Məhkəmə qərarları › İş №2(004)-3334/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3334/2021

22.09.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3334/2021 22.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-ya qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikilinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü və 244-cü maddələrinə uyğun olaraq sökülməsi, əvvəlki vəziyyətin bərpa edilməsi yarımçıq tikili üzərində ADMİU-nun mülkiyyət hüququ təmin edilməklə ərazinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qaytarılması haqda qətnamə çıxarmağınızı xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda yerləşən binalar bütünlüklə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verilmişdir. Hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir. Təhsil nazirinin tapşırığına əsasən Universitetin fəaliyyətinin təhlili zamanı onun ərazisində yarımçıq tikili aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Universitetə aid olan 0,16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra başçısının 28.09.2003-cü il tarixli 515 saylı sərəncamı ilə Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Həmin ərazidə Universitetin balansında olan yeməkxana binası və avtomobil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamla Universitetin yeməkxana binasının və duracaqlarının sökülməsi Cavabdeh MTK-ya tapşırılmışdır. Bunu qanunsuz və əsassız hesab edən Azərbaycan Respublikası Təhsil nazirliyi Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs olaraq Cavabdeh MTK-ya qarşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli 414 N2-1 (81)416/2017 qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı olan üçüncü şəxs - Cavabdeh MTK apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 04 iyul 2017-ci il tarixli 2-1 (103)-1178/2017 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı olan Cavabdeh MTK kassasıya şikayəti vermiş, eyni zamanda kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa olunmasına dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyası 14 fevral 2018-ci il tarixli, 2-2 (102)-138/18 saylı qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosesual müddətin bərpası barədə ərizəni təmin etməmiş, kassasiya şikayətini mümkün saymamış, onun icraata qəbuldan imtina etmişdir. Bundan sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti cavabdehlər “İncəsənət" MTK-ya və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Təhsil nazirliyi cəlb olunmaqla) Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyriyaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınmasına dair Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh MTK-ya verilmiş 00312 qeydiyyat nömrəli 13 mart 2007-ci il tarixli Şəhadətnamənin və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh MTK arasında bağlanmış 22 dekabr 2006-cı il tarixli 933 nömrəli və 01 mart 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 11.04.2019-cu il tarixli 2-2 (81)-326/2019 nömrəli qətnaməsi ilə iddia tələbini təmin etmiş, qeyd olunan şəhadətnamənin və müqavilələri etibarsız hesab etmiş, onların hüquqi nəticələrini ləğv etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyası 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Qeyd olunan sənədlərin, etibarsız hesab edilməsinə və onların hüquqi nəticələrinin ləğv edilməsinə baxmayaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus olan ərazidə yarımçıq qalmış tikintinin sökülməsi və ya əvvəlki vəziyyətin bərpa prosesi aparılmamışdır. Eləcə də yarımçıq tikili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mülkiyyətinə verilməmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil nazirliyi vasitəsilə Azərbaycan Respublikası İqtisadiyyat nazirliyinə müraciət edilmiş, nazir Mikayıl Cabbarovun imzası ilə Təhsil nazirliyinə göndərilmiş 2 oktyabr 2020-ci il tarixli N-İN-x/o-10067/2020 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq qərarı və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İncəsənət “MTK” ilə bağladığı müqavilələr və verilmiş şəhadətnamələr məhkəmələrin qüvvəyə minmiş qərarları ilə ləğv edildiyini nəzərə alaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərərfindən daşınmaz dövlət əmlakının bərpası və təhvil götürülməsi barədə məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə 0.16 ha torpaq sahəsi Cavabdeh MTK-nın istifadəsinə verilmiş, torpaq sahəsi AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi 13.03.2007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən Cavabdeh MTK tərəfindən özəlləşdirilmişdir. Daha sonra Cavabdeh MTK ərazidə tikinti işləri aparmaq üçün 16.11.2007-ci il tarixli, 3705 saylı icazə, eləcə də digər zəruri sənədləri almış və tikinti işlərini başlayaraq 2 mərtəbə zirzəmi və 3 mərtəbə qeyri-yaşayış və yaşayış sahəsini inşa etmişdir. AR Təhsil Nazirliyi 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamın etibarsız hesab edilməsi tələbi ilə Bakı şəhəri İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh MTK-ya qarşı məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2-1(81)-416/2016 nömrəli qərarı ilə qeyd edilən sərəncam etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.07.2017-ci il tarixli, 2-1(103)-178/2017 saylı qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2-1(81)-326/2019 nömrəli qətnaməsi ilə 13.03.2007-ci il tarixli, 00312 saylı şəhadətnamə, 22.12.2006-cı il tarixli, 993 saylı və 01.03.2007-ci il tarixli, 42 saylı müqavilələr, eləcə də 28.12.2006-cı il tarixli, 000925 saylı şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 31.07.2019-cu il tarixli, 2-2( 103)-543/2019 saylı qətnaməsi və AR Ali Məhkəməsinin 31.07.2019-cu il tarixli, 2- 2( 102)-507/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamı etibarsız hesab edilmiş, bununla da 0.16 ha torpaq sahəsində inşa etdiyikləri binanın tikintisi məcburi olaraq dayandırılmışdır. Mübahisəli torpaq sahəsi tam qanuni şəkildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamına əsasən iddiaçı tərəfindən icarəyə götürülmüşdür. Qeyd edilən sərəncamda ərazidə yerləşən tikililərin sökülməsi və yerində bina inşa edilməsi nəzərdə tutulmuşdur. Torpaq sahəsi Cavabdeh MTK-ın adına özəlləşdirilmiş və hüquqları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi 13.03.2007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Eyni zamanda 22.12.2006-cı il tarixli, 993 saylı və 01.03.2007-ci il tarixli, 42 saylı müqavilələr bağlanmış, 28.12.2006-cı il tarixli, 000925 saylı şəhadətnaməyə əsasən ərazidə yerləşən 337.1 kv.m ibarət qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə onlar tərəfindən satın alınmışdır. Qeyd edilən səlahiyyətli orqanın sərəncamın qanuniliyinə və əsaslılığına güvənərək onlar ərazinin özəlləşdirilməsini həyata keçirmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparmışlar. Lakin görünən budur ki, artıq yuxarıda adları qeyd edilən instansiya məhkəmələri həmin sərəncamın və şəhadətnamələrin etibarsızlığını tanımış və bu barədə qərarlar çıxarmışlar. Artıq onların bu sərəncamın həqiqətən əsaslı və ya əsassız olmasına dair hər hansı hüquqi münasibət bildirməklərinə gərək yoxdur. Çünki onların sərəncamın, şəhadətnamələrin və müqavilələrin etibarsızlığı barədə qüvvəyə minmiş məhkəmə qərarları vardır. Həm özəlləşdirmədən, həm də ərazidəki qeyri-yaşayış sahələrinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitetinin məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürüməsi, özəlləşdirilməsi, habelə oradakı qeyri-yaşayış sahəsinin sökülməsi və yeni binanın inşası gizlədiləcək ölçüdə bir iş deyil. Bu işlər həyata keçirilərkən faktiki olaraq Univerisitet heç bir etiraz və narazılıq bildirməmiş, torpağın və qeyri yaşayış binalarının özəlləşdirilməsinin qarşısını almaq üçün nə Cavabdeh MTK-ya nə də başqa dövlət orqanlarına müraciət etməmişdir. Bununla da onların böyük məbləğdə zərərə düşməklərinə zəmin yaradacaq davranış nümayiş etdirmişdir. Mədəniyyət və İncəsənət Universiteti indiki kimi məhkəmədə vaxtında iddia qaldırsaydı, sərəncamın etibarsızlığını tikinti başlayan ərəfədə mübahisələndirərək onu etibarsız hesab etdirmiş olsaydı, tikitiyə razılıq verməsəydi onlar ərazidə nə söküntü nə də yeni tikinti apara bilməzdilər və böyük məbləğdə zərərə də düşməzdilər. Məhz buna görə də hazirki iddia tələbi üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti vurulmuş zərəri ödəməlidir. Məhz onun bu cür davranışı nəticəsində onlar böyük miqdarda zərərə düşmüşlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ərazidə tikinti tikilməsinə icazə verməsi və heç bir etiraz bildirməməsi ilə əlaqədar onlara vurulmuş zərərin əvəzini ödəməlidir. Onlar tərəfindən inşa edilmiş əmlakın sökülməsinə dair ilkin iddia üzrə iddiaçının tələbi ilə onlar tərəfindən hazırda qaldırılmış iddia arasında qarşılıqlı əlaqə vardır və hər iki işə birlikdə icraatda baxılması mübahisələrə tez və düzgün baxılmasına zəmin yaradır. Əlaqənin mahiyyəti bundan ibarətdir ki, ilk iddia üzrə iddiaçının tələbi təmin olunarsa və bina sökülərsə gələcəkdə həmin binanın inşasına və ərazinin özəlləşdirilməsi, orada olan əmlakların satın alınması ilə bağlı çəkdikləri xərclərin müəyyən olunmasında ciddi çətinliklər yarana bilər. Eyni zamanda bu onların zərərə düşməklərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təqsiri vardır. Buna görə də hər iki iddia tələbi birlikdə baxılmalı və hüquqi qiymət verilməlidir. Beləliklə tələbləri xərclənmiş vəsaitdən və gələcəkdə əldə olunan faydanın tutularaq ödənilməsindən ibarətdir. Odur ki, ilk iddia 14 438 000 manat maddi ziyan, o cümlədən 24 225 000 manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq onlara ödənilməlidir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, ilkin iddia üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4 və 244-cü maddələrinə istinad etmişlər. Belə ki, MM-nin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 244-cü maddəsində isə deyilir ki, əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf razılıq verərsə Yasamal rayonu, İnşaatçılar prospekti 9-da yerləşən torpaq sahəsində olan yarımçıq tikili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin balansına verilsin. Odur ki, o, məhkəmədən ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Yasamal rayonu, İnşaatçılar pr, 9-da yerləşən torpaq sahəsində olan yarımçıq tikili kifayət qədər əhatəli binadır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universteti gələcəkdə bina tikərsə bu tikili onlara tam lazımlı olacaq. Belə ki, bu tikilidə işin 60 faiz hissəsi başa çatıb. Onlar təqsirli tərəf deyillər, aparılmış tikinti qanunsuz olmayıb, həmin tikintiyə rəvac verən hüquqverici sərəncam qanunsuz olub. Qarşılıqlı iddia ərizəsinin isə məğzi ondan ibarətdir ki, mübahisəli tikilinin yerləşdiyi ərazidə qeyri-yaşayış binaları olub. Tikinti işləri aparılarkən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universteti bu müddət ərzində bir dəfə də olsa bildirməyiblər ki, ərazi onlarındır, niyə tikinti işləri aparılır. Yəni tikinti işləri Universtetin xəbəri olmadan aparılmayıb. Binanın hazırki qiyməti 14 milyon manat təşkil edir. Bu məbləğ ərazinin özəlləşdirilməsinə, tikinti işinin aparılmasına çəkilmiş xərclərdir. 24 milyon manat əldən çıxmış fayda kimi hesablanıb. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikası Təhsil nazirinə ünvanlanmış məktubdan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.04.2019-cu il tarixli 2-2(81)-326/2019 nömrəli qətnaməsinə əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin balansında olmuş və "xxxx" MTK tərəfindən özəlləşdirilmiş daşınmaz dövlət əmlakları üzərində özəlləşdirmənin nəticələri ləğv edilmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 30 aprel 2020-ci il tarixli, 20 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337,1 kv.m qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi 1600 kv.m torpaq sahəsinə dair "incəsənət” MTK ilə bağlanmış 22.12.2006-cı il tarixli 993 nömrəli, 01.03.2007-ci il tarixli 442 nömrəli alqı-satqı müqavilələri və həmin müqavilələr əsasında verilmiş 28.12.2006-cı il tarixli, 000925 nömrəli, 13.03.2007-ci il tarixli, 000312 nömrəli şəhadətnamələr etibarsız hesab edilmiş və onların hüquqi nəticələri ləğv edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən daşınmaz dövlət əmlakının bərpası və təhvil götürülməsi barədə məhkəmə orqanlarına müraciət edilməsini məqsədəuyğun hesab edilir. İş materiallarında olan 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı 09 dekabr 2016-cı il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı Cavabdeh MTK 3-cü şəxs qismində cəlb edilməklə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28.11.2003-cü il tarixli 515 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmiş, Bakı Şəhəri, İcra Hakimiyyəti Başçısının 515 saylı, 28 noyabr 2003-cü il tarixli sərəncamın etibarsız hesab edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1178/2017 saylı, 04.07.2017-ci il tarixli qətnaməsindən görünür ki, 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı 09 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2-2(81)-326/2019 saylı 11.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin cavabdehlər İncəsənət MTKya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi cəlb edilməklə) “şəhadətnamənin etibarsız hesab edilməsinə” dair iddia ərizəsi təmin edilmiş, Cavabdeh MTK-nın adına Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən 13.03.2007-ci il tarixdə verilmiş, 000312 qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.metr torpaq sahəsinin satın alınması barədə Şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh MTK arasında bağlamış 22.12.2006-cı il tarixli 993 nömrəli və 01 mart 2007-ci il tarixli 442 nömrəli müqavilələrin etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli 000925 saylı qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqı nəticələrinin ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-543/2019 saylı, 31.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2-2(81)-326/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-507/2019 sayll, 18.12.2019-cu il tarixli Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-543/2019-cu il tarixli, 31.07.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 21.09.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 561- 562-ci məhəllədə yerləşən yarımtikilinin tikinti xərcləri 10 161 603 manat, tikiliin ümumi dəyəri isə 24 555 000 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikili ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən sökülməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Bundan əlavə qeyd edilən Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda yerləşən binalar bütünlüklə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verilmişdir. Hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir. Həmçinin müəyyən edilmişdir ki, Universitetə aid olan 0,16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə Bakı şəhər İcra başçısının 28.11.2003cü il tarixli 515 saylı sərəncamı ilə Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh tərəfindən ərazinin özəlləşdirilməsi həyata keçirilmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparılmışdır. Lakin yuxarıda sadalanan qanuni qüvvəsini almış məhkəmə qərarları ilə tikinti məqsədləri üçün lazımi icazələri nəzərdə tutan müvafiq aktların və mülkiyyəti təsdiq edən şəhadətnamələrin etibarsızlığı tanınmış, onların hüquqi nəticələri ləğv edilmişdır. Beləliklə, mübahisə predmeti olan həmin tikilinin hazırda heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikili ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən sökülməsi hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi əvvəlki vəziyyətin bərpa edilməsi yarımçıq tikili üzərində ADMİU-nun mülkiyyət hüququ təmin edilməklə ərazinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qaytarılması hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikilinin ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən sökülməsi hissəsində təmin edildiyi halda ilkin iddia tələbinin əvvəlki vəziyyətin bərpa edilməsi yarımçıq tikili üzərində ADMİU-nun mülkiyyət hüququ təmin edilməklə ərazinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qaytarılması mümkün deyil. Qarşılıqlı iddia ərizəsinə gəldikdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. İş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hər hansı təqsiri ucbatından Cavabdeh MTK-ya böyük miqdarda zərərin vurulması öz təsdiqini tapmır. Qarşılıqlı iddia tələbində göstərilən mübahisə predmeti olan həmin tikilinin inşası və ərazinin özəlləşdirilməsi, orada olan əmlakların satın alınması ilə bağlı çəkilən xərclərlə bağlı Cavabdeh MTK-ya dəymiş zərər məhz cavabdeh olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hər hansı təqsirli və ya hüquqa zidd əməli nəticəsində baş verməsi iş materialları ilə müəyyən edilmir. Ona görə məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məxsus Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən torpaq sahəsində olan yarımçıq tikili ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən sökülsün. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar