Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3245/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi İddiaçı Maqsur oğlunun iştirakı ilə, İddiaçı Maqsur oğlunun cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Maqsur oğlu cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azəriqaz İB tərəfindən qanunsuz olaraq ona hesablanmış abonent saldosunda göstərilən 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatının iddia tələbinə uyğun olduğunu bildirmiş və iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı X1 məxsus yaşayış sahəsində olan ******* sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombları kəsilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 12690 m³-dur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə Akta əsasən müəyyən olunur ki, tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun quraşdırılan qaz sayğacı kimi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-79-1 nömrəli akta əsasən müəyyən edilir ki, ******* sayğac istismara yararsızdır. İş materiallarında olan abonentin saldosuna əsasən müəyyən edilir ki, 12690 m³ saldo və 1555,2 manat borc mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akta əsasən müəyyən edilir ki, ******* nömrəli sayğac istismar müddətinin bitməsi əsası ilə çıxarılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mübahisənin qanuni əsası qismində iddiaçı və cavabdeh arasında Qazın alqısatqısına dair müqavilə təşkil edir. Deməli, mübahisənin qanuni əsası müqavilə (öhdəlik) münasibətləridir. Nəzərə almaq lazımdır ki, ******* nömrəli sayğac xx.xx.2022-ci il tarixdə istismar müddətinin bitməsi əsası ilə çıxarılmışdır. Təxminən 5 (beş) ay sonra xx.xx.2023-cü il tarixdə əsassız olaraq istehlakçı X1 məxsus yaşayış sahəsində olan ******* sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomblarının istehlakçı tərəfindən kəsilməsi qənaətinə gəlinmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən sayğac cavabdehin məsul əməkdaşları tərəfindən təhvil alınan zaman sayğaca hər hansı müdaxilə olması halı müəyyən edilməmiş, bu barədə hər hansı akt tərtib edilməmişdir. Bir neçə ay sonra istehlakçı İddiaçı Maqsur oğlunun müayinədə iştirakını təmin etmədən labaratoriya müayinəsi zamanı əsassız olaraq sayğaca müdaxilə edilməsi qənaətinə gəlinmişdir. Sayğaca müdaxilə edilmişsə belə, müdaxilə edən şəxsin şəxsiyyəti, məsuliyyəti və təqsirinin əsası və həddləri müəyyən edilməlidir. Sayğac təhvil alınan zaman müdaxilə barədə akt tərtib edilmədən bir neçə ay sonra bu barədə müvafiq qənaətə gəlinməsi qanuni hesab edilə bilməz. Məhkəmə cavabdeh orqana izah edir ki, Cavabdeh İB dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxil edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh İB-nin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iddia tələbi üzrə mülki hüquq münasibətinin subyektlərinin məsuliyyətinin əsasları müqavilə şərtləri ilə müəyyənləşdirilir. Hüquqi məsuliyyətin şərtləri və həddləri müəyyən və əsaslı olaraq müəyyənləşdirilməlidir. Qanunvericiliyə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh dəyişdirilmiş qaz sayğacının qüsurlarına görə hesablanmış qaz itkisinin dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edilə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh məhkəməyə iddianın təkzib edilməsini təmin edən əsaslı sübutları məhkəməyə təqdim etməmiş, bu barədə münasibətini mülahizə kimi də olsa bildirməmişdir. Məhkəmə iddia tələbinə iddiaçının təqdim etdiyi sübutlar həddində baxmağı qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdeh Azəriqaz İB tərəfindən İddiaçı Maqsur oğluna hesablanmış abonent saldosunda göstərilən 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləği qanunsuz hesab edilməklə silinməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Maqsur oğlunun cavabdeh Azəriqaz İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azəriqaz İB tərəfindən İddiaçı Maqsur oğluna hesablanmış abonent saldosunda göstərilən 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc məbləği qanunsuz hesab edilməklə silinməsi vəzifəsi cavabdeh Azəriqaz İB-nə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-3245/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3245/2023
26.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver