Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-337/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova TəhMina Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X10 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı evə mülkiyyət hüququnun tanınması, yaşayış sahəsindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə faktiki sahiblik, mülkiyyət hüququnun tanınması, iddiaçı tərəfindən cavabdehlərin hər birinə 5000, cəmi 20 000 manat kompensasiya ödənilməklə, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1969-cu il tarixdən mübahisəli evdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ev özbaşına tikilidir və mərhum həyat yoldaşı X4 məxsus olmuşdur. Cavabdeh1 mərhum həyat yoldaşının bacısı oğlu Cavabdeh2 onun həyat yoldaşı, digər cavabdehlər isə onların övladlarıdır. İddiaçı cavabdehlərə kömək məqsədi ilə mübahisəli evə qeydiyyata düşmələrinə razılıq vermiş və onların orada yaşamalarına icazə vermişdir. Lakin 2021-ci ildə cavabdehlər ona qarşı şiddət tətbiq edərək, döyərək, onu evindən çıxarmışlar. Bu səbəbdən iddiaçı evə köçürmə tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə onun iddiası təmin edilmişdir. Ev özbaşına tikili olsa da, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin mənasına görə iddiaçı həmin evə mülkiyyət hüququ əldə etmək barədə əsaslı “gözləntiyə” malikdir. Analoji işlər üzrə özbaşına tikiliyə kompensasiya ödənilməklə xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. Odur ki, cavabdehlərlə birgə yaşayışının artıq mümkün olmaması nəzərə alınaraq, onların istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçı ilə mərhum dayısı X2 birgə nikahlarından övladları olmamış, o, dayısına məxsus mübahisəli evdə dayısının və onun həyat yoldaşı iddiaçının razılığı ilə valideyn-övlad münasibətlərində olaraq yaşamışdır. 2010-cu ildə iddiaçının razılığı ilə o, öz vəsaiti hesabına mübahisəli evə bitişik 2 yaşayış otağı, hamam otağı, mətbəx, anbar inşa etmişdir. Və hazırda da onun tərəfindən inşa edilmiş həmin sahədə ailəsi ilə yaşayır. İddiaçı ilə münasibətləri həmişə yaxşı olmuş, onun hörmətini saxlamış, maddi ehtiyaclarını ödəmişdir. Lakin 2021-ci ildə iddiaçının X13 adında qohumu onlara gələrək, iddiaçını Xızı rayonunda yerləşən evlərinə aparmışdır. İddiaçı gedərkən özünə məxsus otaqların qapısını bağlayaraq açarları özü ilə aparmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh1 izahatını müdafiə edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilmiş şahidlər ünvan 3 ünvanında qeydiyyatda olan X17, ünvan 4 ünvanında qeydiyyatda olan X11, ünvan 5 ünvanında qeydiyyatda olan X12, ünvan 6 ünvanında qeydiyyatda olan X14 ifadələrində göstərmişlər ki, iddiaçı və cavabdehlərlə şəxsi ədavət və düşmənçilikləri yoxdur. Hər iki tərəflə uzun müddətdir ki, qonşudurlar. Cavabdeh1 İddiaçı mərhum həyat yoldaşı X2 bacısı oğludur. Cavabdeh1 əvvəlcə X7 və İddiaçı ilə ünvan 1 ünvanında yerləşən evdə birgə yaşamış, lakin sonradan ailə qurduqdan sonra təxminən 10-15 il bundan əvvəl, iddiaçının razılığı ilə və öz vəsaiti hesabına evə bitişik 2 otaq, hamam və mətbəx inşa etmişdir. Hətta Cavabdeh1 İddiaçı yaşadığı otaqların dam örtüyünü də əsaslı təmir etmişdir. Evə yanlız bir giriş vardır. Evin cavabdehlərin yaşadığı otaqlarına giriş iddiaçının istifadəsində olan dəhlizdəndir. Cavabdehlər iddiaçının dəhlizindən yaşadıqları otaqlara giriş kimi istifadə edirlər. Cavabdehlər yalnız onlar tərəfindən inşa edilmiş otaqlarda yaşayır, iddiaçıya aid otaqlardan istifadə etmirlər. X3 Sərxan Mina oğlu və onun ailə üzvləri baxmış, onun kommunal borclarını ödəmiş, dərmanlarını almış, hətta gözündən əməliyyat olunduqda Niyyətxanımın yanında qohumlarından yalnız cavabdehlər olmuşlar. Niyətxanım başqa qohumlarından çox cavabdehlərə etibar etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Yaşayış yeri üzrə qeydiyyat haqqında 3 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdehlər ünvan 1 ünvanında qeydiyyatdadırlar. ünvan 7il İstismar Sahəsi tərəfindən təsdiq edilmiş 147 a №-li evdə yaşayan vətəndaşların yazılışından ötrü ev dəftərinin surətindən görünür ki, evdə X6, İddiaçı Hüseyn qızı 1969-cu ildən qeydiyyatdadırlar. Ev özbaşına tikili olmaqla 35 kv.m ümumi sahədən ibarətdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1094/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı və X8 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı və X8 fərdi yaşayış evindən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdehlərə qadağan edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin giriş-çıxış hissəsinin naturada ayrılmasına və ayrı giriş qapılarının qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə edilməsinə yaratdıqları maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda həmin qətnamədən görünür ki, məhkəmə fərdi yaşayış evinin girişçıxış hissəsinin naturada ayrılmasına və ayrı giriş qapılarının qoyulması tələbinin həlli ilə bağlı iş üzrə tikinti texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli 10/1605 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı X1 istifadəsində olan hissəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan hissəsinin giriş-çıxış hissəsinin naturada ayrılması və ayrı giriş qapıların qoyulması İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X9 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, ekspert tərəfindən baxış zamanı mübahisəli evin 4 yaşayış otağı tikilisindən, giriş hissə, dəhliz və mətbəx tikililərindən ibarət olduğu müəyyən edilmişdir. Həmçinin fərdi yaşayış evinin torpaq sahəsinin arxa hissəsində anbar, hamam və ev damı tikilisinin olması müəyyən edilmişdir. Baxış zamanı həmin mülki iş üzrə iddiaçı və cavabdehin bildirdiyinə görə fərdi yaşayış evi əvvəllər 2 yaşayış otağı, giriş hissə dəhliz tikintisindən ibarət olmuşdur. Lakin sonradan Cavabdeh1 tərəfindən tikinti işləri aparılaraq əlavə 2 yaşayış otağı, mətbəx, anbar, hamam və əl damı tikililəri inşa edilmişdir. Və halhazırda evin ümumi sahəsi 99,17 kv.m, həyətyanı sahədə yerləşən tikililərin ümumi sahəsi isə 7,35 kv.m təşkil edir. Məhkəmə ilk öncə mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsi 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iddiaçı tərəfindən mübahisəli evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçının mübahisəli evə mülkiyyət hüququnun tanınması tələbi təmin edilə bilməz və rədd edilməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İstinad olunan maddələrin tələbinə əsasən mənzildə istifadə hüquqlarına xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ mülkiyyətçiyə məxsusdur. İddiaçı isə mülkiyyətçi deyil və mübahisəli ev üzərində onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə mülkiyyət hüquqları əldə etmək barədə əsaslı gözləntiyə malik olması qəbul edilsə idi belə, onun kompensasiya ödənilməklə cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi və bunun nəticəsi olaraq evdən çıxarılma tələbi təmin edilə bilməzdi. Belə ki, artıq yuxarıda qeyd olunmuş sübutlarla, yəni şahid ifadələri və ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli evin əvvəllər ümumi sahəsi 2 otaqdan ibarət olmaqla 35 kv.m olmuş, lakin sonradan Cavabdeh1 vəsaiti hesabına genişləndirilərik hal-hazırda 4 yaşayış otağı və köməkçi sahələrdən ibarət olmaqla, ümumi sahəsi 99,17 kv.m təşkil edir. Odur ki, məhkəmə iddiaçı tərəfindən cavabdehlərə təklif olunan 20 000 manat məbləğində kompensasiyanı ədaləti hesab etmir. Məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 150 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-337/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-337/2023
31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver