Məhkəmə qərarları › İş №2(004)-3255/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3255/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3255/2021 21.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89009 olan Huawei P20 Lite markalı telefon üçün 230 manat ödənilməmiş hissə, 23 manat cərimə, 14.05.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 53 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 311 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında 28.02.2019-cu il tarixdə 00535684 saylı müqavilə bağlanmışdır. 28.02.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, Cavabdeh ilkin ödəniş də daxil olmaqla 01.04.2019-cu il tarixdən 01.09.2019-cu il tarixədək hər ay 115 manat olmaqla cəmi 690 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. 28.02.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən Huawei P20 Lite markalı telefon təhvil alınmışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında 14.05.2019-cu il tarixli 00662009 saylı müqavilə bağlanılmışdır. 14.05.2019-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Cavabdeh tərəfindən LG LED markalı televizor təhvil alınmışdır. İş materiallarında olan 14.05.2019-cu il tarixli 00662009 saylı müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş də daxil olmaqla 27.06.2019-cu il tarixdən 27.05.2020-ci il tarixədək hər ay 58 manat olmaqla cəmi 702 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.04.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 283 manat əsas, 28 manat cərimə borcu olmaqla 311 manat borcu vardır. “xxxx” MMC-nin Cavabdeh ünvanladığı 16.12.2019-cu il tarixli xəbərdarlıq məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89009 olan Huawei P20 Lite markalı telefon üçün 230 manat ödənilməmiş hissə, 23 manat cərimə, 14.05.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 53 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 311 manat borcun və 20 manat dövlət rüsumu alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini qismən yerinə yetirmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28.02.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********89009 olan Huawei P20 Lite markalı telefon üçün 230 manat ödənilməmiş hissə, 23 manat cərimə, 14.05.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 53 manat ödənilməmiş hissə, 5 manat cərimə, ümumilikdə 311 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar