Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3216/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: borcun silinməsi, sayğacın normal fəaliyyətinə müdaxilə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 82, mənzil 7 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 246, M3, m1) ünvanında yerləşən mənzil xx.xx.2025-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır.
2. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 82, mənzil 7 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 246, M3, m1) ünvanı üzrə **********070 kodlu abonent kartından görünür ki, abonentə xx.xx.2025-ci il – xx.xx.2025-ci il tarix aralığında 240 manat cərimə borcu hesablanmışdır.
3. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanına baxış keçirilərkən məlum olmuşdur ki, mənzildə təmir işləri aparılır. Sayğac qanunsuz olaraq kəsilib, sudan birbaşa istifadə olunur.
4. Təqdim edilmiş fotoşəkillərdən və videoyazıdan görünür ki, su sayğacı su xəttindən kəsilərək götürülüb, su xəttindən sayğacsız formada istifadə olunur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının yaşadığı mənzil üzrə hesablanmış 240 manat məbləğdə cərimə borcunun cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 82, mənzil 7 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 246, M3, m1) ünvanında quraşdırılmış su sayğacını plombuna və göstəricilərinə heç bir zərər yetirmədən texniki səbəbdən çölə çıxarmışdır. Sayğaca müdaxilə edilməyib, plomlar tam şəkildə qalır. Lakin buna baxmayaraq cavabdeh tərəfindən 240 manat məbləğdə cərimə tətbiq edilmişdir. Cərimə əsassızdır, plomba zərər yetirilməmişdir.
b) iddiaya etiraz
7. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, su sayğacına müdaxilə etmədən sayğacın yerini dəyişmişdir. Burada heç bir qanunsuz hərəkət yoxdur. Cərimə hesablanması qanunsuzdur, həmçinin bu məbləğ onların sayğacsız istifadə etdikləri suyun dəyərindən çoxdur.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş edərək göstərmişdir ki, iddiaçının nümayəndəsi özü hər şeyi etiraf etmişdir. Sayğac cavabdeh orqana məlumat verilmədən iddiaçı tərəfindən kəsilərək götürülmüşdür. Bu halda cərimə hesablanması qanunvericiliyin tələblərinə uyğundur.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Su Məcəlləsi: Maddə 98. ... Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.
11. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. Qanunsuz qoşulma
1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Maddə 68. Avadanlığın zədələnməsi
1. Bu Qanuna və müvafiq qanunvericiliyə zidd olmayan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminin texniki qurğularının müəyyənləşdirilmiş ərazilərində, su təchizatı və kanalizasiya müəssisələrinin razılığı olmadan hər hansı işlərin görülməsi qadağandır.
4. Aşağıdakı hallara yol vermək qadağan olunur: d) suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi. Maddə 72. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.
12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: Bənd 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; Bənd 6.15. Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; Bənd 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir; Bənd 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. İşdən müəyyən olunur ki, iddiaçıya məxsus mənzildə su sayğacı quraşdırılmışdır və su təchizatı müqavilə üzrə aparılır. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən su sayğacının kəsilərək su xəttindən ayrıldığı aşkara çıxarılmışdır.
17. İddiaçı hazırda cavabdeh tərəfindən hesablanmış 240 manat məbləğdə cərimənin silinməsi xahiş etməklə, tələbini onunla əsaslandırır ki, onun sayğacı kəsərək mənzildən kənara çıxarması nəticəsində hesablanmış cərimə məbləği qanunsuz olmaqla yanaşı, sayğacsız istifadə etdikləri suyun həcminə də mütənasib deyil.
18. İddiaçı mənzilində yerləşdirilmiş su sayğacını su borusundan kəsərək ayırmışdır, bu işin mübahisəsiz halıdır. İşin bu halları iddiaçı tərəfin özünün etirafı, tərtib olunmuş akt, eyni zamanda məhkəməyə təqdim edilmiş fotoşəkillər və video yazı ilə təsdiq olunur.
19. Belə olan halda iddiaçıya müvafiq akt üzrə cərimə hesablanması doğru olmuşdur, bu qanunvericiliyin tələblərinə uyğundur.
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.5-ci bəndinə görə, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifələri sırasına aid edilmişdir.
21. Həmin qaydaların 6.15.1-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini, istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq qaydada müəyyənləşdirir və hesablaşma aparır.
22. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinə əsasən bu Qanuna və müvafiq qanunvericiliyə zidd olmayan hallar istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminin texniki qurğularının müəyyənləşdirilmiş ərazilərində, su təchizatı və kanalizasiya müəssisələrinin razılığı olmadan hər hansı işlərin görülməsi, eyni zamanda suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi də qadağandır.
23. Həmin qanunun 72-ci maddəsinə əsaəsn bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar.
24. Göründüyü kimi sudan istifadə qaydalarını tənzimləyən sahəvi aktlarda suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi qadağan edilmişdir. Bu qadağanın pozulmasının məsuliyyəti səbəb olması isə qaçınılmazdır.
25. Məhkəmə iddiaçı tərəfin su borusunun diametrinin kiçik olması, sayğacsız istifadə olunan su həcminin hesablanmış cərimə məbləğinə mütənasib olmaması barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, su təchizatı və kanalizasiya xidmətlərindən qeyriqanuni istifadənin həcminin müəyyən edilməsi “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavədə göstərilən qaydada hesablanır.
26. Bu cür situasiyalarda istehlakçının qeyri-qanuni istifadə etdiyi suyun həcminin müəyyənləşdirilməsi praktiki baxımdan mümkün olmadığından qanunverici itirilmiş suyun dəyərinin hesablanması üçün xüsusi qayda müəyyən etmişdir. Tətbiq olunan cərimə də bu qayda üzrə aparılmış hesablamanın nəticəsidir. Bu halda adi dövriyyə şəraitində istifadə olunan suyun dəyərinə görə aparılan ödəniş məbləğlərindən fərqli məbləğin ortaya çıxması qanunvericiliyin sadalanan normalarına uyğundur.
27. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə