Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3329/2021 28.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızı, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 1993-cü ilin yanvar ayının 11-dən həmin ilin aprel ayının 11-dək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N () saylı hərbi hissəsinin 1-ci X3 Batalyonunda atıcı kimi Gədəbəy rayonu Mutudərə, Mor-Mor adlanan ərazilərində erməni işğalçılarına qarşı aparılan müdafiə döyüşlərində iştirak etməyi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsində məhkəmə qaydasında müəyyən edilən hüquqi faktların siyahısı verilmişdir. Qeyd olunan siyahıda şəxsin döyüşlərdə iştirak etməsi faktının məhkəmə qaydasında müəyyən edilməli fakt olması göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən isə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Ərizəçinin müəyyən edilməsini istədiyi döyüşlərdə iştirak etmə faktının müəyyən edilməsi üçün qanunvericilikdə başqa qayda nəzərdə tutulmuşdur. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı Qərarı ilə 2 təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qərarda şəxsin döyüş əməliyyatlarında iştirak etməsinin hansı sənədlər əsasında təsdiq ediləcəyi göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəçinin döyüşlərdə iştirak etməsi faktı həmin sənədlər əsasında müəyyən edilməli olduğundan bu fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli 3 saylı qərarının 14-cü bəndində də qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi qeyd edir ki, ərizəçi ərizəsində 1-ci Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin veteranlıq statusunun alınması üçün lazım olduğunu göstərmişdir. Məhkəmə izah edir ki, ərizəçiyə 1-ci Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə iştirak etməsini təsdiq edən sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən veteranlıq vəsiqəsinin verilməsindən imtina olunarsa, bu halda ərizəçi həmin orqanın hərəkət və hərəkətsizliyindən müvafiq olaraq inzibati məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü madəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, ərizəçiyə hazırki tələblə əlaqədar inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırkı məsələ ilə bağlı inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3329/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3329/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver