Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3179/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və kompensasiya ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 176 saylı sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Gölün”” cənub hissəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində cavabdeh X5 məxsus özbaşına tikilinin sökülməsi və bunun müqabilində cavabdehə İddiaçı MTK tərəfindən 140.000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Gölün”” cənub hissəsində yerləşən 0,8605 hektar torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən torpaq sahəsinin ölçülərinə dair Cizgi İddiaçı MTK-ya təqdim olunmuşdur. Qeyd edilən sərəncamın 1-ci bəndinə əsasən həmin torpaq sahəsində qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlər müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşlıqlı razılıq əsasında MTK tərəfindən tənzimlənməlidir. İddiaçı MTK ərazidə yerləşən fərdi yaşayış evlərinin sahibləri ilə qarşılıqlı razılığa gəlmək üçün müvafiq tədbirlər həyata keçirir. Bu cür ev sahiblərindən biri də hal-hazırda yaşadığı fərdi tikili-ev Bakı Şəhər İçra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 176 saylı sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Gölün” cənub hissəsində yerləşən və çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə MTK-nın istifadəsinə verilmiş torpaq sahəsində yerləşən X6r. İddiaçı MTK X8 ilə qeyd edilən ünvanda danışıqlar aparılması üçün dəfələrlə görüş keçirilmiş, həmin şəxslə telefon danışıqları olmuşdur. Qeyd edilən məsələ ilə bağlı yekun nəticəyə gəlmək üçün həmin şəxs xx.xx.2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan görüş üçün Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 66 ünvanında yerləşən ofisə dəvət olunmuşdur. Həmin tarixdə qeyd edilən ünvana gəlmədiyi üçün onunla telefonəlaqəsi saxlanılmış və 11,03.2022-ci il saat 11:00-da ofisə gəlməyi xahiş olunmuş, lakin yenə də F.Heydərov qeyd edilən ünvana gəlməmişdir. Bundan sonra MTK xx.xx.2022-ci il tarixli məktubla F.H.Heydərova müraciət edərək yaşadığı evin mülkiyyət hüququnu təsdiq edən, eləcə də həmin evə dair digər aidiyyəti sənədlərlə (Bələdiyyə sənədi və ya Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı, evin layihə sənədləri, müvafiq dövlət qurumlarının evin tikintisinə dair rəyləri və s. (kommunal ödənişlər istisna olmaqla) birlikdə tez bir zamanda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 66 ünvanında yerləşən ofisə yaxınlaşmağı xahiş etmişdir. Lakin yenə də F.Heydərov görüşə gəlməkdən imtina etmişdir. Son illərdə bina tikinti fəaliyyəti ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bir çox fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, ümumiyyətlə həmin evdə yaşayış şəxslərin evə dair hüquqlarını təsdiq edən lazımi sənədlər yoxdur. F.Heydərovun qeyd edilən davranışlarından belə qənaətə gəlinir ki, həmin şəxsin yaşadığı evə dair mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənəd yoxdur və o,şirkətlə danışıqlardan boyun qaçırır ki, lazımi sənədləri təqdim etməkdən yayına bilsin. Lakin F.Hüseynovun anoloji davranışı adı çəkilən sərəncamla MTK-ya qoyulmuş öhdəliyin icra edilməsinin yubadılmasına, beləliklə də Bakı şəhər İcra Hakimiyyəti Başçısının tapşırığının icra edilməməsinə gətirib çıxarır. Təbii haldır ki, tikinti məqsədləri üçün dövlət tərəfindən torpaq sahəsi ayrılıbsa torpaqdan təyinatı üzrə istifadə edilməli və həmin ərazidə tikinti-quraşdırma işləri yerinə yetirilməlidir. X10 çoxsaylı telefon zənglərindən sonra xx.xx.2022-ci il tarixində ofisə gəlmiş və ilkin danışıqlar zamanı etiraf etmişdir ki, həqiqətən MTK-ya ayrılmış torpaq sahəsində yerləşən evinin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur. İlkin danışıqlardan sonra həmin gün Fərid Heydərovun yaşadığı evə özünün iştirakı ilə baxış keçirilmiş, evin onun mülkiyyətində olmaşını təsdiq edən sənədin olmamasına baxmayaraq milli, etik, dini dəyərlər, Fərid Heydərovun ailəsinin olması, yaşadığı evin ölçüləri də nəzərə alınaraq şirkət tərəfindən evin köçürülməsi ilə bağlı 140.000 manat təklif hazırlanmış və o, xx.xx.2022-ci il tarixdə yenidən ofisə dəvət olunmuşdur. xx.xx.2022-ci il tarixində keçirilən görüş zamanı qeyd edilən 140.000 manat F.Heydərova təklif olunmuş, lakin o, MTK-nın bu humanist addımını zərrə qədər qiymətləndirməmiş, əksinə astronomik rəqəmlər tələb etmişdir. Fərid Heydərovun heç bir sənədi olmayan yaşayış evi üçün təklif edilən məbləği bəyənməməsindən, həddindən artıq məbləğlər tələb etməyindən belə nəticəyə gəlir ki, o mövcud vəziyyətdən istifadə edərək öz “həyat şəraitini” maksimum dərəcədə yaxşılaşdırmaq istəyir. Fərid Heydərovun yaşadığı evin yerləşdiyi ərazidə dövlət qurumlarının təsdiqlədiyi layihəyə əsasən tikinti işləri həyata keçirilməlidir. Cavabdehin halhazırda orda qalmağı və danışıqlardan yayınmağı dövlətin təsdiqlədiyi layihənin icrasına mane olur. Prosesin gedişində iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X4 əsl Cavabdeh ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Həmçinin, iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 176 saylı sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində Cavabdeh məxsus özbaşına tikilinin sökülməsi və bunun müqabilində cavabdehə MTK tərəfindən 160.000 (bir yüz altmış min) manat kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında təklif olunan kompensasiyanın məbləğinin az olduğunu göstərdi və iddianın təmin olunmamsını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 234 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin bir hissəsinin və xx.xx.2017-ci il tarixli, 450 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin addan-ada keçirilməsi hqqında” 176 saylı, xx.xx.2020-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (“Qanlı Göl”ün cənub hissəsində) yerləşən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 234 saylı Sərəncamı ilə “Şərq-F" MMC-yə ayrılmış 0.3350 ha torpaq sahəsinin istifadə olunmamış 0.1905 ha hissəsi və xx.xx.2017-ci il tarixli, 450 saylı Sərəncamı ilə “X11” MMC-yə ayrılmış 0.67 ha torpaq sahəsi, ümumilikdə 0.8605 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Kristal-F" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə “Kristal-F" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilərək, adına rəsmiləşdirilməsi barədə sərəncam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, aparılması "xxxx" MMC-yə həvalə olunmaqla, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin hazırki dövrdə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan real bazar dəyəri nə qədərdir? "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 133 saylı hesab-fakturasına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin bazar dəyərinin 120000 manat olduğu müəyyən edilmişdir. İş materiallarındakı Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 133 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində inşa edilmiş, 201 kv.m ümumi sahədən ibarət, 1 mərtəbəli 7 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin 200000 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəyə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Eyni zamanda 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını cicidi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yerləşən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaq sahəsi, onun üzərində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində həyata keçirən Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 234 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin bir hissəsinin və xx.xx.2017-ci il tarixli, 450 saylı Sərəncamı ilə ayrılmış torpaq sahəsinin addan-ada keçirilməsi hqqında” 176 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı ilə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-ya ayrılmışdır və torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş ev özbaşına tikilidir. Təqdim olunmuş ekspert rəyləri ilə qeyd olunan tikilinin bazar qiyməti 120 000 və 200 000 manat məbləğində müəyyən edilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MTK tərəfindən cavabdeh X3 160.000,00 (bir yüz altmış min) manat kompensasiya ödənilməklə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 176 saylı sərəncamına əsasən Bakı şəhəri Yasamal rayonu, M.Müşfiq küçəsi, “Qanlı Göl”ün cənub hissəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün iddiaçıya ayrılmış torpaq sahəsində yerləşən cavabdehə məxsus olan özbaşına tikili sökülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3179/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3179/2022
22.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver