Məhkəmə qərarları › İş №2(004)-3171/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3171/2024

04.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3171/2024 04.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: akt, abonent saldosu) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, "Qlobal -Azəri ", ev 2 4 B , 370 saylı mənzilə cavabdeh - "Azəriqaz " İstehsalat Birliyi tərəfindən əsassız yazılmış 2000 (iki min ) manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov küçəsi "Qlobal —Azəri " ev 2 4 B , mənzil 370-də yerləşən mənzil ona məxsusdur. Yaşadığı ünvanda cavabdeh tərəfindən smart qaz sayğacı quraşdırılmışdır. O və ailəsi həmin sayğac vasitəsilə verilən təbii qazdan istifadə edir və qaz sərfiyyatı haqqını ödəyirdi. Lakin hansı səbəbdənsə cavabdeh hüquqi şəxs -"Azəriqaz " İstehsalat Birliyinin əməkdaşları yaşadıqları ünvanda quraşdırılmış smart qaz sayğacına baxış keçirilmədən , qonşunun balkonundan sayğacın şəklini çəkməklə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli AKT tərtib edilmiş və Aktda qeyd olaraq yazılmışdır ki, abonent qazdan qeyri-qanuni istifadə edir. Halbuki, bu qeyd tamamilə yanlışdır. Əslində , "Azəriqaz " İstehsalat Birliyinin əməkdaşları, ümumiyyətlə yaşadıqları evə daxil olmamışlar, yuxarıda qeyd etdiyi kimi, sayğac şəkli qonşu balkondan çəkilmişdir. Tərəflərindən sayğaca müdaxilə edilməmişdir. "Azəriqaz " İstehsalat Birliyi tərəfindən ona 2000 manat cərimə yazılmışdır. Eyni zamanda, əsassız yazılmış cərimə ilə bağlı ona rəsmi bildiriş göndərilməmişdir və bununla bağlı onun çoxsaylı müraciətlər nəticəsiz qalmışdır.

3. Cavabdeh iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasını iddiaçının (**********23700 istehlakçı hesabı üzrə) qaz xəttinə qanunsuz qoşulması nəticəsində hesablanmış 1969.92 borcun və sayğac göstəricisi üzrə sərf edilmiş qaza görə hesablanmış 30,08 manat silinməsi təşkil edir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan iddiaçının mənzilinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi aşkar olunmuş, həmin faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmiş və 1969,92 manat Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Daha sonra Cavabdeh tərəfindən 24 yanvar 2024-cii il tarixdə 14-2-2/2-378/2024 saylı məktubla iddiaçının qanunsuz hərəkətləri barədə müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. İddia ərizəsinin məzmunundan mübahisəsiz qaydada görünür ki, iddia ərizəsinə əlavə edilmiş fotoşəkil iddiaçının mənzilinə aiddir və həmin fotoşəkildən mübahisəsiz qaydada görünür ki, sayğacın üst tərəfində sayğacın borularından biri özbaşına çıxarılmış, yan (sol) tərəfdən sayğaca rezin boru birləşdirilərək qaz xəttinə qanunsuz qoşulmuşdur. Bununla bərabər, iddiaçının ödənişləri üzrə saldosundan mübahisəsiz qaydada görünür ki, 2022-2023-cü illər ərzində iddaçı cəmi 18.00 manat ödəniş etmişdir. Beləliklə, müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı akt tərtib olunarkən onun iştirakının təmin olunmadığını, həmin evdə mütəmadi yaşamadıqlarını, Cavabdeh İB-nin əməkdaşlarının ona zəng edərək evə baxış keçirmək üçün gəldiklərini, həmin gün başqa şəhərdə olduğundan gözləmələrini xahiş etdiyini, lakin sonradan evinə baxış keçirmədən qazdan qeyri-qanuni istifadə ilə bağlı akt tərtib olunduğunu öyrəndiyini bildirmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, iddia ərizəsi rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Belə ki, iş materiallarında olan:

9. İddiaçı və cavabdeh arasında bağlanmış 06 oktyabr 2004-cü il tarixli 215810 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinə əsasən payayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

10. İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 1 ünvanı üzrə qalıq borc 1969,92 manat təşkil edir.

11. Bakı Regional Qazın Satışı Departamentinin Yasamal rayonu üzrə qrup rəhbərləri tərəfindən tərtib edilmiş ******* saylı, 30 dekabr 2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanı üzrə “Abonent qazdan qeyri-qanuni istifadə edir” qeydi yazılmışdır.

12. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş 30 dekabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünü ki, xx.xx.2023-cü il tarixli akta əsasən 16416 m3 ziyan hesablanmışdır.

13. Cavabdeh tərəfindən Bakı şəhər Baş Polis İdarəsininə ünvanlanmış 24 yanvar 2024-cü il tarixli 14-2/2-378/2024 saylı məktubdan görünür ki, məktuba qoşmada adı göstərilən şəxslərin (İddiaçı da olmaqla) 2023-cü ilin noyabr və dekabr aylarında təbii qazdan istifadə qaydalarını pozduqlarına görə sayğacdan kənar qaz xətti vasitəsi ilə qazdan qeyri-qanuni istifadə, oğurluq nəticəsində külli miqdarda Cavabdeh İB-nə maddi ziyan dəyməsi ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur.

14. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

17. 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir.

18. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır.

19. 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

20. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

21. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

22. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

23. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

24. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

26. 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

27. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Digər tərəfdən Cavabdeh İB ilə iddiaçı arasında qazın alğı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması və həll edilməsi müəyyən edilmişdir.

28. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* saylı, 30 dekabr 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta əsasən İddiaçı yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi "Qlobal —Azəri " ev 2 4 B , 370 saylı mənzildə quraşdırılmış qaz sayğacından qeyri-qanuni istifadə müəyyən edilmiş və qanunsuz qazdan istifadəyə görə 1969,92 manat borc hesablanmışdır.

29. Qanunvericiliyin tələbinə görə zərərin ödənilməsini istehlakçıdan tələb etmə hüququnun əsası istehlakçının qazın talanmasında təqsirli olmasının müvafiq orqanların (EN, Cinayət təqibi orqanı) və ya məhkəmənin qərarı ilə müəyyən edilməsidir. Belə olduğu halda müvafiq qərar olmadan cavabdehin istehlakçıdan dəymiş ziyanın ödənilməsini tələb etməyə səlahiyyəti yoxdur. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, tərtib olunmuş aktdan, həmçinin iddiaçının və cavabdehin məhkəmə iclasında verdiyi izahatlardan məlum olur ki, ******* saylı, 30 dekabr 2023-cü il tarixli akt tərtib olunarkən mənzilə baxış keçirilməmiş, iddiaçının iştirakı təmin olunmamış, qonşu mənzilin eyvanından sayğacın fotoşəkli çəkilərək akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən çəkilmiş həmin fotoşəkilin məhz iddiaçının mənzilinə aid qaz sayğacını əks etdirməsi təsdiq olunmadığından məhkəmə həmin fotoşəkili mötəbər sübut kimi qiymətləndirə bilməz.

30. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan evə aid olan sayğacda olan qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır.

31. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ona hesablanmış 2000 manat cərimənin silinməsini tələb etsə də, lakin iddiaçıya məxsus abonent saldosundan görünür ki, ******* saylı, 30 dekabr 2023-cü il tarixli akt əsasında ona 1969,92 manat borc hesablanmışdır. Odur ki, iddia 1969,62 manat borcun silinməsi hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

34. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

35. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 39,69 manat məbləğində ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən mənzilə (abonent kodu: **********23700) dair xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 1969,92 manat məbləğində borcun silinməsi vəzifəsi cavabdeh Azəriqaz İBnin üzərinə qoyulsun. 39,69 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar