaçı ödənilməsi qət olunmuşdur.Beləliklə bağlanmış müqavilə bir neçə qətnaməyə əsasən borcun ona ödənilməsinin əngəlləndirilməsi, süründürülməsi və onları icra etməkdən yayınmaq məqsədilə bağlandığı şübhə doğurmur. Tərəflərin sözü gedən “Bağışlama” müqaviləsinədək və ondan dərhal sonrakı hərəkətləri müqavilənin hər iki tərəfin pis niyyətlə razılığa gələrək bağladığını təsdiq edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh2 vəkili X2 izahatında bildirdi ki, əmlak bağışlanarkən heç bir yüklülüyü olmamışdır. Bağışlama edilərkən forma 1 arayışı olmuş və əmlak üzərində həbs olmadığı üçün bağışlama olmuş, çıxarış alınmışdır. Əmlakın heç bir yüklülüyü olmadığı üçün mülkiyyətçi ona müstəqil sərəncam verə bilər. Mülki Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Ona görə də o, hesab edir ki, iddia tələbi əsassızdır və müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən sahəsi 37,5 kv.m olan 54 nömrəli mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 hədiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzil ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən verilmiş Arayışdan görünür ki, müvafiq mənzil üzərində yüklülük qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş 2(006)-2089/2020 saylı, xx.xx.2020-ci il tarixli Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, tərəflərin paylı mülkiyyətində olan ünvan 3 2/51 ünvanda 5 mərtəbəli fransız layihəli köhnə tikili binanın, 3-cü mərtəbəsində yerləşən 37,5 kv.m ümumi, 24,3 kv.m yaşayış, 13,2 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı, 54 nömrə mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 48.000 manat müəyyən edilməli, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsinin iddiaçı Cavabdeh2 Xaliq qızına, 1/2 hissəsi cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasənpaylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən İddiaçı adına verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 54 nömrəli mənzil ½ hissədə Cavabdeh1, ½ hissədə İddiaçı mülkiyyətində olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6-cı maddəsindən göründüyü kimi paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən də göründüyü kimi, ünvan 1 ünvanda yerləşən sahəsi 37,5 kv.m olan 54 nömrəli mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 hədiyyə edilmişdir. Beləliklə iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3142/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3142/2020
23.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver