Məhkəmə qərarları › İş №2(004)-3386/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3386/2023

20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3386/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Əbdülhüseyn oğlunun cavabdehlər Yasamal rayon Sukanal İdarəsi və Cavabdeh ASC-yə qarşı "hərəkətlərin qanunsuz hesab edilməsi və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əbdülhüseyn oğlu cavabdehlər Yasamal rayon Sukanal İdarəsi və Cavabdeh ASC-yə qarşı "hərəkətlərin qanunsuz hesab edilməsi və əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə su təchizatı və çirkab suların axıdılması ilə əlaqədar hesablanmış 135,7 manat məbləğində borcun silinməsi və cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında mülkiyyətçisi olmaqla həyat yoldaşı ilə birlikdə yaşayır. Onun mülkiyyətçisi olduğu mənzildə digər sakinlərdən fərqli olaraq hər zaman su sayğacı olmuş və dəyişdirilənədək işlək vəziyyətdə olmuşdur. 2023-cü ilin fevral-mart aylarından başlayaraq Cavabdeh ASC və Yasamal Sukanal İdarəsi guya binada suyun daimi olacağı adı ilə binada dağıntı işləri aparılmış, bina sakinlərinin rahatlığını pozmuş, həmçinin bina sakinlərinin pilləkən qəfəslərində dağıntı işləri apararkən elektrik avadanlıqlarına zərər vurmaları ilə bağlı dəfələrlə AR FHN-nin əməkdaşları binaya gəlmiş, bu zaman orada işləyən əməkdaşlar Cavabdeh ASC-yə tabe olmadıqları, podratçı olduqları adı altında məsuliyyətdən yayınmışlar. Beləliklə, Cavabdeh ASC-nin əməkdaşları mənzilə yeni su xətti çəkilməsi adı ilə qanunsuz olaraq mənzildə əvvəlcədən quraşdırılmış sayğacı sökərək heç bir akt tərtib etmədən yeni sayğacları pilləkən qəfəslərində quraşdırmışlar. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mənzili də daxil olmaqla binaya su təchizatının təmini fasiləsiz olmamış, səhər saat 08:00-dan 10:00a kimi, axşam isə saat 18:00-dan 22:00-a kimi suyun verilməsi təmin edilmişdir. Hətta pandemiya dövrünə təsadüf edən günlərlə binaya su verilməməsi halları olmuşdur. Pendemiya dövründə mənzilə gediş-gəliş daimi olmamış və onlar faktiki olaraq rayonda yaşamışlar. Əvvəllər su sərfiyyatına görə gündəlik 8-10 manat yazılan borc, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində birdən-birə 15-20 manat arasında dəyişməyə başlamışdır. Bu barədə Cavabdeh ASC-yə narazılığını bildirsə də, səthi və şablon cavab almışdır. Daha sonra isə iyun ayı üçün mənzilinə 43 manat borc hesablanmışdır. Cavabdehə məxsus qaynar xəttə zəng edərək bu qədər borcu əsassız olduğunu bildirsə də, cavabdeh sayğac göstəricilərini bəhanə edərək əsassız olaraq şişirdilmiş borc məbləğini onun adına yazmaq və bundan istifadə edərək suyun verilməsinin dayandırmaq məqsədini güdmüşdür. Artıq uzun müddətdir ki, mənzilin su xətti heç bir xəbərdarlıq edilmədən Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilmişdir. Onun əvvəlki aylara görə cavabdehlərə heç bir borcu yoxdur. Yeni aylara görə isə borc məbləği şişirdildiyindən həmin borcu ödəmək niyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı onun atasıdır. Hazırkı mülki iş üzrə müvəqqəti təminat tədbiri olaraq məhkəmənin 16(004)-227/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən mənzilə su təchizatının dayandırılması cavabdehlər Yasamal rayon Sukanal İdarəsi və Cavabdeh ASC-yə qadağan olunması, mənzildə sudan istifadə ilə bağlı qoyulmuş hazırda mövcud olan məhdudiyyətin aradan qaldırılması vəzifəsi cavabdehlər Cavabdeh ASC-yə və Yasamal rayon Sukanal İdarəsinə həvalə edilmişdir. Buna baxmayaraq Cavabdeh ASC-nin əməkdaşları su xəttinə dəfələrlə müdaxilələr edərək mənzilə suyun verilməsini dayandırmaq məqsədilə su xəttini kəsib getmişlər. Onların bu hərəkətləri nəticəsində borulardan su bloka axmış və nəticədə qonşularla narazılıqları yaranmışdır. Su xətlərindən suyun axmasının səbəbi isə kifayət qədər köhnəlmiş vəziyyətdə olması olmuşdur. Göstərilənlərlə yanaşı ölkə ərazisində xüsusi sərtləşdirilmiş pandemiya qaydaları qüvvədə olduğu dövrdə mənzildə yaşayış olmamasına və su sərfiyyatının olmamasına baxmayaraq əsassız olaraq borc məbləğləri hesablanmışdır. Daha sonra 2023-cü ilin mart ayında mənzildə sayğac olmasına baxmayaraq, binada podrat müqaviləsinə əsasən sayğacların quraşdırılması ilə məşğul olan işçilər mənzilə mövcud sayğaca baxış keçirilməsi adı ilə daxil olub sökmüş, yerinə isə yeni sayğac quraşdırmışdır. Lakin buna dair hər hansı akt tərtib etmədən köhnə sayğacı özləri ilə aparmışlar. Yeni sayğac isə əvvəlkindən fərqli olaraq mənzilin girişində çöldə quraşdırılmışdır. Hətta həmin vaxt mülkiyyətçi özü deyil onun nəvəsi mənzildə olmuşdur. Həmin vaxt cavabdehin nümayəndələri hay-küy salaraq mənzilə daxil olmuş və sanitar qovşaqda yerləşən sayğacı çıxarmışlar. Bununla bağlı fotoşəkilləri isə təqdim edəcəkdir. Sonradan təqdim edilmiş bildirişlərdən xəbərdar olmuşdur ki, yeni sayğac quraşdırıldıqdan sonra əsassız olaraq 43 manat borc yazılmış, lakin həmin borcun hansı əsasla yaranması bəlli deyil. Eyni zamanda əvvəl guya borcların olması əsas gətirilərək ümumilikdə mənzildə su sərfiyyatına görə 2014-cü ildən hazıradək 135,7 manat borc məbləği hesablanmışdır. Əsas tələbi borcun silinməsidir, çünki o mənzildə göstərilən həcmdə su istifadə olunmamışdır. Ona görə də hesab edir ki, 135,7 manat borc silinməlidir. Qeyd edir ki, hazırda da iddiaçı sayğac göstəricilərinə əsasən borc məbləğlərini ödəyir, əvvəllər də borcunu ödəmiş, ona görə də hesab edir ki, əvvəlki illər üzrə borcu yoxdur və 135,7 manat borc cavabdeh tərəfindən əsassız olaraq hesablanmışdır və sayğac dəyişdirilərkən təhviltəslim edilib borc silinməli idi. Həmçinin əvvəlki sayğac Cavabdeh ASC-nin əməkdaşları tərəfindən deyil, onun sifarişi əsasında podratçı şirkətin işçiləri tərəfindən söküldüyündən, hesab edir ki, şirkətin işçilərinin buna səlahiyyəti olmadığından onların bu cür hərəkətləri qanunsuz olmuşdur. Əlavə olaraq bildirir ki, verilmiş sorğuya əsasən cavabdeh tərəfindən verilmiş cavab məktubundan görünür ki, 1999-cu ildən guya mənzil sahibi ilə müqavilə bağlansa da, ilk dəfə olaraq 2023-cü ilin mart ayında mənzilə su sərfiyyatının ölçülməsi məqsədilə sayğac mənzilin girişində quraşdırılmışdır. Halbuki iddiaçı evi aldıqdan sonra onun tərəfindən təmir işləri aparılarkən, həmin sayğac mənzil daxilinə quraşdırılmışdır. Ona görə də cavabdehin bu dəlili ilə razılaşmır. Hətta saat hesabı ilə su verilən dövrdə, eləcə də pandemiya dövrünədək iddiaçının su sərfiyyatına görə borcu olmamışdır. Mənzildə sayğac quraşdırılmayan dövrdə isə 4 nəfər qeydiyyatda olan şəxslərin sayı nəzərə alınmaqla, müxtəlif aylar üzrə eyni məbləğlərdə deyil, riyazi olaraq gözəyarı aylar üzrə əsassız stabil olmayan borclar hesablanmışdır. Verilmiş suallara cavab olaraq bildirir ki, mənzildə sayğac təxminən 10 ilə yaxın müddət ərzində mövcud olmuşdur. Borc məbləğlərinə dair bildirişlər həm sayğac göstəricilərinə, həm də cavabdehin əsassız olaraq gözəyarı riyazi hesablamalarına görə hesablanmışdır. Cavabdehin nümayəndəsi əvvəlki dövr üzrə 2 nəfərə görə borcun hesablanmasını bildirsə də, o, zənn edir ki, adambaşı 4 nəfərə görə su sərfiyyatı borcları hesablanmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasın və 2014-2023-cü illər üzrə xx.xx.2023-cü il tarixə qədər cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış 135,7 manat borcun silinməsini, həmçinin cavabdehin borcla bağlı iddiaçıya qarşı yol verdiyi hərəkətlərin qanunsuz hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbinə etiraz edərək izahatında bildirir ki, iddiaçının 2015-ci il üzrə 14.48 manat qalıq borcu, 2016-cı il üzrə borcu olmamış, 2017-ci il üzrə 4 manat qalıq borcu, 2018-ci il üzrə 22.5 manat qalıq borcu, 2019-cu il üzrə 21.50 manat qalıq borcu, 2020-ci il üzrə 40 manat qalıq borcu, 2021-ci il üzrə 11.67 manat qalıq borcu, 2022-ci il üzrə 17 manat qalıq borcu, 2023-cü il üzrə isə 12 manat qalıq borcu yaranmışdır. Bəzi illər üzrə xırda-xırda 3-4 manat artıq ödəmələr olmuşdur. Artıq ödəmələr isə borcdan silinir. Misal üçün 2016-cı ildə illər üzrə 4 manat artıq ödəniş edilmişdir. Xırda rəqəmləri çıxdıqda borc məbləği iddia ərizəsində qeyd edilən məbləğlə üst-üstə düşür. Suala cavab olaraq bildirir ki, iddia ərizəsində qeyd edilən borc məbləğinin tələb edilməsi ilə bağlı abonentə bildiriş verilmişdir. Məhkəmə qaydasında isə əvvəlki illərdə yaranmış borclar üzrə tərəfə qarşı iddia tələbi qaldırmamışdır. Sudan istifadəyə görə pul məbləği 2023-cü ilin mart ayına qədər, yəni sayğac quraşdırılanadək 2 nəfərə münasibətdə adambaşına görə hesablanmışdır, sayğac quraşdırıldıqdan sonra isə sayğac göstəricisinə uyğun borc hesablanmışdır. Əvvəllər isə sayğac olmamışdır. Yəqin ki, 43 manat borc sayğac göstəricisinə əsasən hesablanmışdır. Buna dair sübutu və məlumatı yoxdur. Sayğacın quraşdırılmasına dair məhkəməyə təhviltəslim aktı və ya hər hansı digər sübut təqdim edə bilmir. Abonent kartında qeyd edilən borclar hər hansı akta əsasən hesablanmamışdır. 2023-cü ildən əvvəl hesablanma adam sayına görə aparılmışdır. Hazırda ümumi borc 139,70 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ASC-nin **********090 nömrəli abonentin xx.xx.2023-cü il tarixli abonent kartından çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 3147, 9 saylı mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı (İddiaçı) ilə xx.xx.1999-cu il tarixli, 10591772 saylı müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə isə mənzilə “CSS-20” markalı, 23013474 nömrəli sayğac quraşdırılmış və həmin tarixdən əvvəl abonentə sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı xidmət haqqı qeydiyyatda olan 2 nəfərə münasibətdə hesablanmışdır. Belə ki, abonentə həmin ünvanda qeydiyyatda olan 2 nəfər üçün dəbbə pulu ilə birlikdə 2014-cü il üzrə 9,36 manat borc hesablanmış və 9,4 manat ödənilməklə 0,4 manat əlavə ödəniş edilmiş; 2015-ci il üzrə 43,56 manat borc hesablanmış və 29,08 manat ödənilməklə 14,48 manat borc qalmış; 2016-cı il üzrə 52,09 manat borc hesablanmış və 56 manat ödəniş edilməklə 3,91 manat əlavə ödəniş edilmiş; 2017-ci il üzrə 60 manat borc hesablanmış və 56 manat ödəniş edilməklə 4 manat borc qalmış; 2018-ci il üzrə 61,5 manat borc hesablanmış və 39 manat ödəniş edilməklə 22,5 manat borc qalmış; 2019-cu il üzrə 60,5 manat borc hesablanmış və 39 manat ödənilməklə 21,5 manat borc qalmış; 2020-ci il üzrə 61,5 manat borc hesablanmış və 21 manat ödənilməklə 40,5 manat borc qalmış; 2021-ci il üzrə 112,67 manat borc hesablanmış və 101 manat ödənilməklə 11,67 manat borc qalmış; 2022-ci il üzrə 123 manat borc hesablanmış və 106 manat ödənilməklə 17 manat borc qalmışdır. 2023-cü ilin aprel ayına qədər 2 nəfərə münasibətdə 31 manat, aprel-avqust aylarında isə cəmi 128 manat borc yazılmış, 2023-cü il ərzində borca 147 manat ödəniş edilmiş və il üzrə 12 manat olmaqla, ümumilikdə 139,7 manat borc hesablanmışdır. Hazırda abonentin sayğac quraşdırılmamışdan öncə, yəni 2023-cü ilin aprel ayından əvvəlki dövr üzrə borclar nəzərə alınmaqla ümumi borcu 135,7 manat təşkil edir. Dolayısı ilə, istehlakçıya mənzildə su sərfiyyatı və çirkab suların axıdılmasına görə 2014-2023-cü illər üzrə xx.xx.2023-cü il tarixə qədər 135,7 manat, sayğac quraşdırıldıqdan sonra, yəni aprel-avqust ayları üzrə isə 4 manat olmaqla, cəmi 139,7 manat borc hesablanmışdır. İddiaçı sayğac quraşdırıldıqdan sonrakı dövrdə yazılmış borc üzrə mütəmadi olaraq ödənişlər etmiş, kiçik məbləğ olaraq 4 manat borcu qalmışdır. -iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ASC-nin Yasamal rayon Sukanal idarəsinin hesab fakutalarından: xx.xx.2022-ci il tarixli fakturaya görə abonentə xx.xx.2022-xx.xx.2022-cü il dövr üzrə 11 manat borc hesablanması, 10 manat olmaqla xx.xx.2022-ci il tarixdə sonuncu ödəniş edilməsi; xx.xx.2022-ci il tarixli fakturaya görə abonentə xx.xx.2022-xx.xx.2022-cü il dövr üzrə 12 manat borc hesablanması, 10 manat olmaqla xx.xx.2022-ci il tarixdə sonuncu ödəniş edilməsi; xx.xx.2022-ci il tarixli fakturaya görə abonentə xx.xx.2022-xx.xx.2022-ci il dövr üzrə 11 manat borc hesablanması, 10 manat olmaqla xx.xx.2022-ci il tarixdə sonuncu ödəniş edilməsi; xx.xx.2023-cü il tarixli fakturaya görə abonentə xx.xx.2022-xx.xx.2023-cü il dövr üzrə 11 manat borc hesablanması, 12 manat olmaqla xx.xx.2022-ci il tarixdə sonuncu ödəniş edilməsi; xx.xx.2023-cü il tarixli fakturaya görə abonentə xx.xx.2023-xx.xx.2023-cü il dövr üzrə 12 manat borc hesablanması, 12 manat olmaqla xx.xx.2023-cü il tarixdə sonuncu ödəniş edilməsi; xx.xx.2023-cü il tarixli fakturaya görə abonentə xx.xx.2023-xx.xx.2023-cü il dövr üzrə sayğac göstəricisinə əsasən 20 manat borc hesablanması, 11 manat olmaqla xx.xx.2023-cü il tarixdə sonuncu ödəniş edilməsi; xx.xx.2023-cü il tarixli fakturaya görə abonentə xx.xx.2023-xx.xx.2023-cü il dövr üzrə sayğac göstəricisinə əsasən 28 manat borc hesablanması, 20 manat olmaqla xx.xx.2023-cü il tarixdə sonuncu ödəniş edilməsi; xx.xx.2023-cü il tarixli fakturaya görə abonentə xx.xx.2023-xx.xx.2023-cü il dövr üzrə sayğac göstəricisinə əsasən 43 manat borc hesablanması, 20 manat olmaqla xx.xx.2023cü il tarixdə sonuncu ödəniş edilməsi müəyyən edilir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent kodu **********090 olan ödəniş qəbzlərindən: xx.xx.2022-ci il tarixli qəbzə görə 10 manat, xx.xx.2022-ci il tarixli qəbzə görə 10 manat, xx.xx.2022-ci il tarixli qəbzə görə 10 manat, xx.xx.2022-ci il tarixli qəbzə görə 12 manat, xx.xx.2023-cü il tarixli qəbzə görə 12 manat, xx.xx.2023-cü il tarixli qəbzə görə 11 manat, xx.xx.2023-cü il tarixli qəbzə görə 20 manat, xx.xx.2023-cü il tarixli qəbzə görə 20 manat, xx.xx.2023-cü il tarixli qəbzə görə 15 manat ödəniş edilməsi müəyyən edilir. -İddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, əvvəl onun yaşadığı mənzildə quraşdırılmış SSS-15 modelli 540492 nömrəli sayğacın göstəricisi 03773 olmuşdur, yeni quraşdırılan CSS-20 modelli 23013474 nömrəli sayğacın göstəricisi 00105-dir. - mülki iş üzrə obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədilə yaranmış zərurətlə əlaqədar olaraq Cavabdeh ASC-yə qeyd olunan mənzilə nə vaxt ilkin sayğacın quraşdırılması sorğu edilmişdir, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda abonentlə xx.xx.1999-cü il tarixli müqavilə bağlanması və xx.xx.2023-cü il tarixdə CSS-20 modelli 23013474 nömrəli sayğacın quraşdırılmasını göstərmişdir. Lakin bundan öncə sayğac olub-olmamasına münasibət bildirilməmişdir. Məhkəmə qeyd edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 529.5-ci maddəsinə əsasən borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə görə STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.1.1-ci bəndinə görə isə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsidir, 5.1.2-ci bəndə görə müqavilənin bağlanmasını tələb etmək isə onun hüququdur. Həmin Qaydaların 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 2.1.9-cu bəndinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qaydaların 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. Həmin Qaydaların 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 6.4-cu bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Həmin Qaydaların 7.5-ci bəndinə görə suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat; Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat; Tarif Şurasının xx.xx.2021-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarına görə məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halları odur ki, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 3147, 9 saylı mənzili hazırda iddiaçının mülkiyyətindədir. İddiaçının hazırki iddia tələbini verməyə subyektiv hüququ vardır. Qeyd olunan mənzilə istehlakçı ilə cavabdeh arasında bağlanmış xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir. Hazırda da qeyd olunan müqavilə qüvvədə olmaqla tərəflər arasında öhdəlik münasibətləri davam etdirilir. Müqaviləyə əsasən istehlakçı **********090 abonent kodu ilə qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixədək cavabdehə su sərfiyyatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə görə xidmət haqqı sayğac göstəriciləri üzrə deyil qeydiyyatda olan şəxslərin sayına, yəni 2 nəfərə münasibətdə Tarif Şurasının müəyyən etdiyi qiymətlərə uyğun, xx.xx.2023-cü il tarixdən sonra isə sayğac göstəricilərinə uyğun hesablanmışdır. Cavabdeh tərəfindən hazırda iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 139,7 manat borc hesablanmışdır ki, həmin borcdan 135,7 manat hissəsi 2014-2023-cü illər üzrə xx.xx.2023-cü il tarixədək, 4 manat hissəsi isə sayğac quraşdırıldıqdan sonra, yəni aprelavqust ayları üzrə hesablanmışdır. İddiaçı sayğac quraşdırıldıqdan sonrakı dövrdə yazılmış borca mütəmadi olaraq ödənişlər etmiş, kiçik məbləğ olaraq hazırda 4 manat borcu qalmışdır. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixədək mənzil daxilində sayğac mövcud olduğunu, qeyd olunan tarixdən sonra cavabdeh tərəfindən həmin sayğacın qanunsuz olaraq hər hansı akt tərtib edilmədən, rəsmiləşdirmə işləri aparılmadan sökülərək girişdən kənarda yeni sayğac quraşdırılmasını, onun tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə göstərilən xidmət haqqı olaraq vaxtlı-vaxtında ödəniş edilməsini, pandemiya dövründə mənzildə ümumiyyətlə yaşayış olmadığından cavabdeh tərəfindən göstərilən xidmətdən istifadə edilmədiyini, əvvəlki ödənişlər nəzərə alınmaqla iddiaçının borcunun olmadığını və cavabdeh tərəfindən 2014-2023-cü illər üzrə xx.xx.2023-cü il tarixə qədər olan dövr üzrə hesablanmış 135,7 manat borc əsassız olduğundan silinməsini və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini məhkəmədən xahiş edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, sübut olaraq məhkəməyə abonent kartını təqdim etmiş və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mənzildə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış və həmin tarixdən əvvəl abonentə sudan istifadə və çirkab sularının axıdılması ilə bağlı xidmət haqqı qeydiyyatda olan 2 nəfərə münasibətdə hesablanmışdır. Həmçinin abonent İddiaçı Əbdülhüseyn oğlunun 2014-2023-cü illər üzrə mənzildə su sərfiyyatı və çirkab suların axıdılmasına görə yaranmış borcu xx.xx.2023-cü il tarixə 135,7 manat, sayğac quraşdırıldıqdan sonra - aprel-avqust ayları üzrə isə 4 manat olmaqla, cəmi 139,7 manat təşkil edir. Belə ki, abonent kartında onun 139,7 manat borcunun olması qeyd olunmasına baxmayaraq, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş abonent kartına əsasən borc, ödənişlər və əlavələr nəzərə alınmaqla aparılmış hesablama zamanı müəyyən olunur ki, hazırda tərəflər arasında mübahisələndirilən borc məbləği 2014-2023-cü illər üzrə xx.xx.2023-cü il tarixədək, yəni xx.xx.2023-cü il tarixli sayğac quraşdırılanadək hesablanmış 135,7 manat borc məbləğidir. Hazırda iddiaçı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 135,7 manat borcun silinməsini xahiş edir. Cavabdehin nümayəndəsi isə iddianın əsassız olduğunu bildirir və rədd olunmasını xahiş edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəfləri dinləyib, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mübahisəli borc Cavabdeh ASC-nin tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 3147, 9 saylı mənzil üzrə İddiaçı Əbdülhüseyn oğluna hesablanılmış 135,7 manat məbləğində borcun qanuni əsaslarla hesablanmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin abonent kartında eyd edilən xx.xx.2023-cü il tarixli 43 manat borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmişdir. Nəzərə alınsa ki, iddiaçı əvvəlki aylar üzrə orta sərfiyyatından iki-üç qat artıq təşkil edir. Eyni zamanda nəzərə alınmalıdır ki, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. İddiaçı tərəfindən **********090 nömrəli abonent kodu üzrə məhkəməyə təqdim edilmiş Cavabdeh ASC-nin Yasamal rayon Sukanal idarəsinin hesab fakutalarından, eləcə də müxtəlif tarixlər üzrə ödəniş qəbzlərindən, cavabdehin özünün məhkəməyə təqdim etdiyi abonent kartından müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə aylar üzrə hesablanmış borca uyğun olaraq ödənişlər edilmişdir. Hətta cavabdehin özünün borcla bağlı iddiaçıya təqdim etdiyi hesab fakturalardan görünür ki, onun tərtib edildiyi aydan öncəki ay üzrə ödəniş həyata keçirilmişdir. Hətta xx.xx.2023-cü il tarixdən sonra isə sayğac göstəricilərinə əsasən borc hesablansa da, qeyd olunan borclar üzrə ödənişlər həyata keçirilmiş və müvafiq dövr üzrə abonentin borcunun cüzi, yəni 4 manat borcunun olması müəyyən edilir. Həmçinin cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatdan, eləcə də sübut olaraq təqdim etdiyi abonent kartından görünür ki, iddiaçı tərəfindən bəzi illər üzrə artıq ödəmələr həyata keçirilmişdir. Bu isə onun borc məbləğlərinin məsuliyyətlə vaxtıvaxtında ödənilməsinə meyilli olduğuna dəlalət edir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinə 2014-2023-cü illər üzrə xx.xx.2023-cü il tarixədək iddiaçıya 135,7 manat borcun hesablanmasına əsas olmuş sənədlərin məhkəməyə təqdim olunması təklif edilmiş, lakin cavabdehin nümayəndəsi borcun hesablanmasına əsas olmuş mötəbər sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı izahatından iddiaçıya qarşı hazıradək həmin illər üzrə borcun ödənilməsi ilə bağlı əvvəllər məhkəmədə tələb qaldırılmadığını bildirmişdir. Məhkəmə iddiaçının tələbi həcmində işə baxaraq hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 3147, 9 saylı mənzil üzrə **********090 nömrəli abonent olaraq iddiaçıya cavabdeh tərəfindən 2014-2023-cü illər üzrə xx.xx.2023-cü il tarixədək hesablanmış 135,7 manat borc əsassız hesab edilməli və həmin borcun silinməsi hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin iddiaçının Cavabdeh ASC-nin nümayəndələri tərəfindən qanunla müəyyən edilmiş rəsmiləşdirmə işləri aparılmadan, yəni təhvil-təslim aktı tərtib edilmədən köhnə mövcud sayğacın sökülərək yenisi ilə əvəz edilməsi və gözəyarı hesablanmış borcun abonent kimi iddiaçının adında saxlanılması barədə tələbinə münasibətdə qeyd edir ki, cavabdehin hərəkətlərinin qanunsuzluğu ilə bağlı mübahisə istehlakçıya hesablanmış borcla bağlı olduğundan qeyd olunan tələbə hazırkı məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin hallarından göründüyü kimi, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus mənzildə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış və bu işin mübahisəsiz halıdır. Hazırda iddiaçı iddia edir ki, həmin tarixdən əvvəl mənzildə sayğac mövcud olmuşdur, lakin cavabdehin nümayəndələri tərəfindən əvvəlki sayğac dəyişdirildikdə hər hansı akt tərtib edilməmişdir. Bu faktla bağlı cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş məktubda mənzildə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılması bildirilmiş və bu hal abonent kartı ilə təsdiq olunur. İddiaçı tərəf məhkəməyə bununla bağlı sübut olaraq iki ədəd müxtəlif nömrəli su sərfiyyatını ölçən sayğacların fotoşəkilini təqdim etmişdir. Qeyd olunan fotoşəkillərdən birində sayğacın CSS-20 modelli 23013474 nömrəli olması görünür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonent kartından görünür ki, həmin fotoşəkildəki sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılan sayğacın göstəricilərinə uyğundur. Lakin digər fotoşəkildəki sayğacın harada quraşdırılmasını müəyyən etmək mümkün olmur. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə iclasındakı izahatında bildirir ki, ehtimal olunan ilkin sayğac sökülərkən iddiaçı özü mənzildə olmamışdır. Ona görə də məhkəmə iddiaçının bu iddiasını inandırıcı hesab etmir. Çünki abonent kartından və iddiaçının özünün məhkəməyə təqdim etdiyi hesab fakturalardan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə xidmət haqqı qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq hesablanmışdır. İddiaçı isə bu halı uzun illər ərzində bildiyi halda buna dair etirazını hər hansı səlahiyyətli quruma bildirməmiş və ödənişlər etməklə bəyəndiyini ifadə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan halla bağlı iddiası iş materialları ilə təsdiq olunmur. Bundan əlavə, işin halları ilə borcun iddiaçının ifadəsi ilə qeyd edilsə gözəyarı hesablanması halı aşkar edilməmişdir. Çünki işin hallarından göründüyü kimi xx.xx.2014cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə xidmət haqqı qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə, xx.xx.2023-cü il tarixdən sonra isə sayğac göstəricilərinə əsasən hesablanmışdır. Lakin cavabdeh tərəfindən bu hesablamanın qərəzli olaraq şişirdilməsi və abonentin hesabında saxlanılması, eləcə də onun tərəfindən edilmiş hərəkətlərin qanunsuz olması halı məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Çünki işin hallarından göründüyü kimi hesablanmış borc tərəflər arasında mübahisə predmeti olmuş, iddiaçı bununla bağlı cavabdehə rəsmi müraciətlər etmiş, lakin onlar arasında borcun silinməsi ilə bağlı razılıq əldə edilməmişdir ki, nəticə etibarı ilə məhkəməyə müraciət olunmuşdur. Hazırkı məhkəmə iclasında isə cavabdeh həmin borcun əsaslılığını sübut edə bilmir. Mübahisə olduğu müddətdə isə cavabdehin özünün ehtimal olunan hüququ, yəni iddiaçıya münasibətdə borc tələbi ilə bağlı etdiyi hərəkətlər onun qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində olmuşdur ki, hazırda həmin ehtimal olunan borcun əsaslılığı ilə bağlı mübahisəyə məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verilir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 7.10-cu bəndinə əsasən istehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. Həmin qaydaların 8.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi - STKM istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, tikinti, təmir-profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda, su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda, istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, STKM ilə müvafiq müqavilə bağlanılmadıqda, məişət (təsərrüfat)–içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda, məhkəmənin müvafiq qərarı olduqda, istifadə edilmiş suyun hesabı istehlakçı tərəfindən bu Qaydaların tələblərinə uyğun olaraq vaxtında və tam ödənilmədikdə, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. Həmin qaydaların 8.2-ci bəndinə əsasən istehlakçıya suyun verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin dayandırılması, suyun dəyərini vaxtında ödəyən istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin ediməli, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, məhəllə 3147, 9 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar İddiaçı Əbdülhüseyn oğluna hesablanmış 135,7 (yüz otuz beş manat yetmiş qəpik) manat borc məbləği silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Beləliklə, istehlakçıların müdafiəsi haqqında tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi kimi 30 manat dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, məhəllə 3147, 9 saylı mənzilin su ilə təmin edilməsi ilə əlaqədar İddiaçı Əbdülhüseyn oğluna hesablanmış 135,7 (yüz otuz beş manat yetmiş qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar