Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3159/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 21.09.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 21.06.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək onunla Cavabdeh arasında bağlanmış 21.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, cavabdeh 6000 manat pulla bağlı ondan şikayət etmişdir. Polis Bölməsinə onu çağıraraq Xəqanidən 6000 manat məbləğində borc aldığını və 3 gün ərzində qaytarmalı olduğunu bildirmişlər. O da həmin pulu Fərqanə xanıma vermişdir. Bundan bir müddət sonra Fərqanə xanımla görüşmüş, Fərqanə xanım ona bildirmişdir ki, Elçini ev dustaqlığına keçirməsinin əvəzində onunla formal olaraq borc müqaviləsi bağlayacaq. Sonra Elçin ev dustaqlığına çıxmışdır. Fərqanə xanım ondan 6000 manat məbləğində pul aldıqdan sonra ona bu qədər pulu verməli deyildi. Etiraf edir ki, borc müqaviləsi bağlamağı düzgün deyildi. 30000 manatı Fərqənə xanıma Elçin qaytarmalı idi. Notariusda müqavilə bağlanarkən Fərqanə ona pul verməmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı Cavabdeh ilə formal olaraq 21 aprel 2018-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinə görə guya iddiaçı Cavabdeh 30000 manat məbləğində borc pul götürmüşdür. Lakin bildirmək istəyir ki, iddiaçı Cavabdeh borc pul götürməmişdir. Sadəcə digər əqdi pərdələmək üçün kredit müqaviləsi rəsmiləşdirməyə onu məcbur etmiş və sonra isə həmin kredit müqaviləsini cırıb atmasını ona bildirmişdir. Kredit müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Göründüyü kimi Notariat kontorunun depozitinə heç bir məbləğdə pul daxil olmamış və iddiaçı hər hansı bir məbləğdə pul qəbul etməmişdir. Cavabdeh 6000 manat pulu təxminin 2018-ci ildə iddiaçıya vermişdir və bir müddət sonrada həmin pulu cavabdehə geri qaytarmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul etmir. İddiaçının ondan başqa Nabat və Sənan adlı şəxslərlə də eyni mübahisə predmetinə dair işi olmuşdur. Hətta Binəqədi rayon Məhkəməsində Nabat, Sənan və onun tələbkar olduğu İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala da baxılmışdır. Onların Zaurla aralarında 6000 manatın verilməsi və ya alınması ilə bağlı mübahisə olmamışdır. O, Zauru əvvəlcədən ev alqı-satqısı ilə məşğul olan biri kimi tanımışdır. Elçin həbsdə olarkən, o, Zaura onun həbsdən azad edilməsi üçün 1000 manat borc vermişdir. Daha sonra Zaur həmin məbləği ona qaytarmışdır. İstər-istəməz həmin hadisədən sonra onun Zaura inamı yaranmışdır. Uzun müddət kirayədə yaşadığı üçün ev almaq istəmiş və Zaur bunu bilmişdir. Zaur onun üçün uyğun qiymətə ev tapmağı təklif etmiş və o da razılaşmışdır. Daha sonra Zaur ona Yasamal ərazisində yerləşən ilkin ödənişi 30000 min manat olan ev göstərmişdir. Hətta həmin evə baxmağa onunla birlikdə anası və bacısı da getmişdir. Bu barədə mübahisə yaransa onları məhkəmədə dindirilmələri üçün şahid qismində dəvət edə bilər. O, evin ilkin ödənişini yəni, 30000 manat pulu Zaura vermiş və həmin evi almışdır. Həmin evi alarkən Zaur ona evin sənədi qismində bir sənəd təqdim etmiş və bildirmişdir ki, davamlı olaraq bundan sonra sadəcə olaraq evin aylıq ödənişlərini edəcək. Onların arasında kredit müqaviləsi formal olaraq bağlanmışdır. O, 30000 min manatı əslində sözügedən evin ilkin ödənişinə görə vermişdir. Sadəcə Zaura inanmadığı üçün və həmin məbləği tam şəkildə ona vermək istəmədiyi üçün Zaur özü ona 5 aylıq kredit müqaviləsi bağlamağı təklif etmişdir. Onlar həmin kredit müqaviləsini Zaurla bir müddət sonra bağlamışlar. Müqavilə bağladıqdan sonra Zaur özündəki kredit müqaviləsini ona inamı yaranması üçün ona təqdim etmişdir. Bir müddət sonra Zaur evin sənədini ondan istəmişdir ki, guya evin sənədində səhv var və həmin səhvi düzəltdikdən sonra ona qaytaracaq. Lakin Zaur evin sənədini ona geri qaytarmamış və 5 ay müddətində borcunu ödəməmişdir. Bu səbəbdən o, Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və onun xeyrinə qətnamə çıxarılmışdır. O, Zaura 6000 manat pul verməmiş və almamışdır. O, Zaura evin ilkin ödənişi üçün 30000 manat pul vermişdir. Onlar müqaviləni o, pulu Zaura verdikdən bir müddət sonra bağlamışlar. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında 21.04.2018-ci il tarixdə 22 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətinə əsasən Cavabdeh İddiaçı 21.09.2018-ci il tarixədək qaytarmaq şərti ilə 30000 manat borc vermişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-8365/2018 saylı, 18.12.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı 30000 manat məbləğində pul Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-4938/2019 saylı, 14.08.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı 30000 manat məbləğində pulun Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2730/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 2(001)-4938/2019 saylı, 14.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin yuxarı instansiya məhkəməsi qeyd edir ki, müqavilə azadlığı və onun təfsiri cavabdehin faktiki borc almadığı əsası ilə tələbin rədd edilməsini istisna edir. Belə ki, qanunvericilik müqavilə müddəalarının və forma müxtəlifliyinin azadlığını və bəyənmə meyarlarını müəyyən edir. Tələb üzrə istinad edilən müqavilə və ya öhdəlik mübahisələndirilməmiş, hətta başqa bir əqdi pərdələmək üçün olsa da tərəflər buna razılaşmış və qəbul etmişlər. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdeh tərəfindən məcbur edilərək kredit müqaviləsini bağlandığını bildirərək müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə o cümlədən qeyd edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı kredit müqaviləsini bağlamağa məcbur edildiyini bildirsə də bunu sübut edə bilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı onunla Cavabdeh arasında bağlanmış 21.04.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3159/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3159/2021
21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver