Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3170/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı müqavilə üzrə borcun tutulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında arasında xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində kredit müqaviləsi bağlamış. Kredit müqaviləsinə əsasən iddiaçı cavabdehdən xx xxxxxx 2019-cu il tarixədək qaytarmaq şərti ilə 27000 manat məbləğində borc götürmüşdür. İddiaçı həmin krediti xx xxxx 2020-ci il tarixdə nağd şəkildə cavabdehə geri qaytarmışdır. Bu barədə həmin tarixdə akt tərtib edilmiş və aktı imzalayan şahidlər X2, X4 və X5 bunu təsdiq etmişlər. Buna əsasən cavabdeh kredit müqaviləsinin ləğv edilməsi öhdəliyini üzərinə götürsədə bunu etməmiş, əksinə iddiaçıdan 27000 manat məbləğində pulu birdaha alacağını bildirmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 27000 manat məbləğində borcun, 10000 manat məbləğində maddi zərərin və 10000 manat məbləğində mənəvi zərərin tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onun əsaslandırılmışdır ki, ilk iddia tamamilə əsassızdır və yalnız iddiaçının məsuliyyətdən yayınmaq məqsədini daşıyır. Belə ki, İddiaçı kredit müqaviləsi üzrə ona ödənilməli olan məbləği hal-hazıradək geri qaytarmamışdır. İddiaçı onun pul vəsaitini özündə saxlamaqla ona maddi və mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə borcun ona ödənilməsini təsdiq edən xx xxxx 2020-ci il tarixli aktda göstərilən şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə iclasında cavabdehin vəkili ilk iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən borcun ödənilməsini təsdiq edən xx xxxx 2020-ci il tarixli akt saxtadır, eyni zamanda aktda şahid qismində göstərilən şəxslərin ərizələri də notariat qaydasında təsdiq edilmədiyindən sübut kimi qəbul edilə bilməz. Odur ki, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş və səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh və onun vəkili iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Məhkəmə cavabdehi və onun vəkilini dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etmiş və bunu kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əqdlərin etibarsızlığına dair” 14-cü fəslində əqdin etibarsızlığının əsasları müəyyən edilmişdir. Əqdin icrası əqdlərin etibarsız olması üçün əsas kimi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia əsassızdır və rədd edilməlidir. Qarşılıqlı iddia ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü krediti xx xxxxxx 2019-cu il tarixədək tam ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq hal-hazıradək öhdəliyinə əməl etməmişdir. İddiaçı onun tərəfindən borcun ödənilməsini təsdiq edən sübut kimi xx xxxx 2020-ci il tarixli aktı və aktı şahid qismində imzalamış X2, X4 və X3 ərizələrini məhkəməyə təqdim etmişdir. Aktda və ərizələrdə yuxarıda adları çəkilən şəxslər şahid qismində İddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun Cavabdeh Arif oğluna ödənildiyini təsdiq etmişlər. Lakin aktın əsli və aktı şahid qismində imzalamış şəxslər məhkəməyə təqdim edilməmiş, onların ərizələrindəki imzalarının düzgünlüyü notariat qaydasında təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə kredit müqaviləsinin 6-cı bəndinə əsasən borcverən müqavilə üzrə öhdəliyin icrasının təmamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Lakin məhkəməyə təqdim olunmuş və əsli ilə düzgünlüyü notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin üzərində borc verən, yəni Cavabdeh Arif oğlu tərəfindən belə bir qeyd aparılmamışdır. Məhkəmə hesab edir ki, aktda göstərilən şəxslər məhkəmədə şahid qismində dindirilmədiyindən həmin şəxslərin ərizələri və borcun ödənilməsinə dair xx xxxx 2020-ci il tarixli akt kredit müqaviləsi üzrə borcun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia 27000 manat borcun tələbi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə cavabdeh qarşılıqlı iddiasında iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində ona 10000 manat məbləğində maddi zərərin dəyməsini bildirsədə bu halı təsdiq edə biləcək heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh ərizəsində Mülki Məcəllənin “Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətə dair” 449.1-ci maddəsinə istinad etməsinə baxmayaraq iddia tələbində həmin maddəyə əsasən Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsi nəzərə alınmaqla 27000 manat məbləğindən faizlərin ödənilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh onun əmlak hüquqlarının pozulması nəticəsində ona dəymiş mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasənmülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında qeyd olunmuşdur “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” Həmin Qərarın 3-cü bəndinə əsasən mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 1-ci bəndinə əsasən “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 10-cü bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, bir il müddətində şəxsin əmlakının geri qaytarılmaması və həmin təqsirli hərəkətlər nəticəsində əmlak sahibinin əsassız olaraq məhkəmə çəkişmələrinə cəlb edilməsi mənəvi sarsıntıya əsas olan hallardır. Lakin məhkəmə mənəvi zərərin məbləği ilə razılaşmır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş iddiaçının hərəkətlərini, bunun nəticəsində cavabdehin keçirdiyi mənəvi sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin, yəni iddiaçının təqsirini nəzərə alaraq mənəvə zərərin 300 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia rədd edildiyindən, ilk iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 17,4 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 27000 (iyirmi yeddi min) manat məbləğində borc, 300 (üç yüz) manat məbləğində mənəvi zərər və 17,4 (on yeddi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3170/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3170/2020
19.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver