Məhkəmə qərarları › İş №2(004)-3184/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3184/2020

24.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3184/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanmış xx.xx.2008-ci il tarixli,03L000000 əsas Kredit müqviləsi və xx.xx.2014-cü il tarixli, 03R000025839 saylı əlavə kredit müqqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008 - ci il tarixli, 03L000000 əsas kredit müqaviləsi və xx.xx.2014- cü il tarixli, 03R000025839 saylı kredit xətti müqavilələri bankla onun arasında bağlanan zaman bank tərəfindən aldadılmış, hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, ilkin olaraq o, bankla müqavilə bağlayan zaman məsul şəxslərə, eyni zamanda həmin vaxt işlərini görən kredit mütəxəssisinə müqavilənin milli valyuta ilə tərtib edilməsini xahiş etmişdir. Onlara dəfələrlə pulu milli valyutada-manatda götürmək istədiyini demiş, onlar da onunla razılaşdı. Hətta krediti götürdükdən sonra da borcunu manatla ödəmişdir. Lakin, ölkədə məlum manatın müvafiq devalvasiya prosesləri olduqdan sonra o müqavilənin milli valyutada deyil, dollarla bağlandığının şahidi oldu, bu səbəbdən çarəsiz qalaraq pulu dollarla bir müddət ödəmişdir. Hazırda isə bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilmir, çünki ABŞ dollarında kredit borcunu ödəmək onu müflis etməkdədir.Hesab edir ki, onun müflisləşməyinin və gələcəkdə əmlakının əlindən çıxma ehtimalının olmasının yeganə səbəbi ağır şərtlər altında cavabdehlə aldadılaraq bağlamış olduğu kredit müqaviləsidir. Buna görə də həmin kredit müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, sözügedən müqavilə ABŞ dolları ilə bağlanmış, ABŞ dolları ilə verilmişdir. Həmçinin bu halları sübut edən, işin ipotekaya yönəldilməsi barədə məhkəmə qətnaməsi də var. İddiçı icranın vaxtını uzatmaq məqsədilə iddia qaldırmışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə xəbər verməmişdir. Belə olan halda məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İşin mübahisələndirilən halı odur ki, iddiaçı cavabdehlə kredit müqaviləsinin milli valyutada tərtib olunduğunu bildirir. Hətta qeyd edir ki, borcunu milli valyuta ilə ödəyirdi. Müqavilə ABŞ dolları ilə aldadılaraq bağlanmışdır. Bu səbəbdən də müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən olunur ki, kredit xarici valyutada verilmiş və ödənişlərin də xarici valyutada edilməsi tərəflər arasında razılaşdırılmışdır. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-3490/2017 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli 03L000000357 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı 120 ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. xx.xx.2008-ci il tarixli 03L000000357 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixli 03R000025839 saylı kredit razılaşmasından görünür ki, İddiaçı 24 ay müddətinə, aylıq 1,75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 41000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə 03R000025839S saylı sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsinin artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da banka ödəniş etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2008-ci il tarixli əsas kredit müqviləsi və xx.xx.2014-cü il tarixli, 03R000025839 saylı əlavə kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar