Məhkəmə qərarları › İş №2(004)-3368/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3368/2025

21.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3368/2025 21.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı sayğacın mənzildə quraşdırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: sayğacın mənzildə quraşdırılması, zərərin əvəzinin ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı sayğacın mənzildə quraşdırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır.

2. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmişdir.

3. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabtının aparılması üçün xx.xx.1997-ci il tarixdə Nadejda Baribina ilə müqavilə bağlayaraq **********296 nömrəli abonent kodu açılmışdır. Qeyd edilən dövr ərzində xx.xx.2025-ci il tarixdə su şəbəkəsi xəttində baş vermiş qəza su təchizatının dayandırılmasına səbəb olmuşdur. Nərimanov ryon Sukanal İdarəsinin əməkdaşları tərəfindən qəza aradan qaldırıldıqdan sonra su təchizatı bərpa edilmişdir. İddiaçı ilə yeni müqavilə bağlanaraq – xx.xx.2025-ci il tarixdən hazıradək ünvanın su təchizatı davamlı olaraq həyata keçirilir.

4. ünvan 1 ünvanı üzrə **********296 kodlu abonent kartından görünür ki, abonentin borcu yoxdur.

5. Mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi haqqında aktdan görünür ki, ünvan 2 ünvanı üzrə xx.xx.2024-cü il tarixdə yeni sayğac quraşdırılmışdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 3368/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı su təchizatının bərpa edilməsi, sayğacın mənzilə yerləşdirilmək şərti ilə quraşdırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə icraata su təchizatının bərpa edilməsi tələbi ilə bağlı hissədə xitam verilməsi qərara alınmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********296 nömrəli abonent kodu üzrə ünvan 1 ünvanda yerləşən mənzildə su təchizatının verilməsinin bərpa edilməsinin cavabdehin üzərinə qoyulması, su sayğacının iddiaçının mənzilinə yerləşdirmək şərtilə cavabdehin şəxsi vəsaiti hesabına quraşdırılması, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat məbləğdə kompensasiya, 5000 manat məbləğində su ehtiyacının təmin edilməsi üçün çəkilmiş xərcin, cəmi ödəniləcək yekun məbləğ 15000 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddianın əsaslarına görə, xx.xx.2024-cü ildən etibarən ünvan 1 ünvanda yerləşən mənzilin sahibidir. Ailəsi dörd nəfərdən, iki az yaşlı uşaqdan ibarətdir. Mənzil işiq, qaz və su sayğacları ilə təmin edilmişdir. Belə ki, onunla cavabdeh arasında 49574995 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən su xətti çəkilmiş, **********296 nömrəli abonent kodu verilərək su sayğacı quraşdırılmışdır. Həmin su sayğacını nədənsə mənzilində deyil, qonşunun qarajında quraşdırılmışdır. Buna baxmayaraq o müvafiq qəbzlərə əsasən bütün ödənişləri vaxtında ödəmiş, lakin, sözügedən mənzilə xx.xx.2025-ci il tarixdən başlayaraq bu günədək su təchizatının verilməsi anidən dayandırılmışdır. İddiaçı yeni istehlakçı deyil, **********296 nömrəli abonent kodunun sahibidir, xx.xx.2025-ci il tarixədək hər hansı borcu mövcud deyil, su xətti vaxtı ilə çəkilmişdir, lakin su təchizatının səbəbsiz şəkildə dayandırılmışdır. Su təchizatı sadəcə onun mənzilinə gəlmir, yaxın qonşularda, yan-yana olan qonşularda su ilə bağlı hər hansı problemləri mövcud deyil. Bu məsələ ilə bağlı xx.xx.2025-ci tarixindən etibarən dəfələrlə cavabdehin 955 nömrəli çağrı mərkəzinə müraciət etmiş, lakin heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Qəza briqadaları gəlmiş, mövcud su xəttində su olmamasını təsdiqləmiş, lakin mövcud olan problemi aradan qaldıra bilməmişdirlər. Daha sonra, xx.xx.2025-ci il tarixində o Nərimanov rayon Su idarəsinə yazılı şəkildə müraciət etmişdir. Bunun təsdiqi olaraq müraciətin tarixi xx.xx.2025-ci il və qeydiyyat nömrəsinin Ə-19 olmaqla sənəd verilmişdir. Müraciətdə mövcud xəttlə su təminatın bərpa edilməsi mümkün olmadığı halda yeni alternativ su xəttin çəkilişini xahiş etmişdir. Həmçinin Nərimanov rayon Su idarəsinin baş mühəndisi Ramin bəy ilə görüşüb məsələni ətraflı müzakirə etmiş və problemin həlli tapılana kimi suyu maşınla gətirilməsini şifahi olaraq söz vermiş, lakin bu istiqamətində heç bir iş görülməmiş və su problemi aradan qaldırılmamışdır. Bundan əlavə, xx.xx.2025-ci il tarixində isə ADSEA-nın sədrinə elektron müraciət edərək mövcüd problem barədə məlumat vermişdir. Bundan sonra cavabdehin 955 nömrəli çağrı mərkəzinə müraciətlərinin nəticəsi olaraq onunla su sayğacı üzrə mütəxəssislər əlaqə saxlamış və gəlmiş, lakin su sayğacı tam işlək olduğuna görə heç bir köməklik göstərə bilməmişlər. Su sayğacın olmaması deyil, suyun gəlməməsidir. Həmçinin su sayğacının qonşunun ərazisində yerləşdiyi üçün, ona məxsus su sayğacın öz mənzilinə quraşdırılmasını xahiş etsə də, həmin sorğu da cavabsız olaraq qalmışdır və bu günədək öz həllini tapmamışdır.

b) iddiaya etiraz

9. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, onlar iddiaçının evinə su verilməsini bərpa ediblər. Cavabdehdən pul tələb etməsini əsassız hesab edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: Bənd 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır; Bənd 6.2. Yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır.

14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə.

15. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

21. İşdən müəyyən olunur ki, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı su təchizatının bərpa edilməsi, sayğacın mənzilə yerləşdirilmək şərti ilə quraşdırılması və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3368/2025 nömrəli qərardadı ilə iş üzrə icraata su təchizatının bərpa edilməsi tələbi ilə bağlı hissədə xitam verilməsi qərara alınmışdır.

22. Odur ki, hazırkı halda mahiyyəti üzrə baxılan hissədə mübahisənin predmeti sayğacın mənzildə yerləşdirilməklə quraşdırılması və maddi və mənəvi zərərinin əvəzinin tutulması tələblərindən ibarətdir.

23. Su sayğacının mənzildə yerləşdirilməklə quraşdırılması hissədə iddia tələbi əsassızdır. Ona görə ki, iş materiallarında olan mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi haqqında aktdan görünür ki, iddiaçının yaşadığı ünvan 2 ünvanı üzrə xx.xx.2024-cü il tarixdə yeni sayğac quraşdırılmışdır. Sayğacın mənzildə yerləşdirilməklə yenidən quraşdırılmasının isə hər hansı maddi hüquqi əsası yoxdur.

24. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.2-ci bəndinə əsasən yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır.

25. Göründüyü kimi, yaşayış binalarının mənzillərinə münasibətdə su ölçən cihazların harada quraşdırılmalı olması ilə bağlı qaydalar dəqiqdir, bu qaydalarda su ölçən cihazın mənzilin daxilində yerləşdirilməsi nəzərdə tutulmamışdır.

26. Maddi zərərinin əvəzi qismində 5000 manat məbləğdə tutulması hissədə iddiaçı ona əsaslanır ki, bu məbləğ su təchizatının dayandırıldığı ərəfədə su ehtiyaclarının qarşılanması üçün çəkdiyi xərclərin məbləğidir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, dəymiş maddi zərərinin həcmi və məbləği, hansı kriteriyalar əsasında hesablandığı dəqiq göstərilməli, yəni maddi zərərə uğramış şəxsin öz hüquqların bərpası üçün hansı maddi nemətə və ya xidmətə hansı məbləğdə vəsait sərf etdiyi dəqiqliklə təsvir edilməli, bu barədə sübutlar təqdim edilməlidir. Hazırkı işdə isə bu barədə hər hansı sübut təqdim edilməmişdir.

28. Digər tərəfdən, su təchizatının dayandığı ərəfədə iddiaçının digər mənbələrdən su əldə etməsi faktı özlüyündə maddi zərərin cavabdehdən tutulması üçün əsas kimi çıxış edə bilməz. Çünki, zərərin əvəzinin tutulması üçün – hüquq pozuntusuna görə şəxsin məsuliyyətinin yaranması üçün ilk növbədə hüquqazidd əməl olmalı, bu əməl təqsirli olaraq törədilməli və əməllə dəymiş zərər arasında səbəbli əlaqə olmalıdır.

29. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə iddia tələbinin təmin olunmaması qənaətinə gəlir.

30. Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

31. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

32. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

34. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

35. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı sayğacın mənzildə quraşdırılması və zərərin əvəzinin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar