Məhkəmə qərarları › İş №2(004)-3243/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3243/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3243/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 24.02.2020-ci il və 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********39510 olan İphone 11 Pro max markalı telefon, X8, Hoffmann markalı aspirator, Plitə, Mini soba, X5 yaddaş kartı, X6 almış və nəticədə 5309 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4475.20 manata (18 ay x 196.4 manat + 940 manat ilkin ödəniş) İMEİ kodu **********39510 olan İphone 11 Pro max markalı telefon, X8 üçün ümumilikdə, 3787 manat olmaqla ondan, 3141 manat ödənilməmiş hissə, 646 manat dəbbə; 04.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1382.40 manata (18 ay x 76.80 manat) Hoffmann markalı aspirator, Plitə, Mini soba, X5 yaddaş kartı, X6 üçün ümumilikdə, 1522 manat olmaqla ondan, 1317 manat ödənilməmiş hissə, 205 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1399.60 manat təşkil edir. Göstərilənlərə əsasən 24.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********39510 olan İphone 11 Pro max markalı telefon, X8 üçün 3141 manat ödənilməmiş hissə, 646 manat dəbbə; 04.06.2020-ci il tarixli müqavilə üzrə Hoffmann markalı aspirator, Plitə, Mini soba, X5 yaddaş kartı, X6 üçün 1317 manat ödənilməmiş hissə, 205 manat dəbbə; ümumilikdə 5309 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, düzdür o iddiçıdan qeyd edilən əmlakları götürmüşdür. Telefonu nəvəsi üçün digər ev əşyalarını isə yeni evləri üçün almışdır. Hazırda xəstədir və pensiyasının tamamını xəstəliyi üçün sərf edir. O, telefondan başqa digər ev əşyalarını iddiaçıya geri qaytarmaq istəsə də, iddiaçı bundan imtina etmişdir. Belə ki, həmin ev əşyalarının qutuları belə açılmamışdır. İndi də həmin əşyların qaytarılmasını qarşı tərəfə təklif edir. Lakin telefonu isə hissə-hissə ödəmək istəyir. Bundan başqa iddiaçı tərəfindən yüksək miqdarda cərimə də tələb olunur ki, onların azadılmasını istəyir. Odur ki, qətnamə çıxarılarkən nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 24.02.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 4475.20 manat, İ İMEİ kodu **********39510 olan İphone 11 Pro max markalı telefon, X7 nisyə satmış, alıcı həmin məbləği hər ay 196.40 manat ödəmək şərti ilə 18 ay müddətinə (ilkin ödəniş 940 manat) ödəməyi öz üzərinə götürmüşdür. 04.06.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı ümumi alqı-satqı qiyməti 1382.40 manata Hoffmann markalı aspirator, Plitə, Mini soba, X5 yaddaş kartı, X4 nisyə satmış, alıcı həmin məbləği hər ay 76.80 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1399.60 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 24.02.2020-ci il və 04.06.2020-ci il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı «xxxx» MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 24.02.2020-ci il və 04.06.2020-ci il tarixli müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış 24.02.2020-ci il tarixli müqavilə üzrə 646 manat, 04.06.2020-ci il tarixli müqavilə üzrə 205 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 24.02.2020-ci il tarixli müqavilə üzrə 65 manat, 04.06.2020-ci il tarixli müqavilə üzrə 21 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 24.02.2020-ci il tarixli müqaviləyə əsasən 3141 (üç min yüz qırx bir) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu, ümumilikdə 3206 (üç min iki yüz altı) manat; 04.06.2020-ci il tarixli müqaviləyə əsasən 1317 (bir min üç yüz on yeddi) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə pulu, cəmi 1338 (bir min üç yüz otuz səkkiz) manat; ümumilikdə 4544 (dörd min beş yüz qırx dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14.40%-i, yəni 4 (dörd) manat 30 (otuz) qəpiyi iddiaçıya aid edilməli, qalan 85.60%-i, yəni 25 (iyirmi beş) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24.02.2020-ci il tarixli müqaviləyə əsasən 3141 (üç min yüz qırx bir) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat dəbbə pulu, ümumilikdə 3206 (üç min iki yüz altı) manat; 04.06.2020-ci il tarixli müqaviləyə əsasən 1317 (bir min üç yüz on yeddi) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat dəbbə pulu, ümumilikdə 1338 (bir min üç yüz otuz səkkiz) manat; cəmi 4544 (dörd min beş yüz qırx dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14.40%-i, yəni 4 (dörd) manat 30 (otuz) qəpiyi iddiaçıya aid edilsin, qalan 85.60%-i, yəni 25 (iyirmi beş) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar