Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3213/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4201 (dörd min iki yüz bir) manat əsas borc və 1890.90 (bir min səkkiz yüz doxsan manat doxsan qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 6091.90 (altı min doxsan bir qəpik doxsan qəpik) manat məbləğində borcun, və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq Cavabdeh ilə “xxxx” MMC arasında 09 iyul 2019-cu il tarixində “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “xxxx” MMC-yə 4201 (dörd min iki yüz bir) manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği ayda 350.08 (üç yüz əlli manat səkkiz qəpik) manat olmaqla, hissə-hissə “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, sözügedən müqavilənin 3.2-cü maddəsinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5%-i miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürürür. Beləliklə, ödənilməmiş borc məbləği üzrə 1890.90 (bir min səkkiz yüz doxsan manat doxsan qəpik) manat məbləğində dəbbə öhdəliyi yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında iltizamda göstərilən 4201 manat məbləğində pulu hissə-hissə olmaqla 1 il ərzində, yəni 09.07.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürdüyünü, lakin ödənişləri maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 09 iyul 2019-cu il tarixdə bağlanmış “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin surətindən görünür ki, borclu Cavabdeh “xxxx” MMC-yə 4201 manat borcun yarandığını etiraf etmiş və həmin məbləği ayda 350.08 (üç yüz əlli manat səkkiz qəpik) manat olmaqla hissə-hissə12 aya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06.04.2021-ci il tarixə İddiaçı MMC-yə 6582 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan 08.04.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanmış 09 iyul 2019-cu il tarixli iltizam qəbzindən görünür ki, o, oğlu X3 “xxxx” şirkətindən almış olduğu mallara görə yaranmış 4201,57 manat məbləği hissə-hissə olmaqla 1 il ərzində, yəni 09.07.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən borclu Cavabdeh ünvanlanmış 07 aprel 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, yaranmış 4202 manat məbləğində borcun 20.11.2020-ci il tarixədək şirkətə ödənilməsi tələb olunmuşdur. Bildirilmişdir ki, əks halda bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar şirkət tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı MMC ilə Cavabdeh borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Qeyd olunan iltizamın surətindən və tərəflər arasında bağlanmış borcun etirafı barədə müqavilənin surətindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası əsaslı hesab olunur. Belə ki, iş materiallarından göründüyü kimi borclu Cavabdeh 09.07.2019-cu il tarixli müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazıminca icra etməmiş və İddiaçı MMC-yə ödənilməli olan əsas borcu və əsas borcu ödəməyi gecikdirdiyinə görə hesablanmış dəbbə pulunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki MəcəlləSİnin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı məbləği müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı MMC tərəfindən 4201 (dörd min iki yüz bir) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı öz sübutlu əksini taparaq müəyyən olunduğundan qeyd edilən pul vəsaitini cavabdeh şəxs iddiaçıya ödəməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1890.90 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının pul tələbi əsas məbləğ hissəsində tam, dəbbə pulu hissəsində isə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4201 (dörd min iki yüz bir) manat əsas borc məbləği və 40 (qırx) manat dəbbə pulu olmaqla, ümumilikdə 4241 (dörd min iki yüz qırx bir) manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4201 (dörd min iki yüz bir) manat əsas borc və 40 (qırx) manat dəbbə pulu olmaqla, cəmi 4241 (dörd min iki yüz qırx bir) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq iddiaçı "İddiaçı" MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3213/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3213/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver