Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3277/2022 17.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulmasına görə (istehlakçı hesab kodu **********00020) qanunsuz olaraq hesablanmış 5940 kub m. Qazın silinməsi, bununla bağlı indiyə qədər tutulmuş məbləğin geri qaytarılması və ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayonu Ə.Hüseynzadə küçəsi dalan 8, mənzil 2 ünvanda (**********00020) 2019-cu il 7 iyul tarixdə Cavabdeh nümayəndələri tərəfindən qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız 5940 kub m. İtirilmiş təbii qaz hesablanmışdır. Bu barədə 2022-ci ilin yanvar ayında Cavabdehnə müraciət etdikdən sonra ona bildirilmişdir ki, çıxarılan qaz sayğacının plastmas borusunun deşilməsi barədə rəy verilmişdir. Bu səbəbdən də 5940 kub m.itirilmiş təbii qaz hesablanmışdır. Lakin sayğıc yenisi ilə əvəz edilərkən akt tərtib olunmuş çıxarılan sayğacda heç bir qüsur aşkar edilməmiş, plombları yerində olması barədə aktda xüsusi qeyd olunmuşdur. Həmin aktda sayğaca müdaxilə barədə hər hansı qeyd yoxdur. Sayğacın xx.xx.2019-cu il tarixdə çıxarılmasına baxmayaraq, 4 aya yaxın vaxt keçdikdən sonra onun iştirakı olmadan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Həmin aktın surətini 2022-ci ilin fevral ayında Cavabdehnə müraciət etdikdən sonra almışdır. Yoxlamaların nəticəsi ilə razı deyil. Belə ki, sayğaca müdaxilə onun tərəfindən edilməsi mümkün deyildir. Bəlkə də, Birliyin əməkdaşları sayğacı çıxaran zaman, ya da ki sonradan həmin qüsurlar meydana gəlmişdir. Çünki həmin qüsurlar əvvəldən mövcud olsaydı, mütəmadi sayğaclara baxış keçirən Azəriqazın əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər, yaxud sayğacı çıxararkən bu barədə tərtib etdikləri aktda həmin qüsurlar göstərilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qaydalarda belə nəzərdə tutulduğu halda küçədə quraşdırılmış sayğaca görə o məsuliyyət daşıya bilməz. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Çövcud qaydalara əsasən sayğaclar xətdən açıldıqdan sonra 10 iş günü (Bakı, Sumqayıt, Abşeron üzrə 5 iş günü) müddətində “İnformasiya texnologiyaları və Rabitə idarəsinə” gətirilir. Dövlət yoxlamasına gətirilən sayğacın, qəbul edilərkən göstəricisi və plombların nömrəsi siyahıda göstərilən rəqəmlərə uyğun olmadıqda xüsusi qeydiyyat aparılır və “İnformasiya texnologiyaları və Rabitə idarəsi” tərəfindən Cavabdehnə məlumat verilir. İstehlakçının istəyi ilə qaz xəttinin üzərindən açılmış sayğacın yoxlanılmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda iştirakı təmin edilir. Bu barədə ona heç bir məlumat verilməmişdir. Sayğacların “İnformasiya texnologiyarı və Rabitə idarəsinə” daxil olan vaxtdan, 10 iş günü müddətindən gec olmayaraq dövlət yoxlamasından keçirilməsi, sənədləşdirilməsi və Cavabdeh nümayəndəsinə təhvil verilməsi təmin edilir. İstismara yararsız hesab edilmiş və müdaxilə faktı aşkar olunmuş və ya hesabatı qeydiyyata almayan sayğaclara Cavabdeh İB-nin nümayəndəsinin iştirakı ilə müvafiq olaraq aktlar tərtib edilərək, “İnformasiya texnologiyarı və Rabitə idarəsi” tərəfindən 7 iş günü müddətində Cavabdeh İB-nə təqdim edilir. Qaydalarda konkret müddətlər müəyyənləşdirilməsinə baxmayaraq, 2019-cu il 7 iyul tarixdə çıxarılmış sayğac 18 oktyabr 2019-cu ildə yoxlamadan keçirilmiş, 30 oktyabr 2019cu ildə akt tərtib olunmuşdur. Onun yaşadığı mənzil ümumilikdə 35 kv.m ibarətdir, həmişə qazdan istifadə haqqını vaxtında ödəmiş, qış aylarında 15-20 manat məbləğində qaz istifadə edir. Belə olduğu halda qaz sayğacına müdaxilə etməsi heç bir məntiqə sığmır. İddiaçı iddia tələbinin dəqiqləşməsi ilə bağlı ərizə tədim edərək, cavabdeh tərəfindən hesablanmış 600 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus olan Yasamal rayonu Ə.Hüseynzadə küçəsi dalan 8, mənzil 2 ünvanda (Abonent kodu: **********00020) sayğaca müdaxilə olunması aşkar olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1710- 03237-2 nömrəli aktına əsasən İddiaçı məxsus olan Yasamal rayonu Ə.Hüseynzadə küçəsi dalan 8, mənzil 2 ünvanda (Abonent kodu: **********00020) quraşdırılmış G-4 markalı ******* nömrəli sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilərək təbii qaz itkisi yaranmışdır. Mövcud sayğacın qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cəmi 2160 m3 itirilmiş qazın bərpa edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş **********00020 nömrəli abonentin saldosundan İddiaçı 600 manat məbləğində borcunun olması görünür. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, hesablanmış borcun qanuni əsaslarla yazılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim edilməmiş, həmçinin abunə hesabında borcun yazılmasına əsas olan sənəd göstərilməmişdir. Odur ki, iddiaçının abonent hesabına 600 manat borcun yazılması əsassız və qanunsuz olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanda (Abonent kodu: **********00020) hesablanmış 600 manat borc silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan ünvan 2 ünvanda (Abonent kodu: **********00020) Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən hesablanmış 600 (altı yüz) manat borc silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3277/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3277/2022
17.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver