Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3349/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, İddiaçı X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh7, Cavabdeh Baki Şəhəri 9 Saylı Dövlət Notariat Kontorunun vəkili Vəkil2 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1 Feiz qızına, Cavabdeh7 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh4, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh6, Cavabdeh7 Tapdiq oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdehlər X7 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan mənzilə dair bağlanmış 22 yanvar 2021-ci il tarixli, reyestrdə 4Ə-34 №-ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizələr ünvanlayaraq 18 yanvar 2019-cu il tarixdə X5 tərəfindən Cavabdeh7 Bakı şəhəri 9 saylı Notariat Ofisində verilmiş və reyestrdə 7E-460 nömrəsi ilə qeydə alınmış etibarnamənin, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan mənzilə dair bağlanmış 22 yanvar 2021-ci il tarixli, reyestrdə 4Ə-34 №-ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Cavabdeh1 Feiz qızı ilə X10 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan mənzilə dair bağlanmış 27 aprel 2021-ci il tarixli, 055-25 İ alqı-satqı və ipoteka müqaviləsinin, X10 ilə Cavabdeh3 arasında 30 aprel 2021-ci il tarixdə bağlanmış və reyestrdə 3M-1126 № ilə qeydə alınmış ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edillməsinə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 99,5 kv.m olan mənzilə dair X8 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 29 aprel 2021-ci il tarixli, 112051557№-li çıxarışın ləğv edilməsinə, Cavabdeh7 və Bakı şəhəri 19 saylı Notariat Ofisinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş 500.000 (beş yüz min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatlarında iddia tələbini müdafiə etdiklərini, tərəflər arasında notarial qaydada saziş bağlandığını bildirmiş iddianın xitam edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 izahatında barışıq sazişi əsasında icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Baki Şəhəri 9 Saylı Dövlət Notariat Kontorunun vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə digər cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, onlara barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, tərəflərin ərizələrini və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı üçüncü şəxsin, eləcə də tərəflərin hüquq və qanunla qorunan mənafelərini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 191.2, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı X1 cavabdehlər Cavabdeh1 Feiz qızına, Cavabdeh7 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh4, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh6, Cavabdeh7 Tapdiq oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflərin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı X3 ilə Cavabdeh7 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Bu Saziş ilə Tərəflər 2(004)-3349/2021 saylı iş üzrə mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər və danışıqlar yolu ilə həll edirlər.
2. Tərəflərin öhdəlikləri 2.1 . X1 öhdəlikləri: 2.1.1 bu Sazişin 1.1-ci bəndində göstərilən mülki iş üzrə iddia tələbindən imtina etmək; 2.1.45.000 (qırx beş min) manat məbləğində pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166-cı məhəllə mənzil 158-in əvəzinə qəbul etməyi, ilkin olaraq 10.000 (on min) manatını, yerdə qalan 35.000 manatını isə 70 (yetmiş) ay müddətinə həy ay 500 (beş yüz) manat Cavabdeh7 qəbul etmək 2.2. Cavabdeh7 öhdəlikləri: 2.2.1. 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitinin, ilkin olaraq 10.000 (on min) manatını, yerdə qalan 35.000 manatını isə 70 (yetmiş) ay müddətinə, 2021-ci ilin sentyabr ayının 01-dən başlayaraq hər ay 500 (beş yüz) manat pul vəsaitini X2 ödəmək. 2.2.2. X1 barəsində müvafiq dövlət və ya qeyri-dövlət orqanlarına həqiqətə uyğun olmayan, onun işgüzar nüfuzuna zərər vuran hər hansı müraciətlər (şikayət, ərizə və s.) etməmək. 2.3. Barışıq sazişi tərəflər arasında könüllü qaydada icra olunmadıqda tərəflərin müraciəti əsasında məcburi qaydada icraya yönəldiləcəkdir. 2.4. Tərəflər bu Sazişin şərtlərini icra etdikdən sonra, gələcəkdə bu Sazişnin 1.1-ci bəndində göstərilən mübahisə barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər. Əgər tərəflərdən hər hansı biri bu öhdəliyə əməl etməzsə və məhkəməyə müraciət edərsə bu zaman digər tərəf işin icraatına xitam verilməsini tələb etmək hüququna malik olur.
3. Yekun müddəalar 3.1. Bu Saziş bu Sazişin 1.1 -ci bəndində göstərilən mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. 3.2. Tərəflər bu Sazişin bütün şərtlərinə əməl etdikdən sonra biri-birinə qarşı bu Sazişin 1.1-ci bəndində göstərilən mülki iş barədə hər hansı bir məhkəmədə iddia tələbi irəli sürməyəcək və digər mübahisələrə dair icraat başlanılması haqqında ərizə, vəsatət və şikayət verməyəcəklər. Tərəflərin hər hansı biri belə hərəkətlərə yol versələr, digər tərəf bu Sazişə istinadən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla ərizənin geri qaytarılması, ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsi tələbini irəli sürə bilər. 3.3 Bu Sazişin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri- miiəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi bu Sazişə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı olur. 3.4. Bu Saziş bağlandığı və notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. 3.5.Bu Saziş üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi, onlardan biri notariat kontorunda, digərləri isə Tərəflərdə saxlanılır. İddiaçı X1 cavabdehlər Cavabdeh1 Feiz qızına, Cavabdeh7 və Bakı şəhəri 19 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh4, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh6, Cavabdeh7 Tapdiq oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi 2(004)-3349/2021 saylı mülki işin icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fərid Əyyubov