Məhkəmə qərarları › İş №2(004)-3148/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3148/2025

20.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3148/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər:kredit müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kommunal borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mehbulla oğlundan kommunal xidmətlərə görə ünvan 1 ünvanındakı yaşayış kompleksinin B2 korpusunun 17 saylı mənzilinin kommunal borcunu 1300,50 manatın tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ilin yanvar ayından etibarən “ünvan 2 ünvanında inşa etmiş yaşayış binasında əhali məskunlaşmışdır. Həmin dövrdən ümumi yığıncağın qərarına əsasən binada mənzil mülkiyyətçilərindən kommunal xidmət haqqları yığılır. Kommunal xidmət haqqının dəyəri 1 kv.m üçün 40 qəpik sakinlər tərəfindən kooperativə ödənilməsi müəyyən edilmişdir. Belə ki, sözügedən ünvanın B2 blokunun, 17 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh demək olar ki, son üç ildə kommunal xidmətlərə görə pul ödəməkdən yayınır. Dəfələrlə kooperativ tərəfindən cavabdehə yazılı və şifahi olaraq xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh kommunal haqqlarını ödəməkdən imtina etmişdir. Belə olan halda kooperativdə çalışanların əmək haqqlarının, vergi, işıq, su və digər ödənişlərin vaxtı-vaxtında ödənişlərində ciddi problemlər yaratmışdır. Hazırda Cavabdeh kommunal borcu 1300,50 manat təşkil edir.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

5. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən Cavabdeh 1150,50 manat kommunal,150 manat müamilə pulu olmaqla, cəmi 1300,50 manat borcu vardır.

8. Hüquqların dövlət qeydiyyarı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 4, mənzil 17, giriş B2 yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir.

9. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 31/38 məhəllədə yerləşən yaşayış binasının B2 blokunun 17 nömrəli mənzil Cavabdeh mülkiyyətinə verilmişdir.

10. "xxxx" MTK-nın 23 fevral 2023-cü il tarixli idarə heyətinin yığıncağının 2 nömrəli protokolundan görünür ki, "xxxx" MTK-nın sakinlərinə göstərdiyi kommunal xidmət haqqları 01 mart 2023-cü il tarixindən etibarən mənzilin hər 1 m2 üçün 40 qəpik müəyyən edilmişdir.

11. "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanmış 01 may 2015-ci il tarixli kommunal xidmətlərin göstərilmiəsi barədə 1 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən mənzil kompleksinə kommunal xidmətlərin göstərilməsi barədə tərəflər razılığa gəlmişlər.

12. "xxxx" MTK-nın 08 dekabr 2010-cu il tarixli ümumi yığıncağının protokolundan çıxarışdan görünür ki, mənzil sahiblərindən kommunal xərclər təmir işləri aparanlar və yaşayanlar üçün 1 m2 üçün 30 qəpik, təmirə başlamayanlar isə 15 qəpik ödənilməsi qərara alınmışdır.

13. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

14. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

15. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal haqqdan ibarətdir.

16. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

17. Həmin Məcəllənin 140.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

18. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.

19. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə və bu Məcəllənin 141-1.2-ci maddəsi nəzərə alınmaqla idarəetmə müqaviləsi bağlanılır.

20. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdır ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1- ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur.Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur:binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi;mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi;idarəedici təşkilat tərəfindən idarə edilməsi.Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər...Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir.Mənzil Məcəlləsinin 138.4cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir.

21. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər.

22. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçının kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı tələbi əsaslıdır.

23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə kommunal ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır

24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

25. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə pulunun miqdarı azaldılaraq 14,50 manat müəyyən edilməlidir.

26. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1150,50 manat əsas, 14,50 manat cərimə borcu olmaqla, ümumilikdə 1165 manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

V Nəticə:

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1150,50 manat əsas, 14,50 manat cərimə borcu olmaqla, ümumilikdə 1165 (bir min yüz altmış beş) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar