Məhkəmə qərarları › İş №2(004)-3376/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3376/2025

19.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3376/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı aktı əsasında 1555,20 manat tələb etməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin İddiaçı **********03080 saylı abonent hesabından əsasında cavabdeh Azəriqaz İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Həmin ev bağ evi kimi istifadə edilir və daimi yaşayış ünvanı kimi deyildir. 2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh İB arasında müqavilə bağlanılmış və qaz sayğacı quraşdırılmışdır. Sayğac evin əsas girişindən, yəni hasardan çöldə, hər kəsin müdaxil edə biləcəyi yerdə quraşdırılmışdır. İddiaçıya məlum olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin noyabr ayında həmin ünvanda qaz sayğacı yenisi ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixli akt tərtib edilərək guya sayğacın hesablanma mexanizminin açıq vəziyyətdə olması səbəbindən sərfiyyatı qeydə almadığı və nəticədə cavabdehə zərər vurulması qeyd edilmişdir. Həmin akt əsasında 1555,2 manat borc hesablanmışdır. Həmin zərərin yaranmasında iddiaçının hansı təqsirinin olması barədə cavabdeh tərəfindən hər hansı məlumat verilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı nümayəndəsi (əri) Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş çıxarışın surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 2022-ci ilin noyabr ayında tərtib edilmiş ******* nömrəli aktı əlavə edilmişdir. Akta qeyd edilir ki, sayğacda plomblar olan hissə yerini dəyişmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* №-li Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan **********3080 nömrəli sayğacın hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 12960 m³-dur. Sözügedən həcm 6x12x90 düsturu ilə hesablanıb. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MSK-29/1710-04788-1 nömrəli akta əsasən müəyyən edilir ki, **********5 nömrəli sayğac istismara yararsızdır. Sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsi gövdədən tam aralanıb. Qaz keçir, hesablanma mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mübahisənin qanuni əsası qismində tərəflər arasında Qazın alqı-satqısına dair müqavilə və aşağıdakı hüquq normaları təşkil edir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun : 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Həmin ev bağ evi kimi istifadə edilir və daimi yaşayış ünvanı kimi deyildir. 2011-ci il tarixdə İddiaçı ilə Cavabdeh İB arasında müqavilə bağlanılmış və qaz sayğacı quraşdırılmışdır. Sayğac evin əsas girişindən, yəni hasardan çöldə, hər kəsin müdaxil edə biləcəyi yerdə quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin noyabr ayında həmin ünvanda qaz sayğacı yenisi ilə əvəz edilmiş və xx.xx.2023-cü il tarixli akt tərtib edilərək sayğacın hesablanma mexanizminin açıq vəziyyətdə olması səbəbindən sərfiyyatı qeydə almadığı və nəticədə cavabdehə zərər vurulması qeyd edilmişdir. Həmin akt əsasında 1555,2 manat borc hesablanmışdır. Həmin zərərin yaranmasında iddiaçının hansı təqsirinin olması barədə cavabdeh tərəfindən hər hansı məlumat verilməmişdir. İstehlakçı İddiaçı məxsus yaşayış sahəsində olan sayğacın hesablanma mexanizmi açıq vəziyyətdə olması, sərfi qeydə almaması, sayğac istismara yararsız olması əsassız olaraq cavabdeh tərəfindən istehlakçının təqsiri üzündən baş verməsi qənaətinə gəlinmişdir. İstehlakçı İddiaçı sayğacın müayinəsində iştirakını təmin etmədən əsassız olaraq sayğaca müdaxilə edilməsi qənaətinə gəlinmişdir. Sayğaca müdaxilə edilmişsə belə, müdaxilə edən şəxsin şəxsiyyəti, məsuliyyəti və təqsirinin əsası və həddləri müəyyən edilməlidir. Sayğac təhvil alınan zaman müdaxilə barədə akt tərtib edilmədən bir müddət sonra bu barədə müvafiq qənaətə gəlinməsi qanuni hesab edilə bilməz. Sayğac quraşdırılarkən küçədə deyil, mühafizə olunan və müdaxilə riskinin istehlakçının daşıya biləcəyi yerdə quraşdırılmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, cərimə üzrə saldonun hesablanma meyarı günlük 24 saatlıq əmsal üzrə götürülür ki, bu da əsaslı və ağlabatan deyildir. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən Cavabdeh İB-nin üzərindədir. Məhkəmə cavabdeh orqana izah edir ki, Cavabdeh İB dövlət orqanı olaraq publik səlahiyyətlərindən istifadə etməklə sayğaca hər hansı müdaxilə, kənar xəttin çəkilməsi müəyyən edilmişdirsə, həmin xüsusatı aşkara çıxarmaq və təqsirkar şəxs(lər) barədə tədbir görülməsi müvafiq hərəkətləri etmək öhdəliyi ilə mükəlləfdir. Həmin fəaliyyətin (nəzarət mexanizmi) operativ və effektiv təşkil-təmin olunması Cavabdeh İB-nin vəzifəsidir. İstehlakçının təqsirini müəyyən etmədən maliyyə sanksiyalarının tətbiq edilməsi isə əsassız olmaqla yolverilməzdir. Sayğacdan kənar xəttin mövcudluğu aşkar olunursa, bu barədə müvafiq şəxslərin iştirakı ilə akt tərtib edilməli, həmin akta istehlakçı daxil edilməli, istehlakçı müvafiq aktla tanış olmalı və qüsurlar barədə məlumatlandırılmalıdır. Bundan sonra isə, qüsurun baş vermə səbəbi və müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir. Cinayət təqibini zəruri edən ilkin şübhələr müəyyən edildikdə səlahiyyətli qurum Cavabdeh İB tərəfindən prokurorluq orqanlarına müraciət edilməlidir. Hüquqi məsuliyyətin şərtləri və həddləri müəyyən və əsaslı olaraq müəyyənləşdirilməlidir. Vətəndaşı əsası və mənbəyi müəyyən olmayan həddən artıq məsuliyyətlə yükləmək yolverilməzdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sübutetmə yükü təşkil edilməmiş, hesablanmış borcun əsaslılığı sübuta yetirilməmiş, bu barədə əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, mülahizələr bildirilməmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı aktı ləğv edilməklə 1555,2 manat borc məbləğinin İddiaçı **********03080 saylı abonent hesabından silinməsi vəzifəsi cavabdeh Azəriqaz İB-nə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı aktı ləğv edilməklə 1555,2 manat borc məbləğinin İddiaçı **********03080 saylı abonent hesabından silinməsi vəzifəsi cavabdeh Azəriqaz İBnə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar