Məhkəmə qərarları › İş №2(004)-3259/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3259/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3259/2022 30.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirak ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-7343/2011 nömrəli məhkəmə əmri ilə Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtləri pozulduğuna görə ”Vebtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 8801 (səkkiz min səkkiz yüz bir) ABŞ dolları əsas (qalıq) borcun ödəniş gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 2546 (iki min beş yüz qırx altı) ABŞ dolları cərimə, cəmi 11347 (on bir üç yüz qırx yeddi) ABŞ dolları və 10 (on) manat dövlət rüsumunun tutularaq ”Vebtel” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə göstəriş verilmişdir. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(004)-7343/2011 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3259/2022 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçilmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2010-cu il tarixli müqavilə üzrə cavabdehdən 7200 məbləğində əsas borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə bağlanmış VİP 8512 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, kreditor borcluya satış qiyməti 8800 ABŞ dolları olan (ümumi məbləği 8801 ABŞ dolları), “Nokia 8800 arte” markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ödəmə qrafiki üzrə ödəməli olan məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixdə keçirilmiş hazılıq iclasında iştirak edən Cavabdeh ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilən 7200 manat borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə ”Vebtel” MMC arasında xx.xx.2010-cu il tarixdə VİP 8512 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı özünə məxsus dəyəri 8800 ABŞ dolları olan (“Nokia 8800 arte” markalı mobil telefon) hər ay 1466 ABŞ dolları, sonuncu ay 1471 ABŞ dolları olmaqla 6 ay müddətinə ödəmək şərti Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2010-ci il tarixli tSTAR GSM müqaviləsinə əsasən xx.xx.2010cu il tarixli, VİP 8512 saylı nömrəli alqı-satqı müqaviləsi üzrə “Nokia 8800 arte” markalı mobil telefon tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli xx/xx-5927 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə bağlanmış VİP 8512 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 8801 ABŞ dolları əsas (qalıq) borc və ödəniş gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 2546 (iki min beş yüz qırx altı) ABŞ dolları cərimə borcu olmaqla,cəmi 11347 (on bir üç yüz qırx yeddi) ABŞ dolları borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqısatqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir. Həmçinin, cavabdeh məhkəmə islasında iddianın etiraf edilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il tarixli, VİP 8512 nömrəli müqavilə üzrə ödənilməmiş qalan 7200 (yeddi min iki yüz) manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il tarixli, VİP 8512 nömrəli müqavilə üzrə ödənilməmiş qalan 7200 (yeddi min iki yüz) manat məbləğində əsas borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar