Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3171/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı «Azərmaş” MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 15 oktyabr 2020-ci il tarixli, MAS-2894 saylı “Daxili lizinq" müqaviləsinin ləğv edilməsi, Cavabdeh 15 oktyabr 2020-ci il tarixli, MAS-2894 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 mart 2021-ci il tarixə 1160,64 manat əsas, 818,82 manat gecikdirilmiş mükafat və həmin gunə hesablanmış 612,60 manat dəbbə pulu, 1235 manat dəymiş zərər, ümumilikdə 3827,06 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli MAS-2864 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632777 ban nömrəli, ağ rəngli avtomobil 13900 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 19 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,89 manat, ümumilikdə isə 17.352 manat məbləğində pulu “Azərmaş" MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 17352 manatın 13900 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX" minik markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobil 16 mart 2021-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 1235 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə heç bir ödəniş olmamışdır. Eyni zamanda Cavabdeh 15 oktyabr 2020-ci il tarixli, MAS-2894 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 mart 2021-ci il tarixə 1160,64 manat gecikdirilmiş əsas, 818,82 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 612,60 manat dəbbə pulu, ümumilikdə 2592,06 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən lazımı qaydada icra edilməməmisinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Lizinq verən» qismində İddiaçı MMC ilə «Lizinq alan» qismində Cavabdeh arasında bağlanmış 15.10.2020-ci il tarixli, MAS-2894 saylı Lizinq Müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən Lizinq verən lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632777 ban nömrəli, ağ rəngli avtomobili Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə həmin avtomobil üçün illik 19% hesablanmaqla 36 ay müddətə hər ay sabit məbləğ olmaqla 395,89 manat, ümumilikdə isə 17352 manat məbləğində pulu lizinq verənin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AD № 885874 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632777 ban nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İş materiallarında olan 15.10.2020-ci il tarixli təhvil təslim aktına əsasən, İddiaçı MMC 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632777 ban nömrəli, ağ rəngli avtomobili Cavabdeh təhvil vermişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu baradə akta əsasən, İddiaçı MMC-yə məxsus “Khazar LX" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil “SİQNAL” İdarəsinin növbətçisi Əlixanov Rəşad tərəfindən saxlanması üçün qəbul edilmişdir. Həmin aktda avtomobilin son vəziyyəti kimi “ön buferin qırığı, ön kapotun və ön nömrənin əziyi, sağ ön və arxa qapıların əziyi, sağ arxa qanadın batığı, arxa buferdə sürtüklər, sol arxa qapının şüşəsində qırıq” və s. qeyd edilmişdir. İş materiallarında olan 06.04.2021-ci il tarixli qüsur aktından görünür ki, “Khazar LX" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər 1235 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlandırılmış 23.02.2021-ci il tarixli pretenziya məktubuna əsasən cavabdeh iddiaçı qarşısında olan borcu və müqavilənin ləğvi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 02.06.2021-ci il tarixli, 1077 nömrəli maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.10.2020-ci il tarixli, MAS-2894 saylı “Daxili Lizinq” müqaviləsi üzrə cavabdehin 16.03.2021-ci il tarixə əsas borc üzrə 1160,64 manat, mükafat borcu üzrə 818,82 manat, cərimə borcu üzrə 612,60 manat olmaqla, ümumilkdə 2592,06 manat məbləğində borcu varıdır. İş materiallarında olan 18.09.2021-ci il tarixli, YD № 090 saylı “X1 Mərkəzi” MMC tərəfindən verilmiş Mütəxəssis rəyindən görünür ki, “Khazar LX" minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1175 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (maddə 424.2). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, «Azərmaş” MMC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli, MAS-2894 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF632777 ban nömrəli, ağ rəngli avtomobil cavabdehin istifadəsinə və sahibliyinə verilmiş, Cavabdeh illik 19% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,89 manat, ümumilikdə isə 17352 manat məbləğində pulu «Azərmaş” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. “Daxili lizinq" müqaviləsi və “ödəniş cədvəli"nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmçinin cavabdehin sahibliyində və istifadəsində olan müddətdə avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, 18.09.2021-ci il tarixli, YD № 090 saylı “X1 Mərkəzi” MMC tərəfindən verilmiş Mütəxəssis rəyinə əsasən “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1175 manat müəyyən edilmişdir. Habelə iş materiallarında olan 02.06.2021-ci il tarixli, 1077 nömrəli maliyyə arayışına əsasən Cavabdeh 15 oktyabr 2020ci il tarixli, MAS-2894 saylı “Daxili lizinq” müqaviləsi üzrə 1160,64 manat əsas, 818,82 manat mükafat, 612,60 manat cərimə borcu olmaqla, cəmi 2592,06 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin tələbindən habelə tərəflər arasında bağlanmış lizinq nüqaviləsinin şərtlərindən göründüyü kimi lizinq obyektinin qəbul protokolu imzalandığı andan lizinq obyektinin təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir və lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan lizinq obyektinə ziyan dəydiyindən və buna görə məsuliyyəti Cavabdeh daşıdığından iddia tələbi ona qarşı olan hissədə təmin olunmalı, 15 oktyabr 2020-ci il tarixli, MAS-2894 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli və Cavabdeh 1160,64 manat əsas borc, 818,82 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu, mütəxəssis rəyinə əsasən 1175 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 612,60 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməldir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli, MAS-2894 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 15 oktyabr 2020-ci il tarixli, MAS-2894 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 1160,64 (bir min yüz altmış manat altmış dörd qəpik) manat əsas borc, 818,82 (səkkiz yüz on səkkiz manat səksən iki qəpik) manat gecikdirlmiş mükafat, 50 (əlli) manat dəbbə pulu, 1175 (bir min yüz yetmiş beş) manat dəymiş ziyan, cəmi 3204,46 (üç min iki yüz dörd manat qırx altı qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “X1 Mərkəzi” MMC-nin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli.
Məhkəmə qərarları › İş №2(004)-3171/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3171/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver