Məhkəmə qərarları › İş №2(004)-3246/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3246/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3246/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi 23.04.2021ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 04.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “LG LED” markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.920,60 manat əsas borc və hesablanmış 445 manat dəbbə pulu; 24.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A51” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 871,20 manat əsas borc və hesablanmış 259 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.525,80 manat pul tutularaq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, “xxxx” MMC tərəflər arasında bağlanmış 04.02.2020-ci il tarixli müqaviləyə əsasən LG LED markalı televizor; 24.02.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy A51” markalı telefonu Cavabdeh nisyə satmışdır. Cavabdeh cihazların ümumi dəyərindən 39 manat ödəmiş, müqavilələr üzrə ümumi 2.791,80 manat əsas borcu qalmış və ümumilikdə müqavilələr üzrə 704 manat cərimə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvandan köçdüyünə görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ1012 nömrəli poçt tərəfindən müvafiq qeyd yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin “AZEMİS” vasitəsilə cavabdehin mobil telefon nömrəsinə SMS bildirişi göndərilsə də, SMS çatdırılmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 04.02.2020-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC ümumi dəyəri 1.920,6 manat olan “LG LED markalı televizoru ilkin ödəniş etməməklə, 18 ay müddətinə ayda 106,70 manat ödənilməsi; 24.02.2020-ci il tarixli müqaviləyə əsasən ümumi dəyəri 910,20 manat olan “Samsung Galaxy A51” markalı telefonu 39 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə ayda 72,60 manat ödənilməsi şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 16.04.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 04.02.2020-ci və 24.02.2020-ci il tarixli müqavilələr üzrə “xxxx” MMC-yə 2.791,80 manat əsas borcu 704 manat cərimə olmaqla, cəmi 3.495,80 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 04.02.2020-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə hesablanmış yüksək hesablanmış 445 manat dəbbə pulu azaldılaraq 100 manat; 24.02.2020-ci il tarixli müqavilə üzrə tənasübsüz surətdə hesablanmış yüksək hesablanmış 259 manat dəbbə pulu azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “LG LED” markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.920,60 manat əsas borc və hesablanmış 100 manat cərimə; 24.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A51” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 871,20 manat əsas borc və hesablanmış 50 manat cərimə olmaqla, ümumilikdə 2.941,80 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.971,80 manat pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməlidir. İddia tələbi - müqavilə üzrə hesablanmış cəmi 554 manat dəbbə pulu tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “LG LED” markalı televizorun dəyərindən ödənilməmiş qalan 1.920,60 manat əsas borc və hesablanmış 100 manat cərimə; 24.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung Galaxy A51” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 871,20 manat əsas borc və hesablanmış 50 manat cərimə olmaqla, ümumilikdə 2.941,80 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.971,80 (iki min doqquz yüz yetmiş bir manat səksən qəpik) manat pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar