Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3190/2023 04.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı AR Elm və Təhsil Nazirliyi və 01 saylı Bakı Asan Xidmət Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh “Bakı Dövlət Universiteti” X7rşı əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı AR Elm və Təhsil Nazirliyi və 01 saylı Bakı Asan Xidmət Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh “Bakı Dövlət Universiteti” X7rşı əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər üçün nəzərdə tutulmuş istehsalat təcrübəsi dövründə ödənilməli yüz faiz əmək haqqının istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər hesablanaraq ona ödənilməsini, habelə xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirdiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin və dəymiş mənəvi zərərə görə 10000 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi məzunudur, anası, X4 xx.xx.2019-cu il tarixində vəfat etmiş, atası, X2 isə İİ dərəcəli əlilliyi olan şəxsdir. Buna görə də o, təhsil aldığı müddət ərzində “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxs” hesab olunmuşdur. Belə ki, adıçəkilən qanunun göstərilən maddəsinə əsasən həmin kateqoriya şəxslər sırasına valideyn himayəsindən məhrum olmuş və ali təhsil müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər də aid edilir. Ali təhsilinin sonuncu, yəni 4-cü (dördüncü) ilinin ikinci semestrində təhsil aldığı zaman xx.xx.2022-ci il tarixindən xx.xx.2022-cil il tarixinə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində istehsalat təcrübəsi keçmişdir. Yuxarıda adıçəkilən qanunun Təhsil üzrə təminatlar adlı 5-ci maddəsinin 3-cü hissəsinə əsasən ona istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilməlidir. Qanunun göstərilən müddəasına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Qanunun ona verdiyi bu hüquqa əsaslanaraq əmək haqqının ona ödənilməsi üçün Bakı Dövlət Universitetinə dəfələrlə müraciət etsə də, tələbi yerinə yetirilməyib. İlkin müraciəti təcrübə müddəti bitdikdən sonra, iyun ayında olub. Həmin müraciəti universitetin hüquqşünasına yönləndirilib və hüquqşünas tərəfindən rəy verilməsi tələb olunub. Hüquqşünas bu ödənişin ona verilməli olduğu ilə bağlı müsbət rəy verib. Bundan sonra həmin rəy universitetin maliyyə şöbəsinə icra üçün yönləndirilib. Lakin maliyyə şöbəsindən onlara bu ödənişi icra edə bilməyəcəklərini bildirmişlər. Bu imtina ilə bağlı yazılı cavab tələb etdikdə isə Elm və Təhsil Nazirliyinə müraciət etməyini, yalnız bundan sonra yazılı cavab verilməsinin mümkün olduğunu söylədilər. Buna görə də Elm və Təhsil Nazirliyinə müvafiq ödənişin verilməsi ilə bağlı yazılı müraciət etdilər. Nazirlik müraciətilərinin araşdırılması üçün BDU-a məktub ünvanladı. BDU-dan Nazirliyə ünvanlanan cavab məktubunda onun həmin ödənişi almağa hüququnun olduğu göstərilib. Həmin məktubu əldə etdikdən sonra universitetə yenidən müraciət etdilər, lakin maliyyə şöbəsindən yenə də bu ödənişi verə bilməyəcəklərini bildirdilər. Müraciətlərinə heç cür cavab ala bilmədiyindən hüququnun realizə olunması üçün məhkəməyə müraciət etməyi qərara aldı və məcburi mediasiya sessiyasından keçdi. Azərbaycan Respublikasında hazırda mövcud olan məhkəmə təcrübəsinə əsasən yuxarıda göstərilən əmək haqqı tələbənin təhsil aldığı təhsil müəssisəsi tərəfindən ödənilməlidir. Formalaşmış məhkəmə təcrübəsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4295/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixində qəbul etdiyi qətnamədə öz əksini tapmışdır. Bakı Apellyasiya Məhkəməsi bu qətnaməsi ilə iddiaçının təhsil aldığı müəssisəyə qarşı pul tələbinin qismən təmin etmiş və cavabdeh təhsil müəssisəsindən istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqının iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Göstərilən qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 5450/2021 nömrəli, xx.xx.2021 tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərdən aydın olur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş istehsalat təcrübəsi dövründə ödənilməli olan əmək haqqı tələbənin təhsil aldığı müəssisə tərəfindən ödənilməlidir. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında da istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqı tələbi əmək mübahisəsi kimi qiymətləndirilmiş və həmin məbləğin tələbi əmək haqqı tələbi hesab olunmuşdur. Buna görə də yuxarıda da bildirdiyi kimi, “Mediasiya haqqında” Qanunun 28.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasından keçmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarına əsasən əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Buna əsasən cavabdeh xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirdiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc də verməlidir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin qeyd hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə işəgötürən tərəfindən işçinin mənəviyyatına, milli qürur hissinə zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 2022-ci ilin iyun ayından cavabdehə dəfələrlə hüququnun icrası üçün müraciət etsə də, o hər dəfəsində bundan imtina etmişdir. Hətta cavabdehin hüquqşünası bu ödənişin verilməsi ilə bağlı müsbət rəy versə də, cavabdeh bu rəyi nəzərə almamışdır. Ondan Elm və Təhsil Nazirliyinə müraciət etməyini, bundan sonra hər hansı tədbir görülə biləcəyi bildirilsə də, Nazirliyə müraciəti də bir nəticə vermədi. Cavabdeh təxmini 1 ilə yaxın müddətdir ki, öz vəzifəsini yerinə yetirməmiş və onu aylarla yubandırmışdır. Cavabdehin bu addımlarından çox ciddi mənəvi sarsıntılar keçirmişdir. Onun sosial statusunu, qeyd olunan ödənişin sosial təyinatını nəzərə almadan, cavabdeh kobud şəkildə hüquqlarını pozmuşdur. Aylarla müxtəlif müraciətlərin hazırlanması, dəfələrlə universitet gedib-gəlməyi, universitet əməkdaşları ilə bu məsələləri müzakirə etməyi və nəticədə cavabdehin “hüququn var, ancaq vermirik” cavabı onun mənəvi iztirablar keçirməyinə səbəb olmuş və sağlamlığına mənfi təsir etmişdir. Ən əsası Azərbaycan Respublikasının ən köklü ali təhsil müəssisəsinin tələbənin sosial statusuna görə qanunvericilikdə nəzərdə tutulmuş ödənişi verməməsi onun qanunun aliliyi və ədalətlilik kimi təməl dəyərlərə olan inancını sarsıtmışdır. Buna görə də bütün bu aylar ərzinə yaşadığı stressin, mənəvi iztirabların əvəzi olaraq 10000 (on min) manat mənəvi zərərə görə kompensasiya tələb edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, məhkəmə tərəfindən təcrübə keçdiyi müəssisəyə, 1 saylı ASAN Xidmət Mərkəzinə sorğu göndərilib. Sorğuya verilən cavab məktubundan aydın olur ki, təcrübəçi kimi xidmət göstərdiyi vəzifə ştatdankənar baş mütəxəssisdir və həmin müddət ərzində bu vəzifənin əmək haqqısı 300 manat olub. Odur ki, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər üçün nəzərdə tutulmuş istehsalat təcrübəsi dövründə ödənilməli yüz faiz əmək haqqının istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər hesablanaraq 1000 AZN əmək haqqının ona ödənilməsini, habelə xx.xx.2022-ci il tarixindən başlayaraq əmək haqqının gecikdirdiyi hər gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncə görə 6000 AZN və dəymiş mənəvi zərərə görə 10000 AZN məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 4 il universitet oxuyub. İddiaçı universiteti bitirərkən ona ona statusuna görə ödənilməsi nəzərdə tutulan 1922 manat məbləğində də, ödəniş olunub. Bundan başqa iddiaçı oxuduğu müddətdə təqaüd alırdı. Əmək haqqının ödəniməsi ilə bağlı isə mübahisı olduğundan onlar Elim və Təhsil Nazirliyinə məsələ ilə bağlı müraciət etmişlər. Belə ki, ödənilməli olan əmək haqıının kim tərəfindən ödənilməsi qanunvericilikdə bir başa qeyd edilməmişdir. Müvafiq qrumdan isə onlar acavab məktubunda yalnız qanunvericiliyin tələbləri göstərilməklə məktub ünvanlanmış, həmin məktubda əmək haqqının kim tərəfindən ödənilməli olması qeyd edilməmişdir. Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında memorandum imzalanmış və bu anlaşmaya əsasəndə Bakı Dövlət Universitetini tələbələri həmin qrumda təcrübəyə göndərilmişdirlər. Lakin onlarda iddiçı ilə 01 saylı Bakı Asan Xidmət Mərkəzi arasında həmin dövr üçün əmək müqaviləsinin bağlanılıb-bağlanılmaması, onun hansı vəzivəni icra etməsi, həmin vəzifəyə görəd ödənilməli olan əmək haqqının nə qədər olması barədə heç bir məlumat yoxdur. Hətda bununla bağlı ASAN Xidmətin əməkdaşları onlara zəng edərək sənəd tələb etmiş və onlar da bildirmişlər ki, o, onlarda təcrübə keçibsə sənədlər onlarda olmalıdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbi əsassız olduğundan, iddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR Elm və Təhsil Nazirliyinə və 01 saylı Bakı Asan Xidmət Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi ünvanları üzrə bildiriş göndərilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - C 144177 saylı, 04 oktyabr 2022-ci il tarixli bakalavr diplomu ali təhsil haqqında dövlət sənədindən görünür ki, İddiaçı Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. - Bakı Dövlət Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin İV kurs tələbəsi İddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edərək valideyn himayəsindən məhrum olması nəzərə alınaraq ona istehsalat təcrübəsi keçdiyi müddət üçün əməkhaqqı ödənilməsini xahiş etmişdir. Təqdim edilmiş AZ-İ 100606 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixində doğulmuş İddiaçı atası X2, anası X3r. AZ-İİ 057859 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Əlillik haqqında xx.xx.2022-ci il tarixli ********** sistem nömrəli elektron arayışın surətindən və xx.xx.2022-ci il tarixində çap olunmuş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X1 xx.xx.2002-ci il tarixindən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur. BDU üzrə xx.xx.2022-ci il tarixli 4/37 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 2022-ci ilin fevral ayının 16-dan may ayının 27-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində istehsalat təcrübəsi keçməsi əmrləşdirilmişdir. Təqdim edilmiş istehsalat təcrübəsinin gündəliyinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində istehsalat təcrübəsi keçmişdir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1 -ci maddəsinə əsasən bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ dərəcə əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmçinin valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər hesab edilirlər. Həmin Qanunun 5-ci maddəsinin üçüncü hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərə istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Qeyd olunanlara əsasən İddiaçı istehsalat təcrübəsi keçdiyi dövr üzrə yüz faiz əmək haqqının verilməsi qanuna uyğundur. - Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanovun Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini cənab Firudin Qurbanova ünvanladığı məktubdan görünür ki, məlum olduğu kimi təhsilalanlar qanunvericiliyə uyğun olaraq müəyyən dövrlərdə müvafiq qurumlarda tədris təcrübəsi və istehsalat (pedaqoji) təcrübəsi keçirlər. Qanunvericiliyin tələbinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, habelə onların arasından olan şəxslərə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Müvafiq statusu olan təhsilalanlar BDU-ya müraciət edərək həmin əmək haqqının ali təhsil müəssisəsi tərəfindən ödənilməli olduğunu və onun məbləğinin - “Tədris təcrübəsini qiymətləndirən şəxsin aylıq əmək haqqı tədris təcrübəsinin müddətinə vurulmalı, pedaqoji təcrübəni qiymətləndirən şəxsin aylıq əmək haqqı pedaqoji təcrübənin müddətinə vurulmalı və yekunda hər iki məbləğin cəmi hesablanmalıdır1’ şəklində hesablanmalı olduğunu qeyd edirlər. Eyni məzmunlu müraciətlərin kütləviliyi nəzərə alınaraq, rəsmi münasibət bildirilməsi və ümumi təcrübənin formalaşdırılması məqsədi ilə bu məsələyə aydınlıq gətirilməsi zəruridir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onlar arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Həmin Qanunun 5-ci maddəsinin 6-cı bəndinə, 8-ci maddəsinin 4-cü bəndinə və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001 -ci il tarixli 179 nömrəli Qərarının 2-ci bəndinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali təhsili müəssisələrini bitirdikləri zaman respublika üzrə orta aylıq əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti, habelə onlar ilk dəfə işə düzələn zaman respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə (“Əsasnamə”) əsasən təcrübənin əsas növləri aşağıdakılardır: tədris təcrübəsi və istehsalat (pedaqoji) təcrübəsi, o cümlədən diplomqabağı təcrübə. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə dövlət ali (orta ixtisas) təhsili müəssisələri stehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri oüdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Əsasnamənin 4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əmək haqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, stehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Beləliklə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndində qeyd edilən “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir” ifadəsi ilə əlaqədar olaraq, istehsalat təhsilinin hansı məna kəsb etdiyi və hansı dövrü əhatə etdiyi; Yüz faiz əmək haqqının hesablanması üçün hansı meyarın əsas alınmalı olduğu və nə qədər məbləğdə vəsait ödənilməli olduğu; Həmin məbləğin hansı qurum tərəfindən və hansı vəsait hesabına ödənilməli olduğu məsələlərinə münasibət bildirilməsi xahiş olunur. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyevin Bakı Dövlət Universitetinə ünvanladığı 3-29-45/1D-99/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə” ilə tənzimlənir. Ali (orta ixtisas) təhsil müəssisələrində tələbələrin keçdiyi ixtisas üzrə Əsasnamədə təcrübənin tədris təcrübəsi və istehsalat (pedaqoji) təcrübəsi, o cümlədən diplomqabağı təcrübə olmaqla əsas növləri müəyyən edilmişdir. Sözügedən Əsasnamənin 4.3-cü bəndinə əsasən, təcrübə müddətində tələbələrə əmək haqqının mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin 4/161 saylı, xx.xx.2020-ci il tarixli valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbənin təqaüdlə təmin edilməsi haqqında əmrinə əsasən İddiaçı beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə Azərbaycan bölməsi, ödənişli əsaslarla təhsil alan Dövlət və ictimai münasibətlər ixtisasının İİİ kurs 614 qrup tələbəsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1999-cı il 22 iyun tarixli 693 – İQ nömrəli Qanununa və 2018-ci il 18 dekabr tarixli həmin Qanuna edilmiş dəyişikliyə əsasən normativ təhsil müddəti ərzində 23 yaşınadək (doğum tarixi xx.xx.2001) xx.xx.2020-ci il tarixindən etibarən adi təqaüdün iki misli miqdarında təqaüdlə təmin edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3-45/2-979/2023 saylı, 03 avqust 2023-cü il tarixli sorğunun cavablandırılması haqqında məktubuna əsasən Dövlət Agentliyi və Bakı Dövlət Universiteti arasında bağlanılmış 2017-ci il 7 aprel tarixli Anlaşma memorandumuna və tərəflər arasında bağlanmış 2019-cu il 18 mart tarixli müqaviləyə uyğun olaraq, Universitetin müraciəti əsasında tələbələrin Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində istehsalat təcrübəsi keçməsinə şərait yaradılır. Yuxarıda qeyd olunan Anlaşma memorandumunda və müqavilədə istehsalat təcrübəsi keçən şəxslərə Dövlət Agentliyi tərəfindən əmək haqqının ödənilməsi təsbit olunmamışdır. Bakı Dövlət Universitetinin 2022-ci il 15 fevral tarixli, 01-4/112 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2022 - xx.xx.2022 tarixlərində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində ştatdankənar baş mütəxəssis (hazırki qeydiyyatçı) vəzifəsi üzrə “Məlumat köşkünün işinin tənzimlənməsi” istiqamətində istehsalat təcrübəsinə cəlb edilmişdir. Həmin dövr ərzində istehsalat təcrübəsində olan İddiaçı Dövlət Agentliyi tərəfindən hər hansı əmək haqqı ödənilməmişdir. İddiaçı istehsalat təcrübəsində olduğu müddətdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin ştatdankənar baş mütəxəssisi vəzifəsi üzrə əmək haqqı 300 AZN məbləğində müəyyən olmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həmin kateqoriyaya aid olan şəxsdir. İddiaçı Bakı Dövlət Universitetinin tələbəsi olmuş və 16 fevral 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində istehsalat təcrübəsi keçmişdir. Dövlət Agentliyi və Bakı Dövlət Universiteti arasında bağlanılmış 2017-ci il 7 aprel tarixli Anlaşma memorandumuna və tərəflər arasında bağlanmış 2019-cu il 18 mart tarixli müqaviləyə uyğun olaraq, Universitetin müraciəti əsasında tələbələrin Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində istehsalat təcrübəsi keçməsinə şərait yaradılır. Yuxarıda qeyd olunan Anlaşma memorandumunda və müqavilədə istehsalat təcrübəsi keçən şəxslərə Dövlət Agentliyi tərəfindən əmək haqqının ödənilməsi təsbit olunmamışdır. İddiaçı tərəfindən Bakı Dövlət Universitetinə təcrübə müddəti üçün əmək haqqının ödənilməsi ilə əlaqədar müraciətlər edilmiş, cavabdeh tərəfindən ona müxtəlif tarixli məktublarla imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2.3-cü bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi pedaqoji mərhələlərdən ibarət olur. Diplom qabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir. Həmin Əsasnamənin 3.2-ci bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.2-ci bəndinə əsasən dövlət ali (orta ixtisas) təhsil müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsaitlər hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə qeyd edir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi ilə bağlı xüsusi qanunvericilik mövcuddur ki, həmin qanunda bu kateqoriyaya aid şəxslərin təhsil üzrə təminatlar, o cümlədən istehsalat təhsili və istehsalat təcrübəsi dövründə əmək haqqı almaq hüquqları bilavasitə təsbit olunmuşdur. Nəzərə alınmalıdır ki, hazırki iddia əmək münasibətlərindən irəli gələrək yuxarıda qeyd olunan Dövlət Agentliyinə qarşı deyil, məhz “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edilməklə, iddiaçının təhsil aldığı Universitetə qarşı irəli sürülmüşdür. Digər tərəfdən Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında bağlanmış 2019-cu il 18 mart tarixli müqavilə yalnız həmin müqavilə üzrə tərəflər üçün hüquq və vəzifələr müəyyən etməklə, iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddənin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 177.1-ci maddəsinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Həmin Məcəllənin 177.3-cü maddəsinə əsasən 2 aydan az işləmiş işçilər üçün orta aylıq əmək haqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əmək haqqını həmin günlərə bölməklə bir günlük əmək haqqı müəyyən edilir, alınan məbləğ əmək haqqı saxlanılan iş günlərin sayına vurulur. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, İddiaçı təcrübəçi kimi xidmət göstərdiyi vəzifə üzrə ştatdankənar baş mütəxəssis olub və həmin müddət ərzində bu vəzifənin əmək haqqısı 300 manat olub. AR Əmək Məcəlləsinin 177.2-ci maddəsinə əsasən onun istehsalat təcrübəsinin başladığı tarixdən (xx.xx.2022) bitdiyi tarixə (xx.xx.2022) qədər əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi, yəni 600 manatı həmin aylardakı iş günlərinin sayına bölməklə (600/44) bir günlük əmək haqqı tapılır (13,63) və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla (13,63x6) 81,80 müəyyən edilir, yəni cəmi 981,80 manat. Məhkəmə hesab edir ki, iddia tələbi 981,80 manat məbləğində təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinin əmək haqqının vaxtında ödənilmədiyinə görə 6000 manat penyanın tutulması ziddiyyətli olduğundan və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manatın iddiaçının xeyrinə tutulması kifayət qədər sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməli, Bakı Dövlət Universitetinin tələbəsi olmuş İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçdiyi istehsalat təcrübəsi üzrə cavabdeh “Bakı Dövlət Universiteti” X8 istehsalat təcrübəsi zamanı ödənilməli olan 981,80 (doqquz yüz səksən bir manat 80 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Dövlət Universitetinin tələbəsi olmuş İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində keçdiyi istehsalat təcrübəsi üzrə cavabdeh “Bakı Dövlət Universiteti” X8 istehsalat təcrübəsi zamanı ödənilməli olan 981,80 (doqquz yüz səksən bir manat 80 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3190/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3190/2023
04.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver